“Əgər detektiv səviyyəsiz janrdırsa, onda niyə məni sevənlər klubu var?” - Xalq yazıçısı Çingiz Abdullayevlə müsahibə

 

 

- Detektiv janrının Azərbaycanda geniş oxucu auditoriyasına çatdırılmasında böyük xidmətləriniz var. Özünüzdən sonra, sizcə, bu janr kimdə alındı?

- Mən yazmağa başlayanda Azərbaycanda detektiv janrında yazan dörd-beş yazıçı var idi. Cəmşid Əmirov, Anar, Elçin, Rüstəm İbrahimbəyov, Natiq Rəsulzadə. Amma bu janr hələ geniş yayılmamışdı. Mən sevinirəm ki, indi detektiv janrında yazılan əsərləri oxuyurlar, sevirlər. Ancaq qeyd edim ki, mənim həm də tarixi romanlarım, publisistik əsərlərim var. Qarabağ hadisələri ilə bağlı "Qara Yanvar" kitabım 1990-cı ildə yazılıb. Sovet vaxtı bunu yazmaq qəhrəmanlıq idi. İndi yazmağa nə var ki...

Detektiv janrında əsərlər yazan bir neçə gənc yazar var. Mən onlara uğurlar arzu edirəm.

- Necə oldu ki, kitablarınız dünyaya çıxdı? Dilin bunda önəmi varmı?

- Mənim kitablarım dünyanın otuz dörd dilinə tərcümə olunub. Əsas önəmli olan yazdığın əsərlərdir. Mən bir neçə ölkənin fəxri vətəndaşıyam, neçə-neçə universitetlərdə fəxri doktoram, bir neçə dövlət mənə orden, medal verib. II Qarabağ müharibəsindən bir neçə ay öncə Rusiyanın prezidenti də mənə orden verdi, Fransa, Gürcüstan, Ukraynadan mükafatlar aldım. Mənə təqdim olunan bütün orden-medallar, mükafatlar yaradıcılığıma, kitablarıma görə verilib. Əgər mənim əsərlərim dünyanın otuz dörd dilində oxunursa, sevilirsə, deməli, nəsə yaza bilirəm.

- Detektivi ciddi ədəbiyyat kimi qəbul etməyənlər var. Sizcə, bu janr ciddi ədəbiyyat sayılır, ya yox?

- Detektivi ciddi ədəbiyyat kimi qəbul etməyənlər, əslində, bu janrda yazılan ədəbiyyatı oxumayanlardır. Bu janrda yazan dünyaca məşhur müəlliflər var. Türkiyədə iki-üç ildən bir keçirilən "Qara Bayram" adında tədbirə dünyadakı ən tanınmış detektiv yazanlar toplaşır. "Pera Palas"dakı bu tədbirdə mənim əsərlərim dünyaca məşhur müəlliflərlə yan-yana satılır. Orada lövhədə dünyada tanınan on məşhur detektiv yazan yazıçının rəsmi vardı. Bir də gördüm ki, Umberto Ekodan sonra mənim də şəklim var.

Detektiv janrı bizdə niyə bəyənmirlər? Lakkere deyir ki, müsəlman detektiv yaza bilməz. Detektiv xristian, Avropa məhsuludur. Kilsəyə girəndə gördüyünüz həvarilərdən on ikisi yaxşıdı, on ikisi Tanrını, xristosu satıblar. Ona görə də detektivi yalnız xristian yaza bilər. Edqar Allan Po, sonra Konan Doyl, Aqata Kristi və s. Müsəlmanın dini irrasionaldır, bizim Allahımız daxilimizdədir. Mənim bir çox kitablarım ərəb ölkələrində nəşr olunur. Orada məni oxuyan kütlə var. Əgər detektiv səviyyəsiz janrdırsa, onda niyə məni sevənlər klubu var? Otuz milyon adam niyə məni oxuyur? Mənim oxucularımın arasında baş nazirlər, prezidentlər var. Qırğızıstanda məni sevənlər klubu olduğunu ilk dəfə Çingiz Aytmatov dedi mənə. Sonra Xəyal Rza belə klubun fəaliyyət göstərdiyini, hətta rəhbərinin də Qırğızıstanın prezidenti olan Roza Atunbayeva olduğunu söylədi.

Mən sevinirəm ki, məni oxuyurlar. Altı yerdə qadın klubu var. Ən tanınmış qadınlar klubun üzvləridir. Dronqo restoranları var. Mən ömrümdə restoran açmamışam. Hamısını oxucular edir.

Şuşada olarkən mənə on səkkiz dəfə dünya çempionu olan Nona Qapridaşvili yaxınlaşdı. O, mənə dedi ki, siz mənim sevimli yazıçımsınız. Məni bu cür intellektuallar oxuyur.

- Çdaş Azərbaycan yazarlarıoxuyursunuzmu?

- Bəli. Çağdaş Azərbaycan yazarlarının əsərlərini mütaliə edirəm. Gənc yazarların əsərlərinin çap olunmasına köməklik göstərirəm.

- Yazıçı olmasaydız hansı slək sahibi olardız?

- Əlbəttə ki, hüquqşünas. Mən hüquq elmləri doktoruyam. Beş universitetin hüquq üzrə fəxri doktoruyam. Mənim yaradıcılığıma ən çox kömək edən peşəm olub. Ulu babam, babam tanınmış hüquqşünas olublar. Atam dörd il Naxçıvan Muxtar Respublikasında prokuror vəzifəsində çalışıb, general olub. Övladlarım da hüquqşünasdılar.

- Detektiv əsər üçün üç əsas amil vacibdir: qətl hadisəsi, qatil və xəfiyyə. Bütün bunları süjetdə qurmaq sizi gerçək həyatda da şübhələrlə yaşamağa vadar edirmi?

- Yox, etmir. Mənim üçün detektiv nümunədir. Dostoyevskinin əsərində onuncu səhifədə Raskolnikov qadını öldürür və bununla da hər şey bitir. Altı yüz səhifə isə onun çəkdiyi vicdan əzabına həsr olunub. Əsl ədəbiyyat budur. "Abırlı adam" kitabımda da bu məsələ qaldırılıb. Orada da eyni mənəvi məsələlər ön plandadır. Mənim əsərlərim belə məzmunda olduğu üçün dünyada oxuyurlar.

- Ən çox satılan müəlliflərdənsiniz. Kitablarınızdan əldə etdiyiniz gəlir sizi qane edirmi?

- Bəli, edir. Əgər yazdığım kitablardan gəlir əldə etməsəydim də, yenə də yazardım. İlk öncə pulu düşünmək olmaz.

- Kofe içirsiniz?

- Xeyr, kofe içmirəm, çay içməyi xoşlayıram. Ömrümdə heç vaxt siqaret çəkməmişəm, içki də içmirəm.

- Əsərlərinizə filmlər çəkilibmi?

- Əsərlərim əsasında səkkiz film, iki serial çəkilib. Üçü Azərbaycanda, o biriləri xaricdə.

- Bildiyimizə görə, atanız hüquq işçisi olub. Bu janrda yazmağınızda onun təsiri olubmu?

- Çox. Biz onunla dost idik. Bütün əsərlərimin ilk oxucusu atam olub. Mən istəyirəm ki, oğlumla, nəvələrimlə də elə dostluq yaradım.

- Mütəmadiyyən adınız müxtəlif müzakirələrdə səslənir, çox vaxt bu müzakirələrin mərkəzində olursunuz. Xarici ölkələrdə yazıçılar bu kimi situasiyalardan şəxsi piarları üçün istifadə edirlər. Amma siz baş verənlərdən narazı görünürsünüz. Elə isə nə üçün daim bu kimi məsələlərin episentrində görsənirsiniz?

- Bəli, Sumqayıtda sərgidə, AYB-də tədbirdə, hansı ki, bir gün öncə helikopter qəzası olmuşdu, bir çox şəhid anası toplaşmışdı. Mən demişdim ki, bu, təkcə bizim ordumuza deyil, bizim xalqımıza dəyən zərbədir. Bir zabiti yetişdirmək çətindir, böyük işdir. Biz neçə namuslu, vicdanlı kişini itirdik. Sabahısı gün gördüm bir sayt yazıb. "Çingiz Abdullayev: Bu, ordumuza zərbə deyil!" Nə edəsən? Dəhşətdir sadəcə.

Bir dəfə dedim ki, hava limanında uşağa su verdim. Mənə nələr dedilər, təhqir etdilər. "Sən kimsən ki, su paylayırsan, varlısan, mənə ev tik". Digəri yazıb: "Utanmırsan, biznes-klassda getmişdin. Səni kim buraxıb o tərəfə?" Biri yazıb, "90-cı ildə ağır günlərdə siz gizlənirdiniz". Axı "Qara Yanvar"ı mən yazmışam. Necə yəni gizlənmişəm. Fikir vermirəm, ancaq təəssüflənirəm. Mən Azərbaycanı sevirəm. Fəxr edirəm ki, bu xalqın yazıçısıyam.

- Ədəbiyyatımızda Anar, Əkrəm, Elçin üçlüyü var. Bunlar həm də eyni nəslin yazıçıları hesab olunurlar. Siz özünüzü hansı nəslə aid edirsiniz?

- 80-ci illərdə ədəbiyyata gəlmişəm. İlk kitabım nəşr olunanda 27-28 yaşında idim.

- Çağdaş Azərbaycan yazarına nə tövsiyyə edirsiniz?

- Özünə inanmaq... İndiki dövrdə yazıçı olmaq çətindir.

- Sizin bir hekayəniz var - "Körpə və kürən pişik..." Gəncə hadisələri ilə bağlı. Çox detallı təsvirlərin əks olunduğu hekayədir. Azər Turanla söhbətimizdə qeyd etmişdi ki, bu hekayə çox gözəldir.

- Çox sağ olsun. Mən bu hekayəni elə yazdım ki, oxucu inansın. Ümumiyyətlə, əsərlərimdə bu məsələyə xüsusi diqqət edirəm. Bu kitabı ilk dəfə Teas Press nəşr edib. Oradan biri mənə zəng edib dedi ki, siz dahisiniz. Çox ciddiyə almasam da, əsərlərimin bəyənilməsinə sevinirəm.

Sizə 170 cildliyimi göstərdim. Heç bir yazıçı ömründə 170 cildlik göstərə bilməz.

 

Söhbətləşdi: NARGİS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!