Bu yazı professor Rafiq Əliyevlə müsahibədir. Bəxtiyar Vahabzadənin vəfatından az sonra hazırlanıb. Hesab edirəm, şairi bir daha xatırlamaq üçün təqdimatı yerinə düşər. (İxtisarla)
Dünya şöhrətli alimimiz Rafiq Əliyev dahi şairimiz Bəxtiyar Vahabzadə yaradıcılığının vurğunu kimi şairin bütün lirikasına və dramaturgiyasına bələd olan və yüksək dəyərləndirən ziyalılarımızdandır. Bu günlərdə Rafiq müəllimlə telefon söhbətimizdə o, çox maraqlı bir məqama toxundu. Qeyd etdi ki, B.Vahabzadə hələ 1980-ci illərdə yazdığı bir çox şeirlərində indi müəllifi dünya şöhrətli alim Lütfi Zadə olan qeyri-səlis məntiq nəzəriyyəsinin sirlərinə şeir dili ilə fəlsəfi mahiyyət vermişdir. Rafiq müəllimlə söhbətimizdə də məhz L.Zadənin elmi məntiqi ilə B.Vahabzadənin poeziya fəlsəfəsinin ahəngdarlığına işıq salmağa çalışdıq.
- Rafiq müəllim, poeziyanın, musiqinin gözəl bilicisi olan dahi alimimiz Xudu Məmmədov elm ilə sənət arasında bir körpü yaratmışdı. O, deyirdi ki, "Elm və sənət insan mədəniyyətini yüksəklərə qaldıran qoşa qanaddır. Uçuş yüksəlişi hər iki qanad eyni qüvvədə olduğu zaman mümkündür". Siz bir çox yazılarınızda, çıxışlarınızda, "Alim" filmindəki fikirlərinizdə dahi Lütfi Zadə məntiqinin bir qanad, dahi Bəxtiyar Vahabzadə poetik fəlsəfəsinin o biri qanad olmasından danışmısınız. Bu məsələyə bir də qayıtmaq istərdik.
- Bu körpünün özülündə xəlqilik dururdu. Mən L.Zadə məntiqi ilə Bəxtiyar fəlsəfəsinin uyarlığını tapanda Xudu Məmmədovun bu dahiyanə fikirlərinin nə qədər həmişəyaşar olduğunu bir daha aydın gördüm. Onun qeyd etdiyi kimi, elm, bilik sənətkara ağlın gözü ilə görünən aləmin üfüqlərini açır. Sənətin inkişafı isə dünya elminin tərəqqisini insanlığın xeyrinə yönəltmək üçündür. Elm-duyğu çalarlı fikir, sənət-fikir çalarlı duyğudur... Deyim ki, qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi nəinki dialektik təsdiqini tapmış yeni elmi istiqamətin yaranmasına, həmçinin daha geniş mənada idrak nəzəriyyəsinin növbəti pilləsi olan yeni fəlsəfi dünyagörüşün əmələ gəlməsi və başa düşülməsinə səbəb oldu.
Çox maraqlı və heyrətamizdir ki, bu fəlsəfi dünyagörüşə zəmanəmizin böyük mütəffəkiri Bəxtiyar Vahabzadə də gəlmişdir.
Professor Lütfi Zadə haqqında Oqtay Babazadə və Möhübəddin Səmədin çəkdiyi "Yaxın və uzaq Zadə" filminə baxdıqdan sonra (mən bu filmin elmi məsləhətçisiyəm) yaradıcılığına, şəxsiyyətinə və təkrarolunmazlığına böyük sayğı bəslədiyim şairimiz Bəxtiyar Vahabzadə mənə telefon açdı, film haqqında, L.Zadə haqqında yüksək fikirlər söylədi. Həm də əlavə etdi ki, sənə bir şeir göndərirəm, gör qeyri-səlis məntiqlə bu şerin qayəsi arasında bir uyarlıq varmı? Bəxtiyar müəllimin seçilmiş əsərlərində çap olunmuş bu şeirin adı belə idi: "Xeyirlə şər arasında":
Vaxt gəmirir hər binanı
Tavanla tir arasında.
Bir rəqəm də, demə, varmış
İkiylə bir arasında.
Ucaldıqca biz ucaldıq,
özümüzdən qisas aldıq,
O gündən ki, körpü saldıq -
Göy ilə Yer arasında.
Qardaş olub sıçan-pişik,
Biz gül əkib, vay dərmişik,
Sərhədləri itirmişik
Xeyirlə şər arasında.
Çox sevindim, Zadənin elmi məntiqi ilə Bəxtiyarın poeziya fəlsəfəsinin ahəngdarlığına. Düşünmürəm ki, Bəxtiyar Vahabzadə kimi nəhəng bir şair qafiyə və ya uyarlıq xatirinə demir ki, "Bir rəqəm də, demə, varmış, ikiylə bir arasında...."
Yox, bu, Bəxtiyar Vahabzadənin və Lütfi Zadənin söykəndikləri dünyanın kəsilməzlik fəlsəfəsinin poeziya dilində təcəssümüdür.
- Rafiq müəllim, olarmı ki, bu kəsilməzlik fəlsəfəsinin mahiyyətini, belə demək mümkünsə, elmi-poeziya dilində açasınız.
- Düşünürəm ki, real dünyamızda Tanrıdan başqa (O mütləqdir) hər şeyin, hər kəsin şəriki var, dünyada hər bir rəng, hər bir səs, hər bir hadisə digərinə sərhədi kəsilmədən, ehmalca, qeyri-səlis (bu termini Azərbaycan elmi ədəbiyyatına mən daxil etmişəm. Türkiyə elmi ədəbiyyatında qeyri-səlis məntiq "bulanıq mantıq" adlanır) sərhədlə keçir. Elmi baxımdan yanaşsaq, formal riyazi dil ilə desək, qeyri-səlis çoxluqlar üçün klassik riyaziyyatın 2 əsas qanunu ödənmir. Birinci, "ziddiyət" qanunu, ikinci, "üçüncünü istisna" qanunu.
Bu, onunla əlaqədardır ki, klassik Aristotel məntiqində termlərin (məsələn, rənglərin, münasibətlərin, ovqatların) bir-birinə keçidi sərtdir, itidir, səlisdir. Qeyri-səlis məntiqdə dediklərimiz arasında uzun, mütəmadi bir keçid və kəsişmə var. Bax bu kəsilməz keçidin mövcudluğunu nəzərə ala bilmədiyinə görə də klassik məntiq real həyatı düzgün əks etdirə bilmir. Bəxtiyar Vahabzadə isə poeziya dilində dünya reallığını qeyri-səlis məntiqə həmahəng olaraq görün necə əks etdirir.
Hamımızın dərin hörmət bəslədiyimiz M.Sadıq müəllimə həsr etdiyi "Sevincin zirvəsi, dərdin zirvəsi" şerində deyir:
Qarışıb dünyanın yaxşı-yamanı,
Əzabı, ləzzəti, sevinci, qəmi.
Göründüyü kimi gördüm dünyanı,
Çox vaxt görəmmədim olduğu kimi.
Bəxtiyar müəllim dünyanı çox vaxt olduğu kimi görə bilmədiyindən şikayət etdi, çünki bu müəmmalarla, qeyri-müəyyənliklərlə dolu dünyanı görmək, dərk etmək üçün yeni fəlsəfə, qeyri-səlisliyə söykənən fəlsəfə - Bəxtiyar Vahabzadə fəlsəfəsi lazım idi. Bu fəlsəfə prizmasından hörmətli şairimiz sevincdə qəmi görür, qəmdə sevinci, axı onlar real dünyamızda çulğaşıbdır.
Bəxtiyar müəllimin həmin şerindəki "Arzu tənliyində, hiss tənliyində" həll klassik riyaziyyat, hesab, məntiq vasitəsilə mümkün deyil. çünki qeyri-səlis tənliklərin həlli heç bir adi, bizim orta və ali məktəblərdə öyrəndiyimiz riyazi üsullarla mümkün deyil. Bunun üçün qeyri-səlis məntiq, sevincdə qəmi, qəmdə sevinci nəzərə ala bilən düstur lazımdır.
Bu gün bu mürəkkəb, dəyişkən dünyamızı qavramaq üçün dəyişmiş, həyat reallıqlarını daha dürüst ehtiva edən dilə (ya riyazi dil, ya da "qəliblənmiş" təbii dil) möhtacıq.
Necə dönür bu dövran, necə dönür bu gərdiş? -
Tazıların üstünə dovşanlar da gülərmiş,
Dünya bina olandan hər şey dəyişilərmiş,
Dəyişməsin neyləsin, axı dünya fırlanır.
"Axı dünya firlanır..."
Böyük düha sahibi Bəxtiyar Vahabzadə bu min "sifəti", "rəngi" olan dünyanı dərk etməyin lazımlığı, vacibliyi haqqında təbil vurur. O, "Hara gedir" şeirində yazır:
İnsan oğlu qazananda uduzar,
Qədərinə yazılanı kim pozar?
Bu dünyanın min sifəti, rəngi var,
Qismətimiz - ağından çox qarası!
Bəyəm dünyanın bu min sifətini, min rəngini klassik Aristotel məntiqi güzgüsündə görmək mümkündürmü, yox (axı o məntiq dünyanı iki rəngdə görür: ağ, qara).
Həm Zadənin, həm Bəxtiyar Vahabzadənin sərkərdəyə çevrilən nəzəriyyə və poetik fəlsəfəsi, əsgər şücaəti göstərən düsturları və misraları bir tarix yaratdı. Bu məqamda Leonardo da Vinçinin "Nəzəriyyə sərkərdədir, təcrübə əsgər" deyimini xatırlamalı olursan. Dahi İtaliya rəssamı, alimi Leonardo da Vinçinin böyük uzaqgörənliklə söylədiyi bu fıkrə tam əminlik və inam yaranır. Əgər belə olmasaydı, Bəxtiyarlar, Zadələr tarixin yaddaşında qala bilməzdilər. çünki tarix hər adamı yox, yalnız öz əməlləri ilə tarix yaradanları yaşadır.
- Rafiq müəllim, bəs necə olur ki, həmahəng fəlsəfi fikir və çalarlar bir tərəfdən riyazi simvollarla yazılmış düsturla, o biri tərəfdən isə təbii poetik dildə əks olunur?
- Təbii dilin imkanları son dərəcə böyükdür. Riyaziyyat yaranan vaxt təbii dilin gücü çatsaydı fizika, iqtisadiyyat, sosial həyat, ümumiyyətlə, yaşadığımız dünya indiki ideallaşdırılmış düsturlarla yazılmazdı. Bizim elmi tədqiqatlarımızın bir qolu təbii dilin imkanlarını müasir texnologiyalar vasitəsilə daha da genişləndirməkdir...
Persepsiyanın, qavranılmış, duyulmuş informasiyanın, fikrin, sözün çoxçalarlığı, həmişə birmənalı olmaması, qeyri-dəqiqliyi təbii dilə ötürülür, bu da nəticədə semantik qeyri-dəqiqliyə, qeyri-müəyyənliyə gətirir. Beləliklə, təbii dilin semantik qeyri-müəyyənliyi təbii dilin modelləşdirilməsində bir maneə kimi görünür. Bax bu maneəni aradan qaldırmaq baxımından, təbii dilin semantik təhlili baxımından qeyri-səlis məntiqin əhəmiyyətli rolu var. Qeyri-səlis məntiq təbii dilin səciyyəvi xüsusiyyəti olan qeyri-müəyyənliyi, natamam məlumatları və məhdudiyyətləri nəzərə ala bilən güclü bir vasitədir.
- Azərbaycanın, türk dünyasının bu iki böyük oğlu, eyni fəlsəfi düşüncə tərzinə malik böyük mütəffəkkirlər bir-birini tanıyırdılarmı?
- Dəfələrlə Bəxiyar müəllimlə L.Zadənin qeyri-səlis məntiqi barədə, bu məntiqin əsas xüsusiyyətləri, Zadənin fəlsəfi dünyagörüşü barədə, onun şəxsiyyəti, Azərbaycana olan sevgisi barədə söhbətləşmişdik. Bəxtiyar müəllim bu fəlsəfənin, qeyri-səlis məntiqin mənasını dərindən duymuşdu. Belə olmasaydı, öz poetik fəlsəfəsi ilə Zadə elmi fəlsəfəsi arasındakı həmahəngliyi ilk dəfə o, sezməzdi.
Eyni zamanda, Amerikada, Almaniyada və başqa ölkələrdə L.Zadə ilə olan söhbətlərimizdə Bəxtiyar Vahabzadə haqqında geniş danışardıq. Onun ingilis və rus dillərində çap olunmuş şeirlərini oxuyardıq, müzakirə edərdik. Zadə-Bəxtiyar, Bəxtiyar-Zadə fenomenal şəxsiyyətlər arasında gözə görünməyən bir simmetrik sayğı münasibətləri var idi. Onlar görüşməmiş olsaydılarda da, onlar arasındakı bu münasibətlər böyük bir hörmət, istək körpüsü yaratmışdı. Mən qürur hissi duyuram ki, iki sayğılı dostumun, xalqımın, bu iki böyük oğlunun, eyni zamanda dünya vətəndaşlarının arasında olan körpünün salınmasında mən də kərpic üstünə kərpic qoymuşam... Mən Bəxtiyar Vahabzadənin ölüm xəbərini L.Zadəyə telefonla bildirəndə o, sarsıldı. Bir xeyli Bəxtiyar müəllim haqqında söhbət etdik. Məndən xahiş etdi ki, onun adından Bəxtiyar müəllimin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verim.
- Görəsən, bu iki şəxsiyyət dünyaya, adamlara bu spektrdən, bu parametrdən baxmağı haradan və necə əxz etmişdir?
- Sözsüz ki, onlar bu baxışı, bu düşüncə tərzini yaşadığı mühitdən, şərqli qan yaddaşından götürmüş, əxz etmişlər. Qeyri-səlis məntiq şərqlə qərbin sintezində mümkün olardı. L.Zadə məntiqinin də, Bəxtiyar Vahabzadə poetik fəlsəfəsinin də mayası bax bu sintezdən yaranmışdır.
Söhbətləşdi: Asif MƏRZİLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!