...1963-cü il. Hüsü Hacıyev küçəsindəki tağı keçib həyətə dönmək istəyirdim ki, Əliağanı uşaqları ilə bahəm həyətdə gördüm. "Gəlişin yerinə düşdü", - deyib füruzəyi "Volqa"nı göstərdi. Görüşüb dinməzcə maşına əyləşdim. Birbaşa bazara sonra da qastronoma sürdü. Xeyli ərzaq aldıq. Xərcləmək üçün mənə imkan vermədi. Sonra da Bakıdan çıxıb Sumqayıta yol aldıq. Üçmərtəbəli bir evin qabağında dayandıq. Qapının zəngini dönə-dönə çaldı. Xeyli gec arğaz vücudlu bir kişi qapını açdı. Salamlaşıb döyükə-döyükə bizə baxdı. Əliağa kişiyə müraciətlə: "Gülyazın atası sizsiniz?" - soruşdu. Müsbət cavab alanda eyni açıldı: "Dost, qızının ad gününü təbrikə gəlmişik, xoşbəxt böyüsün, bəxtəvər yaşasın". Küncdən qıvrımsaç bir qız çıxdı. Ülkər onun üstünə atıldı. Sonra öyrəndim ki, Ülkərin dəftərçəsində onun məktublaşdığı, şəxsən dostluq etdiyi rəfiqələrinin ad gününü öyrənib izləyən Əliağa bu gün, körpəliyindən anasını itirmiş qızın ad gününə gəlibmiş. Bu gəliş təkcə uşağı və onun üç bacısını yox, maddi imkanı məhdud olan atanı da uşaq kimi sevindirmişdi. Əliağanın xeyli ərzaq alıb maşına yığmasının səbəbi indi mənə əyan oldu.
***
Əliağa Kürçaylı görkəmli tarixçi, həmyerlimiz Əlövsət Quliyevi həmişə örnək kimi qiymətləndirərdi: "Təəssübkeş oğuldur" - deyərdi. Eyni zamanda, qeydsiz-şərtsiz heç kəsə pərəstiş etməzdi. Bir dəfə məlum bir poema ilə əlaqədar Əlövsətlə Mehdi Hüseyn arasındakı fikir ziddiyyəti mətbuat səhifəsində kəskin şəkil alanda, bir nəfər tanışımız Əlövsət Quliyevin mülahizələrini müdafiə etmək üçün kürsüyə qalxdı, ritorik pafosla, fəqət ibtidai təsəvvürlə danışdı. Doğrusunu deyim ki, nə iclasda, nə də şəxsi söhbətlərdə mən məsələyə müdaxilə etmirdim. Bilirdim ki, müzakirə olunan əsər şair tərəfindən qələmə alınıb, Əlövsət Quliyev həmin tarixi dövrü alim kimi təhlil edir, Mehdi Hüseyn isə professional tənqidçi kimi. Əlövsəti çox sevən Əliağa müzakirədən sonra çay içərkən üzünü yığıncaqda çıxış edən tanışına tutdu:
- Ə, sən özünə şair deyirsənsə bu cür mübəlliğlik nədir? Bir də Əlövsətin müdafiəçiyə ehtiyacı yoxdur.
Sonra da Əlövsətə tərəf döndü:
- Əzizim, sən tarixçisən, professorsan, fəxrimizsən, amma ədəbi proses başqa məsələdir. Bu sahədə Mehdi müəllimin səriştəsi daha böyükdür...
Qılman İlkin, Süleyman Rüstəm, balaca Etibar, SSRİ himninin müəllifi Qarold Regestan,
Vladimir Qafarov, Əliağa Kürçaylı, İmamverdi Əbilov və başqaları. Neftçala. Oktyabr, 1963.
***
Əliağa kövrək olduğu qədər inadkar, qüsuru çəkinmədən deyən vüqarlı oğul idi. Qarşı tərəfin kimliyindən asılı olmayaraq, haqsız olanlara qəti etiraz edər, əks-təqdirdə peşmançılığını gizlətməzdi. Bir dəfə ərəb şairi Əbdül Vahab ölkəmizdə olarkən, Yazıçılar İttifaqına dəvət olundu. İştirak etdiyim məclisdə şerin forma və məzmunundakı vəhdətdən söz düşəndə Əliağa gözlənilmədən söhbətə müdaxilə etdi:
- Qətiyyən elə deyil, klassik şerin yolunu hərə öz həyətinə çəkə bilməz, möhtərəm qonaq. Əruzun öz ləngəri, hecanın öz axıcılığı, sərbəstin də öz müdrik ərköyünlüyü var.
***
1962-ci ildə oğlu Ülfətin ad gününü Salyanın Dayıkənd yaşayış məntəqəsində keçirməyi qərara aldı. Niyə məhz Dayıkənddə? Səbəbini kimsə bilmədi. Məni də dəvət edərkən, telefonda "Sabah günortadan sonra Pənahgildə səni gözləyəcəyəm" - deyib dəstəyi asdı. Ertəsi gün getdim, Aşıq Pənahı evdə tək gördüm, eloğlumun çöhrəsindən əskik olmayan işıq bir qədər solğun nəzərə çarpırdı. "Bilirsən, qardaş dedi, - bizim Əliağa da qəribə adamdır, uşağının bayramını keçirir, özü də şərt qoyub: "Kim pay gətirsə, qapıdan qaytaracağam". Həm də o qədər məhdud məclisdir ki... Deməli, Qüdrət kişi olacaq, Qəzənfər Hümmətov, Aslan Qəhrəmanov, Nüsrət müəllim, sən, mən, Əliağa, bir də yaxın qohumları. Pənahın maşını ilə saat 6-da xudmani məclisin keçirildiyi evdə olduq. Unudulmaz, mənalı, şirin bir axşam keçirdik. Xüsusilə, Qüdrət Səmədovun ağayana, bəzən də sərhədsiz atmacaları məclisə xüsusi məzah aşılayırdı.
Fəqət, Dayıkənddəki məclisə dəvət üçün sərt şərtlər qoyduğuna görə Əliağanı məzəmmət edəndə, onun əlində qədəh ayağa qalxıb dediyi şer parçası yada düşür:
Yetimlik çəkmişəm...
Bəlkə yetimlik
Belə sərt yoğurub təbiətimi
Yediyim dərd olub bir də ki yemlik
Fəqət qorumuşam heysiyyətimi
Yerimdən durmuşam dan qızaranda
Bəzən naharımı əvəz edib şam
Özgə uşaqları konfet soranda
Mən konfet yerinə barmaq sormuşam.
***
Əliağa ilə son dəfə 1980-cı il fevralın 8-də görüşdüm: Yanına kimsəni buraxmırdılar. Qapının zəng düyməsi kağızla örtülmüşdü. Şəhla xanım və Ülfət məni içəri dəvət etdilər. Aman Allah. Bu Əliağa idimi? Bircə yuxarı dartılmış qaşlarının qapqara rəngi dəyişməmişdi. Sifətində həyat əlaməti yox idi. Əllər, qollar qupquru. Şəhla xanım üç-dörd dəfə qulağına pıçıldayıb çağırdı. Etiraz etdim. Belə ümidsiz xəstəyə əzab vermək insafdan kənar idi. Ancaq nə fərqi. Hər halda ürəyimin dərinliyində nisgilli bir arzu qövr edirdi: vida günlərində onunla göz-gözə dayanmaq istəyirdim. Birdən göz qapaqları səyridi, tədriclə kipriklər bir-birindən aralandı, aralandı və son hədəqəsinə çatıb tərpənməz oldu. Baxışları düz gözlərimə zillənmişdi. Özümü saxlaya bilmədim. Başa düşdüm ki, hər şeyi hiss edir. Görüşümüzün vida günü olduğunu da, həyatdan köç elədiyini də...
Nədənsə, mənə elə gəldi ki, heç nə üçün, heç kim qarşısında, heç vaxt əyilməyən məğrur Əliağa məhz indi - ölümlə əlbəyaxa olduğu məqamda ölümə meydan oxuya-oxuya yaşamaq üçün insanlardan imdad istəyir. Birdən, yaddaşında itirdiyini tapmış bihal adamlar kimi sifətində güclə sezilən ani bir tərpəniş hiss etdim. Qupquru dodaqları zorla bir-birinə yaxınlaşdı, elə bil qeybdən gələn qırıq-qırıq kəlmələr eşidildi: "El-oğ-lu... Mən-dən sə-nə əma-nət..." Sözünün ardını deyə bilmədi, buna taqəti çatmadı, zorla açılan gözlər yavaş-yavaş qapandı...
"Məndən sənə əmanət"... Nəydi bu söz əmanəti, nəydi bu vəsiyyət? - indiyədək mənə qaranlıq qaldı... Bəlkə dostlar, dağmalar arasında mehr-ülfəti qorumağı tapşırmaq istəyirdi...
Bu sarsıdıcı səhnə məni ağladanda, Ülkər bir tərəfdə əyləşib, albomdakı şəkilləri ələk-vələk edirdi. Elə bil ki, bü böyük faciədən bixəbər idi. Birdən o, nikbin əda ilə: "Tapdım. Kitabı üçün əla şəkildir", - deyib atasının işıqlı fotosunu mənə göstərdi. Əvvəlcə bir şey başa düşə bilmədim. Sonra öyrəndim ki, atasının son "Bütövlük" kitabını təcili nəşr etməklə ömrünü heç olmazsa, bir-iki günlüyə uzatmağa çalışan xeyirxah nəşriyyat işçiləri müəllifin şəklinə müntəzirmiş. Yazıq qız. Fədakarlığı ilə əfsanəyə dönən Ülkər. Hardan biləydin ki, ölümü ağlına gəlməyən atanın və sənin - onun vəfalı qızı Ülkərin həyatı ilə ölümü arasında cəmi dörd günlük vaxt məsafəsi qalıb. Hardan biləydin ki, birinizə qarşı əcəlin amansız qəsdi, digərinizin ataya qarşı əfsanəvi məhəbbəti hesabına bu evdə müsibət bir-birinə qarışacaq...
1993
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!