Kənan HACI
Rus poeziyasına marağım nə vaxt yaranıb, xatırlamıram. Sözsüz, uşaq vaxtı Puşkinin, Lermontovun dilimizə tərcümə olunmuş şeirlərini dərs kitablarından oxuyub əzbərləyirdik. Amma bu əzbərçilik bizim qəlbimizdə hansısa hissləri oyatmırdı. Xatırlayıram, 80-ci illərin ortalarında "Azərbaycan" jurnalında Sergey Yeseninin "İran nəğmələri" çap olunmuşdu. Bax, o silsilədə rus poeziyasının cazibəsi vardı. "Sevimli Şahanə, gözəl Şahanə" misralarının energetikası yeniyetmə qəlbimizi ehtizaza gətirirdi. Sonra Puşkinin "Yevgeni Onegin"i ruhumuzda təlatümlü duyğular oyatdı. Əlbəttə, bu əsəri Səməd Vurğunun tərcüməsində oxumuşduq. Şair bu tərcüməyə sərf etdiyi zamanını qürur hissiylə nəzmə çəkmişdi:
Axıtdım alnımın inci tərini,
Yanmadın ömrümün iki ilinə.
Rusiya şeirinin şah əsərini
Çevirdim ilk dəfə türkün dilinə.
Onu da xatırlayıram ki, gənclik illərimdə Puşkinin bir şeirini dilimizə çevirmişdim. Sonra o şeiri "Sənət qəzeti"ndə dərc etdirdim.
Mənim rus poeziyasıyla sözün əsl mənasında dərindən tanışlığım 90-cı illərdən başlandı. Gümüş dövr şairlərinin yaradıcılığı ilə tanış olduqdan sonra bu temaya yaxından aşina ola bildim. Anna Axmatova, Marina Svetayeva, Mandelştam, Pasternak, Blok, Afanasi Fet... Və bu şairlərin acıdan acı taleyi...
XIX əsrin əvvəllərində çar dekabrist şairləri sürgünə göndərmişdisə, XX əsrdə Stalin ideologiyaya boyun əyməyən barışmaz mübarizləri - Mandelştamı, Axmatovanı, Marina Svetayevanı, İsaak Babeli, Bulqakovu, Platonovu mənəvi-psixoloji basqılar altında saxlamaqla cəzalandırırdı. Onlar cəmiyyətin ögey övladları kimi damğalanmışdılar və onlara heç yerdə iş verilmirdi, əsərləri çap olunmurdu. Sənətə tətbiq edilən təzyiqlər Çar Rusiyasındakı cəza növlərindən daha amansız idi. Pasternak sovet hökumətinin təzyiqi altında Nobel mükafatından imtina etmək məcburiyyətində qalmışdı. Platonov kimi nəhəng yazıçı dalandar işləməyə məcbur edilmişdi, oğlunun həbsdən azad edilməsi haqqında Stalinə yazdığı məktublar cavabsız qalırdı. Bulqakovun pyeslərinə teatrlarda qadağa qoyulmuşdu. İsaak Babelin əlyazmalarını məhv etmişdilər. Marina Svetayeva acından ölməmək üçün hansısa kafedə qabyuyan işləməyə vadar olmuşdu. Mandelştam Sibir sürgünündə canını tapşırdı.
Sergey Yesenin intihar edəndə Mayakovski yazırdı:
Görən hələ neçələri
Gözləyir ölüm payını?
Görən nə vaxt dincələcək
Şair qəlbi yer üzündə?!
Gəlin azaldaq, azaldaq
Bu ölümlərin sayını...
Mayakovski bu misraları yazaraq öz şair dostunu canına qıydığı üçün qınayanda ağlına gələrdimi ki, cəmi beş ildən sonra özü də ömrünü intiharla başa vuracaq?! Nə idi bu intiharların səbəbi? Şair qəlbinin aldanışları? Doğrulmayan ümidlər? Yesenin gözəllik aşiqi idi, siyasətə o qədər də meyilli deyildi, Mayakovski isə inqilabi romantikanın dalğalarında imperativ şeirlər yazırdı. Onun intihar xəbərini zarafat zənn etmişdilər, çünki Mayakovski həmişə intiharın əleyhinə olmuşdu. Bu fakt təsdiqlənəndən sonra şairin özünə qəsdini uğursuz sevgi macərasıyla bağlayanlar da oldu. Amma həqiqət daha dərində gizlənmişdi. Versiyalardan biri də şairin qətlə yetirilməsi idi. Amma tarix bu məsələdə hələ də qəti qərara gələ bilməyib. Bu haqda kifayət qədər yazıldığından geniş yazmağa lüzum görmürəm. Söhbətimizin mövzusu bu deyil, rus poeziyasının zamana və quruluşlara müqavimət gücündən bəhs edirik.
Hələ 1919-cu ildə Maksim Qorki "Ümumdünya ədəbiyyatı" nəşriyyatını təsis etmişdi. Məqsəd dünya ədəbiyyatının ən gözəl nümunələrini xalq kütlələrinə çatdırmaq idi. Amma, nədənsə, Qorkinin bu istəyi həyata keçmədi, nəşriyyat bağlandı. Səbəbləri haqda düşünmək lazım gəlir.
Aleksey Tolstoyun fikrincə, inqilaba qədər sənətin formulu belə idi: "Mən düşünürəm - demək mən hər şeyi inkar edirəm". İndi isə bu formul belə səslənir: "Mən düşünürəm - demək mən həyat qururam".
Ədəbiyyatda konfliktsizlik nəzəriyyəsinin əsası məhz bu sözlərlə qoyuldu. Hamı müsbət qəhrəman axtarışına çıxdı, mənfi obrazlar yaramaz ünsürlər kimi damğalanmağa başladı. Sanki bu "mənfi obraz"ın heç müsbət tərəfi yoxmuş. Həyat sanki iki rəngdən ibarət idi - ağ və qara. Bu, əsasən prozada baş verirdi. Poeziyada isə müxtəlif cərəyanlar şeirə cüzi rəngarənglik qata bilirdi. Futuristlər, dadaistlər, simvolistlər, imajinistlər bu gur axında özlərinə mövqe seçməyə çalışırdılar. Tarixin uzaqlığından baxanda Mayakovskini futurist şair kimi, Bloku simvolist, Yesenini imajinist cərəyanda təmsil olunan görürük. O zaman bu cərəyanlar zərərli burjua sənəti kimi proletar ədəbiyyatında yad ünsürlər olaraq yarğılanırdı. Durğu işarələri ilə mübarizə, sintaksisi dağıtma, formanı məzmundan təcrid etmə və sair eksperimentlər rus şeirini siyasiləşməkdən qoruya bilmədi. Mayakovski inqilabın ruporuna çevrildi. Blok da poetik istedadının inqilabi romantika üzərində sıxıb suyunu çıxartdı.
Xruşşov mülayimləşməsindən sonra da şairlər gözümçıxdıya salındı. Y.Yevtuşenko, A.Voznesenski, R.Rojdestvenski və onlar kimi azad ruhlu şairlər də öz sələflərinin taleyini təkrarlamaqda idilər.
Bütün dahilərin qələmi mürəkkəbə batırması üçün münbit şərait, zəmin lazım gəlir.
Ötən əsrin 60-cı illərinin adlı-sanlı şairlərini də bu şərtlər olmadan xatırlamaq bir qədər çətin olardı. 60-cılar ədəbi nəsil məhz "Xruşşov mülayimləşməsi" dövründə düşüncənin, fikrin mütləqi-hakiminə çevrildilər. İndi bəlkə də buna inanmaq olmur, amma o vaxtlar şairlər böyük zalları, nəhəng stadionları öz vurğunlarıyla doldurmaq gücündəydilər. Əlbəttə, hamısı yox.
Yevtuşenko, Axmadulina, Rojdestvenski və hamıdan daha çox Voznesenski üçün bu, bir içimlik su qədər asan idi. Onun saysız oxucuları vardı ki, Voznesenski adı eşidiləndə dərhal ora üz tuturdular.
Bəlkə də buna heç təəccüblənmək lazım deyil. Çünki hər bir əsrin dirçəlişini tənzimləyən "partlayış"lar olur. Həmin dövrün ədəbi partlayışı da az qala, hamını ədəbiyyat əsirinə ona görə çevirə bilmişdi ki, total kütlə düşüncəsi əvəzinə cəmiyyətə fərqli baxışla, münasibətlə ətrafa baxmaq təklif olunurdu. Cəmiyyətdə gedən bu dəyişkən ictimai, sosial-siyasi fikrin başlanğıc nöqtəsi 1956-cı ilə təsadüf edir. Həmin il XX qurultay artıq keçirilmişdi, stalinizm, şəxsiyyətə pərəstiş aradan qalxmışdı. Elə həmin ildən başlayaraq "Molodaya qvardiya", "Moskva", "Don" kimi ədəbi-bədii jurnallar nəşr olunmağa başlamışdı. Gənclər ilk dəfəydi ki, lənətlənən, söyülən Axmatovanı, Svetayevanı, Bulqakovu, Platonovu, eləcə də xarici ölkə yazarlarının qadağan edilmiş əsərlərini qorxmadan, açıq-aşkar oxuya bilirdilər.
Artıq "Literaturnaya qazeta" da "qıpqırmızı rəng"də çıxmırdı, həyatı bütün rəngləriylə göstərə bilirdi. Əlbəttə, əsl istedadlar bundan yetərincə bəhrələnirdilər. Amma həmin dövrdə Voznesenski çox zərbələr aldı. "Mülayimləşmə" bütövlükdə hakimiyyətin mahiyyətini dəyişməmişdi. Hakimiyyətdəkilər Voznesenskinin dediklərini heç cür həzm edə bilmirdilər. Voznesenski isə qələmini sərt yumruğa çevirib hara gəldi çırpırdı. Onu hansı yollasa cəzalandırmaq lazım gəlirdi. Onun şeirləri çap olunan kimi ideologiya güdükçülərinin sərt əmrləri bir-birini əvəz edirdi, hansısa jurnal redaktoru işdən azad edilirdi, kiməsə şiddətli töhmət verilirdi.
Voznesenskinin ədəbi karyerasının başlanğıcı onun Boris Pasternakla tanışlığı dövrünə təsadüf edir. 14 yaşlı Andrey Pasternaka öz şeirlərini yollayır və az vaxtdan sonra ondan məktub alır. Pasternak ona yazırdı:
"Sizin ədəbiyyata ilk gəlişiniz haçansa çox sürətli, fırtınalı günü xatırladacaq. Şadam ki, o günün başlanğıcının ilk şahidi mən oldum".
Voznesenskinin özü də sonralar etiraf edirdi ki, Pasternakın ona həyatda həm bir şair, həm də bir insan kimi çox təsiri olub.
Voznesenski öz yaradıcılığı ilə "sovet poeziyası" bütünü dağıdan, onu bütün qadağalardan, buxovlardan azad edən bir şair idi. O, sakit səslə sovet ideoloqlarının canına vəlvələ salmağı bacarırdı.
Bu yazıda onun yaradıcılığı haqda heç nə yazmayacağam. Bir tarixi sənəd haqda danışacam. Bu sənəd 7 mart 1963-cü ildə Kremldə Sovet İttifaqı Kommunist Partiyasının rəhbər işçiləriylə bir qrup yaradıcı şəxslərdən ibarət sənət adamlarının görüşünün 5 dəqiqəlik stenoqramıdır.
Görüş başlar-başlamaz N.Xuruşşov Voznesenskiyə birbaşa hücuma keçir:
"Siz, Voznesenski, hansı səbəbə və nəyə görə partiya üzvü olmadığınızı ağız dolusu hər yerdə bəyan edirsiniz? Bunun meydan oxumasına bir bax! Biz Kommunist Partiyasının əksinə çıxan hər kəsi məhv edəcəyik, bunu unutmayın! Lazım olarsa, hamını və hər kəsi silib-süpürəcəyik! İndi deyəcəksiniz ki, sizi sıxışdırıram. Mən birinci katibəm, həm də sədrəm. Ancaq bunlardan əvvəl mən Sovet İttifaqının vətəndaşıyam! Mən döyüşçüyəm və hər növ pisliyə qarşı vuruşacağam!".
Xruşşov sonra bildirir ki, "siz elə bilməyin Stalin ölüb. Heç bir mülayimləşmədən söhbət gedə bilməz. Ya tam olaraq isti yay, ya da şaxtalı qış!".
Xruşşov Voznesenskiyə ləngimədən SSRİ-ni tərk etməyi tapşırır. Voznesenski isə deyir:
- "Mən rus şairiyəm. Birdan niyə getməliyəm axı?".
Sonralar Andrey Voznesenski müsahibələrindən birində deyirdi:
"Məni, 29 yaşlı bir gənci daha çox ona görə ittiham edirdilər ki, xarici ölkələrə verdiyim müsahibələrdə Puşkini və Mayakovskini öz müasirim hesab edirəm. Burada pis nə vardı, bilmirəm və heç cürə anlaya bilmirdim ki, onlar məndən nə istəyirlər".
Xruşşov və onun ətrafında olanların əlindən Voznesenskini bilirsinizmi kim xilas edib? Bəlkə də, inanmayacaqsınız. Amma bu, faktdır.
Amerikanın həmin vaxt prezidenti olan Con Kennedi N.Xruşşova zəng vurur və gənc şairi - Voznesenskini rahat buraxmağı xahiş edir. Əks halda, onu həbs təhlükəsi gözləyirdi.
N.Xruşşov SSRİ-də "azad sözün" at oynatdığını dünyaya nümayiş etdirmək üçün bu sözdən sonra yumşalır və hətta Voznesenskiyə Amerikaya yaradıcılıq səfərinə çıxmağa icazə verir.
Məhz bu səfərdə Voznesenskiyə dünya şöhrəti qazanmaq nəsib olur. Az sonra onu Qərbdə "rus möcüzəsi" adlandırırdılar. Vosnesenski bu səfərində Haydeggerlə, Sartrla, Pikassoyla həmsöhbət olur, Artur Millerlə əbədi dostluq münasibəti yaranır.
Amma Sovet İttifaqında xüsusi icazə olmadan onun adının çəkilməsi qadağan edilir. İlk dəfə bu qadağanı Vladimir Vısotski pozur. O, konsertlərdən birində gitarayla səhnəyə çıxır və Voznesenskinin şeirini oxuyur.
İndi Sovet İttifaqı yoxdur. Xruşşov da yaddaşlarda bir-iki təhqiramiz lətifəylə qalıb. Amma Voznesenski zamanın sərhədlərini aşmağı bacardı.
Yevtuşenko "yalanla döyüşmək xeyirxahlıqdır" yazırdı. Onlar total yalanla döyüşürdülər və qismətlərinə həqiqəti yazmaq düşmüşdü. Vladimir Vısotskinin nəğmələri də sovet imperiyasının dayaqlarını sarsıdırdı. O, "qeyri-leqal poeziya"nın yaradıcılarından idi. Gitara onun silahı idi.
Bakıda doğulmuş rus şairi Oleq Şestinskinin sovet imperiyası çökdükdən sonra yazdığı "Həqiqəti söyləmək çox çətindir, çox çətin, həqiqəti deməmək ondan daha çox çətin" misraları əslində yetmiş illik sistemin boğduğu azad sözün əks-sədası idi.
Rus poeziyasında bizi həmişə duyğulandıran, qəlbin ən incə tellərinə toxunan lirik şeirlərin siyahısını tutası olsaq, o siyahıda mütləq Pasternakın "Qış gecəsi", Marina Svetayevanın "Sənin adın...", K.Simonovun "Gözlə məni", Bella Axmadulinanın "Bir gün qapın döyüləndə" şeirləri yer alacaq.
Samuil Marşakın "Kitablar haqqında kitab" poemasını bütün uşaqların oxuması vacibdir. Qrişka adlı bir uşaq evdə kitablara qarşı kobud davranır, onların vərəqlərini qoparır, hara gəldi atır, kitablar əzik-üzük, kirli vəziyyətdə olur. Bir gün bu kitablar sözü bir yerə qoyub Qrişanın əlindən kitabxanaya qaçırlar. Kitabxanadakı səliqə-sahman onları heyran qoyur. Burada kitablara qayğı göstərilir, onlara təzə cildlər çəkilir. Qrişa kitablarının ardınca kitabxanaya gedir, ağ günə çıxmış kitablar ona deyirlər ki, sənin bura gəlməyə hələ cürətin də var? Poemanın sonunda müəllif yazır ki, Qrişaya uzun illər sonra rast gəldim, o, artıq mühəndisdir, balaca oğlu isə kitabları çox sevir.
Qonaq oldum onlarda,
Divarlar kitab rəfi.
Rəflərdə göz oxşayır
Cürbəcür kitab səfi.
...Kitabları hörmətlə
Götürüb açırdılar.
Kitablar da çətin ki,
O evdən qaçardılar!..
Bu kiçik poemanı təkcə uşaqların deyil, böyüklərin də oxumasında fayda var. Kitablarını evlərdən atan nadanlar üçün ibrətamiz bir əhvalatdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!