Minalanmış ərazilər: həyat eşqinin dili... - II yazı - Hədiyyə ŞƏFAQƏT

Hədiyyə ŞƏFAQƏT

 

 

(Əvvəli №1 sayımızda)

 

 

"Külək buludları şərqə qovur

Ruh dincliyə ehtiyac duyur

Buludların getdiyi yerdə xoşbəxt olacağımı bilirəm...".

Həmin əsir düşərgəsində olmayan bir dildə yazılmış şeir Azərbaycan dilində belə səslənir.

Bu şeir əslində yoxdur, yəni həmin əsir düşərgəsində belə bir şeir yazılmayıb,  onu filmin yaradıcıları uydurublar. Niyə şeir? İnsanın naməlum bir labirintdə, müharibənin ortasında, əzaziliyin qatı bataqlığında poeziyaya əlini uzatması adamı dərin ümidsizliyə salır. Lakin nə qədər qəddar yanaşma olsa da fikirləşirsən: Koç şeiri özüylə müharibəyə aparıb. Lakin bu şeirin filmin (hekayənin) əvvəlində verilmiş cavabı var, bu qəfil poetik cavabı da Jil özüylə gətirib, güllələnmədən xilas edib, cəsarətlə qoruyub və dəyişməyən ölüm qorxusu altında ilk dəfə mövcud olmayan bir dildə ifadə edib:

"Günəşin yavaşca batdığını görürsünüz, amma qəfildən qaranlıq düşəndə çaşıb qalırsınız...".

Görəsən, müharibələr neçə yazılmamış və dilə gətirilməmiş şeir deməkdir?

 

***

İkicə adamlıq dil.

Elə bil oyun oynayırsan. Başlayıb bitirə bilməyəcəyini fikirləşdiyin dəhşətli bir oyunun dili də olmalıdır. Ətrafda adamlar ölüm-dirim mübarizəsi aparırlar, ətrafda adamlar bir-birilə rəqabət içindədirlər, ətrafda adamlar bir-birinin sirrini, vəzifəsini, qadınını, kişisini, bir tikəsini, bir gününü... ələ keçirmək və ondan istifadə etmək barədə düşünə-düşünə həyatın çirkinliyini müharibənin çirkinliyinə daşıyıb töküblər, bütün bu nəhəng ət maşınının içində cılız, zəif, üfürsən yıxılacaq bir canlı çıxıb oyun oynayır.  Jil başqalarından həyat eşqi ilə fərqlənən bir tip deyil. Onun mübarizəsi yoxdur. İnsanlar onu maraqlandırmır. Gözünün qabağında baş verənlər onun insani duyğularını heç bir şəkildə qıcıqlandırmır. Sanki bütün gücünü, bütün hərəkətverici cəhdlərini donduraraq beyninə köçüb orada usta bənna kimi özünə qala hörür. Hər söz bir daşdır, sözdən-sözə divar qalxsa da, bu bənna hər daşın yerini xatırlamağa, hər daşı təkrar-təkrar yerinə qoymağa məcburdur, üstəlik, ona daşları nişanlamaq imkanı verilməyib.

Jil insan həyatlarından yapışıb, hər dəqiqəsi bir insan, bir insan adıdır:

- Adın nədir?

- Aviva.

"Viva - dəlilik".

- Adın nədir?

- Abramo.

"Bramo - ümid".

Aranko - anko - səbr.

Jilin səbri Tanrı səbrinin insanda əks olunmuş halıdır. Tanrı dəyişməz bir nizamla kiçik hadisələrə -  məsələn, müharibələrə fikir vermir. Onun yaratdıqları bir-birilərini qırıb tökürlər, hamısı da buna onun xeyir-dua verdiyini irəli sürürlər. Nə etmək olar? İşlərinə qarışmağa dəyməz. Gec-tez hamısı ölüb gedəcək və yenidən yaranacaqlar, yetkin adamlardırlar, özləri bilərlər.

Amma görünür, onun da arada əyilib bəndələrindən birinin qulağına nəsə pıçıldamağı var, Jil bu pıçıltını özü bildiyi kimi tərcümə edib.

Sözlər məhv olmağa məhkum insanların adlarının yarısı deməkdir. Bəs görəsən, müharibə onların həyatının nə qədərini kamına çəkib? Çəkib, amma Tanrının nəzərində nəsə dəyişibmi?

Bu cılız yəhudini hər yerdə izləyən gözlər, qulaqlar, şübhələr, inamsızlıq həm də himayəçisini hədələyir. Yəqin, təsadüfi deyil ki, qızışdırılmış şübhənin təhrikiylə otuz doqquz şifahi öyrədilməli olan sözün qırxıncısı "Həqiqət"dir.

Həqiqət varmı?

Bəli, yoxdur.

Amma Jil ona inanan insanı tapıb və xilası onun əlindədir. Jil xilas haqqında düşünmür, bu ölüm düşərgəsində o qədər uzun müddətə hesablanmış ümid tapıla bilməz, burada məsələ anı ana calayıb vaxt yaratmaqdır. Ölüm onsuz da hər addımdadır, həyat başqalarının əlindədir.

Həyat eşqini isə insan heç vaxt başqalarının öhdəsinə buraxmır.

Tanrı varmı? - Ona inanan bircə insan varsa, deməli, Tanrı da var.

Olmayan bir dil varmı? - Ona ehtiyacı olduğuna  inanmış ikinci bir insan varsa deməli, o da var.

 

***

İndi dünyamızda belə hadisələr baş verə bilərmi? Yox. Müasir texnologiya belə hallara imkan verərmi? Verməz. İndi heç kimi heç bir dillə aldada bilməzsən. İndi qırxıncı söz, -  ən bəxti gətirmiş yalan olsa belə çox əlçatandır.

Amma adətən insanlar aldatmaq üçün xüsusi bir dilə ehtiyac hiss etmirlər, keçmişdə də belə olub, gələcəkdə də belə olacaq. Hamı bir-birini bildiyi dillə aldadır və bu çox asandır. İndi müharibələrdə dilin heç bir əhəmiyyəti qalmayıb. Bəlkə də sözün qiyməti də müharibədən-müharibəyə düşüb.

Müharibə təkcə insanların, mədəniyyətlərin, sərhədlərin taleyini  dəyişmir, həm də sözlərə əl uzadır. Uzada-uzada da həyatın və ölümün hər küncünə-bucağına soxularaq özünü təsdiq etdirir. Biz bu təsdiqi "Müharibənin dili" adlandırırıq.

Bəli.

Sülh diliylə və müharibə diliylə danışan bir dünya.

Bu dünyanın "həqiqətini" qırxıncı sözdə gözləməyə, onun qırxıncı otaqda olduğuna inanmağa ehtiyac yoxdur.

Müharibənin dili müxtəlif dillərdən istənilən sözü əxz etməyə, istənilən sözü sıxışdırıb çıxarmağa qadirdir. Müharibə insanları da həyatdan sıxışdırıb kənara atır, sıxışdırılıb kənara atılmış insan bədənləri əbədi dövriyyənin bir elementi kimi yoluna davam etsə də, səslər və səsləndirdiyi sözlər havada asılı qalır və onları bir daha canlı hala gətirəcək heç nə yoxdur. Çünki səs  barmaqlarımızın ucuna vurulmuş ən qədim kod kimi təkrarolunmaz dalğalarla boşluğu sözlərlə doldurur. Bütün keçmiş həyatlar bu səslərdə qorunub saxlanıb. Həyat heç nəyi yoxa çıxarmağa qadir deyil, bir şeydən başqa şeyə çevrilməyən şeylər öz halında qalmağa məhkumdur. Əbədilik öz halında qalmaq isə ölümdür.

Oxunmamaq ölümdür.

Dünyanı eyni anda bütün səslərlə dinləmək olsaydı heç kim nə deyildiyini eşidə bilməzdi. Sözlər dar otağa sığınmış zahid kimidir, özünə çəkilərək  gözünü yumur və varlığını həyatın mərkəzində, O-nun qarşısında təkbətək görür. Bu ikilikdir: Sən və O.

Koç və Jil.

İnanan və Tanrı.

Ümid və Səbr.

Hər bir zahid otağı qırxıncı otaqdır və bircə sözlükdür: "Ol!"

Amma hər zahid öz "Ol" sözünü özü deməlidir...

 

***

İki min səkkiz yüz qırx qurban.

İki min səkkiz yüz qırx və bir qədər artıq sözdən ibarət bir dil.

Bu dil heç kim danışmasa da qurbanların siyahıya alınmış adları əsasında məxsusi olaraq bu film üçün yaradılıb.

Bu müharibənin hekayəyə çevrilmiş və bizi müharibəsiz təsəvvür edə bilmədiyimiz bir dünyada hər addımda qırxıncı sözlə - olmayan həqiqətlə üz-üzə qoyan xəyali dil  özümüzə, dar otağımıza çəkilib düşünməyimizi istəyir. "Fars dili dərsləri" öz-özlüyündə iki min səkkiz yüz qırx sözdən hörülmüş həmin dar otaqdır. Hər yerdə döyüş gedir, - beynimizdə, qəlbimizdə, arzularımızda, dualarımızda, niyyətlərimizdə... və biz onları sözlərlə ifadə edirik.

Bəs görəsən, dünyada nə çoxdur: Söz, mina, ya qurban?

"Fars dili dərsləri" göstərir ki, insan qardaşlığı içində mübarizə əbədidir. Habildən - Qabildən başlanmış mübarizə. Növbəti əsirlərin içində həqiqi bir farsın aşkara çıxmasıyla ortaya atılan və qısa müddətdə boğazının kəsilib öldürülməsiylə tamamlanan əhvalat artıq fərdlərin deyil, düşüncələrin, hisslərin - minnətdarlığın ölümlə çatdırılması ideyasının təbiiləşdirilməsini ortaya qoyur. İnsan insanı öldürür, insan insanı müxtəlif səbəblərdən öldürür və yenə də ədalət və cəza son nəticədə Tanrıdan gözlənilən bir şeydir. Özünü Tanrının xidmətçisi hesab etmək insana xas cəhətdir. "Fars dili  dərsləri" həm də bir səbəb - nəticə zəncirini halqa- halqa gedərək Jilin xilasına səbəb yaradır. O bir insanın ölümünü ləngidir (xilasdan söhbət gedə bilməz), ölümü ləngidilmiş insanın qardaşı öz həyatı bahasına da olsa onun ölümünün qarşısını kəsir.

Nizamda pozulan heç nə yoxdur.

 

***

"Fars dili dərsləri" əbədi nizam haqda ən təsirli hekayələrdən biridir.  Amma burada da sıxışdırılıb çıxarılmış insan həyatının mənzərəsi dəyişməzdir. Bu dəfə o, son nəticədə sıxışdırılıb əsir düşərgəsindən - hamının taleyinə yazılmış məhv edilmə anından çıxarılır. Anın xaricinə çıxmaq burada inananın - Koçun əliylə baş tutur. Amma bir daha fikirləşirsən: niyə başqası deyil, Jil? Niyə başqası deyil, Koç?

Amma nə qədər mənasız düşüncədir, elə deyilmi? Çünki adların nə mənası var? Məna burada sadəcə daxili "Ol!" əmrindədir. Məna burada sadəcə qarşı tərəfə keçmək istəyən insanın körpü axtarışı və özündən asılı olmadan o körpünü nişan vermiş insan arasında baş verən daxili razılaşmadadır.

Bu razılaşma Jili dəfələrlə ölümdən xilas edib. Koç öz inancında dürüstdür, bir vaxtlar şübhələndiyi (şəkk gətirdiyi) üçün peşmandır,  şükr etmə ehtiyacı içindədir və Jili özüylə birlikdə ölüm düşərgəsindən çıxarıb qaçırdır.

Koç bu hekayədə səmimi və sadəlövh inancıyla bütün inananları təmsil edir.

Son anda nəinki hisslərinə məğlub olan, əksinə,  o hisslərdən Tanrı soyuqqanlığı ilə tamamilə uzaq görünən Jil ona bəxş edilmiş xilasın əvəzində belə Koçu oyundan xəbərdar etmir. Onun qəzəbinin həyatverici eşqi qorxudan su içib, həm  bağışlamaq, həm də minnətdarlıq fikrindən uzaqdır:

"... - Mənə niyə qəzəblisən, həmvətənlərini mən öldürməmişəm.

- Sadəcə yorulmuşam.

- Nədən?        

- Qorxmaqdan...".

İnsan qorxunu  heç Tanrıya da bağışlamır, qala bəndəyə..

 

***

"Hər kəs layiq olduğunu alar".

Bu sözləri filmin əvvəlində ölüm düşərgəsinin qapısının başında oxumuşduq.

Koç xilas olduğunu düşündüyü anda heç olmayan bir dildə danışdığına inandırmağa çalışdığı insanlar tərəfindən ən yaxşı halda dəli kimi qiymətləndiriləcək..

O, qorxudanların ümumiləşdirilmiş obrazıdır, hamının yerinə cavab verməklə lənətlənərək taleyin öhdəsinə buraxılmış İnanandır və  bəlkə də bu,  günahkar İnananın əbədi taleyidir...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!