Minalanmış ərazilər: həyat eşqinin dili... - Hədiyyə ŞƏFAQƏT

Hədiyyə ŞƏFAQƏT

 

 

"...- 8-ci əmr: Oğurlamayacaqsan!

- Fikrimcə, artıq hər şeyi unuda bilərik!.."

 

***

Bu dəfə həqiqi minalanmış ərazilərə gedirik - İkinci Dünya müharibəsinə və bu dəfə müəllifin, hekayənin deyil, bir filmin köməyilə insan və söz vəhdətinin qeyri-adi hekayəsini çatdırmağa çalışırıq.

Şübhəsiz, hər filmin bir hekayəsi var, bu filmin ilhamlandığı qısa hekayə "Bir dilin icadı" adlanır. Bu ad sizə ilk baxışda heç nə verməyə bilər, filmin adı - "Fars dili dərsləri" də. Hətta film özü də indiyə qədər çəkilmiş əksər İkinci Dünya müharibəsi filmləri kimi bir hiss oyada bilər: Dəhşətli hadisələrin baş verdiyi əsir düşərgələri, faşizmin insanları yox etmə əməliyyatları, geniş statistik hadisələrin içində insan, əsas da (bir çox hallarda olduğu kimi) yəhudilərə tutulan amansız divan. Ustalıqla alınmış işdir, həmişəki kimi. Bizlər, müharibəylə bağlı sovet filmlərinin keçmiş izləyiciləri müharibənin əslində qeyri millətlərdən olan milyonlarla insanın, hətta almanların belə ümumi və bu ümumiliyin içində milyonlarla şəxsi faciə səbəbi olduğundan müəyyən siyasi-ideoloji pərdə altında olsa belə xəbərdarıq. Həmçinin, məsələn, amerikanlar, yaponlar, türklər və s. İkinci Dünya müharibəsiylə bağlı filmlər çəkmişlər ki, onlara baxmaqla da ölkələrin bu hadisələrə münasibəti fonunda müəyyən təsəvvür yaranması mümkündür. Amma yenə də kifayət qədər mürəkkəb, kifayət qədər ağır, yeni müharibə erasıyla köhnə müharibə erası arasında qeyri-adi enerjisi, miqyası və qəribə də səslənsə - coşqusuyla dayanan, bizlərin illərlə Böyük Vətən müharibəsi kimi qəbul etdiyimiz, ittifaqa daxil olan digər ölkələr kimi mənsub olduğumuz ölkənin də iştirak etdiyi, amma başqalarının daim "ruslar və almanlar", ən yaxşı halda "sovetlər və faşistlər" xarakterli yanaşmalarıyla təqdim edilən, gözə görünmədiyimiz, lakin şəraitin sərhədləri daxilində bəlkə də haqqında ən çox bədii və sənədli əsər yazılmış bu müharibənin uzaqlardakı "atası" yəhudilərlə ikiqat qəddar davranıb.

Bəzi tənqidçilər tərəfindən soyuqqanlılıqla (və çox güman peşə vərdişlərinə uyğun şəkildə) "Hollivudun digər yüzlərlə təbliğat işlərindən biri" adlandırılan "Fars dili dərsləri"ni əlahiddə yerə qoymağımın xüsusi haqlı və cəlbedici səbəbi var: Söz və olmayan dil..

***

İnsanlar hansı dildə danışırlar?

Müxtəlif dillərdə.

Bəs siz heç olmayan bir dildə danışmısınızmı? Mən danışmamışam.

Amma illər əvvəl, hələ uşaq olarkən gizli bir gündəlik tuturdum, amma onun oxunmasından o qədər çəkinirdim ki, günlərin bir günü xüsusi bir əlifba icad etmək qərarına gəlmişdim. Sonra onu elə əzbərləmişdim ki, hətta məktəb dəftərlərimdə əsl əlifbayla qarışdırırdım. İllər keçdi, yazmaq yadımdan çıxdı, əlifbanı da unutdum. Bir neçə il əvvəl həmin gündəliyi məktəb dəftərlərinin içində tapanda eləcə baxıb gülümsədim - heç nə demirdi və heç nə xatırlamırdım.

Amma "Fars dili dərsləri"nin qəhrəmanı, faşistlərin tutub Fransada yerləşən əsir düşərgəsinə apardıqları Jil Kremye öz-özünə deyir ki, xatırlamalısan! Xatıralamasan öləcəksən! Xatırlayır və ölmür!

***

Film başlayar-başlamaz hekayədə kitab peyda olur. Əsirlərin yükləndikləri maşında taleyin nə gətirəcəyini bilməyən əsirlərdən biri yol yoldaşına bir tikə çörəyin əvəzində bir kitab təklif edir. Kitab oğurluqdur. Hekayəmizin qəhrəmanı taleyin hara apardığını bilmədiyi o meşə yolunda Tanrının əmrini xatırlatmağı unutmur: "Oğurlamayacaqsan!".

Amma kitab artıq oğurlanıb və bir tikə çörəyə dəyişdirilib...

Bu yerdən sonra təkcə ssenarist Volfqanq Kolhaze ilə rejissor Vadim Perelmanın filmindən deyil, həm də sözdən danışmağa başlayıram, çünki söz burada cəhənnəmin içində belə Tanrıya yenilməz inamı simvolizə edəcək...

İlk məsələ qidanın kitabla dəyişdirilməsidir. Yol yoldaşı çörək tikəsini iki yerə bölür, ədalətli bölüşmədir. Lakin kitab bölünə bilməz və gərəksizdir. Bir az sonra son tikənin də heç nəyə yaramadığını görəcəyik, amma kitab Jili sağ saxlayır.

Burada kitabı əlahiddə xilaskar rolunda görməyəcəyik, amma ölümlə burun-buruna gələrkən Jil ilk növbədə kələyə əl atır, atəş açılmadan yerə yıxılır. Əsgərlərin hətta körpələri də güllələdiyi həmin səhnədə onun öldürülməsi adi hal ola bilərdi, amma danışmağa cəsarət edir: Söz ilk dəfə köməyinə burda çatır. Adi, alman dilində sözlərlə yəhudi deyil, iranlı olduğunu qışqırmağa başlayır.

Lakin onun ağlına bu qışqırdığı sözləri gətirən də qoynunda gizlətdiyi kitabdır. İstər-istəməz nağıllarımızda ayağı xəzinənin üstündə olarkən qafil cəsarətlə söz deyən personajlar yada düşür. Kitab barədə çox az şey bilir, orada sahibinin adı yazılıb: "Rza", bir də kitabı çörəyə dəyişmiş adamın irəli sürdüyü kimi "ata" sözü var. Kitab isə İran nağıllarıdır. Qorxunun verdiyi qıcıqlanma şərti refleks kimi işə düşür və artıq hər şey bəxtinin çəlimsiz Jili hara sürükləyəcəyindən asılıdır.

Kitabı yıxıldığı yerdə irəli uzadır.

***

Təsadüf varmı?

"Fars dili dərsləri" bir daha cavab verir: Yoxdur!

Əsir düşərgəsinin yeməkxana rəisi və əsirlərin qeydiyyatına cavabdeh zabit Klaus Koç fars dili öyrənmək üçün bir iranlı axtarır və bununla bağlı xidmətindəkiləri xəbərdar edib. Əvəzində on banka ət konservası veriləcək.

İnsanın qidayla əvəzlənməsi. Burda insan heç bir haqqa sahib olmayan, müəyyən vaxtda müəyyən məqsədin həyata keçirilməsinə səbəb olacaq, keçdikdən sonra məhv ediləcək körpüdür. Çünki Klaus Koç dilin onu müharibədən sonra keçmiş həyatından tamamilə ayırıb o üzə, gələcək həyata keçirəcəyinə inanır. Ömrünün böyük hissəsini aşpazlığa sərf edib usta səviyyəsinə yüksəlmiş alman bu sənəti ac-yalavaç uşaqlıq illərinin zədələrini daşımaqla istədiyi hər şeyi yeyə bilmək üçün seçdiyini deyəcək. Amma görünür, yoxsulluq onu təkcə yeməyə deyil, gözəl geyinməyə də möhtac qoyub ki, hələ 1932-ci ildə faşistlərin mundirlərini geyinmək eşqinə partiyaya daxil olub və onun bu seçimi və Almaniyada baş verən proseslərlə razılaşmayan qardaşını mənən itirib. Qardaşının Tehrana getdiyini düşünür, bəlkə elə buna görə də oraya can atır, çünki dilə gətirməsə də, fikrincə, sülhə can atan insanın rahatlıq üçün sığındığı yer onun qurban verdiyi daxili dünyasını xilas edə bilər.

Koçun qarşısına çıxarılan Jil başına gələcəklərdən xəbərsiz sübut üçün ikinci dəfə kitabı irəli uzadır.

Burada insanın hər an ölüm təhdidi altında ildırım sürətilə düşünməsi irəli sürülür. Cəsarət bir az da onu gözləyən son nəticədən ilhamlanır, ölüm onsuz da ovcunun içindədir. Jil bəlkə onu sadəcə ləngidir, bəlkə özünü taleyin ixtiyarına verməklə yanaşı, həm də ona mümkün qədər gec yetişməyə cəhd edir. Şübhəsiz, həyat eşqi həmişə var, hətta gözlənilmədən üzə çıxdığı hallar olur, amma özünü bütünlüklə taleyin ixtiyarına verməməklə Jil kifayət qədər güclü xarakterə sahib insan kimi hamını ilhamlandıra bilər. İrəli uzadılmış kitab isə həmin andan sonra yoxdur.

Səhnəyə sözlər çıxır.

***

İlk səslərin, ilk sözlərin dünyanın hər yerində eyni nəsnələri və mənaları müxtəlifliyə məruz qoyduğu vaxtlarda kitabın tarixin səhnəsində peyda olmasına minillər vardı. Amma mübarizə, həyat uğrunda didişmələr, iradi və qeyri-iradi strategiya canlılarla eyni vaxtda yaranmışdı və aradan keçən tapıntılarla dolu minilliklər onun üstündən xətt çəkə bilməzdi. Müasir dünyamızda şərait və şərtlər kitabın hələ olmadığı vaxtdan nə dərəcədə fərqlənir? Formaların dəyişdiyi mütləqdir, amma məzmun? Həyatın məzmununu dəyişdiyini düşünməklə nə qədər irəli gediriksə gedək, dönüb-dolanıb ilkin vaxtlara nəzər salmalı oluruq. İran nağıllarının oxunması vacib deyil. Ssenarist bu ideyanı inkişaf etdirə bilməzdimi? Bilərdi. Hətta bu, Jil üçün daha asan olardı, çünki minlərlə söz icad etmək yerinə sayı onluqlarla məhdudlaşan hərf və işarələri yadda saxlamaq və onların vasitəsilə kitabın "oxunması" daha asan olardı. Amma o, yəhudini çətinliyə çəkir və fikrimcə, çox doğru edir, çünki bu hekayənin bütün sehri, bütün təhlükəsi, bütün mesajı və insanı yaşamaq uğrunda ilhamlandırmaq cəhdi dilin - sözlərin icad edilməsində gizlənib...

 

***

Əsir düşərgəsində peyda olan "iranlı" şübhəylə, hətta qəzəblə qarşılanır. Bu qəzəbin içində xeyirlə şərin mübarizəsindən söhbət gedə bilməz, şər-şərə qarşı dayanıb, amma burada "hər şərdə bir xeyir var" təsəllisi kifayət qədər yersiz görünür. Çünki insan iztirablarının gələcəkdə başqalarına qarşı qəddarlığa çevrilməsi kimi bir yumşaldıcı səbəb çirkin, alçaldıcı və mənfur ideologiyanın ümumi bazarında həm alıcı, həm satıcıdırsa və qətiyyən halından narazı deyilsə, ona haqq qazandırmaq olsa-olsa əxlaqsız davranışdır. Yol həmişə var, Koçun qardaşı o yolla gedib, həmçinin ideallarını ədalətdən ayırmamaqla həyatından keçmiş insanlar da. Koç isə ortada qalıb və indi də yəhudi olub-olmadığını hələ də yəqinləşdirə bilmədiyi adamdan saxta fars dilini öyrənməyə başlayır.

Burada cəhənnəm əzabı gizlənib - Jil icad etdiyi dili özü də əzbərləməyə və unutmamağa, qarışdırmamağa, heç bir səhv etməməyə məhkumdur. Dayanmadan, gecə-gündüz sözləri təkrarlayır. Amma bir gün səhvə yol verir, səhv söz "rac"dır, onun ağac olduğunu deyir, amma bundan əvvəl Koça bunu çörək kimi öyrədib...

Bir daha çörək...

Onu ağır rəftar altında daş karxanasında işləməyə göndərirlər. Koç onu niyə güllələmir, ya da niyə aldadıldığını komandanlıq rəhbərinə etiraf etmir?

İstəmir.

Jilin ağır şəraitə dözməyərək xəstələnməsi, barak nəzarətçisinin onun nəsə anlaşılmaz dildə sayaqladığını eşidib növbətçi zabiti, onun isə öz növbəsində Koçu çağırması, Koçun onun sayaqlamalarını dinləyib: "Anasıyla danışır, evə getmək istəyir", - deməsi fonunda amansız həqiqət adamın üzünə çırpılır: İnsan yaxasını ölümdən qurtarmağa çalışarkən beyninin dərinliklərində bu qədər güclü ola bilərmi?

Aparıldığı həkim məntəqəsində saxta bir dil icad etdiyini desə də özünü tez ələ alır, həkimin onun sözlərinə ciddi yanaşmaması köməyinə çatır.

Hekayənin gedişatında hiss edirsən ki, Koç get-gedə bu adamın yəhudi olmamasını arzulayır, haqqında yazılan şikayətlərin altından sıyrılıb çıxmağa çalışa-çalışa hətta bəzən öz həyatını təhlükəyə atır. Burada onun köməyinə düşərgə zabitləri arasında dolaşan dedi-qodu (şər) da çatır. Sanki gedişat arzulanana, xeyirin qələbəsinə təkan verir, amma bir yandan da bu qələbəyə kömək edəcək faktorları həmişə tapmaq mümkündür, təki istəyəsən!

Koç onu əvvəlki yerinə qaytaranda Jil ilk dəfə kürəyini nəhəng şərə söykəmiş bu insandan qisas alır, yoxlamaq məqsədilə verilən suallarda zabitin onu sınağa çəkdiyi vaxtlardakı əzablarını xatırlayaraq qarşısına ilk söz yazılmış vərəqi qoyur: "Rac" - Həm ağac, həm çörək.

Söz.

Koç ondan üzr istəyir.

 

(Ardı var)


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!