Milli teatrımızın naxışları - İlham Rəhimli

33 aktyor haqqında 99 cümlə

Cahangir Zeynalov (1865-1918). İlk peşəkar səhnə xadimlərindən biri, realist aktyor məktəbinin banisidir və Azərbaycanda ilk dəfə öz mənzilində "Ev teatrı"nı yaradıb. Milli folklorun, xalq tamaşalarının mayasından şirə çəkən yumor və məzhəkədən komediya tamaşalarında ecazkar yaradıcılıqla, ustalıqla bəhrələnirdi. Teatrda estetik zövqsüzlüyün, süni pafosun, zahiri ritorikanın əleyhinə çıxaraq real ifa üslubunun sistemlər toplusunu yaradıb və eyni zamanda səhnədə qazandığı təcrübəni "Əxz etdiyim hərəkətlər" əlyazısında toplayıb.

Hüseyn Ərəblinski (1881-1919). Azərbaycanda milli romantik aktyor məktəbinin banisidir və eyni zamanda 1906-1919-cu illərdə müxtəlif truppalara baş rejissorluq edib. Sadəlik, canlılıq, eşq və ehtiraslar üzərində köklənən emosionallıq onun yaradıcılığının səciyyəvi xüsusiyyəti idi, daim bu keyfiyyətləri təkmilləşdirirdi. Sənətinin elmi əsaslarını mənimsəmək, onları cilalayıb formalaşdırmaq üçün müntəzəm mütaliə etmiş və mənimsədiyi elmi-nəzəri prinsipləri səhnədə sınaqdan çıxarmağa əzmlə, cəsarətlə çalışmışdır, suflyordan imtina etmişdir.

Mirzağa Əliyev (1883-1954. SSRİ xalq artisti). İstedadının mayasını təbii realizm, lirik səmimiyyət, tipik kolorit, mərhəm sadəlik, cazibədar emosionallıq, xalq gülüşünün poetik təcəssümü təşkil edib və yumoru, satiranı, qroteski, "öldürücü" gülüşü oynadığı obrazın xarakterində cəmləşdirib. Özünün estetik prinsipləri, zəngin ifadə vasitələri, forma və üslub xüsusiyyətləri olan məktəb yaradıb. Zamanın səhnə sənəti, teatr prosesi qarşısında qoyduğu ictimai-siyasi tələblər dəyişsə də, özünün ifa üslubunda, yaradıcılıq qayəsində sabitqədəm qalıb.

Sidqi Ruhulla (1889-1959. SSRİ xalq artisti). Azərbaycan teatrının çox cəfakeş, fədakar, maarifpərvər fədaisi idi və səhnə sənətinin çiçəklənməsində yorulmaq bilmədən çalışıb, İranda, Orta Asiyada da teatrın təşəkkül tapmasında möhtəşəm işlər görüb. Qəltanlı və zabitəli səs tembrini romantik faciələrdəki rolların, qəhrəmanlıq ideyaları uğrunda çarpışan obrazların xarakterlərinə məharətlə uyğunlaşdırırdı. Güclü, həssas səhnə diqqəti, mürəkkəb hadisələrin doğurduğu təzadlı vəziyyətləri, sərt psixoloji dəyişmələri duyub qavramaq bacarığı örnək olub.

Abbasmirzə Şərifzadə (1891-1938. Xalq artisti). Romantik aktyor məktəbinin kamil sənətkarıdır, gur, cingiltili, qəltanlı səsini faciənin zirvə nöqtəsinədə də, pıçıltılı danışığında da məharətlə idarə edə bilib. Kükrəyib vülkan kimi püskürən, qəlibə sığmayan qızğın ehtirası, bütün tamaşa boyu kökdən düşməyən coşqun temperamenti vardı, romantik aktyordan tələb olunan bütün yaradıcılıq keyfiyyətlərini yüksək peşəkarlıqla mənimsəmişdi. Poetik teatrın estetik prinsiplərini öz oyununda yüksək səviyyədə, yaradıcı ilhamla, təsirli vasitələrlə təcəssüm etdirib.

Mustafa Mərdanov (1894-1968. Xalq artisti). Təhsil görmüş ilk aktyordur, tipik xarakterlər yaratmağın ustası idi, rollarında cazibədar və duzlu məlahət, ən əsası, yapışıqlı səmimiyyət vardı. Milli koloritə xüsusi fikir verirdi, həmçinin fransız, rus, italyan, alman... xalqlarının folklorunu dərindən bildiyi üçün əsərlərində rol oynadığı müəllifin mənsub olduğu millətin meydan tamaşalarının yumor estetikasından bacarıqla istifadə edirdi. Qrimlə obrazın xarakterini tapmaqda və onun səhnə hərəkətlərini müəyyənləşdirməkdə böyük təcrübə sahibi idi.

Rza Təhmasib (1894-1980. Xalq artisti). Realist aktyor məktəbinin öncül yetirmələrindən idi, xarakterlər ustası, mürəkkəb, psixoloji, ictimai-sosial zəminli "gizli" obrazları yüksək peşəkarlıqla ifa edən aktyor kimi formalaşaraq kamilləşmişdi, teatr və kino rejissoru kimi də çalışıb. Koloritli tip-personaj yaratmaqda, epizod rolları əsas obrazlar səviyyəsinə qaldırmaqda zəngin təcrübəsi vardı. Tərcümə əsərlərində oynadığı bədii ləyaqəti, yumor təbiiliyi, koloritinin dadı-duzu ilə seçilən səhnə obrazları teatr ifaçılıq sənətimizin parlaq səhifələrini təşkil edir.

Ağahüseyn Cavadov (1894-1981. Xalq artisti). Mahir komediya ustası idi, xarakterik detallardan zövqlə, bacarıqla istifadə etməkdə, tipaj yaratmaqda kifayət qədər səriştəsi vardı, satirik obrazların ifasında qroteskdən həssaslıqla bəhrələnən sənətkar kimi məşhur idi. Aktyorluq cəbbəxanasında xeyli obraz "maskaları" toplamışdı və mövzuya, tamaşanın janrına, personajın bədii səciyyəsinə uyğun olaraq həmin maskalardan zövq və məharətlə istifadə edirdi. Səsində müəyyən xarakterik "cırlıq" vardı və bunun ton və ahəng dəyişməsindən həssas yaradıcılıqla istifadə edə bilirdi.

Kazım Ziya (1896-1956. Xalq artisti). Səlis səhnə danışığı, aydın və məftunedici diksiyası, yüksək səhnə mədəniyyəti, dərin mütaliəsi, geniş dünyagörüşü, müəllimlik məharəti ilə işlədiyi bütün teatrlarda kollektivin böyük rəğbətini qazanmışdı. Faciə, məhəbbət qəhrəmanlarının, "partlayan" gülüşlü komediya obrazlarının, birrəngli rəsm edilmiş xeyirxah insan surətlərinin ifasında əsl sənət qələbələri qazanıb. İfa etdiyi əcnəbi obrazların ictimai-sosial mənşəyinə əsaslanaraq bədii məntiqə uyğun əda, davranış tərzi, mimika, ifadə vasitələri tapırdı.

Ağasadıq Gəraybəyli (1897-1997. Xalq artisti). Faciə, komediya, dram rollarını eyni məharətlə oynayan, yaradıcılığı realizm prinsiplərindən şirələnən, onun tələbləri zəminində inkişaf edən xarakterlər aktyoru kimi formalaşmışdı. Romantik səpkili tamaşalarda da böyük nailiyyətlər qazanıb və  tükənməz enerjisi, daxili ehtirası aktyor oyununda öz təcəssümünü tapırdı. Xeyirxahlıq və mənsəbpərəstlik, sadəlik və xudbinlik, qəhrəmanlıq və qorxaqlıq, prinsipiallıq və bürokratlıq kimi təzadlı cəhətləri emosional bədiiliklə tamaşaçılara çatdırırdı.

Məmmədəli Vəlixanlı (1899-1969. Xalq artisti). İfa tərzi şəbih tamaşalarından, qaravəlli, kosa-kosa məzhəkəli xalq oyunlarından şirələnən qüdrətli sənətkar və milli xarakter yaratmaqda, meydan teatr tamaşaları estetikasını səhnədə yaradıcılıqla realizə etməkdə ustad kimi tanınıb. Hərəkətlərindəki, jestlərindəki, sifət ifadələrindəki aktyorluq boyaları zəngin və əlvan təsir bağışlayırdı. Orijinal, yapışıqlı və mütləq təbəssüm doğuran səs tembri, koloritli yumoru, zəngin sifət cizgi-ifadə vasitələri vardı, yumor və satiranın ölçüsünü səhnədə həssaslıqla gözləyirdi.

Rza Əfqanlı (1899-1973. Xalq artisti). Romantik aktyor məktəbinin nümayəndəsidir, ifa etdiyi mənfi xüsusiyyətləri üstünlük təşkil edən güclü, müqavimət əzmi sarsılmayan obrazların səhnə rəsmində kiçik, lakin məna yükü dərin detallar tapırdı. Zəhmli baxışları, sərt və ifadəli sifət cizgiləri ürəyəyatımlı idi, aktyor onları obrazın bədii siqlətinə uyğun tərzdə istiqamətləndirirdi. Janrından asılı olmayaraq, bütün tamaşalarda obrazın fərdi xarakterini, konfliktdə daşıdığı yükü bütövlükdə tamaşanın ali məqsədinin məhvərində təcəssüm etdirirdi.

Yeva Olenskaya (1900-1959. Xalq artisti). Milli səhnəmizdə çıxış edən milliyyətcə rus aktrisaları arasında Azərbaycan dilini çox yaxşı bilməsi, aydın nitqi, məlahətli avazı ilə seçilirdi. Dramatik obrazların ifasında sözləri xüsusi psixoloji intonasiyalarla söyləyirdi, tələffüzü ifadəli və qrammatik cəhətdən dəqiq, obrazın psixoloji vəziyyətinə uyğun səslənirdi. Xarakterik nənə, yaşlı qadın, ağbirçək kənd adamı obrazlarını xüsusi şövq və məlahətlə, zərif, yumşaq boyalarla oynadığı kimi eyni zamanda poetik teatr estetikasını da ustalıqla dərindən mənimsəyə bilmişdi.

Möhsün Sənani (1900-1981. Xalq artisti). Yaradıcılıq palitrası rəngarəng, aktyor ampluası çoxşaxəli olan, əlvan xarakterlər toplusunun salnaməsini yaradan sənətkarın ən çox sevilən və daha çox pərəstişkar tapdığı, daxili aktyorluq imkanlarını genişmiqyaslı şəkildə təcəssüm etdirdiyi rollar sözsüz ki, komediya tamaşalarındakı personajlardır. Faciə və dramatik-psixoloji janrlarda da bol gülüşlü, səmimi yumorlu, ürəyəyatan, cazibədar rolları heyranlıqla yaradırdı. Bəm, lakin məlahətil səsindəki lətafətli şirinlik oynadığı rolların cazibəsini artırırdı.

İsmayıl Hidayətzadə (1901-1951. Xalq artisti). Coşqun ehtirasa, tükənməz enerjiyə malik idi, səhnədə civə kimi çevik görünürdü, olduqca qızğın temperamentini obrazın ictimai-sosial xarakterini vəziyyətin, geniş mənada tamaşanın ali məqsədinin açılmasına istiqamətləndirən ustaydı. Aydın, işıqlı, mənalı, iri parlaq gözləri var idi, pauzalarda məzmunlu, cazibəli və ən əsası xarakerin təbiətinə uyğun estetik tərzdə oynayır, səhnənin hətta ucqar nöqtəsində də tamaşaçının diqqətini cəlb edə bilirdi. Tərcümə əsərlərində tipik xarakterlər silsiləsi yaradıb.  

Mərziyə Davudova (1901-1962. SSRİ xalq artisti). Coşqun ehtirası, güclü səhnə temperamenti, monumental teatrın tələblərinə cavab verən zəngin ifadə vasitələri, romantik təxəyyülünün qanadlı genişliyi ilə möhtəşəm faciə aktrisası idi. Psixoloji dramatizminə, obrazın ikinci planının tamaşaçıya təqdim etmək hünərinə, mürəkkəb personajların ifasındakı oyun-üslub keyfiyyətlərinə görə realist aktyor məktəbinin bütün estetik tələblərinə cavab verirdi. Romantik sevgi rollarında öz lirikliyi, poetik təravəti, məlahəti və cazibəsi ilə könül oxşayırdı.

İsmayıl Osmanlı (1902-1978. SSRİ xalq artisti). İlk növbədə epizodik, lakin tipik xarakterlər ustası idi, ən kiçik rolda da səhnəyə çıxanda salona canlılıq, xoş ovqat, cazibəli, könül oxşayan səmimiyyət bəxş edirdi. Yumorun realizm çalarlarını əsas götürür, xalq glüşünün bütün vasitələrindən səmərəli, mənalı yaradıcılıqla, atəşin ilhamla barınırdı. Obrazın danışığındakı sözlərin yumor, satira, məsxərə şirəsini hərəkətlərdə paralel verməklə rola psixoloji həyatilik və təbiilik gətirir, çeşidli ifadə vasitələrini obrazın dramatizminə sərf edir, yaradıcılığının təbii yumorunu inandırıcı səmimiyyətlə tamaşıçılara çatdırmağı ustalıqla bacarırdı. 

Ülvi Rəcəb (1903-1938. Əməkdar artist). Milli teatr tariximizdə realist-romantik oyun üslubuna geniş və yaradıcı tərzdə psixoloji dərinlik, lirik ahəng gətirən ilk aktyordur və repressiya illərində günahsız yerə güllələnib. Nəcib ləyaqətli, saf amallı, çılğın həyat eşqli, bütöv xarakterli obrazları xüsusi zövqlə, şövqlə oynayıb və səmimiyyət, ürəyəyatımlıq onun oyunu üçün səciyyəvi idi. Monumental ruhlu romantik faciə obrazlarının səhnə təfsirində də həyatdan şirə çəkən realizmə, dərin psixologizmə üstünlük verib, gur və məlahətli səsində poetk lirizm vardı.

Fatma Qədri (1907-1968. Xalq artisti). Öz oyununda emosionallığı, yüksək səhnə ədəb-ərkanı, xanım-xatın, kübar, cazibəli görkəmi, ifadə vasitələrinin dəqiqliyi, fikir dərinliyi, xarakter tapıntılarının təravəti və gözəlliyi ilə seçilirdi. Müxtəlif xarakterli obrazların ifasında psixoloji rəngarəngliyə, emosional cazibədarlığa can atır, pauzaları məharətlə oynayır, səsinin dramatik ölçülərini həssaslıqla tənzimləyirdi. Daxili enerjisini və aktyor ehtirasını obrazın dramatik inkşaf xəttinin xarakterinə uyğun qururdu, gözəl ifası səhnədə real, canlı və təbii təsir bağışlayırdı.

Sona Hacıyeva (1907-1978. Xalq artisti). Milli səhnəmizin ilk peşəkar aktrisalarından idi, yaradıcılığı təbiiliyi, sadəliyi, enerji mütəhərrikliyi, ən əsası isə milli kolariti ilə səhnəmizə canlı ab-hava, tamaşaçıların ruhuna xoş ovqat gətirib. Mürəkkəb dramaturji obrazların ifasında sənətkar cəsarətinə meydan açırdı və yaradıcılığı boyu xaraktercə müəyyən zəif, boz rənglə, saya boyalarla işlənmiş surətlərin ifasında da səhnəyə çıxıb. İstedadının keyfiyyətlərinə güvənib canlı, emosional, mənalı, ifadəli tapıntıları ilə obrazı sayalıqdan, quruluqdan çıxarmağı bacarıb.

Ələsgər Ələkbərov (1910-1963. SSRİ xalq artisti). Zindan cingiltisini xatırladan səsini özü sanki görürdü və bu səsin rəngini, bütün çalarlarını istədiyi forma-biçimdə, ritm-ahəngdə tənzimləyirdi. Alovlu, qığılcım yağan baxışlarında xəncər itiliyi ilə poetik ülviyyət lirik vəhdətdə qovuşmuşdu və bu prinsipi müxtəlif janrlı tamaşalarda oynadığı fərqli səhnə personajlarının ifasında heyrətamiz həssaslıqla saxlaya bilirdi. Romantik-psixoloji qəhrəman faciə rollarındakı əzəmətli hüsnə, psixoloji-dramatik obrazların ifasında möcüzəli zərifliyə və cazibəyə malik idi.

Əliağa Ağayev (1913-1983. Xalq artisti). İlk növbədə komik xarakterli aktyor idi, təbiətən sakit görkəmi vardı, lakin onun yumoru, xüsusən satirası çılğın, dağ seli kimi aşıb-daşan, estetik ruha tumar çəkən gülüş idi. Komizmi zahiri əlamətlərdə deyil, surətin təbiətində, daxili aləmində, düşüncə tərzində canlandırmağa üstünlük verirdi və həmçinin daxilən rolun ifasında istifadə etdiyi vasitələrin məntiqi ahəngdarlığına çalışırdı. Fərdi aktyor qələbələri realist teatr məktəbi prinsipləri zəminində fəaliyyət göstərən gənc aktyorlara yaradıcılıq örnəyi olub.

Əli Zeynalov (1913-1988. Xalq artisti). Əsasən romantik aktyor məktəbinin nümayəndəsi idi, pafoslu danışığı, coşqun daxili ehtirası, qəhrəman sevgi rollarında cazibəli səhnə məlahəti ilə seçilmişdir və uzun illər tamaşalarda əsas rolları ifa etmişdir. Realist komediyalarda və lirik-psixoloji janrlı tamaşalarda da ehtiraslı coşqunluqla, ilhamlı atəşlə oynayırdı. Gözəl səsi, səlist danışığı, aydın diksiyası vardı və buna görə də Azərbaycanda qiraətçilik məktəbinin formalaşmasında misilsiz xidmətlər göstərib, klassik şairlərimizdən silsilə verilişləri var.

Hökümə Qurbanova (1913-1988. SSRİ xalq artisti). Ecazkar, cazibəli, baxanları ahənrüba kimi özünə çəkən sehrli gözləri, məftunedici, musiqili, ilahi təsir bağışlayan lirik-romantik səsi vardı. Kükrəyib-coşan daxili ehtirası ilə həzin hərəkət plastikası arasında möcüzəli ahəngdarlıq duyulurdu və bu yaradıcılıq keyfiyyəti, janrından asılı olmayaraq, bütün tamaşalarda parlaqlıqla təcəssüm tapırdı. Romantik aktyor məktəbinin poetik göstəricilərini lirik-psixoloji üslubun ifadə vasitələri ilə qovuşduran və harmonik estetik prinsipdə təqdim edən ilk aktrisadır.

Barat Şəkinskaya (1914-1999. Xalq artisti). Səs tembrinin titrək lirizmi, romantik ahəngi, poetik cazibəsi, musiqili çaları ilə tamaşaçıları məftun edib və milli səhnəmizin "ecazkar Cülyettası" kimi tarixiləşib. Yaradıcılığının ilk illərində səhnədə yaz kəpənəyi kimi zərif, emosional, ovsunlu, nurlu, aşiqanə olduğu kimi, yaradıcılığının müdriklik mərhələsində də füsunkar idi, xanım-xatın, koloritli, incə yumorlu rollarda ecazkarlıqla baxılırdı. Səhnəmizin ilk travesti aktrisasıdır, ifadə cəbbəxanası romantizmdən, lirizmdən, psixologizmdən şirələnib.

Məmmədrza Şeyxzamanov (1915-1984. Xalq artistı). Məxməri, cazibəli səsi, əzəmətli səhnə görkəmi vardı və bu xüsusiyyətlərdən sənətkarlıqla bəhrələnirdi. Realist səpkili səhnə obrazlarını da romantik vüsətlə oynamaqda zəngin təcrübə qazanmışdı və eyni zamanda lirik-psixoloji üslublu səhnə əsərlərində də ustad səviyyəsində baxılırdı. Aktyorluq istedadının ürəyəyatımlı təravətini, cazibəli hüsnünü, tamaşaçılara psixoloji təsir dairəsini dramatik-psixoloji, facəvi və hətta güclü komizmi olan rollarda da özünü parlaqlıqla göstərirə bilirdi.

Leyla Bədirbəyli (1920-1999. Xalq artisti). Teatr tariximizdə gözəlliyi, səhnə məlahəti, cazibədarlığı, füsunkarlığı ilə seçilib və müxtəlif janrlı tamaşalarda oynasa da, daha çox dramatik aktrisa kimi formalaşmışdı. Oynadığı tamaşalarda realistik boyalara üstünlük verməklə yanaşı, ciddi, kəskin psixoloji, romantik, hətta xeyli melodramatik obrazları yüksək sənətkarlıqla ifa etməkdə heyrətamiz səriştəsi vardı. İstər teatrda, istərsə də kinoda yöndaşları ilə səmimi, ifadəli ünsiyyət yaratmağı, səhnə diqqəti ilə oynadığı obraza möhtəşəmlik verməyi hassalıqla bacarırdı.

Nəcibə Məlikova (1921-1992. Xalq artisti). Emosional, məlahətli, lirik-dramatik aktrisa idi, mənən safqəlbli qəhrəmanları, mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların qayğısı ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayıb. İstedadının yumor çalarında da həzin və kövrək lirizm üstünlük təşkil edirdi. Mürəkkəb xarakterli, məfkurəsi, ictimai mənsubiyyəti və davranış tərzi ilə fərqli, hətta tamaşaçıların qınadığı personajların səhnə ifasında səmimi, məhrəm görünüb, estetik məntiqi dəqiq olub.

Həsənağa Salayev (1921-1981. Xalq artisti). Romantik və realist aktyor məktəblərinin estetik prinsiplərini öz yaradıcılığında cazibəli ahəngdarlıqla ehtiva edirdi və oynadığı obrazların daxili, psixoloji, fəlsəfi tutumu, məna dəyəri, ideya yükü ilə onun görkəmi arasında harmonik əlaqə bağları yaradırdı. Gurultulu və cingiltili səsini məharətlə tənzimləyən aktyor romantik rolları, realist personajları, mürəkkəb psixoloji-dramatik obrazları eyni məharətlə oynaya bilirdi. İfa etdiyi obrazları dövrün ictimai-sosial, mənəvi-əxlaqi problemləri ilə ustalıqla əlaqələndirirdi.

Məlik Dadaşov (1924-1996. Xalq artisti). Obrazın ritmini, səhnə hərəkət və davranışını uzun müddət axtarır, tapdığı ştrixləri, ifadə vasitələrini, hərəkətlər kompleksini dəfələrlə sınaqdan çıxarır və yalnız bundan sonra tamaşada "özününküləşdirirdi". Əməl-fəaliyyət xəttinin sürət-ritmi iti, dinamik, sərt olan rollara məxsusi danışıq tərzi tapırdı və cingiltili, bənzərsiz səsini istədiyi ahəngdə və lazımı ton yüksəkliyində asanlıqla, aydın fikir yükündə işlədirdi. Səhnədə sərbəst davranmağı bacarır, pauzalarda geniş miqyaslı mizanlara üstünlük verirdi.

Həsən Turabov (1938-2003. Xalq artisti). Coşqun ehtiraslar, güclü faciə xarakterli sənətkar Azərbaycanda lirik-psixoloji aktyor məktəbinin banisi sayılır və həssas duyumu, səhnə səmimiyyəti ilə seçilirdi. Klassik faciə rollarında xarakterin psixoloji dərinliyini emosional ifadə vasitələrinin heyrətamiz rəngarəngliyi, mənalı texniki vərdiş-fəndləri ilə tamaşaçılara təqdim edirdi. Səhnədə emosional enerjisini həmişə tarıma çəkilmiş gərginlikdə saxlamağı qətiyyətlə bacarırdı, ürəyinin hərarəti və idrakının ziyası onun sənətkarlığının əsas təkanvericisi idi.

Səməndər Rzayev (1945-1986. Əməkdar artist). Coşqun yaradıcılq ehtirası, aktyorluq texnikasının hüdudları nəhayətsiz idi, özgələşmə prinsipini səhnədə məharətlə reallaşdırırdı. Səhnədə baş verə biləcək hər hansı gözlənilməz hadisə anında yüksək peşəkarlıqla improvizə edir, xırda detalı, adi bir deyim tərzini yüksək, koloritli xarakter yaratmaq səviyyəsinə qaldıra bilirdi. Cingiltili-gurultulu və ləngərli səsini oynadığı obrazların xarakterlərinə uyğun tərzdə, möhtəşəm sənətkarlıqla realizə edirdi, son dərəcə yüksək və əlvan çeşidli səhnə vərdişləri vardı.

Yaşar Nuriyev (1951-2012. Xalq artisti). Ortaboylu idi, lakin səmimiyyəti sirayətedici olduğuna görə tamaşadakı hadisələri, hətta çox mürəkkəb psixoloji ovqatları həssaslıqla duyduğu, öz oyununda ustalıqla təcəssüm etdirdiyi üçün səhnədə əzəmətli görünürdü. Səhnədə yaradıcı sərbəstliklə davranırdı və bunun kökündə yaradıcılığının təkamülü dururdu. Cəsarət aktyorluq keyfiyyətinin bir cəhəti idi, həssas musiqi duyumu vardı, səsinin şirinliyini, daxili ritmini, obrazın estetik təravətini tamaşanın kəskin məqamlarında da ustalıqla saxlamağı bacarırdı.

                            İlham Rəhimli


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!