Noyabrın 29-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının foyesində böyük canlanma vardı. Uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış yazar və pedaqoq, professor Zahid Xəlilin "Zəfər zəngi" mənzum pyesinin motivləri əsasında səhnələşdirilən tamaşanın premyerası keçirilirdi. Kiçik izləyicilərlə yanaşı, tanınmış uşaq yazarlarından Zahid Xəlil, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Qəşəm İsabəyli, Eyvaz Zeynalov, Tariyel Ümid, Dayandur Sevgin və digərlərinin qatıldığı tamaşada Qələbə sevinci yenidən yaşandı.
"Zəfər zəngi" pyesi Zahid Xəlilin ötən ildə qələmə aldığı "Dəmir yumruq" dastanının ikinci hissəsidir. Tarixi zərurətdən yaranmış "Dəmir yumruğ"un süjeti 44 günlük II Qarabağ savaşı zamanı baş verən mühüm hadisələri çevrələyir. Düşmənə qarşı birliyimizin simvolu olan "Dəmir yumruq"da xalqın ümumi mübarizəsi, qazanılmış qələbə, bu qələbədə payı olan hər kəs böyük qürur hissi, sevgi ilə dastana dönür. Ali Baş Komandan başda olmaqla, dastanda adıkeçən qəhrəmanların hər biri, hətta 13-14 yaşlılar belə, fərdi məziyyətləri ilə yadda qalır. El müdrikliyindən güc alan dastanda mərdlik, xeyirxahlıq, ləyaqət, cəsurluq, inam və əqidə bu gənclərə xas xüsusiyyətlərdəndir. Ümumilikdə dastanın 21 "boy"undan "Dəmir yumruğ"un ətrafına toplaşmış qalib Xalq obrazı aydın görünür. Zahid Xəlil bütün yaradıcılığında olduğu kimi, burada da folklordan gələn poetik gözəlliyi qoruyub saxlamağa nail olmuşdur. Mühüm səciyyəvi hadisələri epik lövhələr, rəngarəng formalarda düzüb-qoşan, uşaq səmimiyyətini qoruyub saxlayan 80 yaşlı Zahid Xəlilin - Qoca Şairin öz obrazı da dastanda görünür. Dünya görmüş el ağsaqqalı, müdrik qoca hərbi xidmətə yola düşən gənclərə öyüd-nəsihət verir, uğur diləyir. "Kitabi-Dədə Qorqud" dastanında Dədə Qorqudun döyüşə gedən igidləri sözlə-qopuzla yola saldığı kimi. Dastan elementləri əsasında, bədii sözə sevgi ilə qələmə alınmış əsərin yeni nəslin vətənpərvərlik və ideya estetik tərbiyəsindəki böyük əhəmiyyəti danılmazdır.
"Zəfər zəngi" pyesi də "Dəmir yumruq" dastanındakı ideyaları davam etdirir. Eyniadlı pyes əsasında yaranan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, musiqi tərtibatı Həmidə Rüstəmovaya aiddir. 30 dəqiqəlik birhissəli sözsüz tamaşa dahi bəstəkar Fikrət Əmirovun müxtəlif həcmli əsərlərindən musiqi parçaları ilə gözəl harmoniya yaratdı. Təbii ki, hər bir rejissor dramaturji mətnə müəyyən dəyişikliklər edir. "Zəfər zəngi" bu baxımdan xüsusilə yadda qaldı. Pyesdə ötəri adı çəkilən Ağsaqqal obrazı tamaşanın aparıcı simasına çevrilməyi bacardı. Əsərin səhnə variantı başlığa çıxarılan adı daha çox ehtiva edirdi. Bir məsələni xüsusi vurğulamaq istəyirəm. Belə ki, tamaşa zamanı zalda çox böyük səssizlik hökm sürürdü. Baxmayaraq ki, ilk sıralarda oturanlar kiçik yaşlı məktəblilər idi. Uşaqlara hansısa mesajı çatdırmaq, onların diqqətini cəlb etmək daha çətin və məsuliyyət tələb edən məqamdır. Tamaşanı həvəslə izləyən zalda səssizlik hakim idi, kiçik pıçıltı belə eşidilmirdi. Uşağa nəyisə məcburən etdirmək olmaz. Bu cəhəti tamaşanın başlıca uğuru hesab edirəm. Ümumiləşmiş Qoca obrazı pantomim elementlərlə hisslərini, duyğularını bəyan edirdi. Təbii və içdən yaradılmış bu obraz düşünürəm ki, həm uşaqları, həm də böyükləri inandıra bildi. Qoca obrazını teatrın aparıcı aktyoru Rəhim Rəhimov canlandırırdı. Əsas ağırlıq onun üzərində idi. Aktyor çalışırdı ki, kuklanın səssiz hərəkətləri vasitəsilə izləyicilərə mövzunu, əsas ideyanı anlada bilsin. Monotamaşa zamanı səhnədə tək ifa etmək, həm də səssiz ifa etmək daha çətin və məsuliyyətlidir. Bu, tamaşaçı ilə üz-üzə qalan istedadlı aktyorun qabiliyyətini hansı səviyyədə göstərməsindən asılıdır.
Səhnə tərtibatı ilə seçilən tamaşada hadisələrin zaman baxımından keçmişlə bu gün arasındakı əlaqə və səciyyələndirmələri müəllif ideyasını bütün qabarıqlığı ilə ortaya qoyurdu. Sinəsi dağlı şəhid atasının - Qocanın xatirələri, xatırlamaları arxa fonda kuklaların təqdimatında ötən zamanlara keçidlər, "Mən bütün varlığımla // Bu torpağa bağlıyam", - deyən Ağabəyim ağanın əsrlər sonra yenidən Şuşaya qayıtması xalqın mənəvi oyanışı ilə səsləşir.
44 günlük Zəfər tariximizlə bağlı müəyyən məqamların Kukla Teatrı səhnəsində yeni, fərqli və maraqlı quruluşda həm əyləndirici, həm də düşündürücü olması diqqətçəkici idi. Finalda çoxdan susmuş telefonunun zəngi - Zəfər zəngi səslənir. Sükutu pozan "Zəfər zəngi" 1992-ci ildə şəhid olan oğulun yadigarından böyük intizarla xəbər gözləyən Qocanın dilini açır, ilk və son dəfə ağzından çıxan "Can baba" kəlməsi musiqinin sədaları altında daha da əzəmətli səslənir. Uşaqların sirli nağıllar dünyasına uyğun quruluşda, hərəkətli dekorasiyalarla təqdimi, maraqlı kukla texnikası ilə tərtibi tamaşanın üstünlüklərindəndir. Müxtəlif tərtibatlı, estetik cəhətdən gözoxşayan səhnədə - arxa fonda Xan qızı, yad torpağa uyğunlaşmayan xarıbülbül, durna və sair elementlər vətən sevgisi yaradır, xalqın gücünə inam, cəsarət, qətiyyət formalaşdırırdılar.
Kiçik tamaşaçılara vətənpərvərlik ideyasının ötürülməsində Ramiz Qəmbərov, Yasin Abbasov və digər aktyorlar da epizodik rollarda olmasına baxmayaraq, böyük şövqlə iştirak edirdilər. Zəngin repertuarı ilə balacaların zövqünü formalaşdıran Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında uşaq və gənclərə mənalı bir gün hədiyyə olundu. Hamı tamaşa zalını böyük məmnunluqla tərk edirdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!