Fikrət Əmirovun Qərbi ram edən musiqisi - "Şuşa estetikası" silsiləsindən - Azər TURAN

Fikrət Əmirov-100

Azər TURAN

 

Fikrət Əmirov simfonik muğamları ilə Qərb aləmini heyrətləndirən ilk Şərq bəstəkarıdır. Hər şeydən əvvəl ona görə ki, Əmirovun musiqi yaradıcılığının timsalında dünya simfonik musiqi ədəbiyyatına "simfonik muğam" adlı yeni bir termin, yeni bir janr daxil olmuşdu. Onun yaratdığı "Kürd-Ovşarı" əsərini Stakovskinin dirijorluğu ilə Amerikanın Hyuston, yaxud Şarl Myunşin dirijorluğu ilə Nyu-York simfonik orkestrləri ifa edirdi. Fikrətin yaradıcılığı təkcə Azərbaycanın deyil, ümumən Şərq aləminin simfonizminə aparıcı istiqamət vermiş, Azərbaycan muğamını dinləyici auditoriyası baxımından milli məhdudiyyətdən qurtarmışdı. Onun simfonik muğamları klassik Şərq poeziyasının musiqi libasıydı. Həm də buna görə Fikrət Əmirovun muğamlarını Amerikada da, İngiltərədə də, Fransada da, Almaniyada da, Bolqarıstanda da maraqla dinləyirdilər. İlk dəfəydi ki, Şərq ekzotikası Qərbə modernist estetikaların dili ilə təqdim edilirdi.

O, Azərbaycanda Şərq musiqisi ilə Qərb musiqisinin sintezini yaradan bəlkə də ilk modernist bəstəkar idi. Çıxışılarında, yazılarında yaşadığı ictimai-siyasi sistemin sənətlə bağlı irəli sürdüyü doktrinlərin tərəfdarı kimi görünsə də, heç vaxt modernizmə, yeni cərəyanlara qapalı bəstəkar olmadı. Dodekafoniya və atonal sistemlər barədə Azərbaycan musiqi mühitində ilk dəfə o danışdı. Danışsa da onun üçün ən önəmli amil istedad idi.

Onun modern və ənənə üzərində gəlişən yaradıcılığını səciyyələndirən ibrətli bir xatirəsi var. 1970-ci ildə Həşmət Səncərinin dirijorluğu ilə Tehran simfonik orkestrinin ifasında "Kürd-Ovşarı" simfonik muğamının təqdimatına qatılmaq, eləcə də Sədinin məzarını ziyarət etmək üçün Şiraza səfər edən Fikrət Əmirov İran radiosuna müsahibəsində İran musiqisinin Avropa simfonik musiqi ənənələrinə yönəlməsinin zəruriliyindən danışır. Müsahibədə iştirak edən qadın jurnalist bəstəkarın əlindəki təsbehə işarə edərək, zarafatla ona İslamın yadigarını gəzdirdiyini söyləmişdi. Əmirov isə jurnalist xanımın əlində tüstülənən siqaretə işarə edərək, "papiros qədər zərərli deyil", - deyə cavab vermişdi...

Fikrət Əmirov XX yüzil Azərbaycan musiqisinin tənəzzülə uğramadan yaşamasının səbəbi kimi yeni cərəyanların, izmlərin yaradıcılığa tətbiqini  əsas şərt hesab edirdi. Çünki, o, "hər bir əsrdə yüksək mənəvi mədəniyyət yaratmaq üçün çürümüş, vaxtı keçmiş sənətə qarşı" yeniliklərin labüdlüyünə inanırdı. Əmirovun Avropa simfonizmi ilə Azərbaycan musiqisinin qovuşuğunda yaratdığı simfonik muğamları musiqi mədəniyyəti tariximizdə yeni mərhələnin başlanğıcı oldu. Xrennikovun təbirincə, Əmirov Şərq insanını onlara yaxın olan musiqi təfəkkürü formaları vasitəsilə simfonik musiqi mədəniyyətinə alışdırdı.

"Azərbaycan kapriççiosu" musiqimizdə tarixi-mifoloji təsəvvürlərin qəfil təzahürü idi və Fikrət Əmirovun əsərində səslənən ritmlər o zaman dünya üçün, az qala, yenilik hesab olunurdu. 1970-ci illərdə Türkiyə mətbuatında bu kapriççionu böyük macar bəstəkarı Bela Bartokun stilində yaranmış əsər kimi dəyərləndirirdilər. Bu mənada türk sənətşünaslarının müqayisəsi xoş təəssürat yaradır. Ümumiyyətlə, Fikrət Əmirovun "Azərbaycan kapriççiosu"ndakı ritmlərlə Bartokun tutaq ki, "Orkestr üçün konsert", "Simli, zərb alətləri və çelesta üçün" musiqisindəki ritmlər, tembrlər palitrası arasındakı paralellik, ruh doğmalığı diqqəti dərhal cəlb edir. Simfonizmin xalq musiqisinə interpretasiyası baxımından bu, doğrudan da, Bartok stilidir. Çağdaş musiqişünaslarımız Fikrət Əmirovun simfonik yaradıcılığına bir də bu aspektdən - mədəni düşüncədə yenidən ehya tapmaqda olan turan kontekstindən nəzər yetirsələr, maraqlı nüanslar meydana çıxmazmı?.. (1930-cu illərdə türk və macar musiqisində ortaq məqamları tədqiq etmək üçün Bela Bartok Türkiyəyə əbəs yerə gəlməmişdi. Hətta Atatürk də bu səfərin nəticələrini diqqət mərkəzində saxlayırdı...).

Fikrət Əmirov musiqidə yeni formaların yaradıcısıydı. Azərbaycan simfonizminin ilk rüşeymi kimi, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasındakı simfonik epizodları qeyd etsə də, özünün yaratdığı simfonik muğamlar musiqi mədəniyyəti tariximizdə, hətta milli və dünya simfonizminin tarixində yeni mərhələnin başlanğıcı oldu.

Fikrət Əmirov "Şur", "Kürd-Ovşarı" və "Bayatı-Şiraz"la yanaşı, skripka və fortepiano üçün "Muğam-poema" yaradırdı və bununla da təkcə Azərbaycan deyil, ümumən Şərq musiqisi tarixində, simfonizm və kamera musiqisi müstəvisində "Simfonik muğam" və "Muğam-poema" janrlarının əsasını qoyurdu. O, hələ ötən əsrin qırxıncı illərində simfonik muğamları ilə Azərbaycanda yeni musiqi mədəniyyətinin istiqamətini müəyyənləşdirdi. "Min bir gecə" baleti isə bu mədəniyyətin zirvələrindən birini təşkil etdi. "Min bir gecə"nin librettosu Maqsud və Rüstəm İbrahimbəyovlara, bədii tərtibatı isə Toğrul Nərimanbəyova aiddir. Belə bir yaradıcı enerjinin qovuşuğunda yaranmış "Min bir gecə" Şərqdə balet mədəniyyətinin dominantı olmalıydı və oldu da.

 

23 noyabr 2022


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!