Bakı Şəhər Bələdiyyə Teatrının 30 illik yubileyi ilə bağlı qeydlər
Əsəd CAHANGİR
Birinci hissə
Bilinməyir yaşın sənin
Noyabrın 15-də Milli Teatr özünün qeyri-adi günlərindən birini yaşadı - onun səhnəsində Bakı Şəhər Bələdiyyə Teatrının 30 illik yubileyi münasibətilə Xalq yazıçıları İlyas Əfəndiyevin "Qarabağnamə" və Elçinin "Baş" əsərlərinin səhnələşdirilməsi əsasında, rejissor Mərahim Fərzəlibəyovun quruluşunda "Ürəyim Şuşada qaldı" tamaşası göstərildi.
Bu, otuz il öncə Milli Teatrı tərk edərək Bələdiyyə Teatrını yaradan və 25 ildən artıq, yəni ta dünyasını dəyişənəcən ona uğurla başçılıq edən unudulmaz səhnə ustası, milli teatr sənətimizin yenilikçisi, professor, sənətşünaslıq doktoru, Xalq artisti Amaliya xanım Pənahovanın doğma teatrın səhnəsinə ikinci dönüşü idi. Böyük aktrisa birinci dəfə bu səhnəyə 2019-cu ildə - əbədiyyət evinə köç edəndə dönmüş, onun gül-çiçəyə qərq olmuş nəşi bu səhnədən götürülmüşdü. İndi isə o, tək deyildi - doğma səhnəyə öz yetirmələri olan aktyorların rol aldığı tamaşayla, bütöv bir heyətlə, əsl sənət kraliçası kimi qayıdırdı. Çoxsaylı dövlət, ədəbiyyat və incəsənət adamları, mətbuat işçilərinin qatıldığı yubiley tamaşası istər Amaliya xanımın vaxtsız vəfatından doğan hüzn, istərsə də tamaşanın tragik məzmunundan irəli gələn kədərə baxmayaraq, Milli Teatra bayram ovqatı yaşadırdı. Tutqun, qaşqabaqlı bir payız günü ana teatrımıza sanki bahar gəlmişdi, neçə illik ayrılıqdan sonra onun sevimli övladı geri dönmüşdü. Tamaşadan öncə səhnəyə qalxıb, zaldakılarla ürək sözlərini bölüşən millət vəkilləri Rafael Hüseynov və Qənirə Paşayeva, Xalq artistləri Mərahim Fərzəlibəyov, Həmidə Ömərova və Hacı İsmayılov, Əməkdar artist Suğra Bağırzadə, Əməkdar incəsənət xadimi Abdulla Qurbani və digərlərinin çıxışlarında hüzn, nisgil qarışıq sevinc duyulurdu.
Üstündən 30 il keçsə də, hər şey elə bil dünən olub. Biz, yəni o vaxtın tələbə gəncləri Amaliya xanımın Milli Teatrdan getmək xəbərini eşidib məyus olmuşduq. Təkcə aktrisaya görə yox, həm də tamaşaçılara görə - indi onlar kimin Medeyası, Nərmini, Təhminəsi, Mehrisi, Nigarına baxacaq, ana teatrımızın qapısını kimin adıyla döyəcəkdilər? Amaliya xanım dövrün rəmzinə çevrilən sənətkarlardan idi, onun gedişiylə, elə bil ki, bizim zamanımız, gəncliyimiz də gedirdi. Və həm də teatra görə - çoxsaylı və kifayət qədər istedadlı aktrisalarına baxmayaraq, bu gedişdən sonra teatrda boşluq yarana bilərdi! Düzdür, ona qədər də səhnəmizdə Mərziyə Davudova, Fatma Qədri, Barat Şəkinskaya, Hökümə Qurbanova kimi bütün varlığı ilə teatra bağlı, keçmiş Ümumittifaq miqyasında tanınan və sevilən korifey sənətkarlar olmuşdu, amma Amaliyanın teatr vurğunluğu bir başqa idi və o, bu sənət fədailərinin sonuncusuydu. Ondan sonra bir də bu miqyas, bu temperament, bu tembr, bu amplua(sızlıq)da aktrisa meydana çıxmadı. Amaliya xanım sənətin canlı təcəssümü idi, özü bir teatr idi və könül də candan ayrılardımı?
Amma o ayrıldı! İllərlə sürən gərginlik, qarşıdurma, qısqanclıqdan bir gün sadəcə usandı! Ürəyinin bir parçasını kəsib atmaq bahasına olsa da, ilk dəfə tamaşaçı qarşına çıxdığı, gül-çiçək yağışına, tamaşaçı alqışına, gülüş və göz yaşlarına qərq olduğu, otuz ilə yaxın çalışdığı doğma teatrı tərk elədi. Mehrinin fəryadı, Nigarın hiddəti, Nərminin üsyanı, Təhminənin romanını da Milli Teatrın səhnəsində qoyub getdi! Təkcə Medeyanın yerə-göyə sığmayan etirazı, hər şeyin üstündən keçməyə qadir məhəbbəti, qətiyyətini özüylə götürdü. Bu məhəbbət, bu qətiyyət yeni yaradacağı Bakı Şəhər Bələdiyyə Teatrının ilk addımlarının atılmasında ona güc verəcəkdi! Və respublikamızda ilk bələdiyyə teatrının pərdəsi fransız dramaturqu Jan Anuyun "Medeya" faciəsi əsasında rejissor Mərahim Fərzəlibəyovun quruluş verdiyi eyniadlı möhtəşəm tamaşa ilə 1992-ci ildə açıldı.
Əsl sənətkarın taleyi mənsub olduğu xalqın tarixi taleyi ilə üst-üstə düşür. Amaliya xanım da öz sənətkar ömrünün Qarabağ savaşı dönəmini yaşayırdı. Hələ on dörd il öncə - 1978-ci ildə görkəmli dramaturq İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tarixi dramındakı Natəvan obrazı ilə o bu savaşı tarixən və səhnədə yaşamışdı, indi isə bu savaş çağdaşlıq keyfiyyəti qazanır və birbaşa onun həyatına yansıyırdı. Təsadüfi deyil ki, teatrın yaradılmasının ilkin dönəmiylə bağlı bütün çətinlikləri aktrisa ilə birlikdə onun ömür-gün yoldaşı, görkəmli sənətkar və əvəzsiz insan, Xalq artisti Yusif Muxtarov da çəkdi, həyatının (və həyatımızın) o gərgin, qarmaqarışıq, təbəddülatlı illərində Amaliya xanıma sözün bütün anlamlarında dəstək oldu.
Öz teatrını yaratmaq ideyasını ona ümummilli lider Heydər Əliyev cənabları verdi və böyük sənət hamisinin xeyir-duası yeni kollektivə uğurlar gətirdi, özünəməxsus repertuarı ilə seçilən bir teatr meydana gəldi: J.Anuyun "Medeya", İlyas Əfəndiyevin "Xan qızı", Axundovun "Mürafiə vəkillərinin hekayəti", C.Cabbarlının "Dönüş", Oqtay Altunbayın "Tomris", Elçinin "Diaqnoz D", Nərimanovun "Nadir şah", Cəlil Məmmədquluzadənin "Ölülər", Anarın "Qaravəlli", Mövlud Süleymanlının "Bəylik dərsi", Nazim Hikmətin "Tənha qadınlar", Şillerin "Məkr və məhəbbət", Abdulla Qurbaninin "Türk sancağı", Rauf İçərişəhərlinin "Vətənə igidlər gərəkdir", Məhəmməd Əsəd bəyin "Əli və Nino"su... Teatr Oruc Qurbanov, Ələkbər Kazımovski, Bəhram Osmanov, Rövşən Almuradlı, Mərahim Fərzəlibəyov, Zirəddin Tağıyev, Hafiz Fətullayev, Elvin Mirzəyev kimi fərqli düşüncəyə malik rejissorları əməkdaşlığa cəlb etməklə üslubi yöndən rəngarəng tamaşalar nümayiş etdirdi.
Ən çətini yox yerdən qısa müddətdə truppa yaratmaq idi və bu işin öhdəsindən yalnız Amaliya xanım kimi böyük entuziazma, dəmir iradəyə malik sənət fədaisi, səhnə aşiqi gələ bilərdi. Gəldi də - İncəsənət Universitetindəki tələbələrindən tutmuş, yaşları ilə bağlı işlədikləri teatrlardan uzaqlaşdırılan Sofa Bəsirzadə, Məhluqə Sadıqova, Firudin Mehdiyev, Mirvari Novruzova, Muxtar Avşarov kimi qocaman sənətkarları bir araya yığaraq, spesifik siması, özünəməxsus yaradıcılıq dəst-xətti olan kollektiv araya-ərsəyə gətirdi. Bu gün teatrın Rafiq İbrahim, Əfqan Soltanov, Əhməd Salahov, Firəngiz Babayeva, Hüsniyyə Mürvətova, İsmayıl Atakişiyev, Aydın Əliyev, Tural Əhməd, Gülsabah Quliyeva, Təzəgül Məmmədova, Toğrul Rza, Mahirə Yaqubova, Zülfiyyə Qurbanova, Tural Baxış və digər aktyorları geniş tamaşaçı auditoriyası tərəfindən yetərincə tanınır və sevilir.
Doxsanıncı illərin birinci yarısı yaddaşıma iki sözlə daxil olub - soyuq və qaranlıq! Əsrin qış fəsli idi! Bu soyuqda teatr yaratmaq çoxsaylı, bir-birini dabanqırma izləyən hakimiyyət çevrilişlərindən, vətəndaş müharibəsi təhlükəsindən, müharibədən, yurd itkisindən, minlərlə şəhid verməkdən, güzəran sorunlarından sabaha inamını az qala itirən xalqın qəlbinə hərarət gətirmək demək idi! Bu qaranlıqda sənət ocağı yaratmaq tamaşaçının ürəyində ümid işığı yandırmaq demək idi! Natəvanın final monoloqunda dediyi kimi, teatr bu əzablı yolları xalqla birlikdə keçməliydi və keçdi də! Bu yollar ölkənin müxtəlif yerlərindən, Türkiyə, Ukrayna, Rusiya, Almaniya, Yunanıstanda geniş tamaşaçı auditoriyası qarşısında göstərilən tamaşalardan, beynəlxalq festivallarda qazanılan sənət qələbələrindən, nəhayət, döyüş bölgələrindən keçirdi. Birinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı illərdə ikinci elə bir teatr kollektivi yox idi ki, Bələdiyyə Teatrı qədər xalqın taleyi, ağrı-acıları, ümid və arzuları ilə bu qədər qaynayıb-qarışsın, çulğalaşsın, bir olsun. Müdafiə Nazirliyinin dəstəyi ilə cəbhə bölgələrinə ardıcıl səfərlər edən teatrın kollektivinin əsgər və zabitlərimizin döyüş ruhunun yüksəlməsi, qələbə əzminin güclənməsində danılmaz xidmətləri oldu və bu vətəndaşlıq missiyası indi də davam edir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev cənabları teatrın 10 illik yubileyi münasibətilə kollektivin 23 üzvünü fəxri adlarla təltif elədi, sənətşünas Abdulla Qurbani bu münasibətlə yazdığı kitaba "Döyüşən teatr" adı verdi. Ad tutdu, çünki həqiqəti əks etdirirdi və o qalan, bu qalan, Bələdiyyənin adı qaldı Döyüşən teatr!
Bələdiyyə Teatrı bu anlamda sadəcə 30 illik yol deyil, 30 illik döyüş yolu keçib. Bu 30 ilin 25 ilindən çoxuna səhnəmizin Tomrisi - Amaliya Pənahova başçılıq edib. Amma o, vətənə igidlər gərək olduğunu yaxşı bildiyindən özündən sonra bütöv bir aktyorlar heyəti qoyub gedib. Qızı Aynur xanım, oğlu İlqar bəylə birlikdə onun üçüncü övladı da var - həm oğlu, həm də qızı olan Bələdiyyə Teatrı. Xoşdur ki, Amaliya xanımın vəfatından sonra Bələdiyyə Teatrına onun qızı - Aynur Muxtarova rəhbərlik edir. Bu şərəfli görəvi səhnənin yavrusu olan bir xanımın yerinə yetirməsindən məntiqi, qanunauyğun nə ola bilər ki?
Mən Bələdiyyə Teatrı pərdəsinin ilk dəfə antik dramaturgiyadan gələn Medeya olayı ilə açılmasına təsadüf kimi baxmıram. Bu sadəcə Anuyun 1946-cı ildə yazdığı deyil, 2500 il öncə Evripidin qələmə aldığı, ondan da neçə yüzillər öncə miflərdə yaşayan Medeya idi. Teatr ilk addımını antik mövzu ilə atmış, bu 30 ildə dünya dramaturgiyası və teatrının min illər ərzində keçdiyi yolu böyük sürətlə qət etmişdi. Bu anlamda Bələdiyyə Teatrının 30 illik yubileyi sözləri şərtidir, onun 30 deyil, bəlkə də, 3000 il yaşı var. O, Medeyanın yaşıdıdır. Və hətta onun yaşı bilinmir - sənətin yaşı dünyanın və həyatın özü qədər qədimdir.
İkinci hissə
Nələr çəkib başın sənin
Bələdiyyə Teatrının 30 illik yubileyi münasibətilə İlyas Əfəndiyevin "Qarabağnamə", özəlliklə də, Elçinin "Baş" romanı əsasında tamaşa hazırlandığını eşidəndə özümü çoxdan görmədiyi dostunu görəcək biri kimi hiss elədim. Elçinin romanını iki dəfə obaş-bubaş oxumuş, haqqında "Baş"lanğıc" adlı irihəcmli bir yazı yazmışdım, yəni tamaşaya intellektual və duyğusal yöndən hazır idim. "Baş" çağdaş nəsrimizin sadəcə istedadla yazılan romanlarından biri olmayıb, özünün metafizik qəhrəmanı və süjeti, kəskin və aktual ideyası ilə qeyri-adi roman örnəyi, təkcə öz müəllifinin yaradıcılığında deyil, ümumən bədii nəsrimiz və ədəbiyyatımızda yeni düşüncə üfüqlərinə sıçrayışın uğurlu nümunəsidir. İlk dəfə olaraq metafizik bir varlıq - işğalçı rus ordusu generalı Sisianovun İçərişəhərin Qoşa Qala qapıları önündə Bakı xanının bacısı oğlu tərəfindən kəsilən və İran şahı Fətəliyə ərmağan göndərilən başı yerdə, ruhu isə göydə roman qəhrəmanına çevrilirdi. İlk dəfə idi ki, metafizik və gerçək aləm bir romanda paralel xətlər kimi göstərilir, amma heç vaxt kəsişməyən paralel xətlərdən fərqli olaraq bədii düşüncənin fəzasında vaxtaşırı kəsişirdilər. İlk dəfə idi ki, vicdanın oyanışı və özünüdərk prosesi bu qədər aydın, çılpaq, kristal müstəvidə əks olunurdu. İlk dəfə idi ki, 1917-ci ildə Nikolay ailəsinin bolşeviklər tərəfindən güllələnməsinə, 1806-ci ildə İbrahimxəlil xanın öz ailəsi ilə birlikdə Şuşada rus ordusu zabiti mayor Lisaneviçin göstərişi ilə vəhşicəsinə qətlə yetirilməsinə verilən karmik cəza, ilahi ədalət aktının reallaşması kimi işarə olunurdu. Kəsəsi, romanla bağlı "ilk dəfə"lər çoxdur və bu romanı oxuyanda da Elçinin "Gül dedi bülbülə" hekayəsini ilk dəfə oxuyanda duyduğum bir özəlliklə rastlaşdım - yüzlərlə səhifə romanda bircə cümlə belə "su" yoxdur, nəinki hər cümlə, hətta hər söz vahid nöqtə ətrafında konsentrə olunmuş müəllif ideyasının açılışına xidmət eləyir, mətndə özünə zəruri və qaçılmaz yer istəyir, hər hansı təsadüfə zərrə qədər də yer qoymur. Yazıçı nəinki Azərbaycan tarixi, hətta Puqaçovun edamı ilə bağlı epizodu belə hər hansı bir rus tarixi roman ustasını heyran qoyacaq bir ustalıq, psixoloji yöndən zərgər dəqiqliyi və incəliyi ilə rəsm edir. Və bütün bu saydıqlarım bir fikri deməyə əsas verir - müəllif əsas baxış bucağı və dəyərləndirmə meyarına çevirdiyi metafizik gerçəkliyi sadəcə məntiqi dəlillər, hansısa mənbəyə istinadlar hesabına təsvir eləmir, bu təsvirlər həmin aləmlə birbaşa təmasdan, "canlı" dialoqdan doğulur. Romandakı təsvirlərin insan ağlı və məntiqinin hüdudlarını aşması da məhz bu birbaşalıqdan irəli gəlir. Bu roman sadəcə metafizik aləmlə gerçəkliyin, noumen və fenomenin deyil, həm də insani məntiq və ilahi zəkanın, ilham və vəhyin kəsişmə nöqtəsində yaranıb. "Mahmud və Məryəm" romanından üzü bəri Elçinin yaradıcılığında öncələrdən də var olan və onu klassik sufiyanə ədəbiyyatın modern nəsr miqyaslarında varisi adlandırmağa imkan verən bu cəhət romanda maddi aləmdən sıyrılaraq kristal metafizikaya çıxır.
Və tamaşaya gedə-gedə düşünürdüm ki, ey dili-qafil, görəsən, rejissor Mərahim Fərzəlibəyov bu qədər mürəkkəb bir romanı səhnələşdirmək kimi çətin işin öhdəsindən necə gələcək? Rusiyada təhsil alması, az qala yarım əsrlik rejissorluq təcrübəsi, uzun illər boyu İlyas Əfəndiyevin əsərlərinə səhnə həyatı verməsi bu işdə ona yardımçı olacaqmı? Bu suala tamaşa cavab verəcəkdi. Konkret fikirlərə keçmədən deyim ki, tamaşa öncəsi saat yarımlıq çıxışlar və təxminən iki saat çəkən tamaşanın, yəni toplam 3 saatdan artıq fasiləsiz seyrin zaldakıları yormaması, səhnədəki olayların başdan sonacan maraqla izlənilməsi göstərirdi ki, rejissor ən genəldə öz məqsədinə çatıb.
Tamaşanın tərtibatında (quruluşçu rəssam İlham Əsgərov) diqqəti çəkən başlıca cəhət səhnənin şərtiliklər üstündə qurulması, ənənəvi saray dekorları və rekvizitlərlə yüklənməməsidir. Bu, tez-tez dəyişən durumlarda aktyorlara sərbəst hərəkət imkanı verirdi. Bütün tamaşa boyu arxa planda boy verən, hərdən qapı kimi açılıb-örtülən ağ çərçivələr tarixlə çağdaşlıq, metafizika ilə gerçəklik, mahiyyət aləmiylə maddi dünya arasındakı ayırıcı zolaq və birləşdirici körpülər kimi görünürdü.
Rejissorun roman üzərindəki işi diqqəti iki yöndən çəkir: əvvəla, o, səhnələşdirmə zamanı ən önəmli saydığı epizodları, özəlliklə də, Ağabəyim ağa ilə bağlı məqamları seçir və bunun hesabına yığcam, lakonik bir tamaşa ortaya qoyur. Bu həm də tamaşanın adına əsas verir, çünki İran şahı Fətəliyə sırf siyasi məqsədlərlə, könülsüz ərə verilən, illər boyu Tehranda yaşasa da, ürəyi Şuşada qalan məhz Ağabəyim ağadır. Pənahəli xanın nəvəsi, İbrahimxəlil xanın sevimli qızı, öz gözəlliyi, ağlı, zəkasıyla görənləri heyran qoyan Qarabağ əsilzadəsi! Amma bəzən sürətlə dəyişən durumlara baxdıqca bir sual doğurdu: olayların gəlişməsi romanı oxuyan biri kimi mənə aydındır, bəs, romandan xəbəri olmayanlar necə, səhnədə baş verənləri tuta bilirmi? Mən, əlbəttə, sadəcə sual verirəm, çünki cavab mənə, doğrudan da, aydın deyil və çox istərdim ki, romanı oxumayan tamaşaçılar bu suala müsbət cavab verəydilər.
Rejissorun mətnə yanaşmasında özəl vurğulanası ikinci məsələ romanın başlıca ideyası və qəhrəmanı ilə bağlıdır. Romanın qəhrəmanı başı kəsilmiş Sisianovun yer olaylarını metafizik ucalıqdan seyr edən və özünüdərk prosesi keçirən, dünyanın faniliyi və bu fani dünyadan ötrü qan tökməyin, böyük dövlətçilik iddiaları sərgiləməyin cəfəngliyini başa düşən ruhudur. Təkəbbür və mənəm-mənəmliklə dolu baş maddi örtükdən çıxdıqdan sonra hər şeyi kristal, xalis biçimdə görən və anlayan ruhun antipodudur. Və onun cəzası kəsilmək olur! Yəni romandakı konfliktin özülündə klassik Şərq ədəbiyyatı üçün səciyyəvi olan ağıl-ürək qarşıdurması, "münazireyi-əqlü eşq" durur. "Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul, əql tədbiridir ol, sanma ki, bir bünyadı var". Elçin də ən dərinə gedəndə, mahiyyət etibarilə Füzuli deyəni təsdiqləyir.
Roman müəllifindən fərqli olaraq rejissor özünüdərk prosesi keçirən ruhu demon, şeytan kimi verir. O, bir az Hamletin atasının Kölgəsini, bir az Hötenin Mefistofelini, bir az Cavidin İblisini, daha çox Lyuk Bessonun "Janna Dark" (1999) filmindəki şeytanı xatırladır. Tamaşanın proqramında Kölgə adı verilən bu məxluqun yerin altından çıxması, kürəyindəki iri, qırmızı göz şəkli, səhnədəkilərin qulağına iblisanə təbəssümlərlə nələrsə pıçıldaması göstərir ki, rejissor onu daha çox şeytan kimi qavrayır və və təqdim edir. Sisianovun ruhunun belə neqativ rejissor yozumu romanın ümumbəşəri barış və sülh ideyasını milli-vətənpərvərlik duyğuları istiqamətinə yönəldir. Əlbəttə, rejissorun məsələyə belə yanaşmasının bəlli məntiqi var: tamaşa "Ürəyim Şuşada qaldı" adlanır; o, zəfər günü münasibətilə hazırlanıb; Qarabağ sorunu özünün müəyyən məqamları ilə hələ də aktualdır və bizim belə vətənpərvər mövqeyə ehtiyacımız var. Bundan başqa, "Baş" ən dürlü rejissor yozumlarına imkan verən mürəkkəb, çoxyönlü, hərtərəfli əsərdir, olsun ki, gələcəkdə rejissorlar bu romana tamamilə fərqli, hətta əks rakursdan yanaşacaqlar. Bu, Mərahim bəyin yanaşması, Mərahim bəyin "Baş"ı idi!
Tamaşada yer alan üç Kölgədən birincisi - Elçin Muradov ona tapşırılan işi yüksək səviyyədə yerinə yetirir, hər cür duyğusallıqdan uzaq, hiyləgər bir mehribanlıqla amansızlığın qovuşduğu şeytan obrazını professional bir məharətlə yaradırdı. Tamaşadakı aktyor oyunu baxımından diqqəti ən çox çəkən də, məncə, məhz E.Muradov idi. İkinci və üçüncü Kölgə obrazlarının ifaçıları (Rəşid Soltanov, Namiq Cavadov) fon yaratmağa xidmət edirdilər.
Baş qəhrəmanın - Ağabəyim ağa rolunun ifaçısı Zülfiyyə Qurbanovanın isə sözləri daha aydın tələffüz etməsinə ehtiyac duyulurdu. Mən ən çox finalda, ata-anasının qətlindən sonra onun Tanrıya xitab səhnəsini gözləyirdim. Çünki misilsiz bir qəddarlığa qarşı Tanrının səbrinə daxilən üsyankar, zahirən təmkinli bu xitab romanda ən təsirli, ən parlaq səhnə, olaylara vurulan möhtəşəm final akkordudur. Məncə, aktrisa məhz imanlı, əsilzadə bir xanıma yaraşacaq bu təmkini saxlamır, aşırı fəryad qoparır, unudurdu ki, bütün ailəsinin bir gecədə qəddarcasına qətlə yetirilməsindən şok keçirən Ağabəyim ağanın ağrısı fəryadın o üzünə keçib. Üstəlik, həddən artıq gur musiqinin müşayiəti onun fəryadının tamaşaçıya çatmasına lazımi imkan da vermirdi. Tamaşanın sonundakı başəymə zamanı Ağabəyim ağanın ruhunun zala üz tutaraq nitq söyləməsi və axırda baş əyməsi də artıq göründü. Mən, əlbəttə, aktrisanın deyil, Xan qızının baş əyməsindən danışıram.
Ağabəyim ağanın anası, İbrahimxəlil xanın zövcəsi Tubu xanım (Hüsniyyə Mürvətova) öz qızıyla təxminən yaşıd görünürdü.
Çıxılmaz durum üzündən qızını İran şahına, xanlığını isə rus padşahına verən, amma bunun daxili ağrısını yaşayan Qarabağ xanı İbrahimxəlilin (Rafiq İbrahim) təqdimində əsas diqqət - şövkətli bir xana o qədər də yaraşmayan sadə geyimindən tutmuş, ağrılı mimikasına qədər hər şey - onun əzabkeşliyinə verilirdi. Bu, yüzillərdən bəri dünya güclərinin təpkisi üzündən başı bəlalar çəkən Azərbaycanı rəmzi olaraq gözəl səciyyələndirirdi. Amma durumun bütün mürəkkəbliyinə baxmayaraq, İbrahimxəlil Qarabağ xanıdır, Pənahəli xanın oğludur və onun qandan-gendən gələn müdrikliyi və tarixi durumun doğurduğu əzabkeşliyi ilə yanaşı, qürurunu da göstərməyə ehtiyac duyulurdu.
Saday bəy (Elxan Rzayev), Molla Müzəffər ağa (Əfqan Soltanov), Mahmud bəy (Tural Əhməd) rollarının səhnə ifadəsi barədə konkret olaraq nəsə demək olmur, onlar tapşırılan işi normativ səviyyəsində yerinə yetirirdilər.
Bakı xanı Hüseynqulu xan rolunun ifaçısı Rəşad Kəsəmənli əslində olduğundan daha cavan görünsə də, öz zər işləməli qırmızı atlas arxalığı, çalma və qrimi ilə səhnəyə yaraşırdı. Lakin məsələ sadəcə görünüşdə deyil. Aktyorun oyununda, xüsusilə də bacısı oğlu Mahmudu itaətə çağırdığı səhnədə izafi emosiya nümayişi var idi, amma bu emosiya daha çox texniki vasitələrlə nümayiş etdirilirdi.
Məncə, mənfi rolların ifaçıları öz oyunlarında daha başarılı idi, amma əksərən obrazların özünün səciyyəsi bu işdə onların köməyinə gəlirdi. Öncə söhbət Peterburqda təhsil alan, Azərbaycanın imperiya maraqlarına təslim edilməsi siyasətinə qulluq edən, rus şivəsi ilə danışan intelligent Şəfi bəydən (Mehman Abdullayev) gedir. İbrahimxəlil xanı ailəsi ilə birlikdə qətlə yetirən mayor Lisaneviçi karikatur planda təqdim edən, az qala qrotesk edən Toğrul Rza onun hər cür ağıl və duyğudan məhrum, çar ordusu zabitləri üçün səciyyəvi olan robotlaşmış obrazını nümayiş etdirirdi.
Nəhayət, gürcü mənşəli rus generalı Sisianov! Romanda Sisianov iki yöndən təqdim olunur: bir böyük dövlətçilik iddiası ilə imperiyaya xidmət edən, hətta şəxsi həyatını belə bu saxta ideala qurban verən təkəbbürlü, elə bu təkəbbürün də qurbanı olan general; bir də onun səma tağlarının ucalığından yerdəki olayları saf-çürk edən ruhu! Rejissor ruh məsələsini istisna elədiyindən, Sisianovun ifaçısı İsmayıl Atakişiyev obrazın təqdimində bu iki zidd cəhəti bir araya gətirir və generalın daxili ziddiyyətlər içində olan surətini yaradırdı - bir yandan yumruğunu yuxarı qaldırıb, imperiyanın şərəfinə şüarlar deyir, digər yandan isə o an keçirdiyi daxili tərəddüd və əzabı da tamaşaçıdan gizləmirdi. Hətta başı bədənindən ayrılmağa layiq cani də öz içində həqiqəti bilir və ən azı özünə etiraf edir. Bu gün Azərbaycanı Qarabağ sorunu ilə bağlı davaya çəkən beynəlxalq güclər, o sıradan Rusiya da bu qarşıdurmada əsl həqiqətin kimin tərəfində olduğunu yaxşı bilir. Obrazın təqdiminin alt qatında bu aktual ideya dayanır. Bəlkə də, subyektivizmə yol verirəm, hər halda mən aktyorun təqdimatında Sisianovu belə anladım.
Tamaşanın musiqisi (Eldar Mansurov) ilə bağlı yadımda heç nə qalmayıb, amma mən bunu yaxşılığa yozuram - demək, musiqi səhnədəki olayların içində öz çözümünü tapıb, qaynayıb-qarışıb və həll olub.
Tamaşa bitir, dostlarımdan ayrılıb, şəhərin az qala kimsəsiz küçələri ilə addımlayıram. Hara, nə üçün, özüm də dəqiq bilmirəm, 30 yaşı tamam olan Bələdiyyə Teatrının taleyi barədə düşünürəm. Bu teatr Qarabağ olaylarının ən qızğın vaxtı yaranıb, Amaliya xanımın başçılığı ilə döyüş gedən ən qaynar nöqtələrdə olub, şəhidlərin evlərinəcən gedib, onların ailələrinə dəstək olub. Əslində isə ən böyük dəstəyə teatrın özünün ehtiyacı var. Bu otuz ildə kirayə qaldığı yerləri dəyişən teatrın başı nələr çəkməyib, bir Allah bilir. Qəribədir - Bakı şəhər teatrı öz adını daşıdığı doğma şəhərində hələ də kirayənişindir, üstündən otuz il keçsə də, onun hələ də binası yoxdur.
Allaha şükürlər olsun ki, teatrın bu otuz ildə başı üstündə bayrağa çevirdiyi ən böyük ideya, ən qutsal arzu həyata keçib - Qarabağ düşmən tapdağından azad olunub. İnsanlar otuz illik ayrılıqdan sonra evlərinə dönür! Respublika Prezidenti İlham Əliyev cənablarının dediyi kimi - "Qarabağ Azərbaycandır və nida!" Arzu edirik ki, eyni qisməti Bələdiyyə Teatrımız da bölüşsün və əziz teatrımızı növbəti yubileyində artıq öz evində təbrik edək! Amaliya xanımın narahat ruhu da aram tapsın!
Aynur xanım başda olmaqla teatrın kollektivini yubiley münasibətilə ürəkdən təbrik edir, gələcək işlərində daha böyük başarılar arzulayıram!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!