Allah sənə rəhmət eləsin, Mark Tven...
Həzərat, xəbəriniz olsun xəbərdən ki, oktyabr ayının 29-u Lənkəran Dövlət Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesi əsasında "Casus" tamaşası oynanıldı. Tamaşanın quruluşçu rejissoru teatra yenicə baş rejissor təyin edilmiş Anar Babalıdır. Biz də bir qrup "paytaxt artistləri" ol tamaşanın seyrinə dalmaqdan ötrü təşrif buyurduq. Etiraf etməliyəm ki, bu səyahətin mənimçün bir neçə mənası var. Birincisi, mən Azərbaycan Teatr Xadimləri Bölgə teatrlarının inkişafı şöbəsinin rəhbəriyəm və paytaxtın teatr cameəsiylə bölgə teatrları arasında isti münasibətlərin bərpa olunmasını bu inkişafın ilkin şərti hesab edirəm. İkincisi, bölgə teatrlarıyla ünsiyyət bir teatrşünas kimi məndə çağdaş teatrımızın durumu haqda bütöv və dolğun təsəvvür formalaşdırır. Anlayıram ki, teatrın halına əvvəlcə bölgələrdə yanmaq gərək. Paytaxtda teatrla məşğul olmağa nə var ki... Üçüncüsü, son dönəmdə bölgə teatrlarına gənc, perspektivli kadrların təyinatı və "Casus" kimi uğurlu sayıla biləcək tamaşaların varlığı Azərbaycan teatrı boyda ümidsizlikdə mənim üçün bir misqal ümid demək! Bölgə teatrlarında düzgün, uğurlu repertuar siyasətinin və tamaşaçıyla ünsiyyətin əsasını milli dramaturgiyaya konseptual rejissor yanaşması təşkil etməlidir. Nədən ki, bölgədəki tamaşaçı kontingenti Anarı, Elçini, Kamal Abdullanı, Əli Əmirlini belə düz-əməlli tanımır. Amma tanımalı və sevməlidir... bu kollektivin peşəkarlıq səviyyəsi və tamaşaçının teatrı sevməsi baxımından mühüm mərhələdir. "Casus"un Lənkərandakı quruluşunu da mən məhz bu kontekstdə təhlilə çəkir, məsələyə yüksək tənqidçi ideallarından deyil, bölgə teatrlarının reallığından çıxış edərək yanaşmağı özümə borc bilirəm. Bu kontekstdə Anar Babalının "Casus"unu Lənkəran teatrı üçün uğur və hətta, yeni mərhələ hesab etmək olar. Anarın cəsarətini, kollektivin yaradıcılıq şövqünü alqışlayırıq!
Jan Batist Vikonun Homer haqda dediyini Kamal Abdulla da deyir! Ki, Qədə Qorqud hər şeydən əvvəl prinsipdir, "kollektiv təhtəlşüur"un, arxetipik enerjinin antropomorfik təzahürüdür, etnopsixoloji matritsadır. Kamal Abdulla gizli-saxlı Dədə Qorqudu Azərbaycan filoloji təfəkkürü üçün aşkar edən, mətnin labirintlərinə işıq salmağı bacaran müəllifdir. Amma və lakin onun "Kitabi-Qədə Qorqud" mətni içrə səyahəti Qulliverin səyahəti kimi bir şey. Elə ki, bu səyahətə alim kimi çıxır onda dastan haqda kifayət qədər ciddi elmi qənaətlərdən ibarət əsərinə "Kitabi-Dədə Qorqud poetikasına giriş" adını verir. Bu, dilçi alimin Dədə Qorqud və onun "sonsuza gedən dil"i qarşısında mütəvazi duruşudur! Onda ki, bu səyahətə yazıçı olaraq yollanır, ya "Yarımçıq əlyazma" kimi roman yazır, ya da "Casus" kimi pyes. Bu da postmodern ədalı yazıçının klassik mətn qarşısındakı "dekonstruktiv dikbaşlığı"dır. "Klassik mətn" qarşısında dilçi nə qədər mütəvazidirsə, yazıçı o qədər dikbaş və iddialıdır! "Casus" Azərbaycan dramaturgiyasında ilk dekonstruksiya təcrübəsi, klassik ədəbiyyata ilk parodiya nümunəsidir. Postmodernistlər axı özünü qutsallaşdıran, tabuya çevirən mətnlərə "grand narrative" deyirlər. Grand narrative də iri, yekə, öyrədən, öyüd-nəsihət edən, təfəkkürü kateqoriallaşdıran, qəliblərə oturdub manifestləşdirən hekayə deməkdir. Bayaq dedik ki, "Kitabi-Dədə Qorqud" məhz belə "hekayə"lərdəndir: özünü qutsallaşdırıb, bütə, əxlaq normativinə, mənəvi dissiplinə çevirib. Kamal Abdulla da Dədə Qorqud mətninin bu kanonikliyindən eymənib, qıcıqlanıb, əsəbləri tarıma çəkilib. Dekonstruksiya mexanizmiylə mətnin patetikasını parçalayıb, onun dərinliyində mürgüləyən potensial enerjini, "məna sayrışmaları"nı aktuallaşdırıb. Bu baxımdan "Casus" pyesi "Kitabi-Dədə Qorqud"u öldürmək deyil, özünə qapanıb mürgü döyən mətni dürtmələmək, mədəniyyət kontekstində oyun və blef variantı kimi yenidən aktuallaşdırmaq cəhdidir. Dekonstruksiya mətnin ideya konfiqurasiyasını dağıdır, mərkəzi, yəni energetik nüvəni parçalayır və mərkəzdən rişələnib onun ətrafında sistem yaradan işarələri, elementləri, Delyozun təbirincə desək, yersiz-yurdsuzlaşdırır.
Anar Babalı isə bacardıqca "dekonstruktiv şiddət"dən yayınmağa çalışır. Tamaşanın ekspozisiyasında xəfiyyə qiyafəli Dədə Qorqud kitabxanada (arxiv?) peyda olur, onun bu zühuru XII əsrdə Gəncədə baş verən zəlzələnin gurultusuyla müşayiət olunur. Dədə Qorqudu görən diksinir qaçır! Burda Dədə Qorqud müfəttiş kimi, sənəd-sünəd içində qurdalanıb paxır açan yoxlama məmuru kimi yozulur. Zənnimcə, tamaşanın ali məqsədi elə ekspozisiyadan boylanır: yalanlar üzərində qurulmuş cəmiyyətdə və məmuriyyət sistemində bütün ali dəyərlər qumarda uduzulan pul kimi bir şeydir. Səhv etmirəmsə Mark Tven haqda bir lətifə oxumuşdum: Tven ölkənin 10 məmuruna "Qaç! Sirrimizin üstü açıldı!" məzmunlu anonim məktub yollayır və həmin 10 məmurdan 8-i gecəylə ölkəni tərk edir. Dədə Qorqud (Xalq artisti Qabil Quliyev) da Boğazca Fatma (Qızılgül Quliyeva) vasitəsilə Oğuz bəylərinə belə bir oyun oynayır və bəylərin qəhrəmanlıq, igidlik maskası cırılır. Oğuz bəyləri (məmurları) kölgəsindən belə qorxan, xirtdəyə qədər yalana gömülmüş Mirzə Cəlil dramaturgiyasına xas "qəhrəman"lara çevrilirlər. Bu tamaşa Oğuz bəyləri haqda deyil, oğuz məmurları haqdadır! Yəni ki, Anar tamaşanı Dədəmiz QORQUDun çürümüş məmuriyyətə oynadığı "ifşa oyunu" kimi qurub. Bu "konseptual sxem" Dədə Qorqudun finaldakı monoloquyla tamamlanır. Siz paralel hiss edirsiz?! Mən heç bir paralel görmürəm, aktuallıq duymuram... və özümə borc bilirəm deyim ki, bu təklif olunmuş vəziyyətin bizim cəmiyyətlə heç bir əlaqəsi, filanı yoxdur və "!". Söz aramızda, Dədə Qorqudun əsası ön səhnənin mərkəzinə sancılıb qalıb... həm tribuna, həm də "dəmir yumruq" kimi yozula bilər...
Rejissorun digər məqsədi isə "cəmiyyətdəki mövqeyindən, məqamından asılı olmayaraq bir ananın övladı yolunda nələrə qadir olması" fikrini modelləşdirməkdir. Boğazca Fatmanın ifaçısı Qızılgül Quliyeva rejissorun konsepsiyasını duyur, anlayır və dəqiq oynayır. Ucuz komizmə qaçmır, yüngül əxlaqlı qadın tipini personajın ifadə vasitəsinə, formasına çevirir. Mahiyyət və məzmunda isə onunçün bütün ehtiraslar sönüb, övlad sevgisi içində əriyib itib.
Qabil Quliyevin Dədə Qorqudu öz dastan arxetipindən qopa bilmir. Aktyor əsərə və tamaşaya müqavimət göstərir. Qabil Quliyev başqa cür oynaya bilməz, dekonstruksiya, filan onluq deyil. Onu həm bir şəxsiyyət, həm də sənətçi kimi bu qəlibə "yığmaq" mümkün deyil. O, zatən bütün varlığı, təbiəti, fakturası, enerjisiylə Dədə Qorquddur ki var! Soy soylayan, boy boylayan DƏDƏM QORQUD! Bütün bunlara rəğmən tamaşayla ustaca ayaqlaşır, öz konsepsiyasını tamaşa və əsərin "ali məqsəd"ilə bütövləşdirməyi bacarır. Epos, "Yarımçıq əlyazma" və "Casus" arasında məharətlə gəzişir. Tamaşa içrə Dədə Qorqud zamanda mövcuddur, məkanda isə o sadəcə bir sayrışma, bir dalğadır, ruhdur, sahmandır, harmoniyadır! Qabil Quliyevin Dədə Qorqudu qəsddən bütün xəyanət fikirlərini Aruzdan yayındırıb Boğazca Fatmanın oğluna yönəldir, bununla O, Oğuzu qardaş qırğınından, bölünmədən qurtarır. Sonra Boğazca Fatmaya təlqin etdiyi tədbirlə isə onun oğlunu xilas edir.
Aynur Əhmədova Burla Xatunu dəqiq və son dərəcə koloritli təqdim edir. Oyun tərzi və temperament olaraq Xan qızıyla Mirzə Fətəlinin qadın qəhrəmanları arasında var-gəl edir.
Əsərin əsas komediya yükünü isə Əməkdar artist Sucəddin Mirzəyev (Qazan xan) və Miraslan Ağayev (Şirşəmsəddin) çəkirlər. Bu ikisi başda olmaqla Oğuzun məmurları: Bayandır Xan (Əlibala Əsgərov), Bəkil (Allahverən Babayev), Aruz Qoca (Əbülfəz Axundov), Beyrək (Səyyad Əliyev) del arte maskaları kimi təqdim olunurlar. Ümumiyyətlə isə aktyor oyunu kifayət qədər diridir, dəqiqdir, konseptualdır. Məncə, bu kollektiv peşəkarlığıyla heç bir paytaxt teatrından geri qalmır!
Tamaşanın bəstəkarı Azər Hacıələsgərlidir. Azərin tamaşa üçün "biçdiyi" musiqi partiturası rejissor konsepsiyasını bütün çalarlarıyla dəqiq ifadə edir, tamaşanı situasiya komediyası ritminə kökləyir, təklif olunmuş vəziyyətlərin emosionallığını və tamaşanın temporitmini müəyyənləşdirir. Lakin tamaşanın estetik biçimində müəyyən qüsurlar var ki, bunlar səhnənin texniki imkanlarının son dərəcə aşağı səviyyədə olmasından irəli gəlir. Bayaq dedim axı... paytaxtda teatrla məşğul olmağa nə var ki...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!