Bəstəsiz nəğmələr - Vaqif Nəsib Sarıhüseynoğlu

 

Artıq ədəbi yolumu azmayacağımdan qorxum, hürküm olmadığından həmin bəstəsiz nəğmələrimi söz göyərçinləri kimi havalandırmaq istəyirəm.

Bəstəçilərimizdən onlardan xoşlananları olursa havadan endirə, havacatına sala bilər.

Onu da deyim ki, gənclik illərimdə bir neçə nəğmə mətni yazmışdım. Hətta onların bir neçəsi əsrin nəğməkar cahan fatehlərindən Rəşid Behbudovun ifasında səslənmişdi. Onların ən siyasi yüklüsü, "Qəhrəmanlıq nəğməsi" Heydər Əliyevə ithaf olunmuşdu. İndi özünün adını daşıyan sarayda Rəşid Behbudovun ifasında ulu öndərin özü də ayaqüstü alqışlamışdı. Həmin nəğməni Tofiq Quliyevlə bərabər təntənəli bir mərasimə çatdırmaq üçün unudulmaz Rəşid Behbudovun körükləməsiylə ildırım sürətilə sazlı, sözlü ərsəyə gətirmişdik. "Səni tərənnüm edirəm, doğma Azərbaycan" proqramında Rəşid Behbudovun ifasında "Gəncəm", "Əlvida", "Cəmilə" və b. mahnılarının da sözləri bəndənizin çinədanından süzülmüşdü. Yaxşı ki, vaxtında qələm dostlarımızın birinin məsləhətiylə nəğmələrin kəpənək şöhrətilə qanadlanmaqdan əl çəkmişdim. Sonra da bəzi istedad sahiblərinin həmin şöhrət tələsinə düşüb yaradıcılıqlarının geniş meydanından uzaqlaşdığının da şahidi olmuşdum...

Nə isə, indi həm nəsrdə, həm şeirdə sinəmi boşaltdığımdan nəğmə kimi səslənməsini istədiyim şeirlərimdən bir neçəsini bəstəçilərin səmasına pərvazlandırmaq istəyirəm...

 

Azər + baycan

 

Biz göz açıb ara gördük,

"Gülüstan"ı qara gördük.

"Türkmənçay"ı yara gördük, -

Yara Azər, yara baycan.

 

Nəqarət:

Sarılandan qalaları,

Sıralandı bəlaları.

qürbətlərdə balaları

Biri Azər, biri Baycan.

 

Hər döşündə dağı oldu,

Hər daşında ağı oldu.

Hər yaşında yağı oldu, -

Para Azər, para baycan.

 

Neçə bəndi, nəhri yarı,

Neçə kəndi şəhri yarı,

Tel-tel oldu Şəhriyarı, -

Sazı Azər, tarı baycan.

 

Nədir bu yan, - o yan dedi,

Qalx ayağa, oyan dedi,

Ya azad ol, ya yan dedi

Yarı Azər, yarı baycan.

 

Kürlər daşsın kürlüyündən,

Hürlük qoşsun hürlüyündən,

Diriliyin birliyindən, -

Yarı Azər,

Yarı baycan,

Olsun bir can Azərbaycan!

 

Qız qalası

 

O İçərişəhərin,

Yaş sənədi, yaş daşı -

Hər daşı bir qəhərin,

Bir şəhidin başdaşı.

 

Nəqarət:

Əzmi ərşə toxunan,

Düşmənimə göz dağı.

Daş himnimiz oxunan

Yudumun daş bayrağı.

 

Yallısından nə doyub,

Nə də ögeylik duyub,

Birlik himnini qoyub

Qobustanın çal daşı.

 

Xəzərtək oyaq qalıb,

Yağıdan xəbər alıb,

"Cəngi"siylə səs salıb

Ellərə qaval daşı...

 

 

Şəhidlərin ağısı

 

İti qovantək qovub

Erməni yallısını.

Dağıtdılar qabantək

Erməni yallısını.

Şuşaya yar oldular,

Cəbhələr yara-yara, -

Çağladı ulu dağlar.

 

Nəqarət:

Neçə ömür keçib də

Yaş altına düşdülər

Daş altını keçib də

Daş altına düşdülər.

Zəfər yolunun üstə.

Qaldılar yara-yara,

Ağladı sulu dağlar.

 

Neçə gəlin hoylanıb,

Qələbə kamı tapdı.

Balalara boylanıb.

Ömrə davamı tapdı

Donu qaraya çaldı

Olub da yara-yara,

Ruhlardan bulud ağlar...

 

Nazim Hikmətə ağı

 

Bir məzar sürünüb də

Yurduna yetmək istər.

Torpağa bürünüb də

Ceviztək bitmək istər.

 

Nəqarət:

Toroslar Ulu dağlar

Qəribinə kim ağlar?

Çeşməli sulu dağlar,

Türkümə türküm ağlar.

 

Qurtulub qarasından,

Mühacir yarasından,

Xaçların avasından

Qürbəti atmaq istər.

 

Anası Anadolu,

Bağlama ana yolu,

Arzusu ana qolu,

O qola çatmaq istər.

 

Axır ki, ölkəsində,

Türk oğlu bəlgəsində,

Bir qovaq kölgəsində

Türk kimi yatmaq istər.

 

Yer altından yeraltı zülmətinə köçmüş pianoçu, bəstəçi

Rafiq Babayevə zülmət nurlu elegiya

 

Sinəyə çalçarpaz dağı geyərlər,

Doğmalar doğmanın başı üstündə.

Sonra da zil yara ağı deyərlər.

Zil qara mərmərdən daşı üstündə.

 

Nəqarət:

Çaytək quruyanda ömür yaşları

Çaylaqlar dünyanı daşlar, ağlayar.

Məzarlar qapqara sahil daşları, -

Sahildə il boy daşlar ağlayar.

 

Leysan isladanda sonuncu otu,

Çöldə ocaqlara sürmə çəkilər.

Bəstəçi vuranda sonuncu notu

Həyatdan bir ömür sürmə çəkilər.

 

Ömrünün bəmləri, zilləri üstən

Ayrılıq bir qara zurnaya döndü.

Fortepianonun dilləri üstən

Rafiq bir köçəri durnaya döndü...

 

Badamdar nəğməsi

 

Hər yaz Bakı qucağına axardı,

Durna telli baharına baxardı,

Sinəsinə badam gülü taxardı,

Badam gözlü adamlar var idi.

 

Nəqarət:

Əvvəl onun qış yuxusu qaçardı,

Sonra isə quş yuxusu qaçardı.

Göyərçindən yaz yaylımı açardı,

Küləfirəngi, quş damları var idi.

 

Hər qarışı dam-daşa yəhərlənib,

Atdan düşüb, maşınla kəhərlənib.

Əməllicə, başlıca şəhərlənib,

Zamanın da qadamları var idi.

 

Bir kimsənin qalmayıb da yadında,

Xatirəsi, xətri

Badam dadında.

Sağsağantək ötür bu gün adında

Badamdarın badamları var idi.

 

Ana ürəyinə

 

Ömürlərə qarşı ömür eyləmə,

Ana ürəyini kömür eyləmə,

günaha basılıb

basma körüyü, -

Yandırsan yanarsan bir ömür boyu.

 

Nəqarət:

Ana ürəyini oxuyanların

durar arxasında o ulu dağlar.

Ana ürəyinə toxunanların,

Üstündə həmişə bir bulud ağlar.

 

Qara saçlarına ələmə qarı,

Cavan yaşlarından eləmə qarı.

Buz salxımı kimi asma hörüyü,

Dondursan, donarsan bir ömür boyu.

 

Dünya nağılımız

 

Az gəlib gəlməmişik,

uz gəlib gəlməmişik,

ölmüşük, ölməmişik, -

Bu bəxt ağdı, qaradı.

 

Nəqarət:

Bu dünya aləmimiz,

Toyumuz, ələmimiz,

Ölmədən, öləmimiz,

Bilmirik də haradı.

 

Ona bəndə düşürük,

Bir gün bəndə düşürük.

Yola, çəndə düşürük,

Yara yol da yaradı.

 

Yaşama döyüşmüşük,

Düzəldib, dəyişmişik,

Vuruşub, əyişmişik, -

Nə qədər məzardayır...

 

Tanrı qulaq burası,

Haralardı burası?

Yoxdu ünvan bürosu

Soraq ruhda, gordayıq.

 

Bacım Dilarənin iki oğul itirib bir oğul

çiynində getməyən dünya anasının faciəsinə

 

Dəftəri arasından 

qurumuş bir gül çıxdı.

Qara səf sırasından,

neçə qara il çıxdı.

 

Nəqarət:

Taleyinə it hürmüş,

gülü solmuş bacım vay...

iki oğul itirmiş

Şəhid olmuş bacım vay...

 

Çatdı ömür qarası,

Bəxti kösövtək oldu.

Özü dünya arası

Bir solmuş çiçək oldu.

 

Gəl dünyayla dil ara,

möhlət ara, il ara.

İki övlad itkili

İtmiş bacım Dilarə...

 

Gözəlliyilə göydə üzən,

ürək üzən qızlara

 

Çox dik tutma başını,

Eşqə çatma qaşını, -

Vaxt keçir, qaş qaralır,

Bu qaş o qaşdan deyil.

 

Nəqarət:

Ətəyindən tök daşı

Birinə sevgi daşı,

Elçiyə daş qaralır, -

bu daş o daşdan deyil.

 

Əlin yardan üzülər,

aşın suyun süzülər.

Toy günü aş saralır, -

Bu aş o aşdan deyil.

 

Qarıya dönər yaşın,

qaralar da göz yaşın

Ötürdün yaş qaralır, -

Bu yaş o yaşdan deyil.

 

Peşmanlar qapı döyər

 

Üzlərinə zülmət geyər,

Özlərinə zülmət deyər,

Peşmanlar qapı döyər,

Olub insan - yarasa.

 

Nəqarət:

Bu gecədən işıq yolu balalar,

Bir ocaqdan keçər bəlkə bəlalar.

Bənövşətək boyu bükməz balalar,

Üzrxahlıq əgər işə yarasa.

 

Son cəsarət öyüldükcə öyülər.

Bir son kərə dəli şeytan söyülər.

Ürəkləri qapılarda döyülər.

Eşidilən eşidilməz yarasa.

 

Tufanlardan, yellər üstən yol alar.

Ümmanlardan, sellər üstən yol olar.

Qırdıqları tellər üstən yol olar.

Büdrənilməz yollar yardan yarasa.

 

Lalların əli danışır

 

Qayğıdan zəli danışır,

Düzünü dəli danışır.

Lalların əli danışır.

Doğrunu seçməyi bizdən.

 

Nəqarət:

Əllər dilin dirijoru

Dodaqları səsin goru

Əllərində ürək qoru, -

Eşitməyi iki gözdən.

 

O əllərə kor qalmayaq.

O haraya xar qalmayaq.

O yanğıya gor qalmayaq,

Söz yaradır əllər közdən.

 

Suyunda zəli oynayır,

Toyunda dəli oynayır,

Lalların əli oynayır, -

Bir xalidi dünya düzdən...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!