Bəs mən kiməm? - sənətin dupduruca bulağı,
Hər sözüm qaralmayan bir azəri çırağı.
Hüseyn Kürdoğlu
Şirindil Alışanlı Azərbaycan ədəbi-bədii fikir tarixinin orbitinə öz fundamental və orijinal tədqiqatları ilə keçən əsrin 70-ci illərində daxil olmuşdur. Görkəmli alimin keçdiyi böyük və şərəfli yaradıcılıq yolunun başlanğıcı 1970-1975-ci illərdə təhsil aldığı Bakı Dövlət Universitetindən başlasa da, bu uğurlu yol 1977-1980-ci illərdə SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun möhtəşəm auditoriyalarında daha da zənginləşmiş, cilalanmış, ədəbi-estetik fikrin kamillik mərhələsinə qədər yüksələ bilmişdir. Ş. Alışanlı elm aləminə məşhur estetik Yuri Borevin rəhbərliyi altında "Romantizm problemi, onun Azərbaycan ədəbiyyatşünaslığında inikası" mövzusunda yazdığı namizədlik dissertasiyası ilə gəlmişdir. Alimin yarım əsrlik fəaliyyətinin əsas mərhələsi bu gün də böyük yaradıcılıq enerjisi ilə yaşayıb-yaratdığı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə bağlıdır. 1976-cı ildən bu mötəbər elm ocağında elmi işçi kimi fəaliyyətə başlayan gənc alim öz istedad və bacarığı sayəsində institut rəhbərliyinin və elm adamlarının hörmət və nüfuzunu qazanmış, əvvəlcə elmi katib, sonra şöbə müdiri vəzifəsində çalışmışdır. Şirindil Alışanlı dövrün böyük alimləri Mirzağa Quluzadə, Məmməd Cəfər Cəfərov, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Yaşar Qarayev və başqa görkəmli şəxsiyyətlərlə eyni bir elm məbədində çiyin-çiyinə çalışmış, onların dəyərli və qiymətli tövsiyələrini dinləmiş, elm yolunda daha cəsarətlə və inamla addımlamışdır. Onun zəngin erudisiyası, mütaliəsi, elmə və sənətə olan sonsuz marağı gənc və istedadlı alimi yeni-yeni zirvələrə ucaldır. Hətta böyük təcrübəyə, dərin mühakimə qabiliyyətinə malik olan alimlərimiz də onun elmi potensialını, yaradıcılıq şövqünü, fasiləsiz yazıb-yaratmaq bacarığını görüb gənc tədqiqatçıya yüksək dəyər verir, institut rəhbərliyi isə etimad göstərərək, 1998-2003-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutu Tarixi poetika şöbəsinin müdiri vəzifəsinə təyin edir. Bu məqamda məşhur bir fəlsəfi fikri xatırlatmaq yerinə düşər: "Alimin tanınması üçün onun öz kəşfləri kifayət deyil, gərək onun özünü də kəşf edənlər olsun". Doğrudan da, Şirindil Alışanlı sözün həqiqi mənasında kəşf edilən alimlərimizdəndir. Məhz bu obyektiv seçimin nəticəsidir ki, o, hal-hazırda XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışır. Yaradıcı insanların əhatəsində olmaq, onlara rəhbərlik etmək, elmi söhbətlər aparmaq, ədəbiyyatımızın böyük bir mərhələsini tədqiqat obyektinə çevirmək olduqca şərəfli və məsuliyyətli bir işdir. Alimin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, hər il şöbə əməkdaşlarının çoxlu sayda məqalə və kitabları Azərbaycan və dünya mətbuatının nüfuzlu dərgi və toplularında işıq üzü görür. İllərdir rəhbərlik etdiyi kollektivin dərin hörmətini qazanan Şirindil Alışanlı öz müsbət aurası ilə daim şöbədə səmimi və xoş ovqat yaradır, yüksək idarəçilik qabiliyyətinə malik bir şəxsiyyət kimi həmişə diqqəti cəlb edir. Şöbə əməkdaşlarının sevincinə şadlanan, qəminə üzülən Şirindil müəllim onlara mənəvi dəstək, arxa, dayaq olan mərhəmətli və xeyirxah bir insandır. Bu yerdə dahi Tolstoyun bir müdrik fikri yada düşür: "Bir kəs ki, ağrı hiss edir - canlıdır, o kəs ki, başqasının ağrısını hiss edir - o insandır".
Sözün həqiqi mənasında İnsanlığın zirvəsində dayanan Şirindil müəllim həm şəxsi keyfiyyətləri, həm də ictimai və ədəbi fəaliyyəti ilə o ucalığı fəth edə bilmişdir. Şirindil müəllimin xarakterindəki bu ülvi duyğuları hələ orta məktəbdə oxuyarkən sevimli sinif müəllimi Bibigül Almazova da müşahidə etmişdir. Mən də o xoşbəxt insanlardanam ki, bir zamanlar Şirindil müəllimin təhsil aldığı Yasamal rayonundakı 21 saylı orta məktəbdə illər sonra Azərbaycan dili və ədəbiyyat fənnini tədris etmişəm. Vaxtilə Şirindil müəllimə qələm tutmağı öyrədən Bibigül müəllimlə bir kollektivdə çalışmışam. Bu ağsaçlı, nurani qadın indi də Şirindil müəllimi ağıllı, dərslərini yaxşı oxuyan, nizam-intizamlı bir şagird kimi xatırlayır. Söhbət əsnasında bu gün tanınmış alim kimi şöhrət qazanan Şirindil Alışanlı da xəyalən qayğısız və xoşbəxt uşaqlıq illərinə qayıdır, ona və bütün uşaqlara ana nəvazişi göstərən, elmin enişli-yoxuşlu yollarında uğurlar arzulayan bu xeyirxah insana minnətdarlığını kövrək duyğularla yada salır.
Bütün varlığı ilə kollektivə və geniş mənada vətəninə, elinə bağlı olan alimin insanlığa böyük önəm verməsi, bu ülvi hiss və duyğuların bütün məqamlarda qorunmasına sadiqliyi, daim əhatəsində olan, ünsiyyət qurduğu, tanıdığı adamlara humanist münasibəti imkan verir deyək ki, "Hər qəlb öz içindəki çiçəyin qoxusunu yayar" (Əbdülqədir Gilani). Budur əsl alim ürəyi!
Şirindil Alışanlı öz məhsuldar yaradıcılığı ilə Azərbaycan elminə böyük töhfələr verir. O, hələ institutda yenicə fəaliyyətə başladığı dövrdə akademiyanın mötəbər və nüfuzlu alimləri ilə birgə "Ədəbi proses" silsilə məcmuələrinin əsas müəlliflərindən biri kimi böyük yaradıcı iş aparmışdır. Bu gün Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ənənə halını alan "Ədəbi proses" konfranslarının sistemli şəkildə keçirilməsi və ədəbi materialların dərc olunması məhz illər öncə yaradılan, əsası qoyulan bu özüllər üzərində qərarlaşıb. Ş.Alışanlının zəngin və çoxşaxəli yaradıcılığında ədəbiyyatımızın müxtəlif problemləri, dövrləşmə konsepsiyası, ədəbi cərəyanlar haqqında maraqlı fikir və mülahizələr, çağdaş ədəbiyyatın qayğı və problemləri, ədəbi-nəzəri və estetik prinsipləri geniş şəkildə əksini tapır. Alimin səmərəli axtarışları onun ədəbiyyatşünaslığın və ədəbi tənqidin müxtəlif problemlərini özündə ehtiva edən sanballı elmi araşdırmalarında, monoqrafiyalarında geniş şəkildə əksini tapmışdır. Şirindil Alışanlının uzunmüddətli axtarışlarının nəticəsi kimi ərsəyə gətirdiyi "Sözün estetik yaddaşı" (Bakı, "Elm", 1994), "Romantizm: mübahisələr, həqiqətlər (rus dilində) (Bakı, "Elm", 2000), "Ədəbi-bədii düşüncənin sərhədləri" (Bakı, "Sabah", 2010), "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı" (Bakı, "Elm", 2011), "Ədəbi-nəzəri fikrin tarixiliyi və müasirliyi (Bakı, "Elm", 2013), "Sözün yaşamaq haqqı" (Bakı, "Sabah", 2022) və başqa kitabları həm mövzu və problematika baxımından, həm də ədəbiyyatımızın ideoloji aspektdən, yeni meyarlar əsasında dəyərləndirilməsi baxımından olduqca gərəkli və aktual görünür. Müəllif hər bir əsər üzərində işləyərkən onun əsas spektrlərini dəqiq müəyyənləşdirir, oxucunun təhtəlşüurunda təlqin edəcəyi fikir və mülahizələr haqqında dolğun, dürüst və münbit zəmin hazırlayır, əsl həqiqəti faktlara söykənərək, dəqiq və sərrast mənbələr əsasında oxucuya çatdırır. Səmimi söylənilən ədəbi düşüncələrə öz oxucusunu inandıra bilir və fikir karvanının arxasınca aparmaq gücünü aşkara çıxarır. Bu isə alimin uğuru, sözə və sənətə yüksək dəyər verməsinin bariz nümunəsidir. "Sözə yaşamaq haqqı verən" alim üçün, doğrudan da, sözdən böyük, sözdən ulu, sözdən müqəddəs bir anlam yoxdur. İlahidən gələn haqq sədasından tutmuş, şair dilində, alim dilində, ziyalı dilində min bir fikrin yükünü çəkən, insanı göylərin əlçatmaz ənginliklərinə qədər ucaldan sözün ecazkar sehri, amiranə gücü bütövlükdə bəşəriyyətin özünüifadə forması kimi əbədidir. Nə xoş o kəslərin halına ki, sirli-sehrli dünyamızın hikmət xəzinəsindən inciləri, mirvariləri sapa düzə-düzə kainatın möcüzələrinə vaqif olur, onun müəmma dolu sirlərindən agah ola bilir və dərk etdiyi, anladığı hər bir məchul olanı məluma, həqiqətə çevirərək, cilalaya-cilalaya insana anlayacağı, duyacağı, sadə, aydın, rəvan və cəlbedici bir tərzdə çatdırmaq qüdrətinə malik olur. İnsan idrakı kainatı dərk etməyə başlayandan həmişə sözün siqləti, çəkisi, hökmü, cilvəsi və ecazkarlığı qəlbləri fəth etmiş, bəşər övladının hər mənada özünütəsdiqinə və daxili dünyasını dövrəsindəkilərə tanıtmaq vasitəsinə çevrilmişdir:
Bəyaz varaqlardır sözə xırmanım,
Qızıl buğdam olar söz axır mənim.
Bilmirəm qandırmı nəbzimdə vuran,
Yoxsa ürəyimdən söz axır mənim?!
Əsrlər, qərinələr keçsə də, Şirindil Alışanlının bəyaz vərəqlər üzərində səpdiyi toxumlar boy verəcək, cücərəcək, elm yolunu seçən gənclərimizin yoluna nur çiləyəcək. Onun elm kəhkəşanının zirvəsində saldığı körpülərin üzərindən yalnız dözüm və qətiyyət göstərənlər, bu çətin və şərəfli yolda hər cür çətinliyə sinə gərərək zəngin və tükənməz xəzinənin açarını əldə edənlər adlayıb keçə biləcəklər. Alim vaxtilə ustadlarından əxz etdiyi elmin sirlərini bu gün böyük məmnunluq hissilə ədəbi gəncliyə öyrədir. "Üzünü gəncliyə tut, səsin gələcəyə çatsın" - deyən unudulmaz alimimiz Xudu Məmmədov çox böyük uzaqgörənliklə xalqımızın taleyinin gələcəyimiz olan gənclərimizin əlində olması fikrini irəli sürür. Bu prinsipə sadiq qalan Şirindil Alışanlı elm yolunda kövrək addımlarını atan gənclərimizə həmişə diqqət və qayğı göstərir, onlara böyük ümidlər bəsləyir.
Qoy sənət yoluna varım ürəkdən,
Söz dilə könüldən, var um ürəkdən.
Mürəkkəb olmasa alnımın təri,
Varağa tökülməz varım ürəkdən.
Qəvvas kimi min bir əziyyətə qatlaşaraq dərin ümmanlardan dürrü, incini çıxaran alim bu gəlimli-gedimli dünyada, vardan-yoxa, yoxdan-vara hər şeyi özündə təcəlla edən sözün siqlətinə, zərifliyinə, gözəlliyinə, məna dərinliyinə varan mükəmməl elm sahibidir. Onun sözünün gücündə haqq-ədaləti cəsarətlə söyləmək qüdrətindən tutmuş, dərin fəlsəfi fikirlərə, məntiqə, elmi təfəkkürün gücünə söykənən dəyərli və sanballı kəşflərə, qəlblərə məlhəm olan yumşaq, həzin, kövrək duyğuların yaşantılarına kimi hər nəsnənin izharını görmək mümkündür.
"Söz biliyə, zəkaya əsaslanarsa, inci kimi hamı onu qulağına taxar" (Əhvədi). Mütəfəkkir şairin müdrik aforizmi ilə ömür yoluna işıq saçan Şirindil Alışanlı bir çox dəyərli alimlərimiz kimi bu müsbət tendensiyanı həyat və yaradıcılıq kredosuna çevirib.
Vüqarın "qəzəbli bir dağa" bənzər,
İlhamın mərcanlı bulağa bənzər.
Qəlbin bir səfalı yaylağa bənzər,
Alaçıq-alaçıq qurular sözün.
Hərdən sərt qayasan, hərdən də ipək,
Açıq xəzinədir sinəndə ürək.
Vətən bir çinardır, sətirlər tənək,
Vətənin boynuna sarılar sözün.
Şirindil Alışanlı zəngin mənəviyyatlı, təmiz əqidəli, təəssübkeşlik hissilə süslənmiş, sədaqətli, vəfalı, Azərbaycan kişilərinə məxsus müsbət keyfiyyətləri özündə cəmləşdirən bütöv xarakterə malik bənzərsiz şəxsiyyətdir. Ömrünün müdrikliyinə doğru yol gedən alimin daxili dünyasındakı bu saflıq, duruluq, xeyirxahlıq, alicənablıq, milli təəssübkeşlik kimi ülvi duyğuları formalaşdıran əsas faktor Şirindil müəllimin doğulub boya-başa çatdığı o müqəddəs məkan, ecazkar təbiət, diş göynədən bulaqları, başı lacivərd göylərə söykək olan məğrur dağları, yaşıl ormanları, igidlər, qəhrəmanlar oylağı, sözünün sahibi olan ağır ləngərli, ağzı xeyir-dualı ata-babalarımızın məskunlaşdığı Laçın adlı gözəlliklər diyarında dünyaya göz açması və sayılan-seçilən bir nəslə mənsub olmasıdır. Şirindil Alışanlının dünyaya gəlişini, ailəyə sevinc, fərəh gətirməsini təbiət vurğunu, gözəllik aşiqi, qəlbi vətən eşqi və yurd həsrətilə çırpınan, Azərbaycanın əzəmətli, vüqarlı və məğrur sənətkarı, şair qardaşı Hüseyn Kürdoğlu "Ayaq tutub, dil açdın uca dağlar başında, Pozulmaz izlərin var torpağında, daşında" - deyərək həzin və kövrək misralarda poetikləşdirib.
Şirindil Alışanlının böyük yaradıcılıq yolunda onun elmi rəhbərliyi ilə müdafiə olunan dissertasiyaların önəmli yeri vardır. Alimin aspirant və doktorantlarına qarşı tələbkarlığı, ədəbiyyatımızın müxtəlif dövrlərinə, ayrı-ayrı yazıçı və şairlərimizin yaradıcılıq yoluna, ədəbi fikir tarixinə gətirdiyi yeniliklər, onların ədəbiyyatımızdakı yeri və mövqeyi, bəzən ideoloji baxımdan mübahisəli görünən məqamlar haqqında maraqlı diskussiya və polemikaları, dəyərli məsləhətləri sonda orijinal, yüksək elmi və faktoloji mənbələrə əsaslanan sanballı əsərlərin Azərbaycan elmi dövriyyəsinə daxil olması ilə nəticələnir. Məhz Şirindil Alışanlının öz yetirmələri ilə ardıcıl və səmərəli fəaliyyəti sayəsində onlarca dissertasiya yüksək səviyyədə müdafiə olunmuş, bu prinsipial və önəmli məsələlər bu gün də uğurla davam etdirilir.
Şirindil Alışanlının ən böyük xidmətlərindən biri də onun rəhbərliyi və redaktəsi ilə çoxsaylı Azərbaycan oxucularının, ziyalılarımızın, tədqiqatçılarımızın və gənc nəslin faydalana biləcəyi mötəbər elmi və bədii mənbələri, qiymətli mətnləri, dəyərli sənət əsərlərini özündə ehtiva edən məcmuə və antologiyaların çap olunmasıdır. Bu baxımdan alimin rəhbərliyi ilə nəşr edilən "Azərbaycan ədəbiyyatının tarixi poetikası". I kitab. (Bakı, "Elm",1989), "Yaradıcılıq metodu məsələləri" (Bakı, "Elm", 1989), "Ədəbi-nəzəri fikir iki əsrin qovuşağında" (Bakı, "Elm", 2001), "Azərbaycan ədəbiyyatının tarixi poetikası". II kitab (şeir şəkillərinin təkamülü) (Bakı, "Elm", 2006), "XX əsr ədəbiyyatı məsələləri. I kitab. (Bakı, "Elm", 2006), "XX əsr ədəbiyyatı məsələləri". II kitab (Bakı, "Elm", 2008), "XX əsr ədəbiyyatı məsələləri". III kitab (Bakı, "Elm", 2010), "Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri-metodoloji məsələləri. (Bakı, "Elm", 2010), "XX əsr Azərbaycan şeiri antologiyası". I kitab. 1920-ci illərin poeziyası (Bakı, "Elm", 2009), "XX əsr Azərbaycan şeiri antologiyası". II kitab. 1930-cu illərin poeziyası (Bakı, "Elm", 2010), "XX əsr Azərbaycan şeiri antologiyası". III kitab. 1940-cı illərin poeziyası (Bakı, "Elm", 2011) kimi monumental əsərlərin nəşri çoxəsrlik Azərbaycan ədəbiyyatının salnaməsinə yazılan qızıl səhifələrdir. Bu kitabların sırasında Azərbaycan ədəbi tənqidinin poetikasını yaradan görkəmli filosof-alim, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin seçilmiş əsərlərinin V cildlik külliyyatının və Bertels məktəbinin layiqli davamçısı, böyük Nizamişünas alimimiz, klassik Azərbaycan şairi, dahi Nizami Gəncəvi yaradıcılığının əvəzsiz araşdırıcısı, professor Azadə Rüstəmovanın əsərlərinin yüksək səviyyədə çapa hazırlanması və nəşr olunması istiqamətində apardığı işlər Şirindil Alışanlının qədirşünaslığından xəbər verir. Bu xeyirxah missiyanı qəlbinin dərinliklərindən gələn böyük minnətdarlıq duyğusu ilə həyata keçirən alimun udulmaz sənətkarların yaratdığı fundamental ədəbi irsin qorunması və gələcək nəslə çatdırılması ilə Azərbaycan elmi və onun yaradıcılarının qarşısında öz ziyalılıq borcunu şərəflə yerinə yetirir.
Professor Şirindil Alışanlının tədqiqatlarında XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələri, onların ədəbiyyatımıza gətirdiyi yeniliklər, çağdaş şeirin problematikası, mövzu və ideya zənginliyi, janr rəngarəngliyi haqqında şəxsi qənaətləri, maraqlı fikir və mülahizələri, orijinal tapıntıları alimin həm də əsl söz sərrafı olduğunu göstərir, onu analitik təhlil və mühakiməyə məxsus obyektiv tədqiqatçı kimi xarakterizə edir. Gözünü dünyaya açandan ailədə Azərbaycan poeziyasının ağ saçlı qartalı Səməd Vurğuna, onun milli yaddaşa söykənən geniş və vüsətli yaradıcılığına böyük sevgi görüb. Xüsusilə, ruhuna və adına tapındığı, müqəddəs and yeri sandığı Hüseyn Kürdoğlunun timsalında rişələnən, boy verən Səməd Vurğun sevgisi onun qəlbində heykəlləşib, əbədiyyət qazanıb:
Sözün Qıratını min qəlbi dağdan,
Yaxşı söz qurtarar min qəlbi dağdan.
Vurğuna dağlarla yanaşı baxdım,
O qəlbi göründü min qəlbi dağdan.
Şirindil Alışanlı "Səməd Vurğun sənəti müasir ədəbi-ictimai reallıqlar kontekstində" adlı məqaləsində yazır: "28 yaşlı Səməd Vurğunun 1934-cü ildə yazdığı "Azərbaycan" şeiri milli istiqlalın yeni biçimdə poetik məramnaməsi, milli ideologiya kimi dövlət siyasətinə çevrilmiş azərbaycançılığın poetik bir məkan tutumundan milli ictimai, ədəbi-bədii şüura çevrilməsi idi. XX əsr boyu və indi də Səməd Vurğun poeziyası Azərbaycanın poetik rəmzidir. "Azərbaycan" şeiri əslində xalqın ruhunda əbədi kök salmış himndir. Səməd Vurğun azərbaycançılığın bayraqdarı olduğu kimi milli istiqlal hərəkatının beşiyi başında duran qüdrətli sənətkardır".
Şirindil Alışanlının bir alim, naşir, redaktor kimi yetişməsində onun keçdiyi şərəfli ömür yolunun əsas dönəmlərinə diqqət yetirmək kifayətdir. Alimin 1990-cı illərdən indiyədək "Sabah" nəşriyyatındakı direktorluq fəaliyyəti, 1993-1998-ci illərdə "Elm" qəzetinin baş redaktoru, 1997-2013-cü illərdə isə "Elm" Redaksiya, Nəşriyyat-Poliqrafiya Mərkəzinin direktoru vəzifələrində çalışması onun peşəkar bir redaktor, işinin ustası olan naşir və kitabşünas alim kimi formalaşmasında müstəsna rol oynayıb. Bu illərdə onun redaktorluğu və rəhbərliyi ilə nəşr edilən çoxsaylı elmi və bədii əsərlər Azərbaycan oxucusuna ən qiymətli töhfədir.
Yetmişdən yüzə sarı yolların hamar olsun,
Bar versin diləklərin, Tanrı sənə yar olsun.
Yüz il sonra saçların mənimkitək qar olsun.
O gün nura qərq olar əbədiyyət mənzilim,
Ay istəkli qardaşım, əzizim, Şirindilim!
Şirindil Alışanlının zəngin mənəviyyatı, yüksək insani keyfiyyətləri, milli dəyərləri özündə təmərküzləşdirən xarakteri bəşəriyyətə, saysız-hesabsız elmi məqalələri, fundamental araşdırmaları, sanballı tədqiqatları isə Azərbaycan ədəbiyyatşünaslığına və ədəbi tənqidimizə əvəzsiz töhfədir.
Qeyd: Məqalədə Hüseyn Kürdoğlunun poeziya nümunələrindən istifadə olunmuşdur.
Elmira Babayeva,
Filologiya üzrə fəlsəfə doktoru
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!