Kənan HACI
"Məndən başlanır Vətən"... Tanışlığımız bu kitabla başladı. Əgər buna tanışlıq demək olarsa... 1988-ci ildə "Yazıçı" nəşriyyatında çap olunmuş bu kitabda on üç yaşlı bir uşağı cəlb edən nə olmuşdu? O kitabı kitab mağazasından alıb evə gətirəndə həmin uşağı hansı instinktlər idarə edirmiş görən? O uşaq kitabdakı hansı duyğunun, hansı hissin izinə düşmüşdü? Bu müşkül suallara indinin özündə də cavab tapa bilmirəm... Amma orası dəqiqdir ki, o kitab həmin uşağın içində bir burulğan yaratdı. O kitabın içindəki şeirlərin dəli-dolu havası o uşağın sakit dünyasına bir təlatüm gətirdi.
O kitabdakı şeirlərin yazılma tarixçələri mənə qəribə görünmüşdü. Hər şeirin sonunda il, ay, gün və bir də "Türkan" sözü yazılmışdı. Təbii, bu şeirlər şairin Türkandakı bağında yazılmışdı, amma məsələ burasındaydı ki, o dövrdə bu kəndin adındakı Türk sözünü dilə gətirmək yasaq idi. Şair isə inadla hər şeirin sonuna "Türkan" sözünü yazırdı və içindəki böyük türkçülük sevdasını həm də məhz bu yolla ifadə edirdi. Hətta bu haqda belə bir şeiri də var:
Qardaşım oğlu - Türkel,
Doğma kəndim də - Türkan.
Şeirimdə görsən, dərhal pozub qaralayırsan.
Ya Mərdəkan yazırsan,
Ya Şüvəlan yazırsan,
Təki Türkan olmasın.
Dodaqaltı mırtdanıb, söylənib xısın-xısın
Bəzən aşkar deyirsən:
- Qardaş, "Türkan" olmasın.
Bu kitabın çapından az sonra hər şey dəyişdi və illər boyu xalqın altşüurunda sıxılıb qalmış azadlıq, müstəqillik ideyaları məmləkətin hər bucağına yayılmağa başladı. O ideyanı toxum kimi şüurlara səpən şairlərdən biri də elə bu şeirlərin müəllifi idi - Xəlil Rza Ulutürk.
Bir dəfə də evdən mənə verilən pulları yığıb kənddəki kitab mağazasından Xəlil Rzanın "Ayla Günəş arasında" kitabını almışdım. Neft Daşlarında işləyəndə ordakı kitab mağazasına da tez-tez baş çəkirdim. Bir gün Xəlil Rzanın "Uzun sürən gənclik" kitabı gözümə dəydi. Dənizdəki on beş günlük iş növbəsində o kitab əlimdən düşmədi. İş yoldaşlarımı da kitaba yoluxdurmuşdum, iş növbəsindən qayıdanlar növbə ilə bu kitabı oxuyurdular.
Böyük bir imperiyaya qarşı meydanlara axışan xalqın dilində ən çox səslənən məhz onun vulkan kimi püskürən şeirləri idi. Tribunada xalqın sözünü deyən ziyalıların ön cərgəsində idi. İstiqlal hərəkatımızın ideoloqlarından birinə çevrilmişdi. Onun gur səsi Kremlə də gedib çatmışdı və dünyanın altıda bir hissəsinə hökmranlıq edən sovet imperiyası o qədər zəifləmişdi ki, bir şairin şeirləri önündə aciz qalmışdı və onu real təhlükə kimi görürdülər. Buna görə də 1990-cı ilin Qanlı Yanvar faciəsindən cəmi bir həftə sonra sovet DTK-sı onu həbs etdi. Şair doqquz ay Lefortovo zindanında yatdı, sınmadı, əyilmədi və ordan "Davam edir 37" kitabıyla çıxdı. Milyonlarla insanın əlində bayrağa çevrilən bu kitab Azadlıq hərəkatının manifestinə çevrildi. Onun şeirləriylə silahlanmış xalqın əzmi, iradəsi qarşısında heç bir qüvvə dayana bilməzdi. "Silahlan" şeiri bir ordunu döyüşə aparmaq gücündə idi. Xəlil Rza sanki xalqın yetmiş il ərzində boğulmuş enerjisi idi, qəfildən püskürdü və bütün bəndləri vurub dağıtdı.
Bilirəm, düşmənlərin bərk durub keşiyində,
Alınmışdır əlindən hətta ov tüfəngin də.
Nə qəm, kinlə silahlan!
Topdan, tüfəngdən üstün,
Tankdan, raketdən güclü
qeyrətinlə silahlan!
...Çəkinmə, bu döyüşdə aləm sənə pənahdır,
Sənin gül təmizliyin, saflığın da silahdır.
Qanında saflıq adlı daşqın ilə silahlan,
Dünyaya məhəbbətin, eşqin ilə silahlan!
Vurçatlasın içində, elə bilmə ki, təksən,
Yer də, göy də sənindir, sən qalib gələcəksən!
Bu şeirlər tam zamanında yazıldı, zamanın ruhundan doğuldu. Xəlil Rzanın poeziyası yeni düşüncəyə yol açdı. Bütün mənalarda! Bəxtiyar Vahabzadənin "Gülüstan"ı, Rəsul Rzanın "Qızılgül olmayaydı"sı, Sabir Rüstəmxanlının "Ömür kitabı", Məmməd Arazın şeirləri milli şüurun formalaşmasında önəmli rol oynadı. Xəlil Rza isə şeirin sakit səmasında qəfil bir şimşək kimi çaxdı, azad düşüncəni buxovlayan çərçivələri dağıtdı, üsyankar poeziyası ilə milli hissləri daha da körüklədi. Müstəqillik qazanmasaydıq, təbii ki, dünya poeziyasının əsintiləri bizim sərhədlərimizə gəlib çatmayacaqdı. 90-cı illərdə şeirə gələn gənc nəsil özüylə yeni təfəkkür tərzi gətirdi. Bu gənc nəsil şeirimizə məhz azadlıq, istiqlal dalğasında gəlib çıxmışdı. Onlardan əvvəl Xəlil Rza Ulutürk, Məmməd Araz, Bəxtiyar Vahabzadə ideoloji cəbhədə əsarətə qarşı savaşmışdılar, yeni yol məhz onlar açmışdılar. Bu yol ədəbi gəncliyin şüurunda, ədəbi təfəkküründə intibalar yaratmışdı.
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,
İstəyirəm
Səma kimi,
Günəş kimi,
Cahan kimi!
Çəkil, çəkil, ey qəsbkar,
mən bu yurdun gur səsiyəm!
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm!
Bu şeir Xəlil Rzanın Vətən aşiqliyinin zirvəsidir. O, Azərbaycanın Şandor Petefisi, Musa Cəlili idi. Onların öz xalqlarının taleyində oynadığı rolu Xəlil Rza öz məmləkətində davam etdirdi. O həm də dilimizin yad sözlərdən təmizlənməsi üçün söz çəmənzarında cəfakeş bağbanlıq elədi. Onu tanıyanlar bilir, şair nitqində rus kəlmələri işlədənlərə qarşı olduqca amansız idi. Yabançı sözlərin qarşılığını tapıb işlədirdi və hamını da məcbur edirdi ki, məhz bu sözlərdən istifadə etsinlər. Xəlil Rza ana dilin namusunu qoruyan şairlərdən idi. O, çox gözəl bilirdi ki, dil təfəkkürü həm idarə, həm də ifadə edir. Mənəvi mədəniyyət, milli yaddaş məhz dil vasitəsilə maddiləşir. Ədəbi, mədəni inkişafında guşə daşında da məhz dilə münasibət dayanır. Əsarət zamanında dil mənəvi sərvətlərə varislik funksiyasını da itirir. Dil o sərvətləri keçmişdən gələcəyə ötürən bir körpüdür və Xəlil Rza kimi şairlər bu körpünün sütunlarıdır.
Şairlik onun stixiyası idi, həyat tərzi idi. Mərhum ədəbiyyatşünas alimimiz Yaşar Qarayev Xəlil Rza haqqında belə deyirdi: "Xəlil Rza mədəsindən dırnağına qədər, hüceyrəsindən telinə qədər şairdir".
O, şairliyini Ziya Göyalpın, Əli bəy Hüseynzadənin bizə əmanət etdiyi türkçülük, Turançılıq ideyalarının xalqın şüurunda yenidən ehyasına sərf etdi. Bu mənada Xəlil Rza həm də böyük bir ideoloq idi. Onun otuz ildən artıq müddətdə yazdığı gündəliklər özündə bütöv bir epoxanın ədəbi, kulturoloji, ideoloji üfüqlərini gözlərimiz önünə sərir. Bu gündəliklərdə şairin öz zəmanəsinə, müasirlərinə, ədəbi prosesə münasibətini, mübarizəsini görürük. Xəlil Rza otuz il boyunca hər gününü gündəliklərində əbədiləşdirib. Şairin vəfalı ömür-gün yoldaşı Firəngiz xanım onun zəngin irsini sistemli şəkildə araşdırıb və vəfatından sonra poeziyasını, gündəliklərini, tərcümələrini, elmi əsərlərini ayrı-ayrılıqda kitab kimi nəşr etdirib.
Bu günlərdə Nizami Gəncəvinin "Yeddi gözəl" əsərini Xəlil Rza Ulutürkün tərcüməsində yenidən oxudum. Şair hər iki dili (Azərbaycan və fars) dərindən bildiyi üçün istedadını səfərbər edərək poemanı dilimizə bir köynək də yaxınlaşdırıb. Əsər tərcümə sənətimizin bitkin örnəklərindən biridir.
Bizim üçün zəngin bir xəzinə qoymuş, ömrünü və övladını Vətənə fəda etmiş şair artıq tarixin bir parçasına çevrilib. Biz o xoşbəxt nəsilik ki, istiqlalımız üçün döyüşmüş bu böyük insanları həyatda görmüşük, onların istiqlal savaşına şahidlik etmişik və taleyimizdən belə insanlar keçib. Nə yaxşı ki, Vətənin taleyində Xəlil Rza Ulutürk imzası var!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!