Ülvi BABASOY
Artıq, demək olar ki, hər gün hər hansı rəqəmsal xidmətlər, abunəliklər və elektron poçta giriş anlarında qarşımıza belə bir bildiriş çıxır: "Abunəliyinizi təsdiqləməzdən əvvəl insan olduğunuzu (da) təsdiqləyin". Bir növ, sübut edin, təsdiqləyin ki, insansınız! Bəli, robot deyil, insan olduğumuzu sübut etməyimiz lazım gəlir. Rozi Braydotti "Posthumanizm" kitabında sual verir: "Bu gün kim, yaxud da nə insandır? 140 ildir ki, Hüseyn Cavid humansentrik lirikası və dramaturgiyasında gözəllik və eşq axtarışındadır. Cavidin humansentrik evrənində antihumanist, hətta posthumanist dinamikanın sayrışmaları var. Təxminən eyni illərdə Kafka prefaşist çağın carçısı kimi çıxış edirdi. "Metamorfoz", "Məhkəmə" və "Qəsr" romanlarında posthumanist çağın ədəbi reallığını yaradırdı. Franz Kafkanın ədəbi, Rozi Braydottinin fəlsəfi, elmi-intellektual proqnozlarında Yer kürəsinin "insan olan və olmayan sakinləri" Dördüncü sənaye inqilabı və Altıncı yox olma prosesi arasında qalmışdır, qalmaqdadır. Caviddə nəfəslik bir qədər genişlənir.
"Ağla sığmayan (reallığa bənzəməyən) estetikanın sərhədini Kafka keçdi. Kafkadan sonra bu sərhəd polissiz və gömrüksüz qaldı, sərhədlər əbədi olaraq açıldı. Bu, roman tarixində əlamətdar hadisə idi. Mövzunun səhv başa düşülməməsi üçün mən bu ədəbi inqilabın banisinin XIX əsr alman romantiklərinin deyil, Kafkanın olduğunu düşünürəm. Onların obrazlı fantastikalarının mənası başqaydı. Yəni real həyatdan uzaqlaşmışdı, başqa bir dünya axtarışındaydı". Hüseyn Cavid də klassik və neoklassik sərhədləri keçmişdir. Romantik tragediyanın gömrüyünü isə neoromantik, neorealist və modernist dramaturq, şair kimi ləğv etmişdir.
Cavidin tematik polifonizmi yalnız metafiziki məzmunda deyil, həm də fiziki formatdadır. İfadə estetikası struktur gözəlliyini tamamlayır. Formanın heca və əruzun sərhədlərini aşması və ya onların xaricində yeni struktur estetikası yaratması Cavidin empirik, praktiki ifadə və söyləmlərinin çoxsəsli və çoxqatlı cəhətlərini gəlişdirir. Çünki klassik gələnəyə bağlı olan ədəbiyyat evrənimiz empirik cəhətdən yeni deyildi. Daha çox özünü təkrarlayırdı. Romantik Cavid pozitivist və empirik şairdir. Axı Cavidin metaforları beş duyğu üzvünə və yaradılan dünyanı fiziki olaraq da hiss etdirməyə, toxundurmağa adekvatdır. Özü də maddi dünyadan, təbiətdən və naturadan daha effektiv, təsirli və empirik şəkildə baş verir bu proses. Misal üçün, yaşadığımız mühit və dünyada olan obyektləri həmişə beş duyğu üzvümüzlə empirik şəkildə duymaq və hiss etmək mümkün deyil. Forması, dadı, qoxusu göz oxşayan bir portağal ilə empirik olaraq əlaqə yaradaq. Dad bilməklə portağalın dadını, qoxu alma duyğumuzla ətrini, görməyimizlə rəngini, toxunmağımızla səthini empirik formatda yaşayarıq. Amma portağalın səsi yoxdur. Deməli, eşitmək kimi gözəl bir duyumdan məhrum qala bilərik. Yaxud da Ay kimi nazlı bir göy cisminin işığını görürük və elə duyuruq. Ayın dadı, qoxusu, səsi yoxdur. Toxuna da bilmirik. Məhz bu an şair və onun metaforları prosesə birbaşa daxil olurlar. Cavidin metaforları da belədir. Cavidin poeziyasında da, dramaturgiyasında da portağalın səsini eşidirik, Ayın səthinə toxunuruq. Xumarla Sənanın meracı bütün ənənəvi dini motivləri, teoloji kanonları dağıdır. Onlar ayların, ulduzların, hətta səmanın sakininə çevrilirlər. Yerə enməyən şair - Cavidlə eyni mərtəbə və məkanı, səmanı bölüşürlər. Necə ki, Kafka Qreqor Zamzanın qəribə yuxularından ayılarkən böcəyə çevrilməyini yabanı, quru, mexaniki bir dillə söyləyir və biz də buna inanırıq. Cavid də Sənan və Xumarın metafizikaya keçidini bir o qədər zəngin söz dağarcığı və dillə ifadə edir. Kafka statik, Cavid dinamik bədii struktur yaradır. Əsas odur ki, həmin reallığa oxucunu inandırırlar.
Cavidin "Xəyyam" faciəsində Günəş metaforu Xəyyamla bağlı fiziki və metafiziki dəyərləri ifadə edir. Günəş həyatın simvoludur. Xəyyam da var olmağın simvolu olan Günəşi həm metaforik, həm də metanomik kontekstdə hərəkətə gətirir. Həyat hərəkət və fəaliyyət kimi metanomikdir. Ardıcıl baş verir bütün hadisələr. Günəş kimi parlaq insan olması isə paraleldir. Metaforlar da paralel bənzətmələrdə üzə aydınlaşır. Cavid demək istəyir ki, gözünü yuman özü üçün zülmət qaranlıq yaradar. Günəş isə öz gözəlliyi, işığı və istiliyindən heç nə itirməz. Bu fikirlər Cavidin özünə də aiddir. "Xəyyam" əsərinə ən yaxın olan mətn "Şeyx Sənan" faciəsidir. Cavid hələ bir əsr əvvəl humanist dəyərlərin necə və nə şəkildə yox olmağa üz tutmasından söhbət açır. Xəyyamın Sevdaya, Sənanın Xumara olan eşqi təkcə metafiziki deyil, həm də fiziki qatda özünü sevmək və kəşf etməkdir. Özünü sevən, eşqi və gözəlliyi duyan, görən fərdin sərhədləri keçməsi onun romantik faciəsinə çevrilir. Cavid özündən əvvəlki klassik mətnlərdəki eşqdən fərqlənir. Bütün dinlərin zirvəsinə qalxan yaşamaq sənətini (və sevgi dinini) posthumanist dinamika və elementlərlə paradoksallaşdırır. Çünki həyat və ədəbiyyatın sərhədləri itir. Fizika və metafizika iç-içə keçir. "İblis", "Şeyx Sənan" və "Xəyyam" trilogiyası Azərbaycan ədəbiyyatında posthumanist dinamikanı başladır. Sənan və Xəyyama qarşı çıxan mühit və İblisin içinin çölə, çölünün içə çevrilməsi posthumanist eranı başladan Kafkanın "Metamorfoz"undan bədii stilistika cəhətdən fərqlənir.
Kəskin iqlim dəyişikliyi, yüksək texnologiya və hipersənaye inqilabları insana bu sualları verir: Mən necə bir varlığam? Funksiya və fiqurasiyam nələrdir? Robotam? Yaşaya biləcəm? Bunun üçün pulum bəs edəcək? Hüseyn Cavid isə portağalın səsinə, Ayın səthinə və Günəşin işığı və enerjisinə çatacaq posthumanist bir model təklif edir. İnsan bərabərdir Tanrı konfiqurasiyasıdır, bu. Cavid yaşamaq üçün əlverişli indiki zaman və ümidverici gələcəklər göstərir. "İblis", "Şeyx Sənan" və "Xəyyam" trilogiyasını "Peyğəmbər" tamamlayır. Bütün teoloji doqmaları dəyişir. "İblis" və "Peyğəmbər" Joze Sramaqonun "İsanın İncili" və "Qabil" romanları qədər effektlidir. Xurafatla qidalanan dini sektaların "saf" inanclar və inananlardan əldə etdikləri fiziki və mənəvi gəlirləri sıfırlayır. Yepyeni və ağappaq yaşam formulu və din təqdim edir. Rəqəmsal, fiziki və bioloji böhran və kirlənmədən təngə gələn insan Altıncı yox olmadan xilas olma yollarını göstərən estetikanın peyğəmbərinə - Cavid Əfəndiyə üz tuta bilər.
Amin Maaluf "Səmərqənd" romanında "Titanik" gəmisinin batmasını da təsvi edir və qeyd edir ki, gəmidəki ən məşhur qurban bir kitab - Ömər Xəyyamın "Rübailər" toplusu idi. Maaluf Xəyyamın rübailərini 1514 insan canından daha qiymətli görür? Təbii ki, həyatı daha da gözəlləşdirən heç bir sənət əsəri insan həyatından dəyərli deyil, lakin bütün həyatlar qədər özəldir, batmayan Günəş kimidir. Cavid Əfəndinin "Xəyyam" pyesində son misra onun özünü də ifadə edir: "Fərqi yok, batsa da, Günəş".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!