"Bəs bu filmləri kimə göstərək?" - Pərviz Həsənov - Müsahibə

Qan Turalının rejissor Pərviz Həsənovla söhbəti

Pərviz Həsənov yeni nəsil rejissorları arasında ən məşhur simalardan biridir. On iki filmdə ikinci rejissor kimi çalışan Pərviz Həsənov bir neçə filmin də quruluşu rejissorudur.  Bu günlərdə nümayişə çıxan "İkinci pərdə" filminin ssenari müəlliflərindən biri və ikinci rejissoru da Pərviz Həsənovdur. Onun quruluş verdiyi "Qulyabani" filmi isə gələn ilin əvvəllərindən nümayiş olunacaq.

-Pərviz bəy, ikinci rejissorun funksiyası nədir?

-Bu termin bir bizdə, bir də Rusiyada qalıb. Dünyada isə buna "first ade" deyilir. İngiliscədən tərcümədə "rejissorun birinci assistenti" mənasını verir. Bir də bir qeyri-rəsmi olaraq "qərargah rəisi" deyirlər bizdə. Türklər yardımcı yönətmən.

-Sovet vaxtı belə deyildi. Onda "quruluşçu rejissor", yaxud "rejissor" terminləri işlədilirdi.

-Yox, düz deyirsiz, titrlərdə yazılmırdı, amma "ikinci rejissor" onda da vardı. O zaman birinci dərəcəli rejissor köməkçisi olmaq çətin idi, kateqoriyalar verilirdi. Əvvəlcə ikinci dərəcəli rejissor köməkçisi, sonra birinci dərəcəli rejissor köməkçisi, daha sonra üçüncü dərəcəli assistent və nəhayət, aktyorlar üzrə assistent olurdular. Yəni ikinci assistent. Yəni mən belə eşitmişəm köhnələrdən.

-Konkret indi bizdə sistem necədir?

-Bizdə ümumilikdə sovetlərdəki kimidi.  İkinci rejissor, iki assistent, bir rejissor köməkçisi.

-Bu il ilk dəfə müstəqil olaraq tammetrajlı filminizi də çəkdiniz.

-Hə, bu il çəkdik. İnşallah, gələn il yayımlanacaq. Öncədən iki filmim var idi. Milli qəhrəman Zabit Quliyev haqqında "Ovçu" adlı filmim Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaş" sənədli filmlər studiyasında çəkilmişdi. O həm də sağ qalan milli qəhrəman haqqında çəkilən ilk film idi. Sonra isə Eldar Quliyevin rəhbərlik etdiyi "Debüt" studiyasında onun bədii rəhbərliyi ilə Əjdər Olun hekayələri əsasında "Ayaqqabı əməliyyatı" filmini çəkdik.

-Bu yaxınlarda rejissor Cavid Təvəkkül sosial şəbəkədə belə bir status yazmışdı ki, rejissor işləmək üçün adamlara lisenziya verilməlidir. Sən də İncəsənət Universitetini bitirmisən, sonra assistentlikdən başlayıb 20-dən çox filmdə çalışmısan. Təcrübə əldə edə-edə bu yerə gəlib çıxmısan. İlk tammetrajlı filmini otuz üç yaşında çəkmisən. Qısametrajlar isə nisbətən daha əvvəlki dövrün məhsullarıdır. Səncə, məsələ necə olmalıdır?

-Götürək, Kventin Tarantinonu. Nədir təhsili? Heç nə. Ali təhsili belə yoxdur, amma məsələ bundan ibarətdir ki, adam öz üzərində işləyib. Sovet dövründə hər hansı bir filmə baxmaq üçün prokatlara üz tuturdular. Türk filmlərinin orijinalını tapmadığımız üçün ruscasını alıb baxdığımız olub. Yəni biz bunu eləmişik. O ki, qaldı, Amerika kimi bir ölkədə bu imkanlar zamanında daha geniş olub. Və Tarantino da bundan yararlanıb, zəhmət çəkib, öyrənib. İndi isə əlimizin altında internet var, istədiyimiz filmi tapmaq daha asandır. Akademik təhsil önəmlidir əslində, amma hər şeydən önəmlisi rejissor olmaq istəyirsənsə zəhmət çəkməlisən. Heç kim birdən-birə gəlib film çəkmir. Bu, bir az nağıldı. Lisenziya söhbətinə gələndə isə... Kim verəcək o lisenziyanı? Nəyə əsasən verəcək?

İncəsənət Universitetini il ərzində minə yaxın adam bitirir. İndi gəl baxaq, bunlardan neçəsi sənətin arxasınca gedir? Qalmaq istəmək başqadır, qala bilməmək başqadır. İşin iqtisadi tərəfi də var. Sənət ülviliyi işin fəlsəfəsidir, reallıq başqadır. Bizimlə oxuyan uşaqlar var idi, başqa sahəyə üz tutdular. Qınamaq olmur. Əgər adam ən elementar məişət tələbatlarını ödəyə bilmirsə, "mən sənət qurtarmışam" - deyib acqarına film çəkəsi deyil ki? Olmur. Başqa bir şey də var ki, uşaqlar qabaqcadan yönləndirilməlidir. "Mənim uşağım incəsənətə getməlidir" - deyən insanlardan soruşmaq istəyirəm ki, niyə, nə vacibdir? Bir maraqlan, gör nədir, nə deyil? 

-Məncə, uşaq vaxtı musiqi məktəbinə gedənləri çıxsaq, incəsənətə axın azdır.

-Ümumiyyətlə, musiqiyə maraq bizim qanımızda var. On ailədən səkkizinin evində piano, rəsm əsəri var. İncəsənətə meyilli millətik. Amma başqa ölkələrdə bu cür nüanslara az rast gəlirik.

-Qabaqlar ölkədə insanlar ya yazıçı olmaq istəyirdi, ya da şair. İndi isə fikir verirəm, kinoya meyil daha çox artıb. Bu, bir az kino sahəsinin inkişafı ilə bağlıdırsa, bir az da internetin inkişafı ilə bağlıdır. Deyək ki, bir gənc çox maraqlıdır, bütün gün filmlərə baxır, Tarkovskidən girib Fellinidən çıxır, olur film dəlisi. Və bir gün qərar verir ki, mən rejissor olacam. Necə düşünürsən, bu gənc necə rejissor ola bilər? Təbii, filmə baxmaq işin əsas hissəsidir, amma məsələ onunla da bitmir.

-Birinci növbədə mütaliə olmalıdır. Hara getsən, istənilən peşənin əsasında bir nəzəriyyə durur. Daha sonra bu mütaliə əsasında filmlərə baxmalıdır. İndiki dövrdə isə bu çox rahatdır. Yuxarıda da dediyimiz kimi, internet dövründə yaşayırıq. Evimizdə internet adlı reallıq var. İstənilən şəxs hər hansı bir rejissorun filmini "youtube", "google" və ya başqa saytlar üzərindən tapıb izləyə bilər. Sonra isə gəlir təcrübə. Təcrübənin də yaxşı və pis tərəfləri var. Pis tərəfi odur ki, çalışdığın rejissorlardan - bəyəndin-bəyənmədin - bəhrələnirsən, çünki yeddi-səkkiz ay, yaxud bir il sən onu görürsən və istər-istəməz müəyyən şeyləri əxz edirsən. Xüsusən də gənc yaşlarda. Belə məqamlarda isə köməyə izlədiyi filmlər, oxuduğu kitablar çatacaq. Mütaliə bir növ filtr rolunu oynayır.

-Artıq mütaliə etmiş, filmə baxmış, təcrübə keçmiş biri haradan başlamalıdır?

-Vərdiş halına gələnə kimi kiçik çəkilişlər aparmalıdır. Yazıda necədir? Bir ay yazmasan, yadırğayırsan. Yox, beynində hər şey var, amma oturub onu kağıza köçürmək çətin gəlir. Film çəkmək də eynidir. Çəkdiyin şey film olmasa belə çəkməlisən. Texniki cəhətdən bu indi daha rahatdı. Sadəcə, özümüz bir az tənbəlik.

İndi problem budur ki, əlimdə məhsulum var, amma bazarım yoxdur. Bir yerə təqdim edirsən, o biri "ağız əyir"... Qardaş, zatən bu ölkədə nə qədər kinoteatr var ki? Regiona çıxa bilmirsən, çıxsan belə, iki-üç manata satdığın bilet sənə nə qazandıracaq? Bir də Azərbaycanda, yəni Bakıda maksimum 200.000 tamaşaçı var. Bir də bildiyimə görə, "CinemaPlus" seans qiymətlərini qaldırıb. Axşam seansları 9 manat olub. Bunun da ilk təsiri Zaur Mirzəzadənin "Təhmin və Zaur" filminə oldu. Halbuki yaxşı da filmdi.

Bayaq sadaladığımız nüanslardan biri. Misalçün, mən "Təhmin və Zaur"a baxmaq istəyirəm. Özüm də Park bulvardayam. Amma Park bulvarda yayım yoxdu. Hansı izləyici olduğu alış-veriş mərkəzindən başqa yerə gedər filmə baxmağa? Və nəzərə alsaq ki, zalların demək olar ki hamısı AVM-lərdədi. Yəni bu problem hansı məntiqə əsaslanır, bilmirəm. Bunu bəlkə də o vaxt eləmək olar ki, ölkədə çoxlu kinoteatr ola...

-Əslinə qalsa, əyalətdə də yoxdur axı kinoteatr. Bir dənə Masallı və Gəncədə var, vəssalam.

-Sən deyən məsələyə gəlirəm. O dediklərim də ölkənin böyük şəhərləridir. Masallının əhalisi azdır. Gəncənin isə yarım milyona yaxın əhalisi var. Halbuki bu, bütün rayon və şəhərləri əhatə etməlidir.

-Yeri gəldi, deyim, Əli Bayramlıda (indiki Şirvan) bir kinoteatr var  idi. Mən uşaq vaxtı bütün kinolara orada baxmışam.

-Məsələ ondan ibarətdir ki, əslində, gedib baxsan, bütün rayonlarda mədəni mərkəzlər var, mədəniyyət şöbələri var. Mən inanmıram ki, onlar məsələ qaldırmırlar.   

-Nazirlik də bu işlə məşğuldur. Bu ay əlli min adama film göstərdilər.

-Çox gözəl. Azərbaycandan ən aşağı büdcəylə film çəksən, 80-90 min sənin xərcin çıxacaq. Bu büdcəylə drama filmi çəkib uğur əldə etmək nisbi söhbətdir. Söhbət gedir komediyadan. Niyə komediya? Çünki insanları zala çəkib gətirən komediya janrıdır. Bu reallıqdır. Amma dünyanın ən çətin film janrıdır.

-Məşhur bir filmdən nümunə deyim, Bernardo Bertaluccinin "Parisdə son tanqo" filmi bir milyon dollara çəkilib, yüz milyon dollar gəlir gətirib. Dünyada da birə yüz gəlir gətirən başqa heç bir sənaye yoxdur.

- Bir nümunə də mən deyim, "Arşın mal alan". Afrikaya qədər gedib çıxıb. Səhv eləmirəmsə, zamanının pulu ilə iki milyon qazandırıb. Bu özü böyük bir məbləğdir.  Bu gün də həmin şəraiti yaratmaq olar. Amma vergi və yayım məsələlərinə yenidən baxılsın.

-Bir az müasir dünya kinosundan danışaq. Təbii ki, dünya kinosunu izləyirsən. Ən sevdiyin rejissor kimdir?

-Müasirlərdən Vudi Allen, Kim Ki Duk. İlk filmi "Timsah"ı çox gec yaşda çəkib, amma çox sevdiyim rejissordur. Daha sonra nisbətən yaşlı nəslin nümayəndəsi serb rejissoru Emir Kustiritsanı bəyənirəm.

-Hansı filmlərini sevirsən Kim Ki Dukun?

-"Boş ev", "Yaz, yay, payız, qış... və yaz", "Ox" və digər filmlərinə baxmışam. "Boş ev"i Kim Ki Dukun şedevri hesab edirəm.  Son filmi mənə niyəsə Heminqueyi xatırlatdı. "Qoca və Dəniz" i.

-Bəs Emir Kustiritsada xoşuna gələn nədir?

-Onun yanaşması xoşuma gəlir. Ən faciəvi filmində belə ironik məqamlar var. Kustiritsanın filmlərinə baxanda bir daha görürsən ki, kinonun dili yoxdur. "Atam ezamiyyətdə" filmini lap çox bəyənirəm.

-Vudi Allen?

-Ağsaqqal hər dəfə sübut edir ki, qocalmayıb. "Parisdə gecə yarı" buna ən gözəl sübutdu.

-Bəs dünya kinosundan ustad olaraq kimi qəbul edirsən?

-Ustad olaraq deyə bilmərəm, amma Miloş Forman, Teo Angelepolos, Bernardo Bertaluççini, Mikelancelo Antonionini çox sevirəm... Məqamı gəldi, Antonioni ilə bağlı bir maraqlı detal var, onu da deyim. Deməli, o, Ermənistanda Antonioni adına keçirilən ikigünlük film festivalından sonra Bakıya gəlib. Təxminən iki həftə burada olub.

-Cəmil Əlibəyovun vaxtında kinostudiyaya gəlib. Fakt kimi bunu da deyim, Aydın Kazımzadənin Cəmil Əlibəyovla müsahibələr kitabı var. Cəmil müəllim Antonioninin səfərindən danışır. Deyir, Antonioni gəldi, dedik ki, nə istəyirsən göstərək sənə? Maraqlıdır, o qayıdıb ki, məni köhnə qəbiristanlıqlara aparın. Onu şəhər-şəhər, rayon-rayon qəbiristanlıqlarda gəzdiriblər.

-Qubada, Pirallahıda da olublar.

-Kino incəsənətin ən gənc növüdür. 1895-ci ildə yaranıb və incəsənətin yeganə növüdür ki, yarandığı il dəqiq bilinir. Amma mənə elə gəlir, iyirminci əsrdə bütün dünyada incəsənətin əsas iki sahəsi insanların beyninə daha çox nüfuz edə bilib: ədəbiyyat və kino. Və bir çox hallarda da kinonun ədəbiyyata baxanda daha güclü təsir mexanizmi var.

- Kino yeddinci sənət növüdür. Çünki kinonun içində hər şey var, ədəbiyyat da var, musiqi də var, rəssamlıq da var. Ən əsası da ədəbiyyat və rəssamlıq. Mən çox istəyirəm, zaman-zaman ədəbiyyatımıza nəzər salaq və oradan müəyyən şeylər kinomuza gəlsin. Sovet dövründə çəkilən uğurlu filmlərin əksəriyyəti ya əsərlər əsasındadır, ya da yazıçılar birbaşa film üçün yazıb. Misal üçün, "Dəli Kür" İsmayıl Şıxlının eyniadlı romanının, "Tütək səsi" İsa Hüseynovun eyniadlı povestinin, "Nəsimi" "Məhşər" adlı romanının, "Axırıncı aşırım" Fərman Kərimzadənin "Qanlı aşırım" romanının, "Tənha narın nağılı" Əkrəm Əylislinin eyniadlı povestinin, "Yeddi oğul istərəm" Səməd Vurğunun "Komsomol" poemasının motivləri əsasında çəkilib. Bundan əlavə, Üzeyir Hacıbəyovun operettalarından "O olmasın, bu olsun", "Arşın mal alan"... Hər halda onlar da mayasını bədii əsərdən alıb. Alla Axundovanın ssenarisi əsasında çəkilən "Şərikli çörəy"i də qeyd edə bilərik. Baxmayaraq ki, Sovet senzurasına uyğun olaraq müəyyən filmlərimizdə ideoloji səhvlər, tarixi təhriflər var idi, amma camaat onları sevirdi.

-Sən dediyinə bir maraqlı paralel deyim, Gəray bəyi də sevirdilər, Cahandar ağanı da...

-Bəli.

-Deməli, belə çıxır ki, Azərbaycan xalqının milli mündəricəsini, milli məzmununu sovet dövründə, o ideoloji şəraitdə olsa belə, kino qoruyub saxlaya bilib. Təbii ki, ədəbiyyat da qoruyub. Və Cahandar ağa, Gəray bəy, Qəmlo kimi mənfi obrazlar belə ədəbiyyatdan kinoya keçib.

-Əslində, "Yeddi oğul istərəm" filmindəki final rejissor Tofiq Tağızadəyə baş ağrısı gətirdi. Moskvanın istəyinə görə, Gəray bəyi Bəxtiyar güllələməliydi. Film təhvil veriləndən sonra sual olunub ki, niyə Gəray bəy özünü öldürdü? Bunlar hamısı ümumiləşdirməydi. Belə göstərmək istəyirdilər ki, kommunizm qolçomaqlar üzərində qələbə çaldı filan. Və onların son nümayəndəsi Gəray bəy idi, o da məhv edildi. Tağızadənin ssenarisində isə Gəray bəy bütün bunların əksinə olaraq ləyaqətli ölümü seçdi və özünü vurdu.

-Sovet dövründə "qlavlit" şəraitində ədəbiyyat, senzura şəraitində kino Azərbaycan xalqının milli siqlətini qoruyub saxlaya bildi. İdeoloji dövr olsa da, Azərbaycan incəsənəti öz missiyasını yerinə yetirdi. Son olaraq bunu soruşum, bəs bugünkü dövrdə kinonun funksiyası nə olmalıdır?

-Bizim əlimizdə başqa resurslarımız var. Televiziya var, istər-istəməz evimizin gündəlik qonağıdır. İnternetimiz var, uşaqların belə, əlindən düşmür. Bu gün kino həmin missiyasını davam etdirməlidir. Kinonun dövrü, dili, irqi, dini yoxdur. "Festival filmi" deyə anlayış yoxdur, "ciddi film" deyə anlayış yoxdur. Film filmdir. 

-"İkinci pərdə"dən danışaq. Onun həm ikinci rejissorusan,  həm də ssenari müəlliflərindən birisən.

-Təxminən bir il əvvəl Emil Quliyev, Orxan Mərdan, bir də mən  ssenarini yazmağa başladıq. Bir az narahat idik, açığı. İnsanların necə qarşılayacağını bilmirdik. Daha doğrusu, Orxan bizdən soyuqqanlı idi. Emil ilə mən narahat idik. Səhnələri yazanda hər dəfə nəsə tərəddüd eləyirdik. Süjet, dialoqlar maksimum reallıq tələb eləyir. Amma yazdıq, çox şükür. Film çəkildi. Təqdimatı da oldu. İzləyicilər də yaxşı qarşıladı. Düşünürəm ki, kino adına gözəl bir addım idi. Xüsusən də inkişaf edən milli kinomuzda özünəməxsus yeri olacaq.

Ümumilikdə "İkinci pərdə"nin istehsal prosesi çox maraqlı keçdi. Hazırlığı, məşqlər, çəkiliş. Aktyorlar çox yaxşı  idi. Hətta deyə bilərəm ki, zavodda kiçik epizod oynayan Etibardan tutmuş Hikmətə qədər. Sağ olsunlar

Söhbətləşdi: Qan Turalı


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!