Keşmiş Mədəniyyət naziri rejissor haqqında: "Onun iti və bənzərsiz gözü bizə görünməyənləri göstərdi"

 

Sentyabrın 13-ü Fransanın "Liberation" qəzeti rejissor Jan-Lük Qodarın həyatını sonlandırdığını açıqlayıb. Xəbərdə kino tarixinin ən böyük rejissorlarından biri olan 91 yaşlı Qodarın İsveçrənin Vo (Vaud) Kantonunun Rolle qəsəbəsindəki evində evtanaziya yolu ilə ölümə yaxın bir üsulla, həkim dəstəkli intihar yolu ilə həyatına son qoymağa qərar verdiyi bildirilib. Bu ölüm üsulunun evtanaziyadan fərqi ondadır ki, həkim birbaşa ölümdə iştirak etmir, müəyyən dərmanlar təyin edərək xəstənin zamanla özünü öldürməsinə dəstək olur.

Həyat yoldaşı Anne-marie Mieville açıqlamasında bunları da vurğulayıb: "Xəstə deyildi, sadəcə taqətdən düşmüşdü. Buna görə də, həyatını sonlandırmaq qərarına gəldi. Bu qərarı elan etmək onun üçün vacib idi".

Kino tarixində fransız "Yeni Dalğa" ("Nouvelle Vague") hərəkatının ən önəmli adlarından biri olan Jan-Lük Qodar 3 dekabr 1930-cu ildə orta sinif fransız ailədə, Parisdə dünyaya gəlib. Atası, şəxsi klinikası olan həkim, anası İsveçrənin məşhur bankirlərindən birinin qızıydı. II Dünya müharibəsi vaxtı İsveçrədə yaşayan Qodarın uşaqlığı İsveçrədə keçib, orta təhsilini də burada alıb. 1940-cı illərin sonunda valideynləri boşanandan sonra, 1949-cu ildə Sarbonna Universitetinin Antropologiya fakültəsində oxumaq üçün Parisə gedib. Kamera arxasına keçməzdən əvvəl kino tənqidçisi kimi fəaliyyət göstərən Qodar, tələbəlikdə vaxtının çoxunu kino klublarında keçirib, "Cineclub" və "Cinemateque"ə qatılıb, bundan sonra kino jurnalı üçün məqalə yazmağa başlayıb. Qodar "Yeni Dalğa" hərəkatını alovlandıran insan olaraq tanınan Andre Bazin ilə burada tanış olub.

"Yeni Dalğa" ənənəvi fransız kino trendindən fərqli kino üslubundan istifadə edərək müəyyən ideya üzərində birləşib buna uyğun filmlər çəkən bir qrup gənc rejissorun yaratdığı hərəkat olub. Bu hərəkat içində sayıla biləcək rejissorlar Jan-Lük Qodar, Fransua Trüffo, Jak Rivet, Erik Romer və Klod Şabroldur. 1959-cu ildə eyni vaxtda çəkdikləri filmlərdə verdikləri mesaj eyni idi: "Hər kəs kinorejissor ola bilər". Qodar o dövrdə Erik Romer və Jak Rivetlə "Kino dəftərləri" ("Les Cahiers du cinema") adlı kino jurnalı çıxarmağa, eyni zamanda kino haqqında məqalələr yazmağa başlayıb. Bir neçə qısametrajlı filmi sınadıqdan sonra o, 1960-cı ildə ilk bədii filmi olan "Son nəfəsdə"nin ("A Bout de Souffle") çəkilişlərini tamamlayıb.

Rejissor, xüsusilə 1960-cı illərdə çəkdiyi siyasi filmlərlə söhrət qazanıb.

Qodar, ekzistensial və Marksist fəlsəfədən götürdüyü ideyaları ədəbiyyat və kino tarixi ilə birləşdirərək filmlərində yaradıcı yollarla işləyib.

F.Dostoyevskinin "Şeytanlar" romanından təsirlənərək çəkdiyi "Çinli qız" ("La Chinoise") filmində Parisdə bir qrup Maoist tələbənin mitinq hazırlıqları təsvir edilir, "Bir evli qadın" ("Une femme mariee") filmində Marksın "əmtəə fetişizmi" ideyası müzakirə olunur. Demək olar ki, bütün filmlərinin mövzusu müasir insanların fərqli həyat tərzi, məntiqsiz sosial sistemlər, siyasi müzakirələr və hadisələr olub. Radikal və siyasi yönümlü işləri ilə daha çox tanınan Qodar, uzun illər boyu müxtəlif rejissorların ilham mənbəyi olan "Son nəfəsdə" ("A bout de suuffle"), Banda ("Bande a part"), "Kiçik əsgər" ("Le petit soldat"), "Öz həyatını yaşamaq" ("Vivre sa vie") kimi klassik filmləri ilə öz nəslinin ən çox bəyənilən rejissorları arasında olub. Qodar ondan sonra gələn Martin Skorseze və Kventin Tarantino kimi dünya şöhrətli rejissorların da ilham mənbəyi olub.

Rejissor, o dövrün mühafizəkar prezidenti Şarl de Qola qarşı tələbələrin və fəhlələrin üsyana qalxdığı 1968-ci il may hadisələrində də aktiv rol alıb.

Fransanı sarsıdan üsyanda Qodar dostu, məşhur rejissor Fransua Trüffo ilə birlikdə 1968-cı ildə Kann Kino Festivalının ləğvinə səbəb olan etirazlara rəhbərlik edib.

Qodar festival ərazisindəki mitinqdə bunları söyləyib: "Bu gün burada nə tələbələrin, nə də fəhlələrin problemlərindən bəhs edən bir dənə də olsun film yoxdur. Formanın, mənim, Polanskinin, Trüffonun belə bir filmi yoxdur. Biz geridə qalmışıq. Tələbə dostlarımız mitinqlərə çıxıb xəsarətlər aldılar, başları yarıldı, bizim üçün bu şəkildə nümunə oldular. Burada məsələ filmlərə baxmağa davam edib-etməmək deyil. Mümkün olduğu qədər çox film göstərməliyik, hamımız bununla razılaşırıq. Məqsədimiz budur. Amma burada məsələ bu deyil, əsas odur ki, bir həftə yarım gecikmə ilə də olsa, kinonun Fransadakı hazırki tələbə və fəhlə hərəkatı ilə həmrəyliyi ifadə olunsun".

Bu aksiyalardan sonra festival ləğv olunub.

70-ci illərin sonlarında Qodar siyasi mövzulardan tamamilə uzaqlaşmadan dil, ölüm, şəxsiyyət və sənət haqqında təəssüratlarını innovativ şəkildə sərgilədiyi "Hər kəs öz dərdini çəksin" ("Sauve Qui Peut" (la vie)) və "Kral Lir" (King Lear) kimi filmlərini çəkir.

Qodar yavaş hərəkətli çəkiliş ("slow motion") və qeyri-adi rəng, səs və işıq istifadəsi ilə kinoda özünəməxsus təsirli hekayə dili yaradıb.

2000-ci ildən sonra rejissor tematik və stilistik təcrübələrini daha da irəli apararaq "Dilə vida" ("Adieu au Langage") və "Şəkillər və Sözlər" ("Le livre d'image") filmlərini çəkib.

Qodar 1961-ci ildə, əksər filmlərində baş rol verdiyi danimarkalı əsilli fransız aktrisa Anna Karina ilə evlənib, 1965-ci ildə ondan boşanıb. 1967-ci ildə alman əsilli fransız aktrisa Anna Viazemski ilə evlənib. Rejissorun 12 il davam edən ikinci evliliyi 1979-cu ildə boşanma ilə başa çatıb. 2010-cu ildə ssenarist, rejissor Anne-Marie Mieville ilə ailə qurub, ömrünün sonuna qədər birgə yaşayıblar.

2017-ci ildə fransız rejissor Mişel Hazanaviçius, Viazemskinin xatirələrini qələmə aldığı "Bir il sonra" ("Un an apres") adlı kitabından bəhrələnərək Qodarın 1960-cı illərdəki yaradıcılığından bəhs edən "Qodar və mən" adlı film çəkib. Filmdə Qodar rolunu məşhur aktyor Lui Qarrel canlandırıb. Qodarın filmlə bağlı "Bu çox, çox axmaq fikirdir" açıqlaması o dövr gündəm olub.

Qodarın ölümü ilə bağlı Fransa prezidenti Emmanuel Makron belə deyib: "Biz milli sərvətimizi itirdik". Ölkənin keçmiş mədəniyyət naziri Cek Lanq isə rejissor haqqında bu fikirləri səsləndirib: "O, kinonu şeir və fəlsəfə ilə doldurdu. Onun iti və bənzərsiz gözü bizə görünməyənləri göstərdi".

 

Hazırladı: Nilufər Hacılı


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!