Saniyədə 24 dəfə popkorn yemək və ya Coca-cola içmək - Alfonso Kuaronun “Roma” filmi haqqında - Ülvi BABASOY

Ülvi BABASOY

 

Yadımdadır. Pandemiyanın qorxulu vaxtları idi. Hər kəs evə yığılmışdı. Və dərsləri onlayn keçirdik. Tələbələrimə iki film məsləhət görmüşdüm. Piter Farellinin "Yaşıl kitab" və Alfonso Kuaronun "Roma" filmlərini. Çünki hər dərsin sonunda dərsdən kənar bir kitab və ya film məsləhət görürəm tələbələrimə. Kuaronun filmini bir-iki nəfər xaric, heç kim axıra kmi izləməmişdi. "Yaşıl kitab" isə çox bəyənilmişdi. Hətta tövsiyəmdən qabaq çoxları izləmişdi belə. Doğrudan da, "Yaşıl kitab"ı mən də bəyənmişdim. Amerikanın əzəli və əbədi problemi irqi ayrı-seçkilik mövzusu kinonun və incə yumorun dili ilə təqdim edilmişdi. Əyləndirir, güldürür və düşündürürdü. Bayağı, qaba görünən bir adamın incə, zərif musiqiçinin həyatına, nəcabətli və qaradərili şəxsin də sərsəri sürücüsü və cangüdəninin xarakterinə təsirləri real və maraqlı idi. Bu iki qütbün arasındakı sərhədlər çox incə və elastikdir.

Bəs Kuaronun filmi gənclər tərəfindən niyə bəyənilməmişdi? Halbuki mən son 10 ildə bu qədər zəngin və göz oxşayan kinematoqrafik dili olan film izləməmişəm. Jan-Lük Qodar deyir ki, kinoteatrlar daha çox popkorn mədəniyyətinə xidmət edir. Coca-Cola və popkorna daha çox xidmət edən kinoteatrlarla yanaşı, evlərimizdə də eyni durumdur. Hər dəfə film izlərkən mütləq popkorn, kola, dondurma və ya çərəz olmalıdır yanımda. Ən ciddi sənət filmlərində də, anlıq və gündəlik əyləncə yönümlü kinolarda da. Tükətim toplumu məhz bu deməkdir.

Bu gün istehlak cəmiyyətində elitar mədəniyyət yaradan yazıçı və rejissorlar var ki, onların əsərlərini oxuyanda və izləyəndə bir qədər kütləvi olmayan incə sənət ilə qarşılaşırıq. Bu tip sənət əsərləri bir festival və ya karnavalı xatırladır. Yenə də sənət əsəri olaraq qalırlar. Onlar yeni estetika, sosial rakurs və semiotik çalar yaradır. Meksikalı rejissor Alfonso Kuaron da belə sənət adamlarındandır. Kuaronun "Roma" filminin konseptaul və vizual bir dil konsepsiyası var.

Bioqrafiya sənət adamının sənətinə birbaşa təsir edir. Ancaq fərqli və qəribə bir formatda olanda sənətə çevrilir. Misal üçün, Bertold Brext şəxsi təcrübə və bioqrafiyasını teatr sənətinə tətbiq edirdi. Yenə də Brext teatrı heç vaxt bioqrafik xarakter daşımayıb. Klassik teatrın sərhədlərini keçib. Brextdən sonra teatr və Küçə teatrı daha konseptual və estetik çalarlar qazanıb. Fərqli teatrı, kulis və səhnə dizaynını Brextdən öyrəniblər. Kuaron da "Roma" filminə uşaqlıq illərini, xatirələri yerləşdirib. Lakin geniş plan çəkilişləri ilə öz lokal bioqrafiyasından qlobal Meksika həyatına keçid edib. Eyni formatda olan ölkələrin taleyini simvollaşdırıb.

Alfonso Kuaronun "Roma" filmində kinematoqrafik dil olduqca naturaldır. Kadrlar bir-birinin ardınca axır. Müəllif ən gərgin, dəhşət saçan səhnələrdə belə səs-küy qoparmır. Həyatın və insanın təbii dili ilə danışır. Hətta dəhşətli hadisələr, qətliamlar baş verəndə də kadrlar sakit, sadə bir fonda axıb gedir. Həyəcanlı bir musiqi də yoxdur arxa fonda. Hadisələr 1970-1971-ci illərdə Meksikada Roma adlı bir qəsəbədə keçir. Orta təbəqədən olan bir ailədir. Ata elmi tədqiqat adı ilə evdən çıxır və bir də geri qayıtmır. Əslində gənc bir sevgilisi var və onunla yaşayır. Evin qadını hər şeyi öyrənəndə dərin sarsıntı keçirir, əsəbi və gərgindir, isterik hallar davam edir. Evin qulluqçusu və dayəsi Kleo uşaqlara böyük sevgi və qayğı ilə yanaşır. Uşaqlar da onu sevirlər.

Kleo Alfonso Kuaronun dayəsi Libodur. Film Liboya ithaf olunub. Həmin ailə Kuaronun öz ailəsidir. Gündəlik həyatdan sənətə keçid var. Ordan da yaxın Meksika tarixinə. Məlumdur ki, filmin keçdiyi tarixlərdə Meksikada Korpus Kristi qətliamı baş vermişdi. 1968-ci il tələbə hadisələri və qətliamının davamı idi, bir növ. Kleonu hamilə buraxıb qaçan Fermin Korpus Kristi qətliamının icraçılarından birinə çevrilir. Diktator hökumət Fermin kimi adamlardan gənclərin etirazlarını yatırmaları və qətliam törətmələri üçün istifadə edir. Hadisə baş verərkən Kleo və ev sahibəsinin anası doğulacaq olan uşaqçün beşik almaq üçün mağazadadırlar. Hadisələri böyük və şəffaf pəncərənin arxasından izləyirlər. Meksika hökuməti, xalq və dünya kimi. Fermin silahla içəri girir və qorxudan Kleonun doğum sancısı tutur. Çünki Fermin onu və uşağını öldürməklə təhdid etmişdi.

Filmi kadr-kadr, detal-detal analiz etmək olar. Yenə də ən gözəl analiz izləməkdir. Digər bir səhnə olduqca təsirlidir. Uşaq ölü doğulur. Kleo sarsıntı keçirir, depressiyaya girir. Daha sonra üzməyi bacarmayan Kleo uşaqları xilas etmək üçün özünü dalğaların qoynuna atır. Uşaqları xilas edir və hönkürərək deyir: "Onun ölməyini istəmişdim". Yəni uşağın. Alfonso Kuaron orta təbəqədən olan bir ailənin başsız, atasız qalması fonunda lidersiz olan, diktatorların oyuncağına çevrilən Meksikanın taleyini birləşdirir. Kleonu isə ekzistensial çıxılmazlıqdan ürəyi, uşaqlara olan sevgisi xilas edir. XXI əsrdə sənət dili effektiv olan və insanın daxilinə, həqiqət duyğusuna sadiq filmlər az çəkilir. Ağ-qara effektlərlə çəkilən filmdə gerçək mənada yaxın plan çəkilişi yoxdur. Uzaq plandan götürülür bütün kadrlar. Bəzən danışanın da kim olduğunu belə müəyyən etmək olmur.

Alfonso Kuaron olduqca estet bir rejissordur. Filmə su və təyyarə metaforu ilə başlayıb onlarla da bitirməsi ilə geriyə axan zaman intervalında həyat və sənətin ortasında bir dünya-kino yaradır. Filmdə heç nə artıq və əskik deyil. Uşaqların otaqlarına asılan 1968-ci il Olimpiya Oyunları və 1970-ci il Futbol üzrə Dünya Kubokunun afişaları diqqəti cəlb edir. Və afişalar qəfildən kadrdan çıxarılır. Niyə? Kuaron demək istəyir ki, xalq müflis vəziyyətdə yaşayarkən Meksika və paytaxt Mexiko belə böyük işin altına girib və vitrin ölkə, vitrin şəhər kimi təqdim edilib. Çünki dünyaya daima inkişafda olan ölkə imici mesajı verilməlidir. "Roma" filmi ən yaxşı rejissor, xarici dildə ən yaxşı film, ən yaxşı kinematoqrafiya işlərinə görə "Oskar" mükafatına layiq görülüb. Ondan əvvəl Venesiya Kino Festivalında "Qızıl Şir"i qazanıb. Ümumilikdə 250-dən çox mükafat alan "Roma" elitar kinematoqrafiya örnəyidir.

"Roma" filmində ağ-qara çəkiliş ən modern və yüksək texnologiya ilə tərtəmiz çəkilib. Film 1970-ci illərlə bağlı nostalji hisslər aşılasa da, çağdaş kino sənətinin parlaq bir nümunəsi olduğunu da göstərir. Bu baxımdan ağ-qara çəkilişlərdən istifadə edən müasir rejissorlardan fərqlənir Kuaron. Misal üçün, polyak rejissor Pavel Pavlikovskinin "Soyuq müharibə" (2018) filmi də ağ-qara çəkilişdir. Lakin Pavlikovski bir qədər kirli, nostalji bir ağ-qaradan istifadə edib. "Soyuq müharibə" filmində 1949-1969-cu illərdə bir-birinə aşiq olan Viktor və Zuzannanın (Zula) eşq hekayəsindən bəhs edir. Nostalji effektlər, ağ və qaranın çaları mövzu və dərin sevgi ilə uzlaşır.

Rəngli və sürətli dünyamızda "Roma" filmi sıxıcı və rəngsiz görünə bilər. Hardasa başadüşüləndir. Su metaforu ilə tozlanmış evlər, həyətlər, həyatlar, küçələr, ölkələr və duyğuları təmizləyir bu film. Məhz bu məqamda dumanlı, xroniki tarixdən aydın görüntülər qalır. Gözlərimizdə, zehnimizdə və ürəyimizdə. Farslaşmayan yeganə tarix də, məkan da, zaman da sənətin tarixidir Alfonso Kuaronun obyektivində. Film bitir, yenə təyyarə uçur, yaddaş səhnəsi boylanır. Lap popkorn yeyəndə və Coca-Cola içəndə də Roma qəsəbəsindəki o aydın görüntülər və detallar yada düşür. Ürəyimizə nüfuz edir. Ən azı saniyədə 24 dəfə!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!