“Bu günlərdə ölkəmizin kino sahəsində çalışan bir adamla az qala mübahisə edirdim ki, ən yaxşı filmlər və ən uğurlu seriallar geniş oxucu kütləsi tərəfindən sevilərək oxunmuş romanların əsasında çəkilənlər olur. Sözlərimə qüvvət olaraq da məşhur əsərlər əsasında çəkilmiş və yüksək reytinq qazanmış film və serialları misal çəkdim. Adamın mənimlə razılaşmaqdan başqa çarəsi qalmadı. Və mən də elə həmin gün mətbuatdan oxudum ki, Umberto Ekonun "Gülün adı" romanı serial olacaq. Serial Almaniya və İtaliyanın birgə əməyi ilə ərsəyə gələcək.
Mən kino və ədəbiyyat mövzusunda son zamanlar hər kəslə söhbət edirəm, hər kəslə. Kabusum oldu bu mövzu artıq. Və ən son bu barədə söhbət etdiyim zaman o qədər ürəyimdən xəbər verən kəlmələr eşitdim ki, həmin söhbəti qəzetimizi izləyən hər kəslə paylaşmaq istədim.
Həmsöhbətim Bakıda Türkiyə filmləri həftəsi çərçivəsində hal-hazırda qonaq olan türkiyəli rejissor Öner Kılıçdır. Öncə film həftəsindən bəhs edir.” Cavi Dan
- Beş gün ərzində beş filmi hər gün iki dəfə olaraq, Azərbaycan tamaşaçılarına təqdim edəcəyik. "Yeni dünya", "Aşiq", "Bir gün bir uşaq", "Dağ 2" və "Çıraq". Bu filmlər türk kinosunun həm müxtəlif mükafatlar qazanmış, həm də populyar olan nümunələridir. Biz bu filmləri təkcə Azərbaycanda deyil, bütün türkdilli respublikalarda və qonşu ölkələrdə, eləcə də Balkan ölkələrində təqdim edəcəyik. Əsas hədəfimiz bir həftə ərzində ümumi mədəni irsimizin ümumi kinematoqrafik nümunələrinin olmasını göstərməkdir. Ən önəmlisi isə bu ölkələrdəki kino istehsalçıları ilə bir araya gəlmək və birlikdə filmlər çəkməkdir.
- Öner bəy, ədəbiyyatı sevirsinizmi?
- Ədəbiyyatı sevmədən rejissor olmaq olarmı? Əlbəttə, sevirəm. Ankaraya gedəndən sonra kitabxanamın şəklini çəkib göndərəcəyəm, özünüz görərsiniz.
- Sevdiyiniz yazarlar kimlərdir?
- Əlbəttə ki, türk yazarlarından başda Nihal Atsız olmaqla, əksəriyyətini sevirəm. Amma başqa ölkələrin yazarlarını da sevə-sevə oxuyuram. Məsələn, Dostoyevskini, İsmayıl Şıxlını, Füzulini, Çingiz Aytmatovu, Çingiz Dağçını və başqalarını deyə bilərəm. Hamısını saysam, siyahı çox uzanacaq. Bir də bir Qazaxıstan nasiri var, Tolen Abdikov, üç ildir ki, onu kəşf etmişəm. Və əlbəttə ki, baş ucu kitabımız olan Dədə Qorqudu deməsəm, olmaz.
- Çağdaş Azərbaycan ədəbiyyatından kimləri tanıyırsınız?
- Sizinkiləri tanıtmaq imkanım olmayıb. Mənim sizin çağdaş ədəbiyyatçılarınızı tanımağım üçün sizin nəşriyyat evləri kitab yarmarkalarına qatılmalıdırlar. Mən yalnız İsmayıl Şıxlını tanıyıram, Səməd Vurğunu, bir də Elçin Əfəndiyevin teatr əsərlərini.
- Öner bəy, ssenaristlərlə iş prinsiplərinizdən söz açardınız.
- Mən ssenariləri ssenaristlərimlə birlikdə yazıram. Hər ssenariyə mütləq müdaxilə edirəm. Ədəbyyatı bilməsəm, necə müdaxilə edə bilərəm? Bu mümkün deyil.
- Amma ədəbiyyatı ssenari işi üçün önəmsiz hesab edən rejissorlar da var.
- O cür rejissorların ədəbiyyatı bilməməkləri zatən gördükləri işlərdən bəlli olur. Özlərini elə aparırlar ki, sanki öz sənətlərinin zirvəsini fəth ediblər, artıq hər şeyi bilirlər, işləri də şedevrdir (gülür).
- Bizim rejissorlara və ssenaristlərə sözünüz varmı?
- Mən kitab oxumağı uşaqlıqdan bəri çox sevirəm, özüm hər kəsin kitab oxumasını istəyən, həmişə mütaliəni təbliğ edən biriyəm. Bütün həmkarlarımıza tövsiyə edərdim ki, ədəbiyyat, kino və incəsənət dünyasındakı bütün inkişafları izləsinlər. Yalnız bununla da iş bitməz. Yer üzündə hər gün sosioloji və siyasi səhnədə dəyişikliklər baş verir. Xüsusilə də kapitalist sistemi öz hegemonluğunu və idarəetmə gücünü saxlamaq üçün mikro milliyyətçiliyə yönəlib və cəmiyyətə, eləcə də sənət cameəsinə bazar rakursundan baxır. Rejissorlar və ədəbiyyatçılar bütün bu inkişafı izləməli, əsərlərində bunlara yer verməlidirlər. Artıq dünya kiçik bir rəqəmsal kəndə çevrilib. Texnologiya inkişaf etdikcə ondan yararlanmalıyıq. Lakin keçmişimizi, mədəniyyətimizi unutmamalıyıq, qədimliklə müasirliyin sintezi ilə universal əsərlər yaratmalıyıq. Yəni milli deyilsənsə, millətlərarası da olmağında mümkün deyil. Bütün bunları özündə cəm edə bilən qüvvə isə ədəbiyyatdır. Necə deyərlər, öncə söz vardı, sonra yazı yarandı, bunlar birləşincə də ədəbiyyat ərsəyə gəldi. Və ədəbiyyat insan oğlunu əbədiyyətə daşıdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!