İblisin axtarışında - İlqar FƏHMİ

İlqar FƏHMİ

 

Bəşəriyyət özünü dərk edən zamandan İblisin axtarışında olub...

Bu fikir qəribə səslənə bilər, razıyam, axı biz düşüncələrimizi insanlıq tarixində daha çox Tanrı axtarışları üzərində konsentrasiya etmişik. Tanrısallığın kökləri araşdırılıb, tarixi yazılıb, müxtəlif toplumlarda, xalqlarda Tanrıyla bağlı görüşlərin necə yarandığı, hansı mərhələlərdən keçdiyi öyrənilib... Bəs İblis?

Bəşəriyyət İblis obrazını uzun əsrlər boyu sanki kölgədə saxlayıb. Hətta adını da ehtiyatla çəkib. Hərçənd, miflərdə, nağıllarda bu obraz müxtəlif adlar altında təzahür edib, ancaq filosoflar, təfəkkür adamları tərəfindən çox da araşdırılmayıb.  Yəqin ki, inkvizisiya cəzaları, dara çəkilmə qorxusu imkan verməyib, bəlkə də başqa səbəblər var.

Yalnız XIX əsrin sonlarında romantizm cərəyanı təşəkkül tapandan sonra dünya mədəniyyətində İblis və iblisanəlik sanki daha çox diqqət çəkməyə başladı. Bəli, şər qüvvənin konsentrasiyası daha çox analiz edildi, araşdırıldı. Və bu tendensiya indiyə qədər davam edir... Yəqin ki, insanların içində Tanrı işığının öləziməsi qeyri-ixtiyari zülmətə maraq yaradıb. Və ya insanlar daha cəsarətli olublar, əvvəlki dövrlərdən fərqli olaraq İblisin (öz daxillərindəki iblislərin) gözünün içinə baxmağa qətiyyətləri çatır... Səbəblər çox ola bilər, lakin fakt faktlığında qalır - Şər qüvvənin mənbəyi olan İblis obrazı müasir ədəbiyyat və dramaturgiya üçün daha dinamik, daha aktiv və etiraf edək ki, daha maraqlı personajdı... 

Azərbaycan Dövlət Pantomima Teatrında ötən ay tamaşaçılara təqdim edilən tamaşalar da məhz İblis mövzusunda idi... Bəli, səhv yazmıram. Hər ikisi. Amma bu barədə bir az sonra...

Tamaşaların hər ikisini eksperimental hesab eləmək olar. O mənada ki, teatrın rəhbəri, Xalq artisti Bəxtiyar Xanızadənin özünün qeyd etdiyi kimi, hər iki tamaşa onun iştirakı olmadan, gənc rejissorlar tərəfindən və əsasən gənc aktyorların iştirakıyla ərsəyə gəlib. Bu əsərlər həm rejissorların (Bəhruz Vaqifoğlu, Ceyhun Dadaşov) həm də bir çox gənc aktyorların debüt işləri idi... (Hərçənd həm Bəhruz, həm də Ceyhun əvvəllər də Bəxtiyar müəllimin rəhbərliyi altında bir neçə tamaşa hazırlamışdılar, lakin bu dəfə tam müstəqil şəkildə hazırladıqlarına görə, müəyyən mənada, debüt hesab etmək olar).

Bəhruz Vaqifoğlunun tamaşası Hüseyn Cavidin "İblis" pyesi üzərində, Ceyhun Dadaşovun tamaşası isə Qoqolun "Şinel" əsərinin motivləri əsasında qurulub.

Təbii ki, heç bir tamaşa konkret olaraq adıçəkilən əsərlərin süjetlərini təkrar eləmir, mövzu üzərində sərbəst variasiyalar kimi qəbul edilməlidir. Əlbəttə, tamaşaların bütün məziyyətləri barədə teatrşünaslar daha dəqiq fikirlər deyəcək, mənsə daha çox fəlsəfi müstəvidə yanaşmaq, sırf özümün hiss və duyğularımı, görüb anladıqlarımı qeyd etmək istərdim.

"İblis" tamaşasında aktyorlar - Elnur Paşa, Solmaz Bədəlova, Nuridə Musabəyli, Elnur Rzayev, Elxan Şahaliyev, Elmin Qiyaslı, Səbirə Həsənova, Cavad Nuriyev, Jalə Novruz, Səbinə Hacıyeva, baş rolu isə Nurlan Rüstəmov ifa edirdi, rəssam Xəyyam Səmədov, xoreoqraf isə Əməkdar artist Səbinə Hacıyeva idi.

Bəhruz Vaqifoğlunun tamaşasını izləyərkən ilk təəssüratım bu oldu ki, elə bil rejissor tamaşanı qurarkən, öz içindəki İblisi axtarır, sanki düşüncələrindəki zülmət xaosdan, ziddiyyətli dolanbaclardan, dolaşıq labirintlərdən işığa çıxmağa çalışır. 

Tamaşanın əvvəlində təqdim olunan xaotik kütləvi səhnələr, xeyirlə şərin mübarizəsini əks etdirən simvollar və metaforalar, tanrı-iblis arasında özünü itirən insan - bütün bunları məhz rejissorun qarışıq, ziddiyyətli düşüncələrinin təzahürü kimi qəbul elədim. Bəli, rejissor öz içini didən suallara cavab axtarır. Və axtara-axtara rəngarəng bədii priyomlarla tamaşaçını müxtəlif inqilabların qanlı xaosundan, kütləvi edamlardan tutmuş, bəşəriyyətin təhtəlşüurundakı ibtidai seksual orqiyalara, əyləncəli kef məclislərinə qədər gətirir. Hətta sona yaxın müqəddəs Məryəmin qucağında can verən İsa Məsihi də görürük. Təbii ki, hər tamaşaçı bu metaforik səhnələri öz düşüncəsinə uyğun yozur, mənalandırır.

Sual isə birdir - İnsanların içində Tanrı harda bitir, İblis harda başlayır. Bəlkə də başlamır, iblis elə hər yerdədir. İblis hamıdır. Və ya hamı iblisdir.

 

İblis nədir, cümlə xəyanətlərə bais,

Ya hər kəsə xain olan insan nədir - İblis...

 

Bəhruzun tamaşasını, nədənsə, Cavidin pyesində İblisin ilk və son monoloqunun teatral müstəvidə təzahürü kimi qavradım. Çünki dahi dramaturqumuzun da elə əsas fikir və düşüncələri, içindəki ziddiyyətlər və labirintlər məhz həmin monoloqlarda özünü göstərir.

Qeyd etdiyim kimi, hədsiz dinamikaya köklənmiş tamaşa müxtəlif simvollarla, metaforalarla, bədii priyomlarla kifayət qədər yüklənib, hətta deyərdim ki, bir qədər də ifrata varılıb. Ona görə şəxsən mən özümçün qaranlıq qalan bəzi məqamları tam aydınlaşdırmaq üçün tamaşaya ikinci dəfə baxmalı oldum. Çünki ilk baxışımda hiss elədim ki, xeyli məqamlar diqqətimdən qaçdı. Rejissor sanki təqdim etdiyi hansısa simvolların metaforaların dərki üçün tamaşaçıya vaxt vermir, birini düşünüb həzm eləməyə çalışdığın müddətdə qeyri-ixtiyari sonrakı bədii tapıntıları, işarələri diqqətdən qaçırtmış olursan.

Bəlkə də tamaşanın uğurlu cəhətlərindən biri də budur. Yəni müasir dövrdə, az qala bütün sənət nümunələrinin "birdəfəlik" baxışa kökləndiyi bir vaxtda hansısa bir əsər sənin beynindən günlərlə çıxmırsa, düşünürsənsə və hətta yenidən gəlib baxmaq istəyirsənsə, bunu rejissorun müvəffəqiyyəti hesab etmək olar.

Lakin ikinci baxış da mənə tamaşada gözümdən qaçan məqamları tam dərk etməyə imkan vermədi. O mənada ki, ilk tamaşadan fərqli olaraq bu dəfə baş qəhrəman obrazını rejissorun özü ifa edirdi. Və mən də tamaşadakı gizli məqamlara diqqət etmək əvəzinə, qeyri-ixtiyari iki aktyorun oyun tərzinin, rola yanaşma üslubunun və yaratdığı emosiyaların fərqini analiz etməyə, hər birinin fərqli və üstün cəhətlərini beynimdə götür-qoy etməyə başladım. Özlüyümdə qərara gəldim ki, Nurlanın təqdimatındakı baş qəhrəman mənə daha doğmadır, özümküdür. Məhz bu müqayisəli analizə fikrim yönəldiyinə görə, sonda yenə də xeyli məqamlar diqqətimdən qaçdı.

Görünür, sentyabrda tamaşaya bir daha gəlib baxmalı olacam.

Tamaşada çoxsaylı rejissor tapıntıları var ki, hər biri haqqında ayrıca danışmaq yazını xeyli uzatmış olar. Lakin bir səhnə məhz mənə həddindən artıq təsir etdiyinə görə, onun üzərində xüsusi dayanmaq istərdim.

Cavidin "İblis" əsərinə bələd olanlar bilir ki, orada hadisələr Birinci Dünya müharibəsi zamanı cərəyan edir. Ümumiyyətlə, Cavidin təbirincə, insanların içində bu xaosu, bu vəhşiliyi yaradan məhz müharibələr, inqilablar və bu cür sosial kataklizmlərdir. Məhz bu hadisələr zamanı sanki insanların içindəki iblis daha açıq-aydın şəkildə təzahür edir, üzə çıxır, Tanrıya meydan oxuyur.

 

Sellər kimi axmaqda qızıl qan,

Qanlar tökər, evlər yıxar insan.  

 

Tanrı nizam-intizamdı, simmetriyadır, ədalətdir. Nizamın, düzənin pozulması isə iblisin xaosudur, şər əməlləridir.

Tamaşada insanlar arasındakı bu xaosu şərti şəkildə ümumiləşdirən, son iki-üç yüz ilin bütün inqilab burulğanlarını plastik formada əks etdirən səhnələrin arasında belə bir epizod var - insanlar bir-birinin arxasında sırayla düzülür və hər önə çıxanı arxadakı güllələyib onun yerinə keçir.

Bu proses gərgin musiqinin, dinamik atmosferin təsiri altında zəncirvari şəkildə davam edir. Hər kəs, önündə gedəni öldürüb yerinə keçir və üzündəki xoşbəxt ifadə ilə irəli ideya işığına doğru baxır, lakin bilmir ki, arxadakı da öz növbəsində silahı onun gicgahına dirəyib... Həmin səhnəyə baxarkən, nədənsə, məşhur ifadəni xatırladım - "Revolyusiya pojirayet svoix detey". (İnqilab öz yetirmələrini yeyir).

Həqiqətən də bu gözəl səhnə həmin həqiqəti bariz şəkildə nümayiş etdirən çox gözəl bir tapıntı idi ki, indiyə qədər gözümün önündən getmir...

Dediyim kimi, tamaşada bu cür gözəl bədii tapıntılar çoxdur və heç birinin təsirini sözlə ifadə etmək mümkün deyil... Əgər mümkün olsaydı, onda teatr olmazdı, nəsr olardı... Bunları yalnız səhnədə görmək və görərək qiymətləndirmək, ən əsas da hiss etmək lazımdır.

Tamaşada işıq effektləri, gözəl musiqilər, maraqlı rəqslər və plastika nömrələri - hər şey yalnız bir ideyaya xidmət edirdi - İblisin şüurda və təhtəlşüurda yaratdığı xaos və bu xaosun içində özünü itirmiş insanın halını nümayiş etdirmək... Əslində, bu acizlik elə XXI əsrdə də davam edir, bu gün də aktualdır. Məhz özünü itirmiş insan obrazının yaratdığı çaşqınlıq və acizlik hissi baxımından şəxsən mənə Nurlanın oyunu Bəhruzun oyunundan daha təsirli görünmüşdü. Yəni əslində Nurlan da elə Bəhruzun qurdugu obrazı oynayırdı. Sanki rejissor İblisin əlində aciz qalan baş qəhrəmanın iki versiyasını bizə göstərirdi. Biri özünü itirmiş, çaşqın, beyni və ruhu çökmüş insan, digəri isə az qala İblisə meydan oxumağa çalışan daha dinamik, daha xarizmatik,  daha mübariz, bir az da ironik, lakin buna rəğmən yenə də İblisin əlində aciz qalan insan... Sanki rejissor bu iki versiyanı nümayiş etdirməklə demək istəyir ki, mübarizə aparmağın, çarpışmağın xeyri yoxdu, hər iki halda sonda İblisin cəngindən yaxa qurtara bilməyəcəksən. Çünki İblis sənin içindədi, İblis sənin özünsən....

Tamaşada aktyor işi də yüksək səviyyədə idi. İlk səhnədən sona qədər hərəkətdə olan aktyorlara yalnız bəzi səhnələrdə sanki nəfəs dərməyə imkan verilirdi. Çox çətin və mürəkkəb mizanlar, sinxronluq tələb edən plastik kütləvi səhnələr çoxluq təşkil edirdi ki, bu da aktyorların işini çox ağırlaşdırırdı. Lakin bütün bu ağırlığa və çətinliyə rəğmən hər kəs öz öhdəsinə düşən yükü sona qədər müvəffəqiyyətlə çəkə bilirdi...

Hərçənd ki, belə mürəkkəb və çoxmənalı tamaşaları bir yazı ilə tam dəyərləndirmək mümkün deyil. Təbii ki, tamaşada müəyyən qüsurlar da olmamış deyil, ancaq mən yaxşı şeyləri açıq deyib, çatışmazlıqları qulağa pıçıldamağı sevən adamam.

Ümumilikdə, Bəhruzun rejissor debütünü şəxsən mən uğurlu hesab edirəm və Bəxtiyar müəllimin bu təşəbbüsünü alqışlayıram. Ortada həqiqətən də maraqlı, çoxqatlı və dərin bir tamaşa var.

Əvvəldə qeyd etdiyim eksperiment çərçivəsində ərsəyə gələn ikinci əsər isə Ceyhun Dadaşovun hazırladığı "Şinel" tamaşası idi.

Eyni səhnədə və oxşar bədii priyomlarla işlənsə də, əslində hər iki tamaşa bir-birindən yerlə-göy qədər fərqlənirdi. Təbii ki, bu fərqlilik mənim qavrayışıma da təsir elədi. Bəhruzun "İblis"ə yanaşması mənim bu əsərə münasibətimlə üst-üstə düşürdüsə, Ceyhunun "Şinel"ə yanaşması xeyli fərqli idi və açıq etiraf edim ki, əvvəlcə mənə yad göründü. Öz aləmimdə bu yanaşma tərzini Qoqoldan uzaq hiss elədim. Əvvəlcə beynimdəki stereotiplər mənə tamaşanı tam qavramağa mane oldu. Qeyri-ixtiyari öz düşüncəmdəki Şinel ilə Ceyhunun Şineli arasındakı fərq məni qıcıqlandırırdı və tamaşadakı rejissor tapıntılarını, metaforaları, simvolları düzgün dərk etməyə imkan vermirdi. Demək olar ki, bütün tamaşa boyu beynimdə dolaşırdı ki, axı bu Qoqol deyil... Hətta rejissoru əsərin mahiyyətini təhrif eləməkdə də qınayırdım.

Lakin tamaşadan sonra Bəxtiyar müəllimlə qısa söhbətimiz zamanı onun dediyi bir kəlmə söz mənim şüurumdakı stereotipləri qırdı və tamaşaya fərqli baxmağa vadar elədi.

"Axı bu, Qoqolun "Şinel"i deyildi", sualıma Bəxtiyar müəllim qəribə bir təbəssümlə, "Burda nə var ki, bu da rejissorun görümündəki Şineldi", - deyə cavab verdi.

Bu kəlmə məni düşündürdü və anladım ki, tamaşaya baxarkən, yalnız Qoqolun Şinelinə köklənmək məni rejissor görümünün əsl istiqamətindən sapdırıb.

Yalnız bundan sonra tamaşanın səhnələri, orda baş verənlər xəyalımda tamam başqa aspektdən canlandı və özümə əsərin dərki üçün açar tapdım - "mən əslində, növbəti İblisə baxırdım".

Həqiqətən də Ceyhunun görümündə, geyim vasitəsi olan şinel sanki ümumiləşdirilərək, bu gün insanların ruhuna, varlığına hakim kəsilən, konfliktlərin, dramların səbəbi olan, qardaşı qardaşa, atanı oğula düşmən edən maddi dəyərlərin ümumiləşdirilmiş obrazı kimi təqdim edilir.

O şinel üstundə dava gedir, obrazlar şinelləri geyinib soyunur, hətta bir şinelin bir qolunu biri, o biri qolunu başqası geyinir, az qala bölüb parçalayırlar. Əslində isə insanlar şineli yox, şinel insanları bölüb parçalayır, vəhşiləşdirir, insaniyyətdən ayırır. Şinel insanların ruhunun dərin qatlarındakı rəzalətləri üzə çıxarır.

Tamaşadakı Şinel həm Ayfondu, həm Mersedesdi, həm üçmərtəbəli villadı, həm brend geyimlərdi, həm ziynət əşyalarıdı, həm kef məclisləridi, həm əyləncədi... Bir sözlə, insanların ağlını başından çıxaran İblisdi.

Və sonda bütün qəhrəmanlar Şinelin içinə girib yox olur, daha dəqiq desək, şinel onları udur. Eynən İblis insanları udan kimi.

Tamaşanın finalı mənə illər əvvəl Rövşən Almuradlının quruluşunda "Yaşlı xanımın gəlişi" tamaşasının finalını xatırlatdı.

Orda finalda hamı ayaqyoluna girir, bütün insanları sanki nəcasət udur, burda isə eyni funksiyanı iblis-şinel obrazı yerinə yetirir...

Mesaj isə eynidir - insanlar maddi nemətlərin təsiri altında insanlıqlarını tərk edib. Bu isə öz növbəsində insanların öz ruhlarını iblisə təslim etməklərinə bərabərdir.

Bu tamaşada da çoxsaylı rejissor tapıntıları, metaforalar, simvollar vardı, lakin konkret aktyor oyununa köklənməyən bu tapıntılar daha çox plastika və bədən dili üzərində idi. Ümumilikdə, tamaşada baş qəhrəman yox idi, hansısa obraz ön plana çıxarılmamışdı.  Hamı bərabər idi. Baş qəhrəman isə yalnız İblis-Şinel idi.

Burda da hədsiz dinamika, hərəkət, sürət tamaşaçının diqqətini yayındırmağa imkan vermir, sona qədər temp düşmür, diqqət səhnədən yayınmır. Lakin Bəhruzun tamaşasından fərqli olaraq zənnimcə, burda çoxqatlılıq nəzərə çarpmırdı, bütün bədii tapıntılar yalnız bir müstəvi üzərində inkişaf edirdi - sanki hər şey və hamı İblis-Şinel obrazına işləyir, onu ön plana çıxarır, onun rejissor görümündəki mahiyyətini açmağa çalışır.

Tamaşada iştirak edən aktyorların - Elnur İsmayılov, Əli Əlizadə, Hilal Dəmirov, Nurlan Süleymanov, Zəhra Hüseynova, Nəzrin Zeynalova, Oqtay Kazımov və Aydan Həsənova, əksəriyyəti tələbələr olduğuna görə, onların işini uğurlu hesab edirəm, çünki heç kim ümumi ansambldan qopmurdu, hər kəs çətin və ağır səhnələrlə zəngin tamaşada bütün energetikasını və gücünü ortaya qoyurdu. Müəyyən xırda çatışmazlıqları isə məncə, aktyorların və rejissorun debütü faktoruna güzəştə getmək olar.

Tamaşada rəqslərin quruluşu isə Ceyhun Dadaşov və Elnur İsmayılova aiddir. Və düşünürəm ki, onlar da tamaşanın dinamikasını yüksək səviyyədə saxlamağa nail olmuşdular.

Ən bəyəndiyim xüsusiyyət isə o oldu ki, heç bir rejissor öz debütündə yüngül və asan işlərin dalınca qaçmadı, ən ağır ən çətin mizanlarla zəngin çoxqatlı, düşündürücü əsərlər ortaya qoya bildilər.

Sonda hər iki tamaşanın həm rejissorlarını, həm də bütün yaradıcı heyətini təbrik edirəm və gələcək yaralıcılıq fəaliyyətlərində uğurlar arzulayıram. Azərbaycan Dövlət Pantomima Teatrının rəhbəri Bəxtiyar Xanızadəyə isə xüsusi təşəkkürümü bildirirəm, çünki indiki dövrdə heç də bütün ustadlar yetirməsi olan gənclərə öz istedad və bacarıqlarını nümayiş etdirməkçün bu cür meydan vermir. Zənnimcə, bu tamaşalar tək teatr sahəsində yox, sənətin bir çox sahələrində yeni yaradıcı qüvvələrin önə çıxarılması işində gözəl örnək ola bilər...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!