"Allah öz göstəriş və tapşırıqlarını vermək üçün mələklərlə göyqurşağında görüşür. Göyqurşağı mələklərin xanasıdır".
Ustad Seyid Məhəmmədhüseyn Şəhriyar
Görkəmli sənətkarımız, Azərbaycan-türk muğamlarının şahbanusu Rübabə xanım Muradovanın yadigarı hesab etdiyim Azərbaycanın Xalq artisti Mələkxanım Əyyubova haqda yazdığım bu ədəbi-essedə sirlər xəzinəsi olan milli sərvətimizlə bağlı bəzi düşüncələrimi oxucularla bölüşməyi lazım bildim. Əsl sənətin gerçəkliyindən söz açmadan, birbaşa sənətkardan danışmaq, zənnimcə, yağsız və şəkərsiz halvaya bənzər. Keçək mətləbə!
Azərbaycanın muğam sənəti böyük mədəniyyətin, dövlətimizin və millətimizin musiqi ənənəsinin ən parlaq təcəssümüdür. Azərbaycan muğam sənəti xalqımızın genezisi, təfəkkür dünyası, poeziyası ilə sıx bağlı olub, onun mənəvi aləminin ümumbəşəri tərənnüm obyektidir. Azərbaycan muğam sənətinin daha da inkişaf etməsi və Avrasiya məkanında bütün bölgələrə yayılaraq dünyanı fəth etməsi üçün artıq zəngin ifaçılıq ənənəsi yaranmış və bu müqəddəs, şərafətli, mülki-cahan arzuların günəş kimi doğmasına dövlət səviyyəsində diqqət və şərait xeyli artırılmışdır. Ələlxüsus bu sahədə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın muğamsevərləri ruhlandıran qayğıkeşliyi və gənc sənətçilərə himayədarlığı musiqimizin dönməzliyi və sönməzliyidir.
Dünya şöhrətli alim, ürək cərrahiyyəsinin təməl daşlarından biri sayılan, professor, doktor Cavad Heyət görüşlərimizin birində maraqlı bir fikir söylədi. Görkəmli elm və mədəniyyət xadimi, ulu öndərimizin ən yaxın dostlarından biri olan, ustad şairimiz Şəhriyarın hər mənada havadarı sayılan Cavad Heyət dedi ki: Azərbaycan-Türk şeiriyyətinin Xanqızı-Xanzadəsi Xurşid Banu Natəvan Camalımız, çağdaş mədəniyyətin Şahzadəsi-Şahbanusu Mürşüd Banu Mehriban Cəlalımızdır!
Musiqi janrları içərisində muğam janrı qədər unikal bir sənət növü olmadığını söyləsək, heç də mübaliğə etmərik. Görkəmli mədəniyyət xadimi, sənətşünaslıq doktoru, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının professoru Rafiq İmrani "Muğam tarixi" kitabında yazır ki, hər bir xalqın məişəti, adət-ənənəsi ilə bağlı olan folklor musiqi nümunələri, mərasim, məişət mahnıları, xalq mahnı və rəqsləri spesifik xüsusiyyət daşımaqla aidiyyətinə görə mənsub olduğu xalqa şamildir.
Bu mənada ərazicə yaxın qonşu olan xalqların folkloru bir-birindən nəzərəçarpacaq dərəcədə fərqlidir. Azərbaycan, türk, fars, kürd, özbək, qazax, türkmən və b. xalqların nəğmələri, şərqiləri, hətta rəqsləri melodik dilinə, metroritmik xüsusiyyətlərinə, ifa üslubuna görə bir-birindən kəskin surətdə ayrılır. Bu musiqilərin hamısı mənşəcə müxtəlif xalqlar tərəfindən, müxtəlif dövrlərdə fərdi, özünəməxsus səciyyədə yaradılmışdır. Bu da hər şeydən əvvəl onların ayrı-ayrı köklərdən ibarət olmasını sübut edir. Fəqət muğam sənətində belə kəskin fərq hiss olunmur. Muğamlar yalnız zahirən fərqlidir. Azərbaycanda, İranda, Türkiyədə, Ərəbistanda, Özbəkistanda, Qazaxıstanda ifa edilən muğam sənət nümunələrinin qarşılıqlı təhlili göstərir ki, muğam sənəti ayrı-ayrı xalqlar tərəfindən yaradılmayıb.
Professor İmrani sübut edib ki, muğamatın etnik kökü birdir, vahiddir, yeganədir! Bu kök yalnız və yalnız Azərbaycan-türk xalqı ilə bağlıdır. Məhz buna görə də vahid kökdən olan Azərbaycan muğam sənəti digər xalqların yaradıcılığında inkişaf formasına və milli intonasiya çeşidlərinə görə bir-birindən fərqlənir. Başqa-başqa bölgələrdə ifa edilən muğamlar ilk növbədə milli koloritə, ifa xüsusiyyətlərinə görə bir-birinə bənzəmirlər. Bu da hər şeydən əvvəl muğam dəstgahlarımızın milli zəmində formalaşıb inkişaf etməsi ilə əlaqəlidir. Qarabağ, Şirvan, Mil-Muğan, Bakı, Naxçıvan muğam ifaçılığı sənətində səs sistemi və xüsusi spesifik dönmələr, zəngulələr, burun zümzümələri, çənə oynatmaları, xırdalıqlar var ki, onlar Azərbaycan milli xüsusiyyətlərini müəyyənləşdirir və bunların cəmindən də milli kolorit, milli təfəkkür və təkamül məktəbini təmsil edən ənənəvi və toxunulmaz, müqəddəs və bakirə ifaçılıq üslubu yaradır. Azərbaycan muğamları və fars dəstgahları lad etibarilə eyni olsa da (səs sistemlərindən irəli gələn cüzi fərqi nəzərə almasaq), onların ifa tərzi müxtəlif üslublarda həyata keçirildiyi üçün bu muğamların təsir dairəsi bir-birinə ziddir. Belə ifa rəngarəngliyi məhz musiqi sənətinin milli və mənəvi çalarlarını üzə çıxarır və onu milliləşdirir.
Muğamların kim və hansı bölgənin, yaxud hansı xalqın nümayəndəsinin ifa etməsindən asılı olmayaraq, onun lad əsası qeyd etdiyimiz kimi, müəyyən fərqi nəzərə almasaq eynidir. Onları fərqləndirən əsas cəhət səs sistemi və ifaçılıq üslublarıdır. Eyni zamanda muğamların müxtəlif xalqlar, bölgələr və məmləkətlər arasında ifa formalarına, struktur quruluşlarına fikir versək görərik ki, "mənşəcə bütün muğamların kökü birdir" fikri özünü təsbit edir. Azərbaycanda, Özbəkistanda, Tacikistanda, İranda və Ərəbistanda ifa edilən muğamların adları da əksərən eynidir. Ancaq Özbəkistanda və Tacikistanda muğamın adlarında mövcud olan sait səslər dəyişdirilib. Bu dəyişiklik yalnız dialektlə bağlıdır. Məsələn, Segah-Seqox, Çahargah-Çarqox, Dügah-Duqox və s.
Professor İmrani yazır ki, muğam ifaçılığında milli ifa tərzi səs sistemindən, ifa üslubundan, seçilmiş qəzəlin doğma dildə tələffüzündən, eyni zamanda dialektindən asılıdır. Danışıq ahənginin qanunauyğunluqları zəminində muğamın melodik dilinin ritmik xüsusiyyətləri ilə qəzəlin bəhrinin tam uyğun seçilməsinin milli koloritə böyük təsiri var. Əruz vəznində olan qəzəllərin uzun və qısa hecaları muğamın melodik inkişaf xəttinin ritmlik komponentləri ilə üst-üstə düşərsə, bu zaman xanəndə uzun hecalarla muğam boğazlarını, səs çalarlarını, müxtəlif musiqi boyalarını, xırdalıqları sərbəst ifa edə bilir. Belə ifaçılıqda milli dəyərlərə xas cəhətlər, tərənnüm üslubları sənətkar səriştəsi daha qabarıq şəkildə üzə çıxır. Xanəndəlik sənətində İran fars, Azərbaycan (Təbriz) və Azərbaycan (Qarabağ, Şirvan) məktəbləri arasında hiss olunacaq dərəcədə fərq var. İran muğam məktəbinin zəngulələrində xanəndə uzun titrəyişləri ağız nahiyəsində olan çanağa salır və boğaz telləri vasitəsilə bu titrəyişlər əlaqələndirilir, uyğunlaşdırılır. Azərbaycanda ustadlaşan xanəndələr isə, o cümlədən Mələkxanım Əyyubova zəngulələri boğaz telləri vasitəsilə ifa edirlər. Belə ifa üslubları da zahirən səslənmə etibarilə bir-birindən seçilir. Ümumiyyətlə, xanəndəlik sənətində bir neçə cür oxuma üslubu var ki, bu da Azərbaycan xanəndəlik məktəbini fars, ərəb, özbək, qazax və b. xalqların xanəndəlik məktəblərindən yetərincə fərqləndirir.
Azərbaycan xanəndəlik sənətində mövcud olan dörd növ oxuma üslubu Mələkxanım Əyyubovanın məharətlə naxışladığı bu dörd növ muğamat xanasının ilmələri əksər sənətçilərin vurduqları naxışları üstələyib. Əfsuslar olsun ki, bəzi muğamsevənlər elə zənn edirlər ki, zəngulə "banlamaq və ulamaqdır". M.Ə.Sabir yazır:
"Banlamayın, banlamayın cücələr
Banlamamaqdır sizə əhdim mənim".
Yerli-yersiz "banlamamaq" və ya "ulamamaq" üçün möhtəşəm musiqi peyğəmbəri Bülbülün "Füzuli təsnifləri"ni vaxtaşırı dinləmək və dərk etmək zəruridir. Bülbülün muğam məktəbi təfəkkür və təkamülün nəğmələşən sədasıdır! Bülbül muğam məktəbi dəmirçilik yox, zərgərlik sevir. Muğamın zərgərlik zərifliyini qoruyan Mələkxanım Əyyubovanın hər zaman sadiq qaldığı dörd növ oxuma üsulu aşağıdakılardır.
1. Boğazda oxuma üslubu
2. Başdan gələn səs
3. Çənənin köməyi ilə oxuma üslubu
4. Burunda oxuma (zümzümə).
Boğazda oxuma üslubunda xanəndə səs tellərinin vasitəsilə ağciyərdən gələn hava axınını ağız boşluğuna ötürür. Oradan isə səs axını ağız vasitəsilə havalanır. Bu cür oxuma üslubunda əsas güc səs tellərinin üzərinə düşür.
Başdan gələn səs termini ustad xanəndələrin arasında çox işlənir. Belə oxuma üslubu ilə səs axını ağız boşluğunun arxa divarları vasitəsilə çanağa oxşar boşluğa verilir. Səs burada bir növ rezonansa gəlib ağız vasitəsilə kənara ötürülür. Səsin burada xaricə ötürülməsi bir növ əks-sədaya bənzər tərzdə səslənir.
Çənə ilə oxuma üslubunda səs ağız boşluğuna verilərkən çənə vasitəsilə orada vibrasiya (səsin ritmik titrəyişi) əldə olunur. Çənənin yan tərəfə tez və ya gec hərəkəti ilə vibrasiyanın surətini artırıb-azaltmaq olur. Bu üsul ilə çox vaxt muğam qəzəllərinin son uzun hecaları oxunur.
Burunda oxuma (zümzümə) üslubu səsin zərifliyini, kövrəkliyini əks etdirməyə imkan yaradır. Burunda oxumada səs daha təsiredici, qəm gətirən olur. Adətən rəngarəng səs çalarlığı yaratmaqdan ötrü, təkrar olunmuş hər qəzəl beytindən biri zümzümə ilə oxunur. Eyni zamanda xanəndədən asılı olaraq qəzəllər və qoşmalar bütünlükdə və ya bir hissəsi zümzümə ilə oxuna bilər. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Mütəllim Mütəllimov, Yaqub Məmmədov, Arif Babayev, Hacıbaba Hüseynov, Ağaxan Abdullayev, Rübabə Muradova, Sara Qədimova, Yavər Kələntərli bu üsuldan məharətlə istifadə ediblər. Ümumiyyətlə, "Segah" muğamlarını burun zümzüməsi göynətməsə bilin ki, ocağın palıd közünü şam yonqarı dəyişib.
Cabbar Qaryağdıoğlu məclislərin birində qırx il istifadə etdiyi xanəndə dəfini yetirməsi olan gənc Xan Şuşinskiyə bağışlayanda Qurban Pirimov soruşub ki, "Ay Cabbar, qırx ilin sədaqətli dostuna necə qıydın?". Cabbar əmi cavab verir: "Axır ki, arzuma çatdım. Mənim kimi burnunda zümzümə göyərdən xanəndəmiz yetişib".
Qırx ildən çox yaradıcılığına hörmət bəslədiyim, Baba dağının nəğməkar sonası Mələkxanım Əyyubova ilə bağlı bir neçə xatirəmi yada salmağım yerinə düşər. 1982-ci ilin Novruz günləri ərəfəsində yurdumuzun "Acınohur" qışlağında "Çoban baharı" bayram şənliyinə bəstəkar Rəşid Nəsiboğlunun rəhbərlik etdiyi "İrs" ansamblı da dəvət olunmuşdu. Ansamblın gənc solisti Mələkxanım Əyyubova qışlağın dörd bir yanını bürüyən Novruz tonqallarının əhatəsində "Qaragilə" mahnısını nə cür oxudusa, bəstəkar dostumuz Rəşid Nəsiboğlu üzünü gözləri dolan ustad şairimiz Məmməd Araza tutub dedi: "Şair, gözlərin dolmasın. Muğamat dünyamıza ikinci Rübabə xanım gəlir". Məmməd Araz gülümsəyib Rəşid Nəsiboğluna dedi: "Rəşid, sənin üçün ikinci Rübabə xamım, mənim üçün ikinci Sara xanım gəlir".
1992-ci ilin yanvar ayında Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov başda olmaqla respublikanın 100-dən çox dövlət, təsərrüfat adamları, elm, mədəniyyət və incəsənət xadimləri yenicə müstəqil olmuş Azərbaycanın ilk elçiləri kimi qardaş Türkiyə Cümhuriyyətinə rəsmi səfərə getmişdik. Mən o zaman Dövlət Radio və Televiziya Verilişləri Şirkətinin sədri vəzifəsində çalışırdım. O zamankı Mədəniyyət nazirimiz, indi Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun məsləhət bildiyi bir dəstə musiqiçi də, o cümlədən Mələkxanım Əyyubova və Aşıq Zülfiyyə İbadova da səfərin iştirakçıları idilər. Səfərin ikinci günü Türkiyə Cümhuriyyətinin Prezidenti Turqut Özalın və Baş nazir Süleyman Dəmirəlin iştirakı ilə nümayəndə heyətimizin şərəfinə rəsmi ziyafət təşkil edilmişdi. Məclisin şirin yerində Mələkxanım "Segah" təsnifini necə oxudusa, Zülfiyyə xanım "Yanıq Kərəm"ini nə cür çaldısa, Turqut Özal hər ikisini rəhbərliyin oturduğu süfrəyə dəvət elədi. Ələlxüsus Mələkxanımın Rübabəsayağı vurduğu xallar Türkiyə Prezidentini kövrəltmişdi. Turqut Özal Mələkxanımdan soruşdu ki, "Can Azərbaycanda hankı sahədə çalışırsınız? Mələkxanım cavab verdi ki, işsizəm. Turqut Özal üzünü Zülfiyyə xanıma tutub soruşdu ki, yavrum sən necə? Zülfiyyə xanım da cavab verdi ki, mən də işsizəm. Turqut Özal üzünü hər ikisinə tutaraq dedi: Bizim "teletenin" başqanı Aydın bəy məclisdədir. Bakıda iş tapılmırsa, Ankarada tapılar. Ayaz Mütəllibov bu vəziyyətdən xeyli pərt olmuşdu. Onu toxtatmaq üçün, əcaib səhnəni qapamaq üçün Turqut Özala yaxınlaşıb dedim: "Sayın Cümhur Başqanım! Dünən səfərə çıxmamış bu qızların hər ikisinin əmri verilib. Dünəndən etibarən hər ikisi AzTV-nin solistləridir. Qızlar xəbərsizlər". Yalan deyirdim. Əlbəttə, Bakıya qayıdan gün hər ikisini şirkətə işə götürdük. Qızlar bəxtəvərlər kimi səhnə tərəfə dönəndə, Turqut Özal mənə işarə elədi ki, yaxın gəl. Yaxınlaşdım Turqut Özalın dilindən aşağıdakı kəlmələri eşitdim: "Murat bəy, sizdən bir diləyim var. Məleykəmizdən muğayat olun. Onun mürşüd avazında insana ruh verən ruhaniyyət var". Hərdən düşünürəm ki, qardaş Türkiyəmizin Prezidenti Turqut Özalın ruhunu oxşayan Mələkxanım Əyyubova, Prezident Süleyman Dəmirəlin ruhunu oxşayan Qarabağın sona bülbülü Sara Qədimova olub. Görəsən, Prezident Rəcəb Tayyib Ərdoğanın ruhunu oxşayan sənətçimiz kim olacaq?!
Dahi bəstəkarımız Üzeyir Hacıbəyov Azərbaycan-türk muğamlarının özəyində pöhrələnən bu dörd növ oxuma üslubunu təhlil edərək yazır ki, Rast, Şur, Segah, Şüştər, Çahargah, Bayatı-Şiraz və Hümayun Azərbaycan-türk musiqisinin yeddi əsas ladıdır.
Lad nədir? Lad musiqinin səs sırasının quruluşu, səslərin yerləşdirilməsi üsulu, musiqi əsərlərinin, xüsusən də muğamların həm cismidi, həm ruhu. Bir sözlə, Üzeyir bəy bizlərə izah edir ki, yeddi muğam ladımız həm qan damarımızdır, həm də can damarımız!
Muğamların dadına, ruhumuzun ladına toxunmaq olmaz, dəyişmək olmaz!
Mələkxanım sənətə gəldiyi gündən çalışıb ki, "şaqqıldağı, şaqqıltısı, şırpıltısı" ruhumuzu didən yırtıcı caynaqlardan, gecə-gündüz xalqın hesabına yağ-bal içində üzüb, millətə ayran satan "qaymaq"lardan, kök salmayan, kök atmayan, həm köksüz, həm də gövdəsiz budaqlardan, öz rəngini, ahəngini silmək üçün "dad dəyişən, lad dəyişən, ulduzlardan, dad dəyişən meyvələrdən, sinəsində qurd bəsləyən meynələrdən, zövqümüzü, qəlbimizi, ömrümüzü keyləşdirən iynələrdən" uzaq olsun. Bayağı dünyanın giriş yolu bayağı musiqidən başlayır. Əslində bu gün meydan sulayan musiqiyə bayağı musiqi yox, "cındırsayağı" musiqi deyilməlidir. "Cındırın" axırı "andır" olmasa, zövqümüzü bit basacaq. Mədəniyyət könül xoşluğudur, gödəniyyət qarın boşluğu! Mədəniyyət aş qazanıdır, gödəniyyət xaş qazanı! Təbii musiqinin yarğanı da var, xırmanı da! Dəni də var, dəyirmanı da! Kürəsi, təndiri də var, yağı-şoru-pendiri də! Əfsuslar olsun ki, indiki "dilingilərin" unu var, şəkəri var, yağı var, fəqət halvası yoxdur! "Balvankalar, fonoqramlar, aranjimanlar, şansanetkalar, şansonlar, şlyagerlər, replər, poplar, roklar" doğma ladlarımızı yadlaşdıran "həftəbecər-ləvəngilər" zəmanəsinin ən ağrılı mərəzi budur ki, melodiya yoxa çıxıb. Melodiyasız həyat gözləri kor olmamış, ürəyi kor olanların manqurt düşərgəsidir. Ruhaniyyət avazımız ülviyyətə ruh verməsə qalan da yazıqdır, gedən də yazıq! Güdən də yazıqdır, didən də yazıq!
Ağzımızın, süfrəmizin, ruzumuzun dadını dəyişsələr birtəhər dözmək olar. Vay o günə ruhumuzun, ladımızın dadını dəyişələr. Həmin gün "manqurd"luq tapacaq bizi. Bax onda ustad Şəhriyarın söylədiyi "mələklərin göyqurşağı" "tüləklərin gey qurşağı" olacaq!
Yazımı "Seygah"ın pərvanəsi sayılan Rübabə Muradovanın yadigarı, "Bayatı-Kürd"ün divanəsi olan Qulu Əsgərovun yetirməsi Mələkxanım Əyyubovaya həsr etdiyim kiçik bir şeirlə tamamlayıram.
Söz kəramət sultanıdır, muğam qüdrət dastanı
Məmləkətdi, səltənətdi, xilafətdi muğamat!
Həyat giriş qapısıdı, ölüm çıxış qapısı,
Şəhadətdi, ziyarətdi, ibadətdi muğamat!
Qəlbimizin cövhəridi, ruhumuzun gövhəri
Təravətdi, lətafətdi, gülafətdi muğamat!
Şakərində mərhəmət var, nə sınır, nə sındırır
Dəyanətdi, mətanətdi, fəzilətdi muğamat!
Yozulmayan möcüzədi, pozulmayan kitabə
Ülviyyətdi, şərafətdi, ləyaqətdi muğamat!
Yandıranı yandırandı, donduranı donduran
Xoş ülfətdi, sədaqətdi, məhəbbətdi muğamat!
Rübabənin yadigarı Mələkxanım bilir ki,
Yavər, Şövkət, Sara, Zeynəb, Həqiqətdi muğamat!
P.S. "Azərbaycan-Türk" musiqisinin müşərrəf sona bülbülü Mələkxanım Əyyubovanın bənövşə yaşı mübarək, yasəmən ömrü hümayun olsun!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!