Bənzərsizlik - Atababa İsmayıloğlu kaman ustası Munis Şərifov haqqında yazır

 

"Mənim ümumi yaradıcılığımı hissələrə bölsək böyük bir siyahı alına bilər. İfaçılıq sənəti, folklor sənəti, ansambl işi, çəqanə-kamança ifaçılığı, ansambl rəhbərliyi, musiqilərin aranjimanı, tərtibatı və təşkilati işlər. Təsəvvür edin ki, bir adam bu qədər işlə məşğul olur...". Bu sözlər xalq tərəfindən sevilən, görkəmli kaman ustası Munis Şərifova məxsusdur. Göründüyü kimi onun yaradıcılıq sahəsi çoxşaxəlidir, amma bununla yanaşı konkretdir. Bu çoxşaxəli yaradıcılıq bir mənbədən, nüvədən qidalanır, bəhrələnir. Musiqiyə, bir az da konkretləşdirsək kamana məhəbbətdən. Azərbaycanda onlarca musiqi məktəbinin kaman siniflərində minlərlə, bəlkə də on minlərlə insan oxuyub və indi də oxuyur. Amma mahir kaman ustaları barmaqla sayılası qədərdir. Səbəb? Səbəb isə insanın həyatında baş verən hansısa bir məqam və bunun nəticəsində sənətə sevgi, məhəbbətdir. Həyatda elə anlar odur ki, insan onu heç vaxt unutmur.

Munis müəllim də həmin məqamı, həmin günü minnətdarlıqla xatırlayır. Ağdaş musiqi məktəbinin kaman sinfində oxuyanda atası haradansa görkəmli kaman usdadı, Xalq artisti Habil Əliyevin "Segah" muğamı yazılmış bir valını tapıb gətirir. Ona qulaq asan Munis ömürlük kamana vurulur, artıq kamança çalmır, onu özünəməxsus dinləndirir, danışdırır. Amma onu təqlid etmir, ifasını özünəməxsus çalarla zənginləşdirir. İnanmırsınızsa onun ifasında sözsüz mahnılara qulaq asın. Yəni Munis Şərifovun kaman ifasına. Bir də görəcəksiniz ki, mahnının sözlərini dodağınızda, beyninizdə zümzümə edirsiniz. Bu artıq adicə kaman çalmaq deyil, insanın duyğularını, hisslərini barmaqları vasitəsilə ağac və simlərdən ibarət kamana hopdurmaq, bu üsulla onları səsləndirməkdir. Sözlə ifadə olunmayan duyğuları tamaşaçılara çatdırmaqdır. Belə bir məqamda musiqi aləti bəşəriləşir, bəşəriləşdiyi üçün müqəddəsləşir. Axı, gözəllik təkcə təbiətdə, canlıların görkəmində deyil. Ən böyük gözəllik millətindən, dinindən asılı olmayaraq insanların qəlbindədir. Munisin şəxsində kamança məhz həmin gözəlliyi üzə çıxarır, o gözəlliyi ki, biz ifa olunana, dinləyənə qədər görə, eşidə bilmirdik. Elə Munis müəllim də öz düşüncələrini bu fikrimizə oxşar halda izah edir. Verilişlərin birində deyir: "Musiqi alətləri təbii ağacdan emal olunur, düzəlir. Onlar da insan kimi nəfəs alır, insan kimi soyuğa, istiyə, nəmliyə, quruluğa həssasdırlar. İnsan bunu necə hiss edirsə musiqi alətləri də elə duyur. Alətləri əlinə götürəndə, simləri tutanda hiss edirsən ki, bu gün hava necədir? Bir də alətə tam yiyələnəndə, onu mənimsəyəndə duyursan ki, musiqi beyinlə ürəyin arasında bir vəhdət yaradır. O da barmağa gəlib süzülür, barmaqdan alətə veriləndə bunlar birləşib eyni olur, onda adam aləti oxuyur. Alətlə danışmaq olur".

Munis müəllim sözlə dediyi bu fikirləri əməlləri ilə təsdiq edir. Onun ifasında "Mənim dünyam", "Sarı gəlin", "Küçələrə su səpmişəm", "İlk məhəbbət", "Qal, sənə qurban", "Qonaq gəl bizə" və s. mahnılarına qulaq asmısınızmı? Qulaq asan kimi insan onun kamanının zümzüməsi ilə başqa bir aləmə səyahət edir, paklaşır.

Yəqin ki, əfqanlar "Leylican" mahnısının sədalarını Azərbaycan kamanının simlərindən axıb süzüldüyünü görəndə onu ifaçısına da, onun şəxsində Azərbaycan xalqına da məhəbbəti artır. Hindlilər də onun kimi. Ruslar Munis Şərifovun ifasında P.Çaykovskinin "Qu gölü" baletindən bir parça dinləyəndə axı necə də təşəkkür etməsinlər.

Bu gün dünya şöhrətli musiqiçi Munis Şərifov öz keçmişini ehtiramla yad edir. Onun bu ehtiramında bir ürək ağrısı, nostalgiya duyulur. O, dünyaya göz açdığı Ağdaş rayonunun Ərəbocağı kəndini də, oradan gah piyada, gah da üstüaçıq yük maşınlarının "kuza"sında Ağdaş musiqi məktəbinə getdiyi əzablı günləri bu gün həzzlə, ləzzətlə xatırlayır. Çünki o çətinliklər, ötən günlər bu gün öz bəhrəsini verir, ona şərəf, şöhrət gətirir. Onu musiqiyə, tar çalmağa meyilli olan müəllim atası yönəltmişdi. Ata belə düşünürdü ki, bir halda ki, evdə tarçalan var, kamança niyə olmasın. İstəyirdi ki, o, tar çalanda oğlu Munis də kaman ifa etsin. Ağdaş musiqi məktəbindəki kaman müəllimlərini Munis bu gün də unutmur. Söz düşəndə muğam müəllimi, mərhum Şahid Abdullayevin Bakıya gəlməməsinə təəssüflənir, gəlsəydi, məşhur sənətkarlar olardı deyir. Onun öz üslubu vardı. Müğənnilər rəhmətliyin ifasına heyran idilər. Özləri ilə toylara aparırdılar, - deyir.

Notları isə ona Ağdaş musiqi məktəbində Şahin İbrahimov öyrədirdi. Şahin müəllim bu gün öz yetirməsi Munis Şərifovla da qürur duyur, öyünür. Asəf  Zeynallı adına Bakı Musiqi Məktəbində isə bəxti gətirir. Görkəmli sənətkar, xalq tərəfindən sevilən, professor Şəfirə Eyvazovanın sinfinə düşür. Şəfiqə xanım bu tələbəsinin istedadını duyur və ona təhsilini Azərbaycan Dövlət Konservatoriyasında, yəni indiki Musiqi Akademiyasında davam etdirməyi tövsiyə edir. Müəllim tələbə ünsiyyəti bu ali sənət ocağında da davam edir. Xalq artisti Şəfiqə xanımın tövsiyələri ilə yanaşı, zəhmətkeşliyi, kamançaya məhəbbəti öz bəhrəsini verir. Tələbəlik illərindən el şənliklərində, tədbirlərdə çıxış edir, həm tanınır, həm də maddi imkanını yaxşılaşdırır.

O, hələ Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının II kursunda oxuyarkən, yəni 1982-ci ildən Xalq artisti İslam Rzayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Konsert Birliyinin nəzdində yaradılan ansamblda professional musiqiçi kimi fəaliyyət göstərir. İndiki yaşlı nəslin yaxşı yadındadır. O zaman İslam Rzayevin ansamblı geniş nüfuz qazanmışdı, təkcə Bakının konsert müəssisələrində deyil, Azərbaycanın bütün guşələrində, eləcə də radio və televiziyada müntəzəm çıxış edirdi. Onun tərkibində tanınmış sənətkarlarla yanaşı, gənclər də iştirak edirdi. İslam müəllim gənclərin sırasından ən istedadlısını, qabiliyyətlisini öz ansamblının sıralarına gətirirdi. Munisin belə ansamblda işə başlaması onun gələcək uğurundan soraq verirdi. Elə verdi də.

Konservatoriyada oxuyarkən SSRİ-nin paytaxtı Moskva şəhərində keçirilən Gənclərin və Tələbələrin XII Ümumdünya Festifalında iştirak edir və festivalın diplomuna layiq görülür (1985).

Munis Şərifovun kamanda mahir ifası nəinki azərbaycanlıların, eləcə də bu alətə rəğbət bəsləyən, öz ölkələrində ona ehtiyac duyan Şərq xalqlarının da diqqətini çəkir. O, kaman ustası kimi qonşu İran İslam Respublikasına dəvət alır, 1993-1995-ci illər ərzində Tehranın Musiqi və Mədəniyyət Mərkəzində kamança müəllimi kimi fəaliyyət göstərir. Sənətkarlığı Tehran radiosunun və televiziyasının diqqətindən yayınmır. Mütəmadi olaraq onların musiqi proqramlarının qonağı olur. Bu isə kaman ustasının neçə-neçə ölkədə tanınması demək idi. M.Şərifovun İrandakı fəaliyyəti coğrafi cəhətdən təkcə Tehranla məhdudlaşmırdı. O, solo konserti vermək üçün İran Respublikasının bir çox şəhərlərinə də səfərlərə çıxırdı.

Munis Şərifovun Habil müəllimin segahı kimi həyatında dönüş edən məqamlardan biri Konservatoriyanı bitirdikdən sonra qədim musiqi alətlərinin bərpası elmi laboratoriyası ilə əlaqə yaratmasıdır. Həmin dövrdə o, həyatını bu işə sərf etmiş, Azərbaycanın Xalq artisti Məcnun Kərimovla ünsiyyət qurur, dostlaşır. Sonrakı illər isə onun silahdaşına çevrilir. Məcnun müəllim 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri şöbəsini bitirdikdən sonra pedaqoji fəaliyyətlə məşğul olur. Elə həmin ildən etibarən orta əsrlərdə adları çəkilən, istifadə edilən, dövrümüzə gəlib çatmamış, unudulmuş qədim musiqi alətlərinin öyrənilməsi və bərpası istiqamətində elmi tədqiqat işlərinə başlayır. Amma məsələ onda idi ki, Məcnun Kərimov alimdi,  elmlər doktoru, professor idi, ifaçı deyildi. Bakı Musiqi Akademiyasında qədim musiqi alətləri laboratoriyasına rəhbərlik edirdi. Başa düşürdü ki, əgər qədim musiqi alətləri ifa olunmasa ən yaxşı halda muzey eksponatına çevrilə bilər. O, həmin alətləri dindirmək, danışdırmaq istəyirdi. Elə kamançanın bənzəri, bəlkə də ulu babası olan çəqanə kimi. O, çəqanəni dindirmək üçün Munisi laboratoriyasına dəvət edir. Munis nəinki çəqanəni dilə gətirir, eyni zamanda təklif edir ki, qədim musiqi alətlərindən ansambl təşkil edilsin. Bu təklif Məcnun müəllimin də ürəyincə olur. Çox keçmir ki, Azərbaycan dövlətinin qayğısı ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət  Muzeyinin nəzdində belə ansambl yaradılır. Ştatlar təsdiq olunanda Məcnun Kərimov bədii rəhbər, Munis Şərifov musiqi rəhbəri (konsertmeystr) vəzifələrini tuturlar. Munis müəllimin təklifi ilə indi Respublikamızın Əməkdar artisti olan Nuriyyə Hüseynova, sonra isə Xalq artisti adına layiq görülən Teyyub Aslanov ansambla solist götürülür. Məlumat üçün bildirək ki, bu ansambl klassik ədəbiyyatda eləcə də görkəmli musiqi alimləri Əbdülqadir Marağainin risalələrində, Fərrabinin əsərlərində, Səfiəddin Urməvinin kitablarında və başqa görkəmli sənətkarların yazılarında adları çəkilən musiqi alətləri əsasında yaradılıb. İndiyə kimi 11 qədim  musiqi aləti bərpa olunub. Cəng, barbət, çəqanə, çoğur, təmbur, səntur, rübab, rud, qopuz, ney, nüshə.

Məcnun müəllim dünyasını dəyişəndən sonra isə Munis bu musiqi kollektivinə rəhbərlik etməyə başladı. İndiyədək bu ansamblın dünyada tanınmasında böyük xidmətlər göstərir. Əslində bu ansambla dünyanın özünün də böyük marağı var.

Bu gün Munis Şərifov Azərbaycan musiqisinin dünyaya tanıdılmasında böyük xidmətlər göstərir. O, mahir kamançaçı olmaqla yanaşı, çəqanə musiqi alətinin dünyada yeganə ifaçısıdır. 2000-ci ildə Şotlandiyanın Edinburq şəhərində keçirilən "Simli Kamanlı Musiqi Alətləri" mövzusunda Beynəlxalq Simpoziumda solo konserti ilə kamançanın və çəqanənin ifa imkanlarını tamaşaçılara çatdırmışdır. 2002-ci ildə Qazaxıstanın Almatı şəhərində qazax xalqının böyük musiqiçisi Bolat Sarıbayevin şərəfinə təşkil olunmuş elmi konfransda çəqanəni səsləndirmiş, tamaşaçılarda bu qədim musiqi alətinə məhəbbət və heyrət oyatmışdır. Yenə həmin ildə YUNESKO-nun dəvətilə Fransada Qədim Musiqi Alətləri Ansamblı ilə çıxış etmişdir. 2004-cü ildə Azərbaycan Amerika Mədəniyyət və Təhsil Fondu tərəfindən təşkil olunmuş beynəlxalq simpozium çərçivəsində ABŞ-ın İndiana, Viskonsin və Ohayo Universitetində ustad dərsləri keçmiş və solo konsertləri vermişdir. İndiana Universitetinin fəxri professoru adına layiq görülmüşdü. Həmçinin ABŞ-ın Bloominqton şəhərindəki professor Şahyar Daneşgarin rəhbərlik etdiyi "İpək Yolu Ansamblı"nın tərkibində Amerikanın bir çox şəhərində Azərbaycan milli musiqisinin yüksək səviyyədə nümayişinə və təbliğinə çalışmışdır. Munis Şərifovun repertuarında onlarca belə çıxışlar və uğurlar  olmuşdur. Bu silsiləyə 2006-cı ildə Küveytdə "Əl-Qüreyn" adlı Beynəlxalq Festivalda, 2007-ci ildə görkəmli xalçaçı rəssam Lətif Kərimovun yubileyinə həsr olunmuş sərgi və simpoziumda, 2008-ci ildə Fransanın Villkroz Musiqi Akademiyasının "Mərkəzi və Orta Asiya, Sibir, Çin və Yaxın Şərq simli və kamanlı alətləri" mövzusunda təşkil etdiyi Beynəlxalq konfransda kamança və çəqanə ifaçısı kimi, Almaniyanın Ştutqart şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, tanınmış bəstəkar Firəngiz Əlizadənin rəhbərliyi ilə keçirilən Azərbaycan günləri həftəsində iştirakını xatırlamaq yerinə düşər.

2009-cu ildə Ankara televiziyasının "Könül bağı" proqramında Qədim Musiqi Alətləri Ansamblı ilə milyonlarla tamaşaçının könlünü oxşamış, konsert TÜRKSOY-un diqqətindən yayınmamış, onların dəvəti ilə Türkiyənin Amasiya şəhərində konsert proqramı ilə çıxış etmişdir. Elə həmin ildə ölkəmizdə keçirilən Beynəlxalq Muğam Festivalının açılış mərasimində çəqanə alətini səsləndirmiş, festival günlərində isə kamançanı dönə-dönə dilə gətirmişdir.

Munis Şərifovun həyatında ən uğurlu illərdən biri də 2010-cu ilə düşür. O il YUNESKO "Avropada Novruz" adlı böyük tədbir keçirirdi. Oradakı uğurlu çıxışı indi də tamaşaçıların yaddaşındadır. Həmin il Kanadadakı Azərbaycan səfirliyi 28 May - Respublika günü münasibətilə keçirdiyi tədbirə görkəmli kaman və çəqanə ustasını da dəvət etmişdi. 2010-cu ildə onun Azərbaycan musiqisini dünyada tanıtmaq fəaliyyətinə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Qətər dövlətində Azərbaycan Mədəniyyəti Günlərindəki, Macarıstanın Burqas bölgəsindəki, Özbəkistanın Daşkənd şəhərindəki, İordaniya Haşimilər Krallığının Əmman şəhərindəki və s. çıxışlarını göstərmək olar. Bu çıxışların hər birində onun ifasında çəqanə və kaman alətləri insanların qəlbini oxşamış, Azərbaycan musiqisinin möhtəşəmliyini və ölkəmizdə musiqiyə olan qayğını nümayiş etdirmiş, xalqımıza məhəbbət oyatmışdır. Kaman ustasının həyatında belə uğurlar onlarcadır.

Munis Şərifov 2012-ci ildə Moskva şəhərində keçirilmiş "İntermuzey-202" Beynəlxalq Festivalında Qədim Musiqi Alətləri Ansamblının musiqi triosu ilə, 2013-cü ildə YUNESKO-nun iqamətgahında, 2014-cü ildə Vyana şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Məhsəti Gəncəvinin 900 illik yubiley tədbirində, 2017-ci ildə IV İslam Oyunları çərçivəsində keçirilən "İslam ölkələrinin musiqi alətləri" sərgisinin açılışında və "İnteryerdə musiqi və həqiqət" adlı sərgidə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəki "İpək Yolu" VII Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimində, 2018-ci ildə Aşqabadda keçirilən "Qədim Musiqi sənətinin dərin kökləri" elmi konfransında ansamblla birgə musiqi sənətimizin incəliklərini nümayiş etdirmişdir. Bəli, onun konsert poqramlarını, çıxışlarını saymaqla qurtarmır. Pandemiya dövrü də bu kaman ustasının çıxışlarının qarşısını ala bilməmişdir. Onun milli musiqimizin təbliği məqsədilə gəzdiyi ölkələri gözümüz qarşısına gətirsək, az qala dünyanın xətirəsini çəkməli olacağıq: ABŞ, Kanada, İngiltərə, İrlandiya, Şotlandiya, Almaniya, Fransa, İsveçrə, Çexiya, Rumıniya, Macarıstan, Hindistan, Şri-Lanka, Cənubi Koreya, Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, İordaniya və s.

Munis Şərifov həyatda çox şey qazanıb, çox uğurlara imza atıb. Amma istər-istəməz insan nəsə qazananda nəyisə itirir. İtirdiklərinin qarşısında özünü günahkar sayır. Həssas insanlar bu itirdiklərini heç zaman unuda bilmirlər. Dünya şöhrətli Munis Şərifov kövrək hisslərlə xatırlayır: "Bakıda, İranda, dünyanın neçə ölkəsində başım sənətimə qarışdı. Doyunca ata-anamı görə bilmədim". Bu duyğular həssas bir qəlbin sədasıdır, eyni zamanda gənclərə çağırışdır. Xoşbəxtliyi dünyanın müxtəlif ölkələrini gəzməklə, müxtəlif sənətə aludə olmaqla, hətta dünyada ən çox sevdiyiniz insanla birlikdə olmaqla yanaşı, ata-ananızın da yanında axtarın. Bəzən büruzə verməsələr də onların sizi necə arzuladığını, necə sevdiklərini siz başa düşəndə gec olur.

Bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzində Munis Şərifovun 60 illik yubileyi keçirilirdi. Pandemiya dövrü olduğundan dünyanın bir çox ölkəsindən olan dostları həmin yubileyə gələ bilməmişdilər. Amma dünyanın müxtəlif qitələrindən olan bu görkəmli sənətkarlar ona müasir texniki vasitələrlə öz ürək sözlərini göndərmişdilər. Həmin ürək sözlərinə qulaq asan hər bir azərbaycanlı qürur hissi keçirirdi. Sevinirdi ki, xalqının dünyanı heyrətə gətirən belə bir oğlu var.

Munis Şərifovun mükafatlarını saymaqla qurtarmaz. O, ölkəmizdə sənət adamlarına verilən ən yüksək fəxri ödülə - Xalq artisti adına da layiq görülüb. Amma onun ən yüksək mükafatı xalqın sevgisi, istəyidir. Xalq isə nə istədiyini yaxşı bilir, zənnində heç vaxt yanılmır. Axı, hər bir xalqı yaşadan amillərdən biri də onun mədəniyyəti, musiqisidir. Bənzərsiz ifa tərzi olan Munis Şərifov öz kamanı ilə ürəkləri riqqətə gətirir. Onun rəhbərlik etdiyi Qədim Musiqi Alətləri Ansamblı isə dünyada bənzəri olmayan kollektivlərdən biridir. Bu ansambl Qədim musiqi alətlərimizi nümayiş etdirməklə yanaşı, min illər boyu süzülüb gələn mədəniyyətimizin paklığından, ululuğundan xəbər verir. Arzu, niyyət pak olanda əməl də pak olur.

Munis Şərifov bu gün öz kamançası ilə Azərbaycan xalq musiqisini, muğamları, el mahnılarını, rəngləri ifa edir, klassik və müasir dünya bəstəkarlarının əsərlərini də səsləndirir. Yüz ifaçının içərisində belə onun kamanının səsi fərqlənir. Bənzərsiz sənətkar mənəvi və maddi sərvətimiz olan kamançanın virtuozluğunu dünyaya belə çatdırır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!