İrəvan Teatrının Hidayət dövrü - Cəlal ALLAHVERDİYEV

 

Cəlal Allahverdiyev

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Bu il teatr sənətimizin inkişafında mühüm yer tutan, səhnə sənəti tariximizə parlaq səhifələr yazan İrəvan Azərbaycan Teatrının yaranmasının 140 ili tamam olur. Ömrünün böyük bir hissəsi bu sənət ocağının tarixinə əbədi daxil olan böyük şəxsiyyətlərdən biri də ədəbiyyatşünas, nasir, publisist, şair-dramaturq, görkəmli ictimai-siyasi xadim Hidayətdir. Hidayət həyatının və yaradıcılığının ən qaynar dövrünü bu teatrda keçirmiş, çətinliklərinə sinə gərmiş, uğurlarına sevinmiş və onunla birgə nəfəs almışdır.

Məlumdur ki, ermənilərin müxtəlif dövrlərdə Ermənistanda yaşayan azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, total qırğınlar İrəvanda Azərbaycan mədəni həyatına da ağır zərbə vurmuşdur. Soydaşlarımızın yaşadığı faciələr, müsibətlər bu sənət ocağının taleyindən də yan keçməmişdir. Bütün bunlara baxmayaraq, tariximizin müxtəlif dönəmlərində erməni vandalizminin və şovinizminin qurbanına çevrilən, köçkünlük, didərginlik həyatı yaşayan bu sənət məbədi hər dəfə müəyyən müddətdən sonra öz doğma İrəvan şəhərinə qayıdıb fəaliyyətini yenidən bərpa edib.

Erməni şovinizminin tarixin səhnəsindən silməyə və sıxışdırıb çıxarmağa çalışdığı bu sənət ocağı 1967-ci ilin yanvar ayında yenidən bərpa edilərək öz üçüncü həyatını yaşamağa başlayır. 1968-ci ilin iyun ayında 23 yaşlı gənc Hidayət bu sənət ocağına direktor təyin edilir.

Əslində teatr sənətinə dərindən bələd olmayan gənc bir adamın bu sənət ocağına direktor təyin edilməsinin pərdəsi arxasında bir erməni məkri gizlənirdi. Çünki onlar sosial-siyasi həyatın bütün sahələrində azərbaycanlılara qarşı öz çirkin məqsədlərini "bolşevizm ideyalarının" tələbləri baxımından açıq şəkildə həyata keçirə bilmədiklərindən, özlərinin anti-türk siyasətini bolşevik maskası altında daha incə metodlarla qururdular. Burada Ermənistanın şovinist hakim dairələrinin əsas məkrli məqsədlərindən biri gələcəkdə teatrın rəhbərliyinin "səriştəsiz"liyini bəhanə gətirərək, teatrın bağlanmasına zəmin yaratmaqdan ibarət idi. Amma Hidayətin fəaliyyəti, istedadı, milli və siyasi iradəsi erməni şovinist dairələrinin bu məkrli planlarını gerçəkləşdirməyə imkan vermədi. O, bütün var qüvvəsi və fədakar fəaliyyəti ilə erməni şovinizmi əhatəsində milli teatr məktəbini qorudu.

Yeri gəlmişkən onu da qeyd edim ki, Ermənistanın hakim şovinist dairələri 1968-ci ildə yenicə bərpa olunmuş İrəvanda Azərbaycan Dram Teatrını mərkəzdən, İrəvan şəhərindən uzaqlaşdırmaq üçün Zəngibasar rayonunun mədəniyyət evinə köçürmək istəyirdilər. Teatrı əlverişli şəraiti olmayan kiçik bir mədəniyyət evinə köçürməkdə ermənilərin əsas məqsədlərindən biri onu əvvəlcə 1948-ci ildəki kimi rayon teatrına çevirmək, sonra isə bu sənət ocağının bağlanmasına zəmin yaratmaqdan ibarət idi. Erməni millətçiliyi ideologiyasından çıxış edən Ermənistan rəhbərliyi həmişə açıq, yaxud da gizli şəkildə İrəvan Azərbaycan Dram Teatrının təşəkkülünə daim mane olmağa çalışmışdır. Amma Hidayətin milli və siyasi iradəsi, qətiyyəti sayəsində teatr İrəvanda öz fəaliyyətini uğurla davam etdirdi.

Yenidən bərpa edilən İrəvan Azərbaycan Dram Teatrı öz varlığının üçüncü dövründə çox mürəkkəb problemlərlə üz-üzə gəlməsinə baxmayaraq, Hidayətin yorulmaz zəhməti sayəsində yeni bir inkişaf mərhələsinə qədəm qoydu. İrəvanda mövcud olan teatrlar içərisində öz dəst-xəttilə seçilən bir teatra çevrildi. Hidayət teatrın formalaşması, canlanması üçün Bakıdan Tofiq Hüseynovu, Naxçıvandan Mübariz Əlixan oğlunu, Mirzəağa Əliyev adına İncəsənət İnstitutunu bitirmiş bir neçə istedadlı gənc aktyoru bu sənət ocağında çalışmağa dəvət edir və onlar teatrda səylə çalışır, tamaşaçıların bədii zövqünü oxşayan yeni tamaşalar hazırlayırdılar. Çünki yüksək peşəkar səviyyədə teatr tamaşaları qoymaq və ifa etməyə qadir kollektivin meydana gəlməsi bu sənət ocağının daha da möhkəmlənməsinə ciddi təsir göstərirdi.

Yerli kadrlarla təmin edilməsi üçün 1969-cu ildə teatrın direktoru Hidayət Ermənistanın müvafiq dövlət qurumlarının qarşısında İrəvan İncəsənət İnstitutunun nəzdində azərbaycanlı şöbəsinin açılması məsələsini dəfələrlə qaldırmasına və həmin istiqamətdə nə qədər mübarizə aparmasına baxmayaraq, erməni şovinist dairələri bu ideyanın gerçəkləşməsinə imkan vermədilər. Çünki onlar İrəvanda yeganə milli sənət məbədi olan bu teatrın canlanmasını və möhkəmlənməsini istəmirdilər. Bütün çətinliklərə, problemlərə baxmayaraq, teatr ağır bir şəraitdə, qısa zaman ərzində öz yaradıcılıq imkanlarını daha da genişləndirərək peşəkar kollektiv səviyyəsinə yüksələ bilmişdi.

1970-ci illərdə teatr repertuarını zənginləşdirərək, bir sıra uğurlara nail olmuş və özünün yaradıcılıq zirvələrinə ucalmışdır. Həmin illərdə teatr "Sənsiz", "Sevil", "Aydın", "Köhnə ilin son gecəsi", "Qayınana", "Əliqulu evlənir", "Solğun çiçəklər", "Ana ürəyi", "Yaşar", "Elbrus evlənir", "İkinci səs", "Sən nə üçün yaşayırsan?", "Əks-səda", Hacı Qənbər", "Nəsrəddin", "Atayevlər ailəsi", "Arşın mal alan", "Toy kimindir?", "Məşədi İbad", "İmzalar içində", "Ulduz" və s. onlarca əsəri tamaşaya qoymuşdur. Belə əsərlərin tamaşaya qoyulması bir tərəfdən teatrda rejissor işinin kamilləşməsinin göstəricisi idisə, digər tərəfdən təcrübəli aktyorların bu sənət məbədinin ətrafına cəlb edilməsi idi. Hidayət Azərbaycanın tanınmış incəsənət xadimləri, rejissorlar Nəsir Sadıqzadə, Baxşı Qələndərli, Ağakişi Kazımov, Vəli Babayev kimi sənətkarları tamaşalara quruluş vermək üçün İrəvana dəvət edirdi. Tanınmış rejissorların və aktyorların sıx yaradıcılıq əməkdaşlığı sayəsində sənət kamilliyi ilə nəzərə çarpan tamaşalar hazırlanırdı. Yeri gəldikcə teatr dünya klassiklərinin - A.Ostrovskinin, K.Qoldoninin, Şekspirin, A.Korneyçukun, D.Furmanovun, Molyerin (Jan Batist Poklen) və başqalarının əsərlərinə də cəsarətlə müraciət edir və onları uğurla tamaşaya qoyurdu. Tamaşalardakı rolların aktyorlar tərəfindən yüksək məharətlə ifa edilməsi İrəvanda Azərbaycan teatrının həm möhkəmlənməsinə, həm də nüfuzunun artmasına çox böyük təsir göstərirdi.

Teatrın ahəngdar fəaliyyəti tamaşaçılarda maraq oyatmaq üçün yerli dramaturqlara müraciət də vacib şərtdir. Həmin dövrlərdə İrəvan mühitində isə ədəbiyyatşünaslığın bu sahəsi ilə məşğul olan 1-2 nəfər var idisə, onlardan birincisi Hidayət idi. Hidayət ədəbiyyatın bu janrında da öz qələmini sınamış, "Məhəbbət yaşayır hələ" ilk pyesini yazmışdır. İstedadlı dramaturq Hidayətin "Məhəbbət yaşayır hələ" pyesi 1976-cı ildə İrəvanda milli teatrımızda tamaşaya qoyulmuşdur. Sonralar sənətkarın 1981-ci ildə "Məni qınamayın", 1982-ci ildə "Bu dünyanın adamları" və başqa dram əsərləri də İrəvanda Azərbaycan teatrının səhnəsində uğurlu səhnə həyatını yaşamışdır.

Teatr Qərbi Azərbaycanda soydaşlarımız yaşayan bütün bölgələrə Zəngibasar, Amasiya, Vedibasar, Basarkeçər, Allahverdi, Dilican və b. rayonlara, o cümlədən Azərbaycan məktəblərinə qastrollara gedərək tamaşalar göstərərdi. Qərbi Azərbaycanda elə bir Azərbaycan kəndi çətin göstərmək olar ki, teatr oraya səfər etməsin. Bu bir tarafdən azərbaycanlı əhali ilə bu sənət ocağının əlaqələrinin möhkəmlənməsinə xidmət edirdisə, digər tərəfdən, yeni tamaşaçı kütləsinin teatra cəlb olunmasına müsbət təsir göstərirdi.

Hidayətin rəhbərlik etdiyi bu mütəşəkkil və peşəkar kollektiv yeri gəldikcə çox zəngin və rəngarəng repertuarları ilə qastrol səfərlərinin coğrafiyasını daha da genişləndirərək Bakıya, Naxçıvana, Tiflisə, Borçalıya da gedirdi. İrəvan Azərbaycan Teatrının tarixində ilk dəfə idi ki, bu sənət ocağı Ermənistanın hüdudlarından kənara qastrol səfərlərinə çıxırdı. Bu baxımdan 1978-ci ilin noyabr ayında İrəvan Dövlət Azərbaycan Dram Teatrının Bakı qastrolu bu sənət ocağının tarixinə ən uğurlu və dərin mənalı bir səhifə yazmışdır.

Teatrın Cənubi Qafqazın azərbaycanlılar yaşayan bölgələrinə qastrol səfərləri bir tərəfdən sənət əlaqələrinin genişlənməsinə xidmət edirdisə, digər tərəfdən bu səfərləri siyasi və milli məfkurə baxımından soydaşlarımızı bir-birinə yaxınlaşdırmaq, birinin ədəbi-mədəni nailiyyətləri ilə digərini tanış etmək, milli ədəbi-mədəni əlaqələri möhkəmləndirmək, milli mənəvi düşüncənin formalaşması kimi də xarakterizə etmək olar. Hidayətin erməni şovinizmi əhatəsində fəaliyyətinin uğurlu cəhətlərindən biri də onun milli ədəbi zəminə söykənməsidir.

1968-84-cü illər ərzində Hidayətin təşəbbüsü və dəvəti ilə Azərbaycan mədəniyyətinin, incəsənətinin görkəmli nümayəndələri - Maestro Niyazi, Fikrət Əmirov, Emin Sabitoğlu, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Nəsir Sadıqzadə, Ağakişi Kazımov, İsmayıl Dağıstanlı, Hökümə Qurbanova, Məlik Dadaşov, Leyla Bədirbəyli, Məmmədrza Şeyxzamanov, Zəroş Həmzəyeva və başqaları İrəvan Teatrının qonağı olmuşlar. Teatrın yüksəlişi və aktyorların səhnə yaradıcılığı haqqında məlumatları İrəvanda, Bakıda və başqa yerlərdə nəşr edilən mətbuat orqanlarında dərc edilmiş məqalə və resenziyalarda da görmək mümkündür. Teatrın uğurları ilə bağlı yuxarıda qeyd etdiyimiz fikirlər İrəvanda Azərbaycan dilində nəşr edilən "Sovet Ermənistanı" qəzetində Hidayətin "Xoş arzularla", "Gənclik hərarəti, yaradıcılıq ehtirası", "Adi illərə bənzəmir", "Onun həyatı səhnədir" və s. məqalə və resenziyalarında da öz əksini tapıb.

Bu sənət ocağının inkişafında, onun Ermənistanda yaşayan azərbaycanlıların ruhi-mənəvi və mədəniyyət mərkəzinə çevrilməsində Hidayətin müstəsna rolu olmuşdur. Bu gün də el arasında İrəvan Azərbaycan Teatrını haqlı olaraq Hidayətin teatrı adlandırırlar.

1988-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrı həyatında dördüncü dəfə didərginlik taleyini yaşamağa məcbur oldu. Öz doğma şəhəri İrəvandan didərgin düşmüş teatrı Bakıda doğma övladı kimi qarşılayıb ilk qucaq açan, vaxtilə bu sənət ocağının direktoru işləmiş Hidayət oldu. O, heç zaman öz qayğısını İrəvan Azərbaycan teatrından əsirgəməmişdir. Bu il şərəfli tarixi yol keçmiş İrəvan Azərbaycan Teatrının böyük qürur və fərəh doğuran 140 illik yubileyində Hidayətin də ömür payı var!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!