Kral Akademiyasında oxuduğu illərdə dostları: F.Qarsiya Lorka, R.Alberti və D. Alonso ilə birgə Madriddəki tələbə iqamətgahında yaşamışdır. 1924-1927- ci illərdə kubizmin estetikası cərəyanının tərəfdarı olmuşdur; sonralar dahi sürrealist-rəssam kimi tanınaraq sürrealizmin nəzəriyyəçisi, bir sıra poetik kitabların, romanların və məşhur “Salvador Dalinin sirli həyatı” əsərinin, digər memuarların və gündəliyin müəllifidir. “Fotoqrafiya- ruhun azad yaradıcılığıdır” məqaləsi onun kubizmdən sürrealizmə kəskin keçid dövrünü əks etdirir.
Kiçik fotoaparatın kristal obyektivliyi, qərəzsiz büllur şüşənin yaratdığı aydın və əsl poeziya. Artıq buna insan əli müdaxilə edə bilmir. Burada fizika və kimyanın kövrək ahəngi, ən incə detalları tuta bilir hissiyyatlı plastika. Bu dəqiq və mükəmməl mexanizmin kiçik strukturunun özü, onun şən poetik fəaliyyətinə dəlalət edir. Azca yerini dəyişdirmək, yanpörtü tutmaq, məsafəni düzgün təyin etmək - bütün bunlar onun üçündür ki, barmağın ucundakı istiliyi duyub, bir anda nikelli yaya toxunmaqla dünyaya sevinclə dolu 36 yeni ruhi baxış və ilhamın 40 impulsu şüşənin təmiz büllur obyektindən pırrr.. edib uçsun. Əlin müdaxilə etmədiyi zaman, ruh dərk etməyə başlayır ki, hətta barmağın bir dəqiq, düzgün toxunuşuyla böyük yaradıcılıq işi görmək olar və o tükənməz xoşbəxtlik bəxş edər. Burada ruh yüksəkliyi kustar vərdişlərdən azad olaraq, yalnız mexanizmin qeyri-şüuri yaratdığı hesablamalara tabe olur. Yaradıcı ruhun yeni manerası - fotoqrafiya, nəhayət ki, istehsalın poetik fazasında lazımi qayda yaradacaq. Gəlin, fantaziyanın yaratdığı yeni vasitəsinə etibar edək. Çünki bu vasitələr məkanın və miqyasın təbii, obyektiv qovuşmasından yaranır. Yalnız uydurulmuş nə varsa, əsl orijinallıqdan məhrumdur. Möcüzə o vaxt baş verir ki, o bank əməliyyatı kimi dəyişməz olur. Ruh - bu xüsusi məsələdir...
Gəlin, bir anın içərisində gözün yaratdığı mükəmməl və möcüzəli əsərlə razılaşaq. Gözlərimizi geniş açaq, hər şeyə olduğu kimi diqqət yetirək və əsl baxışın bizə nələr bəxş etdiyini öyrənək. Gözlərimizi qapamaq o deməkdir ki, biz xarici aləmin antipoetik səslərini qəbul etməyə məhkumuq. Anri Russo impressianistləri daha aydın gördü. Xatırlayaq ki, onlar yarıqapanmış gözlərlə baxırdılar və obyektivliyin yalnız musiqisini tuta bilirdilər. Vermeyer Delfitski - bu başqa bir aləmin təzahürüdür. Onun baxışlarının görmə tarixi, həyatda çox nadir rast gəlinən maksimal obyektivlik nümunəsidir. Lakin işığın yaratdığı cəlbedici oyunundan uzaqlaşmağı bacarmadı. Van der Meyer, yeni Müqəddəs Antoni. O, əşyanın toxunulmazlığını saxlayaraq böyük ruh yüksəkliyi ilə əsl mahiyyətinin fotosunu çəkir. Bununla da onun itaətkarlığı və qorxaq zərifliyi üzə çıxır. Rəssamın görmək bacarığı - bu ümumiyyətlə, ruhi məkanı ölçməyin yeni sistemdir. Görmək bacarığı - bu yeni bir şey icad etmək deməkdir. Ümumiyyətlə, icad olunan hər hansı bir şey dəqiq görməyi bacaran, lakin kirpiyi, qaşı olmayan və xumarlanan gözlərlə baxan rəssamın yaradıcılığından nə dərəcədə nöqsandan xalidir? O gözlər distilə edilmiş şüşə kimidir. Onun görüb dərk etdiyi təsvir vasitələri əşyanın üstünə qırmızı örtük çəkilmiş konyuktiv plyonkadan keçən baxışların məhsuludur. Bizim rəssamlıq sənəti hələ də sınaq və səhvlər əsrində yaşayır. Fotoaparat ani anda praktiki nəticə verir. Fotoqrafiya sonsuz fantaziyası ilə əşyaların yeni formasını işıqlandırır. Həmin əşyalar rəssamların yalnız kətan üzərində çəkdikləri simvollarla təsvir olunur. Obyektivin gözləri əlüzyuyanın valehedici soyuq görkəmini, akvariuma dikilən mürgülü baxışları tuta bilir. O, hətta elektrik ölçü cihazlarının kövrək hissələrinin daxilinə təsir edir. Onun baxışı valehedici dəqiqliyə malikdir. Amma rəssamlıqda bu başqa cürdür. Əgər sən, məsələn, meduzanı (dəniz heyvanı) təsvir etmək istəyirsənsə, hökmən sən gitara və ya tütək çalan təlxək çəkməlisən. Fotoqrafiyanın yeni imkanları onun öz təbiətindən doğur. Man Reyanın çəkdiyi şəkli xatırlayın. Bu bədbəxt Xuan Krisin bancoda (zəncilərin barmaqla çaldığı musiqi aləti - Tərcüməçi) çalan zaman çəkilən portretidir. Onun yeni təbii manerası üzərində düşünməyə başlayın. Görəcəksiniz ki, bu əsər yalnız və yalnız texniki prosesin dəqiq təsviridir. Fotoaparatla çəkilmiş işıqlı bir şəklin məhsuludur.
Ey, fotoqrafiya fantaziyası! Fotoaparat vasitəsilə təhtəlşüurun yaratdığı portret daha uğurludur. Məsafənin yüngülcə dəyişməsi nəticəsində yaranan əsər sizdə reallıq haqqında qeyri-adi assosiasiya yaradacaq. Siz heç vaxt buna şübhə edə bilməzsiniz. Bax, bu analogiyadır. Fotoqrafiyada dəqiq təsvir edilmiş pələng ağzı kimi açılan səhləb çiçəyinin dəqiq təsviri günəş şüalarının təsir nəticəsində intim uyarlıq yaradır.
Ey fotoqrafiya, sən poeziyanın heç nəyə tabe olmayan hisslərini tuta bilirsən. Sən postkonstruktivizm ruhunda çəkilən inəyin iri, parlaq gözündə təbiətin kiçik mənzərəsin belə verməyə qadirsən. Sən səmada kiçik, parlaq buludların ən dəqiq hərəkətini tutmağı bacarırsan. Sən yeni yaradılan əşyaların fotoplakatlarını çox işıqlı şəkildə, məharətlə reklam edə bilirsən. Bütün yeni mexanizmlər təzədir. Sənin yaratdıqların gülün rayihəsini və istiliyini verə bilir. Və fotoqrafiya yaradıcılığı ilə ilin hər bir fəslində bahar ətrini vermək mümkündür.
Ey fotoqrafiya! Sən ruhun azad yaradıcısısan.
“...poeziya faktlarla güclüdür. Hər hansı mahiyyət kəsb edən istedadla, bütün yaradıcılıq zövqü ilə işlənilən əşyanın özü belə poetik fakta çevrilir”. Bunu Le Korbuzye-Sonye söyləyib.
Biz artıq bir dəfə demişik: görmək bacarığı ruhi aləmin təkmilləşən yeni ölçü sistemidir. Le Korbuzye “Görməyən gözlər” əsərində dəfələrlə cəhd edib ki, texnikanın, möcüzəli industrial aləmin heyranedici gözəlliyini və sadəliyini görmək üçün bizim gözlərimizi açsın. Gül kimi bakirə və mükəmməl olan bu yeni dünyanın gözəlliyinə vurulmamaq mümkün deyil. Böyük əksəriyyət, xüsusilə rəssamlar daxili narahatlıqla bu aləmi seyr edir, heç bir məntiqə uyğun gəlməyən, lakin bu vaxta qədər onları heyrətləndirən və dəqiq aydınlığı ilə təsvir edən bu əşyaya əsrin harmoniyası və kamilliyi kimi qəbul edirlər. Zərif mexanizm və telefon naqilləri Madam Pompadurun eybəcər tumanının altında əzilir. Elektrik sayğacının kövrək, incə, qara və qırmızı şifrələri də əllə düzəldilmiş eybəcər şkafın içərisində gizlədilir. Əgər imkanları olsaydı, onu hörmçəyin yaratdığı boğucu küncə sıxardılar. Telefon, pedallı ayaqyolu çanağı, ağ minalı soyuducu, bidon, qramofon - bütün bu əşyalar poeziyanın əsl və ilkin təsviridir. Beləliklə, ədəbi zövq adlandırılan kədərli idiotizmi həmin bu əşyalar əvəzləyir və insanları heç nəyə yaramayan antipoetik düşüncədən və formadan məhrum edir. Bizə standartın əvəzinə qəbiristanlıq palçığını sırımaq istəyirlər. Onlar nə zamana qədər qəbristanlığı eşərək, oradan antikvar köhnəlmiş, heç nəyə yaramayan əşyalar axtaracaqlar? Bu, hətta gigiyenadan kənar bir işdir, xəstəliklər mənbəyidir.
Ey möcüzəli texnika aləmi, metal cihazlar, siz nə zaman gecənin bir aləmində qızıl şəfəqlərlə ağacların budaqlarına, dənizə, ulduzlara axacaqsınız. Əgər poeziya ona yad olan sevimli yüksək hisslərdən yaranmış olsaydı, onda heç vaxt ayın işığı su ilə bu cür intim uyarlığa girə bilməzdi. Bu uyarlıq indi mexanizmin nikelləşmiş fiziologiyasında özünü tapmışdır. Əks halda, bu uyarlıq qramofonda fırlanan valın ahəngində özünü tapa bilməzdi.
Ey bədiilikdən uzaq ticarət reklamı aləmi!
Bizi görünməmiş yeni əşyaların okeanına girməyə çağırırsan. Təkərlərin gümüş rezinləri, qutular üstündə ağlı başdan çıxaran siqaretlərin şirin dadı, dodaq boyalarının rəngləri, müxtəlif, örtüklər, cürbəcür rəngdə olan səpilmiş marmeladlar, əla növlü çay paketləri, ən yeni şəkil çəkən aqreqatlar, bütün bunlar əsrin standart poeziyasıdır. Ayaqqabıların möcüzəli şəkli Pikassonun insanı həyəcana gətirən əsərləri kimidir. Fotoqrafiya ilə poliqrafiyanın bu cür ittifaqı şriftlərdə və rənglərdə yeni ritm, musiqi, kaliqramma - bütün bunlar şüur altında doğulur. Burada instikt riskli şəkildə ayıq fikirlə çuğlaşır. Ey qeyri-bədii sənaye incəsənəti, sən, sənaye reklamı bu gün siz yer məkanında pərvaz edirsiz və insanlara sonsuz sevinc bəxş edirsiz. Aciz bədii reklam səninlə müqayisə oluna bilməz. Reallıqla heç bir əlaqəsi olmayan, qarışıq, hansısa hiss oyadan şəkil əlbəsələri bu cür təsvirə malik deyil.
Kobud simvolizmlə eybəcər plastika müasir incəsənət adı altında bu cür reklamlar hazırlayırlar. Buna baxmayaraq, onlar yenə kubizm üzərində yaranmış eybəcər karikaturadan başqa bir şey deyil. Kubizm epoxanın körpə balasıdır. O, öz epoxası ilə qovuşub. Soni Delonun şəkilləri və Frans Lanqanın “Metropolisi” müasirlik demək deyil. Bu anonim ingilis fabrikinin idman kostyumudur. Bu ucuz, qiymətsiz əşyalar sırasından sayılan anonim kinokomediyadır. Bu günkü dekorativ incəsənət nə keramika, nə mebel, nə də kubistik aplikasiyalardır. Bunlar ingilislərin tənbəki çubuğudur. Stəkan şüşədən düzəldilib. Gərək nə dərəcədə kor olasan ki, bu cür əşyaların ahəngdar, utilitar bəzədilməsini, onların vəhşi, geri qalmış instinktlə görməyəsən və qarşısını almağa çalışasan. Şüşə stəkanı və ya ağ boşqabı bəzəyən bu möcüzəyə aparan yolu görməyi bacarmaq lazımdır. Bütün bu gözəlliklər zəhlətökən dekaratevizmdən, üstünü toz basan, ölü əməyin nəticəsində əmələ gələn əşyalardan insanların canını qurtarmaq lazım idi. Və qurtardı da!
Tərcümə etdi: Zakir ABBAS
əməkdar jurnalist
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!