Müharibə filmlərimizdə qadınlar - Sevinc ELSEVƏR

Sevinc ELSEVƏR

 

İkinci Dünya müharibəsi dövründə və müharibədən sonra Azərbaycan kinosunda müharibə mövzusu ləngidilirdi. Bu dövrdə əsasən gah inqilabi mövzuları əhatə edən filmlər, gah da komediya filmləri çəkilirdi. Müharibədən ağrı-acıyla, itkilərlə çıxan insanları güldürmək məqsədilə yüngül süjetli filmlərə üstünlük verilirdi: Təsadüfi deyil ki, müharibənin son ilində, cəbhədə qızğın mübarizə getdiyi bir vaxtda "Arşın mal alan" filmi çəkilməkdəydi, həm də ikinci dəfə. (1945, rejissorlar R.Təhmasib, N.Leşşenko).

Deyirlər ki, müharibədən bəhs edən ən yaxşı əsərlər müharibənin ağrıları səngiyəndən, yaraları köz bağlayandan sonra, soyuq məntiqlə yaradılır. Ola bilsin, doğrudan da, belədir.

İkinci Dünya müharibəsindən danışan Azərbaycan kinosunda Azərbaycan qadınları daha çox arxa cəbhənin mübariz əsgərləri kimi çıxış edirlər.

1958-ci ildə çəkilmiş "Onun böyük ürəyi" (rejissor Əjdər İbrahimov, 1958) filminin qəhrəmanı Səmayə müharibənin gülləbaranı altında qalmasa da, üstünə güllə yağış kimi yağmasa da, onun bütün həyatı müharibə nəticəsində darmadağın olub. Sevib evləndiyi əri Oqtay mühəndisdir, Səmayədən fərqli olaraq, Oqtay gözütox deyil, qanunları çeynəyib əliəyrilik etdiyinə görə onu tutub mühakimə edirlər. Onu mühakimə edənlərdən biri də Səmayənin prokuror qardaşı Rəcəbdir. Bundan sonra Oqtay günahlarını təmizləmək üçün müharibəyə yollanır. Səmayə isə həyatla mübarizədə tək qalır. Üstəlik, qızı Laləni də böyütməli, oxutmalıdır. Səmayə tikintidə fəhlə işləyir, qiyabi təhsil alır, hər şeyə rəğmən ərinin yolunu gözləməyə davam edir. Oqtay isə müharibədən qayıdanda artıq başqasıyla bərabərdir, tək qayıtmayıb.

Qadınlar müharibəyə yollanan kişilərin ümid işığı, söykənəcəyi kimi göstərilir. Səmayə onu sevən, sevgisinə ümid bəsləyən təyyarəçi Mənsura yalandan onu sevdiyini deyir. Ona görə ki, döyüşə gedən əsgər arxada onu sevən, gözləyən birinin olduğuna inansın. Bu inam onu qələbəyə ruhlandırsın.

Səmayənin qardaşı Rəcəb müharibədə yaralanıb gözlərini itirir, hospitalda yatanda Rəna bacısının səsiylə danışır, Rəcəbi inandırır ki, onunla danışan sevdiyi Xalidədir. Həyatın amansız üzüylə qarşılaşan, arxa cəbhədə gecə-gündüz işləmək məcburiyyətində qalan qadınlar həm də döyüşən kişilərin ümidi olmalıdırlar, onlara ruh verməlidirlər.

1959-cu ildə çəkilmiş "Onu bağışlamaq olarmı?" (rejissor Rza Təhmasib) filmində hadisələr müharibədən sonrakı dövrdə cərəyan edir. Ancaq biz görürük ki, müharibə bitsə də, insanların içindəki müharibə hələ də davam edir. Silahlar susub, toplar, tüfənglər susub. Ancaq vicdanlar, ürəklər danışır, müharibəni davam etdirir. Uşaq vaxtı müharibə nəticəsində ailəsindən ayrı düşən Tərlan cinayətkar bir adamın təsirinə məruz qalır, onun nəzarəti altında böyüyür və əlaltısına çevrilir. Müharibədən sonrakı illərdə də həmin cinayətkarın göstərişlərini yerinə yetirir. Tərlanı aldadıblar ki, valideynləri guya vətən xainidir, özü də üzə çıxsa, onu da həbs edəcəklər. Müharibənin qadınların, uşaqların, ailələrin, sadə insanların həyatında necə qorxulu izlər buraxmasından danışan filmin sonunda Tərlan anasına və bacısına qovuşur. Peşmanlıqlar, utanc çoxdur, ancaq hər şeyin səbəbkarı, günahkarı müharibədir. Bu müharibədən ən acı nəsibini alan da Tərlanın anası, bacısı olub. Onlar bütün bu illər boyu tək qalıblar. Bir yandan həyatla mübarizə aparıblar, bir yandan doğmaların itkisinin acısını yaşayıblar. Budur, Tərlanı tapıblar. Ancaq o, bacısına əl qaldıran cinayətkar, oğrudur. Bütün bunlara sinə gərmək olduqca ağırdır.

Kəmalə oxuyub, göz həkimi olub. Vaxtilə ona xəsarət yetirən adamın doğma qardaşı olduğu üzə çıxıb, indi o, qardaşının kor etdiyi gənc qızın gözlərini əməliyyat etməlidir. Onun boynuna ikiqat məsuliyyət düşür. Kəmalə Sevdanın gözlərini işıqlı dünyaya açmaq üçün təkcə həkim kimi məsuliyyət daşımır, o, qızın bu vəziyyətə düşməsinə səbəb olan cinayətkarın doğma bacısı olaraq, namümkünü mümkün  etməyə özünü borclu hiss edir.

1961-ci ildə ekranlara çıxan "Bizim küçə" (rejissor Ə. Atakişiyev) filminin qəhrəmanı Saranın da taleyi Tərlanın taleyilə oxşardır. O da müharibə nəticəsində ailəsindən, anasından, doğma elindən uzaq düşür. Uzun mübarizədən, macəralardan sonra anasına qovuşa bilir.

Bəyim xala müharibədə bütün ailəsini itirib. Oğlunu, ərini, qızını. Ona 20 metrlik otaq veriblər, o da qonşusuyla şərik mənzildə. Qonşusu Bəhram da bundan narazıdır. Elə Bəyim xala da həyatından razı deyil. Ona təsəlli verən şagirdlərinə deyir: "Dərdimin dərmanı otaq deyil. Mənim həyatım keçib gedib. Ərimi itirdim, oğlumu itirdim, ümidimi bircə qızıma bağlamışdım. Deyirdim ki, onun üçün yaşayaram. O da mənə qalmadı. Dedim bəlkə işdə təsəlli taparam, indi bundan da məhrumam. İndi gözlə görək, bu iyirmi metrin əvəzinə sənə haçan iki metr yer verəcəklər. Qorxuram, o günü çox gözləyəm... ".

Bəyim xalanın ölməkdən başqa arzusu yoxdur!

Bəyim xalanın müharibədən necə ziyanlarla çıxdığı Bəhramın vecinə də deyil. Arvadı bunu ona irad tutanda Bəhram deyir: "Nə olsun, mənim də rəhmətlik atam cəbhədə ölüb!".

Müharibəni xatırlamaq, televizorda verilən sənədli xronikaya belə baxmaq filmdəki obrazlar üçün çətindir.

İkinci Dünya müharibəsindən bəhs edən filmlərdəki qadın obrazlarından danışanda xüsusi vurğulamalı olduğumuz obrazlardan biri "Mən ki gözəl deyildim" (1968, rejissor T.Tağızadə) filminin qəhrəmanı 15 yaşlı Səidədir (Xuraman Qasımova). O, uşaqlıqda anasını itirib, atasını isə ön cəbhəyə yola salır. Əmisi Qurbanın himayəsində yaşayan Səidəni hamı uşaq kimi görür. Səidə isə müharibə boyu gözümüzün qabağında həm cismən, həm mənən böyüyür. Səidə işləmək, yararlı olmaq arzusundadır, buna görə o, poçtalyon Şərifə kömək etməyə başlayır. Gözü yolda qalan analara, bacılara, atalara həmişə şad xəbər verə bilmir.

Səidənin bütün bunlara sinə gərməsi olduqca çətindir, ancaq o, hər şeyə dözür. Atasının ölüm xəbərini ondan gizlədirlər. Ancaq poçtalyon Şərif başa düşəndə ki, Səidə bu xəbəri eşitməyə hazırdır, ona acı xəbəri verir. Səidənin əzabları fonunda biz digər sadə insanların da məişətini, güzəranını izləyə bilirik. Oğul, ata, ər itirən insanların ah-fəryadı, naləsi göylərə yüksəlir. Səidənin bir qadın olaraq çəkdiyi çətinliklərə az da olsa toxunulur, Məzahirlə səmimi dostluğu söz-söhbətə səbəb olur, əmisi arvadı onu gözümçıxdıya salır.

Müharibənin acı faciələrindən danışan filmin çəkilişlərində təəssüflər olsun ki, faciə yaşanmışdı. Bu film həm də bununla kino tarximizin yaddaşında qalıb. Filmin müharibə epizodlarının birində partlayış səhnəsi çəkilməliydi. Piratexnik partladıcı qurğunu səhv qayığa yerləşdirir, nəticədə çəkiliş qrupunda rejissor Ramiz Əsgərov da daxil olmaqla dörd nəfər ölür, dörd nəfər yaralanır. Bundan sonra filmin çəkilişini rejissor Tofiq Tağızadə davam etdirir.

"Bizim Cəbiş müəllim" (1969, rejissor Həsən Seyidbəyli) filmində Şəfiqə Məmmədovanın yaratdığı obraz əvvəlki filmlərdəki qadın obrazlarından fərqlənir. Dürüst, ləyaqətli müəllim olan ərinin və uşaqlarının qayğısına qalan, ailəsini çətin günlərdə ağır sınaqlar qarşısında qorumağa çalışan sadə azərbaycanlı qadındır. O, pafosdan da, saxta Sovet ideyalarından da, xəyallardan da uzaqdır, son dərəcə realistdir, düşdüyü şəraitə uyğun olaraq hərəkət eləməyə və analıq instinktiylə övladlarını müharibənin hər cür fəsadlarından, aclıqdan qorumağa çalışır. İlk baxışdan "müsbət " cəhətlərini görməyə bilərik. Ancaq Şəfiqə Məmmədovanın öhdəsindən böyük ustalıqla gəldiyi ana obrazı ən təbii boyalarla əks olunub və Azərbaycan kinosunda ən fədakar ana obrazlarından biri kimi yerini almaqdadır. Lazım gələndə o, öz isti pencəyindən də keçir, soyuqda, yağışda əyni nazik, islanmış halda evə qayıdır, pencəyi satıb balalarına çörək alır. Evdən əşyalar satır. Ürəyiyuxadır, yeri gələndə qonşunun da, başqalarının da halına yanır.

Cəbiş müəllimin bişirib satacağı sabunun pulunun yarısını ərini müharibədə itirmiş qonşu qadınla bölməyi arzulayır. O, arvadının sabun bişirib satmaq təklifini rədd edən Cəbiş müəllimi anlamaqda çətinlik çəkir, çünki özü daha səmimidir, içinin dərinliklərində bütün bu baş verənlərə, yaşadıqlarına bir anlam verə bilmir, Cəbiş müəllim kimi ideyalar, mənalar uydura bilmir. Nəsibə Zeynalovanın, Səfurə İbrahimovanın oynadığı qadın obrazları da yaddaqalan, mənalı obrazlardır. Leninqraddan, müharibədən qaçan yetim, kimsəsiz qıza Suğra xala ürəkdən qapı açır, onu öz balası kimi qoynuna alır, qoruyur, müdafiə edir. Nəcəfovun arvadını oynayan Səfurə İbrahimova sadə, səmimi oyunuyla yaddaşlarda həmişəlik iz salıb. Ərinin ölüm xəbərini öyrəndiyi bir neçə anlıq səhnədə öz oyunuyla tamaşaçıya dərindən təsir edir, faciənin ağırlığını, böyüklüyünü ekran qarşısında oturanlara dəqiqliyilə hiss etdirir.

"Tütək səsi" filminin Sayalısı da çoxlarının qınaq hədəfinə çevirdiyi obrazlardandır. Ər müharibəyə gedir, ön cəbhədə vuruşur, ancaq qadın yeniyetmə oğullarının etirazlarına rəğmən, gənclik sevdası Cəbrayıla ərə gedir. Həmin dövrdə bu olduqca cəsarətli addımdır,ancaq bu cəsarət Sayalıya baha başa gəlir. O, elin qınağına tuş gəlir, oğullarıyla üz-göz olur, onları itirir. Sayalını dözümsüzlükdə, sədaqətsizlikdə qınayanlar çoxdur. Ancaq alınmayan talelər, insan faciələri fonunda Sayalının qəbahəti nədir ki? Müharibəni o başlatmışdı? Ərini uzaqlara, uzaq cəbhələrə o yollamışdı? Həlak olmasını o, istəmişdi? İndi ki vəziyyət belə gətirib, Sayalının bir daha xoşbəxt olmağa haqqı yoxdur? Axı o, bir dəfə öz xoşbəxtliyindən əl çəkmişdi.

İkinci Dünya müharibəsinin qadınlarımızın həyatında qoyduğu ağır izlərdən danışan bir başqa film də "Sahilsiz gecə" (1989) filmidir. Bu film ekranlara çıxdığı vaxt etirazlara səbəb olmuş, Kommunist, Sovet ideologiyasından uzaq bir film kimi dəyərləndirilmişdir. Filmin ekranlardan yığışdırılmasını, rejissorun cəza almasını belə tələb eləyənlər vardı.

Deyilənlərə görə, film milli-mənəvi dəyərlərimizə zidd idi və bizi biabır edirdi. Yazıçı Elçinin "Toyuğun diri qalması" povesti əsasında rejissor Şahmar Ələkbərovun çəkdiyi filmdə müharibə illərində Bakıda bədənini satmaqla dolanan üç qadından bəhs olunur. Qadınlardan biri Bakı ermənisidir, azərbaycanlı qadınları da bu işə o, sövq edib. Hətta film boyu digər iki qadın tez-tez onu "sənə inandıq, aldandıq" deyə ittiham edirlər. (Bəlkə də müəlliflərin fikri bunu göstərmək idi ki, bizim qadınları belə işlərə cəlb edirdilər, tora salırdılar). Əsas qəhrəman olan Zibeydə qocalsa da, onun ətrafında həyat qaydasına düşsə də, hətta özünə yaxşı ev-eşik, şərait düzəltsə də, evini görüş evinə çevirib. Deməli, əvvəlki yolundan qayıtmayıb. Hələ də həmin Zibeydədir. Ancaq elə bir şey baş verir ki, Zibeydəyə təsir göstərir, o, bütün keçmişi, həyatı barədə yenidən düşünməli olur. Görüşə çıxan sevgililərin öpüşməsinə şahid olur, gənc qızla oğlan buna görə haqlı olaraq narahat olurlar. Oğlan sevdiyi qızın adının dillərə düşəcəyindən qorxur. Üstəlik, əsgər getməyə hazırlaşdığı bir vaxtda! O, nə yolla olur-olsun, Zibeydəni ələ almalıdır, həyətlərindən tutduğu toyuğu Zibeydəyə rüşvət aparır, ondan susmasını xahiş edir.

Atası repressiyaya məruz qalan, müharibə illərində təkbaşına, köməksiz olan Zibeydəyə nə dövlət, nə digər insanlar sahib çıxıb, məcbur olub bu yola düşüb. Həmin o üç qadından biri - erməni qadın artıq ölüb, biri isə sən demə, bu yoldan dönüb ərə gedibmiş, indi nəvəsi də var. Bazarda həmin köhnə rəfiqəsiylə təsadüfən qarşılaşan, onun həyatı haqqında öyrənən Zibeydənin peşmanlığı daha da artır. Onun bacardığını Zibeydə bacarmamışdı və uduzmuşdu, qarşılığında indi tənhalıqla cəzalandırılmışdı. Yaşadığı qəsəbənin sakinləri ondan kənar durur, gənc qızlar ona qorxuyla baxırlar, hətta onun pis adam olduğunu düşünürlər.

Ancaq Zibeydə həqiqətən pis adam idi, əlindən pislik gələrdi? Filmi izləyərkən bu suala cavab tapırıq. Baxmayaraq ki, Zibeydə hamı tərəfindən atılmışdı,ona heç kim sahib çıxmamışdı, bu səbəbdən də heç kimi bağışlaya bilmirdi... yenə gənc qıza pislik edə bilmir. Hələ həyata yeni atılan gənc bir qızı Zibeydə bu mühafizəkar, ittiham edən, məhv edən toplumun önünə atardımı? Yox!

"Hamı eyni gücdə deyil" - filmdən çıxan nəticə budur. Bəli, müharibələrdə qəhrəmanlar lazımdır. Ancaq hər kəs qəhrəman ola biləcək gücdə deyil. Zibeydə və rəfiqələrinin də qəhrəman olmağa gücləri çatmayıb. Onlara baxanda nə qəzəb, nə kin hiss etmirsən, sadəcə, acı təəssüf hissi keçirirsən. Sovet imperiyasının sadə insanların həyatına vurduğu zərbələr, repressiyanın, müharibənin yaratdığı boşluqlar, travmalar bu nəticələrə gətirib çıxarırdı, minlərlə qadının, gənc qızın bütün həyatı məhv olurdu.

Zibeydənin həyatına nəzər salanda "Onu bağışlamaq olarmı?" filminin sonunda ananın minlərlə tamaşaçıya üzünü tutub verdiyi sualı vermək istəyirsən?

- Kimdir müqəssir? Bizmi, omu, yoxsa minlərlə fəlakətə səbəb olan müharibələrmi?

1989-cu ildə rejissor Şahmar Ələkbərov Zibeydə rolunu oynaması üçün azərbaycanlı aktrisaları razı sala bilməmişdi. O bu rola Türkmənistan aktrisası Oğuldurdı Məmmədquliyevanı çəkmişdi. Ancaq təəssüf ki, cəmi bir neçə ildən sonra Azərbaycan qadınları elə acı gerçəkliklərlə, hadisələrlə üzləşəcəkdilər ki, ekranda belə təsviri son dərəcə çətin olacaqdı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!