Suyun yaddaşındakı Söz - "Dünya şeirindən incilər" - Babullaoğlunun benefisindən təəssüratlar - Kənan HACI

Kənan HACI

 

Bəzən insan zamanında eşitmədiyi sözləri çox-çox sonralar eşidir; anidən, gözlənilmədən... Və diksinir. Bu qədər aydın fikri mən necə olub ki, eşitməmişəm?! Düşünürəm ki, fikri, mənanı da məhz eşitmək və görmək gərəkdir. Elə sözlər var ki, onları təkcə qulaqla eşitmək mümkün deyil...

Poeziya gerçəkliyi dolayı yolla dərk etmək vasitəsidir. Bu, metafiziki bir macəradır. İnsan sanki öz içini və içindəki dünyanı çölə çevirir. Bu alternativ dünyadan süzülüb gələn hava axını şairin poetik nəfəsini tənzimləyir.

Təbiət hadisələrinin də sözlərə müəyyən mənada təsiri olur. Sübh tezdən bu yazını yazmağa başlayanda illərin uzaqlığında qalmış Bakı "Kapellhaus"undakı o həzin axşamı xatırladım. Yaddaşım məni yanıltmırsa, ondan əvvəlki ildə İçərişəhərin qədim qala divarlarına sığınmış bir məkanda "On" kitabının təqdimatı və şeir gecəsi yaşanmışdı. Əlbəttə, poeziya axşamları mənəvi hadisədir. Mən hər dəfə dəyərli şair dostum Səlim Babullaoğlunun  poetik performanslarında şeirin sərhədlərini genişləndirmək, xüsusən Azərbaycan poeziyasının dünya oxucusu üçün əlçatan olmasını təmin etmək cəhdlərini hiss edirəm. Onun bu istiqamətdə fəaliyyəti, doğrudan da, ölçüyəgəlməzdir.

Qayıdaq şeir axşamlarına.

Səliqə-sahmanlı arxivimdə həmin poeziya axşamlarının "Press relizlə"ləri qalır. Onlara da ötəri göz gəzdirdim və düşündüm ki, söz adamlarının (təkcə söz adamlarının deyil) mütəmadi olaraq bu qəbil görüşlərə çox böyük ehtiyacı var. Bu ehtiyac gündəlik həyatın yeknəsəqliyində unudula, arxa plana keçə bilər, amma ara-sıra insanı diksindirmək, öz içinə boylanmağa vadar etmək, onu ruhuna sərinlik gətirən, duyğularına dərinlik aşılayan musiqilərlə, şeirlərlə baş-başa buraxmaq vacibdir.

Amerika modernist şeirinin yaradıcılarından olan Ezra Paund "Keçmişə baxış və edilməməli bəzi şeylər" adlı məşhur essesində şairlərə xitabən yazır: "Sizin peşənizin bəzi mərhələləri sırf musiqi sənəti ilə üst-üstə düşür. Poeziyanı da, musiqini də eyni qanunlar idarə edir və siz başqa heç bir qanuna tabe deyilsiniz".

Bu, doğru fikirdir ki, klassiklər hər gələn nəsillə yenidən doğulur. Məğriblə Məşriqi birləşdirən ortaq dəyərlər poetik mətnlərdə necə iç-içə, bağrıbadaş olur? Bu prosesə əyani şahidlik etmək üçün Səlim Babullaoğlu yazın ilk günlərində bütün poeziya aşiqlərini bir məkana - Beynəlxaq Muğam Mərkəzinə toplamışdı. "Dünya şeirindən incilər" adlı proqramın başlığında Dünya Şeir Günü ilə Dünya Su Resursları Gününün (21 mart-22 mart) xüsusi olaraq xatırlanması da təsadüfi deyildi. Martın 21-i Novruz bayramı, YUNESKO təqviminə görə Dünya Şeir Günüdür. 22 Mart isə Dünya Su Ehtiyatları Günüdür. Sözlə su həm də o mənada qohumdur ki, heç biri çirkab götürmür. Şeirin ucalığında əbədi qərar tutmuş Nizami Gəncəvi bu dəyişməz həqiqəti bircə misra ilə Sözün yaddaşına əbədi həkk edib:

"Sözün də su kimi lətafəti var..."

Su həyat mənbəyi olduğu kimi, sözsüz də həyat yoxdur. Müqəddəs kitablarda da belə deyilir: "Əvvəl Söz vardı...".

Suyun hansısa xassəsinin sözə yansıması da İlahi qanunauyğunluqdur. Bu Poeziya Gecəsinin də devizi məhz belə seçilmişdi: "Sözün də su kimi lətafəti var".

Mən və həyat yoldaşım İlhamə xanım Poeziya Gecəsinin qonaqları sırasındayıq. Tədbir boyu təəssüratlarımızı bir-birimizlə bölüşürdük. Bu haqda bir qədər sonra...

Azərbaycan Yazıçılar Birliyi bütün bu bayramların qovuşağında "Sözün də su kimi lətafəti var" devizi ilə "Dünya Şeirindən İncilər" adlı Poeziya Gecəsi Səlim Babullaoğlunun orijinal şeirləri və dünya şairlərindən etdiyi poetik tərcümələrdən ibarət "poetik benefisini" keçirdi. Beynəlxalq Muğam Mərkəzində təşkil edilən tədbirdə AYB-nin tərəfdaşları "Azərsu" ASC, Azərbaycan Dövlət Televiziyası, Beynəlxalq Muğam Mərkəzi və AYAR TV oldu. Səlim Babullaoğlunun qiraətini istedadlı pianoçu Fəqan Əliyevin fortepianoda ifasında Avropa və Azərbaycan bəstəkarlarının klassik və modern musiqi əsərləri müşayiət edirdi. İstedadlı bəstəkar Tahir İbişovun seçdiyi musiqilər də tədbirin ümumi ruhuna və estetikasına tam uyğun idi. Tədbirin aparıcısı tanınmış teleaparıcı Ceyhun Əli idi. Tədbirin girişində Azərbaycan Yazıçılar Birliyi adından Xalq yazıçıları Anar və Çingiz Abdullayev "ədəbi prosesə verdiyi töhfələrinə görə" diplomunu bir neçə quruma, həmçinin bu tədbirin dəstəkçilərindən biri kimi AYAR TV-yə də təqdim elədi. Digər diplomçular sırasında "Azərsu" ASC, Azərbaycan Dövlət Televiziyası və Beynəlxalq Muğam Mərkəzi də vardı.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında ədəbiyyatımızın klassiklərini - Cəfər Cabbarlını, Səməd Vurğunu, Mehdi Hüseyni və İsmayıl Şıxlını yada salaraq onların baharın ilk günlərində, martın 22-də dünyaya gəldiyini xüsusi vurğuladı. Tədbirin iştirakçılarına şeir kimi gözəl və mənalı ömür arzulayan Xalq yazıçımız tədbirin təşkilatçılarına Yazıçılar Birliyi adından təşəkkürünü bildirdi.

Xalq yazıçısı Çingiz Abdullayev çıxışında keçmişə qısa ekskurs etməklə unudulmaz Xalq şairləri Xəlil Rza Ulutürk və Vaqif Səmədoğlu arasındakı yumor çaları daşıyan əhvalatı danışmaqla olsun ki, bu poeziya gecəsinin proqramındakı yığcamlığa və bu lakonikliyə rəğmən özündə söz və musiqilərin coğrafi ərazisinin genişliyini ehtiva etməsini təqdir etmiş oldu.

Səlim Babullaoğlu çıxışında dünya poeziyasının incilərini yaratmış Mayakovskinin, Sergey Yeseninin, Marina Svetayevanın, Pasternakın, İosif Brodskinin, Nazim Hikmətin, Tomas Eliotun, Çeslav Miloşun və digər söz ustadlarının mühacirət, intihar və digər faciəvi sonluqlarla bitən həyatları və bu dramatik məqamların doğurduğu əbədi suallar haqda danışdı. Dünya şairlərinin cəlayi-vətən olmasının əsl günahkarları kimlər idi? Niyə? Səbəb nə idi? Səlim Babullaoğlu ustad Herman Hessedən sitat gətirir:

"Bu gözəl dünya dınqıltı əvəzinə musiqi, əyləncə əvəzinə sevinc, pul əvəzinə mənəvi aləm, hay-küy əvəzinə əsl iş, yalançı inilti-sızıltı əvəzinə əsl iztirab istəyən adamlar üçün heç vaxt həqiqi vətən ola bilməz!".

Və öz əlavəsiylə çıxışını bitirir:

Bəlkə səbəb elə burda idi? Hər halda, biz bu sualların cavabını adlarını çəkdiyim böyük şairlərin mətnlərində bir daha hiss edəcəyik.

Frans Şubertin "Serenada"sı səslənir... Melodiya ağrıların və iztirabların tarixçəsini danışır.

XX əsr polyak poeziyasının görkəmli nümayəndəsi Zbiqnev Herbertin "Mühasirədəki şəhərdən hesabat" şeiri...

 

Qəbirlər artdıqca azalır dönməz əsgərlər,

amma müdafiə sınmayıb biz sonadək duracağıq.

İşdi Şəhər əldən gedərsə, qalarsa bir nəfər,

O, özüylə daşıyar Şəhəri qürbətin dolanbacında

demək ki, o özü Şəhər olacaq.

 

Bu tədbirdə şeirləri səslənən böyük şairlərin hər biri qürbət dolanbaclarında yeriyən Şəhər kimi ömür sürdülər. Yaddaşımda Səlimin "Dostuma cavab məktubu" şeirindən aşağıdakı misralar şimşək kimi çaxır:

 

Vətən şərtiliyin ən gözəli -

taleyinə qürbət yazılanların yanında

deməyin bu sözü.

Biz - fəna fasiləsinə çıxmış fanilər üçün dünya əlbəttə ki, bir qürbətdir. Odenin "Qaçqın blüzü" şeiri də insanın insanı bu müvəqqəti dünyadan sürgün etmək cəhdinin sözlə çəkilmiş rəsmidir. Bəlkə də şairin işi elə bu acı və dəyişməz həqiqətləri tarixin və zamanın dərinliklərindən tapıb üzə çıxarmaqdır...

Dünya musiqisi ilə rus musiqisi arasında körpü yaratmış dahi bəstəkar Pyotr Çaykovskinin "İlin fəsilləri. Oktyabr" əsəri... Musiqi qarşımızda yazdan payıza bir körpü atır.

Orxan Vəlinin "Sizin üçün" şeiri dünyamızda "hər şey insan üçündür" həqiqətini pıçıldayır. Bu postulat bütün yaxşı şeylər üçün keçərlidir. Boğazda əbədi heykələ dönmüş Orxan Vəli sanki dünyaya bu sözləri demək üçün gəlmişdi.

Debüssinin "Ay işığı" səslənəndə İlhamə xanım qulağıma pıçıldayır: "Ay sanki ləpələrlə danışır...".

Şeirləri dünya poeziyasının kriteriləriylə səsləşən unudulmaz Aydın Əfəndinin "Nəğmə"si də səsləndi o gün... Onun arzuladığı cənnət sanki xəyalların, arzuların ötəsindədir... Bu arzuların mümkünsüzlüyünü düşünəndə insanı dərin sarsıntı hissi bürüyür. Səlim Babullaoğlu Aydın haqqında təqdimat yazısında onu stixiyası etibarilə "Şər çiçəkləri"ni yazmış Şar Bodlerə bənzədir və əlavə edir:

"Aydın "mən"i olan poeziya(sı)nın  və elə yaşantılarının da sərhədinə gəlib çatmışdı, dalana dirənmişdi - keçə bilsəydi, başqa ruhi müstəviyə qədəm qoyacaqdı. Yəni və yəqin, başqa cür də yazacaqdı. Olmadı".

Bir haşiyə çıxım. İkimininci illərin əvvəllərində Həmid Herisçi mənə Aydının ölümündən sonra rus dilində çapdan çıxmış "Otsutstviye" kitabını bağışlamışdı. O kitabdakı "Özünə bir ada yarat" şeirindən içimi tiftikləyən misralar əbədi yaddaşıma hopub:

 

Сотвори себе остров,

Укрепись в одиночестве.

 

Səlim həmin şeiri də tərcümə edib, mən qəsdən yadımda rusca qalmış variantı sitat gətirirəm. Aydının uğursuz taleyini, məncə, bu misralar daha dəqiq göstərir. Tək yaşadığım illərdə bu iki misra həmişə mənimlə oldu. Onu yapışqanlı kağıza yazıb yaşadığım evlərin divarına yapışdırırdım.

Təbii, benefisin sonunda Səlim Babullaoğlu öz şeirlərini də oxudu. Özünəməxsus intonasiya ilə... Və bu intonasiya elə o şeirlərlə birgə doğulub. Mən onun şeirlərini oxuyanda da özünün qiraətini eşidirəm və o şeirlərdə ifadəsini tapmış mətləbləri görməyə çalışıram.

Şeir günündə, Poeziya Gecəsində mənəvi dünyamız bir az işıqlandı, düşüncəmiz su kimi bir az da duruldu. Əlbəttə, könül istərdi ki, belə işıqlı Şeir gecələrimiz daha çox olsun. Bu qəbil gecələrimiz çox olduqca gündüzlərimiz daha işıqlı olacaq.

Beynəlxalq Muğam Mərkəzindən çıxanda təkcə səmada deyil, içimizdə də bir   Günəş vardı. Bu təəssüratlar uzun müddət yaddaşlardan silinməyəcək. Amma biz gərək tez-tez yaddaşımızı təzələyək!..


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!