I Uşaq Kitab Festivalı - bir möcüzələr adası - Gülnar QƏMBƏROVA

 

Ədəbiyyatın vacib sahələrindən biri olan uşaq ədəbiyyatı daim yazıçı və şairlərin diqqətində olmuş, bu sahəyə olan maraq, həvəs onları bir-birindən dəyərli əsərlər yaratmağa sövq etmişdir. Bu, sevindirici haldır. Çünki uşaqların ədəbiyyatı elə böyüklərin ədəbiyyatı deməkdir. İnsanın bir şəxsiyyət kimi yetişməsi, cəmiyyət və sosial mühit içində fərd olaraq öz sözünü deməyə müvəffəq olmasının təməli  elə uşaqlıqdan qoyulur. Təbii ki, bütün bu deyilənlərin mükəməl olması üçün təlim, tərbiyə işinin təşkili ilə yanaşı mütaliə də mühüm rol oynayır.

Uşaqları hələ kiçik yaşlarından kitaba həvəsləndirmək, onları oxumağa alışdırmaq labüd məsələdir.  Hələ 1658-ci ildə çex maarifçisi və pedaqoqu Y.A.Komenski uşaqlar üçün fərqli və rəngarəng rəsmlərin yer aldığı bir kitab nəşr edir.  Bu dövrdə Qrimm qardaşlarına məxsus nağıllar kitabının nəşri də maraqlı hadisələrdən biridir. Hətta XVIII əsrdə uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranmağa başlayır. 1719-cu ildə D.Defo və C.Sviftin böyüklər üçün yazdıqları "Robinzon Kruzo" və "Qulliverin səhayəti" romanları uşaqların maraqla mütailə etdiyi əsərlərdəndir. Maraqlı rəsmlərlə birlikdə uşaq ədəbiyyatı yazmaqda müəlliflərin məqsədi uşaqların intellektual inkişafında kitabların rolunu artırmaq, kitaba sevgi aşılamaq, kitab mədəniyyətinə diqqət yaratmaq idi. Məhz buna görə çoxları XIX əsri uşaq kitabının "Qızıl dövrü"  hesab edirdilər.

Əsrin əvvəllərində görkəmli Firidun bəy Köçərli, Mirzə Ələkbər Sabir, Üzeyir bəy Hacıbəyli, Soltan Məcid Qənizadə, Abdulla Şaiq, Cəlil Məmmədquluzadə və başqa maarifpərvər ziyalılarımız yaradıcılıqlarında uşaq ədəbiyyatına yer ayırmış, nağıllar, şeirlər, təmsillər yazmışlar. Təkcə şeir, nağıl deyil, hesab, həndəsə, təbiət, təbabət və başqa kitablar da yazaraq dərs vəsaitləri tərtib etmişlər. Millətin tərəqqisinin  uşaqların bilikli və savadlı, elmli, dünyagörüşlü olmasından başladığını,  bunun da yalnız kitablar vasitəsilə mümkün olduğunu bilən ziyalılar təkrarolunmazdır. Görkəmli ziyalılar uşaq ədəbiyyatı ilə özfəaliyyət formasında məşğul olmamış, xalqımızın tarixini, soy-kökünü, dəyər və ənənələrini nəzərə alaraq gələcək nəsillər üçün ədəbiyyat yaratmışlar.

İnformasiya dövründə yaşadığımızdan çağdaş dövrdə uşaqlar daha çox kompüterlə maraqlanır, sosial şəbəkələr vasitəsilə müxtəlif informasiyanı mənimsəyirlər. Video oyunlar, televiziya - bir sözlə bütün bunlarla əhatə olunan uşaqları artıq küçədə dostlarıyla oynayan görmək, əlində kitab oxuyan bir uşaqla qarşılaşmaq bizə təəccüblü gəlir.  Məhz bu səbəblərdən uşaqları kitab oxumağa cəlb etmək üçün bəzi tədbirlər həyata keçirmək vacib amildir.

Danimarkalı uşaq yazarı Hans Xristian Andersenin (1805-1875) doğum günü 2 aprelə təsadüf edir. Bu münasibətlə 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən təsis edilən Uşaq Kitabı Günü bütün dünyada uşaqların kitab bayramı kimi qeyd olunur. Bu zaman fərqli viktorinalar keçirilir, məşhur nağıl qəhrəmanları (Qulliver, Çirkin ördək balası, Çəkməli pişik, Zoluşka və s.) uşaqlara baş çəkməyə gəlir, onlara nağıl kitabları verirlər. Bu cür maarifləndirici işlərdə nəşriyyatlar xüsusi fəallığı ilə seçilirlər.

Ötən həftə, yəni Aprel ayının 2-3-ündə ölkəmizdə Azərbaycan Nəşriyyatları Assosasiyası İctimai Birliyinin təşkilatçılığı ilə I Uşaq Kitab Festivalı keçirildi.  Sanki əsl möcüzələr adasına düşmüşdük. Sərgidə xeyli sayda nəşriyyatların kitabları yer alırdı. "TEAS Press" nəşriyyat evi nəzdində "Üç alma" uşaq bölməsi, "Tutu" nəşriyyatı, "Hədəf", "Xan", "Altun", "Qələm", "Ağıllı bala", "Mimta", "Libra" və "Qədim Qala", "Simurq", "Çinar", "Dəyər, "Güvən" və s. uşaq kitablarının və dərsliklərinin çapı ilə məşğul olan təqribən iyirmiyə yaxın nəşriyyat öz kitablarını nümayiş etdirmək naminə müxtəlif yerlərdə stendlər qoymuş, bu nəşriyyat nümayəndələri həm qiymətdə endirimlər etməklə, həm də yüksək səviyyədə təqdimetmə vasitəsilə uşaqlarda, valideyinlərdə kitablara maraq oyatmağa çalışmışdılar. Bundan başqa, uşaqlar üçün ayrılmış guşədə qoyulmuş boyalar onların fərqli heykəlləri rəngləməsi üçün nəzərdə tutulmuşdu. Bu, uşaqların rəsm bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı onlarda estetik zövqün formalaşdırılmasına yardımçı ola biləcək bir amildir.

Tədbirin giriş qapısında uşaqların sevimlisi olan klounlar onları qarşılayırdı. Qələbəlik olan bu sərgidə hər şey uşaqlar üçün düşünülmüşdü: kitabların düzülüşü, səhnə tərtibatı, uşaqlar üçün hazırlanmış içki və qida məhsulları və s.

Valideynlər və uşaqlar böyük şövq və həvəslə kitabları nəzərdən keçirir, onlara maraqlı olanları seçərək alırdılar.

Tədbirdə uşaqlarla yazıçıların canlı təmasının qurulması da düşünülmüşdü. Zahid Xəlil, Şəmil Sadiq, Rafiq Yusifoğlu, Rəfiqə Qasımova, Şəhla Qəmbərova, Səlim Babullaoğlu, İlqar Fəhmi və başqaları həm açılış günü, həm də növbəti gün tədbirdə iştirak etmiş, balacalarla səmimi ünsiyyət qurmuş, onlarla yaxından təmasda olmuşlar. Bu addım uşaqlar üçün çox faydalıdır. Belə ki, onlar kitablarını oxuduqları müəllifi həm canlı şəkildə görür, tanıyır, həm də onların imzalı kitablarını əldə edirlər.

Kitab sərgisində marağımızı çəkən mühüm məqamlardan biri də bölgələrdə yaşayan uşaq yazarlarının bu təşəbbüsə biganə qalmaması, festivala ruh yükəsəkliyi ilə qatılmasıdır. Naxçıvanda yaşayan şair Kamil Araz "Göydən üç alma düşdü", "Xəzinə", "Tapmacalar", "Göy qurşağı" və s.  bir-birindən maraqlı kitablar ilə kiçikyaşlı oxucularının görüşünə gəlmişdi.

Sərgi çərçivəsində, həmçinin, Təhsil Nazirliyinin təşkil etdiyi "Düşünən oxucu" müsabiqəsinin mükafatlandırma mərasimi də gerçəkləşdi. Bundan başqa, tədbirdə müxtəlif panellər, nağıl, tamaşa saatları təşkil olunmuş,  tanınmış uşaq yazıçıları, eləcə də incəsənətin müxtəlif sahələrini təmsil edən mütəxəssislərlə görüş keçirildi.

Ümumiyyətlə, son dövrlərdə apardığımız müşahidələr göstərir ki, azərbaycanlı uşaqlar digər xalqların uşaqlarına nisbətən kitaba daha çox maraq göstərir və onlara ciddi yanaşırlar. Bununla belə, tədbirdə çıxış edən psixoloqlar və mütəxəssislər həm valideynlərin, həm də uşaq ədəbiyyatı mütəxəssislərinin uşaqların maraqlarına bu qədər ciddi yanaşmamasından təəssüfləndiklərini bildirdilər. Onlar qeyd edirdi ki, bunun nəticəsində Nəticədə uşaqlar kitabdan kənarda qalırlar. Sərgiyə gələn uşaqlar kitabların maraqlı dizayn olunmasına görə valideynlərinin demək olar ki, hər kitabı almasını istəyirdilər.

Festival çərçivəsində Təhsil Nazirliyinin təşkil etdiyi "Düşünən oxucu" müsabiqəsinin mükafatlandırılma mərasiminə Bakı şəhər məktəbliləri ilə yanaşı bölgələrdən məktəblilər də cəlb olunmuşdu. Festivala Kürdəmir Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində fəaliyyət göstərən Füzuli şəhər 2 nömrəli Uşaq incəsənət məktəbi və Ağcabədi RMİ Ağdam şəhər Xan Şuşinski adına Uşaq muğam musiqi məktəbi şagirdləri də qatılmışdı. Festival çərçivəsində keçirələn ustad dərslərində uşaqlar gildən saxsı qablar düzəldir, torbaları boyayır və müxtəlif əl işləri hazırlayırdılar.

Əlbəttə, uşaqların kitaba marağını artırmaq məqsədi daşıyan belə tədbirlərin  kütləvi maarifləndirici miqyası geniş olsa və bölgələrimizdə keçirilsə, təbii ki, uşaqlarımız bu tədbirlərdə çox şey öyrənəcək, maraqları artacaq. Xüsusən də uşaq naşirləri və müəllifləri, rəssamlar belə tədbirlərdə uşaqlarla əlaqə saxlayar, onlardan istədiklərini öyrənər, işlərini bu istiqamətdə qurarlar.

Ölkəmizdə son illər uşaq ədəbiyyatının inkişafı, keyfiyyətli nəşrlər sahəsində ciddi uğurlar əldə olunub. Bunu sərgilənən yaxşı tərtibatlı, rəngarəng kitablarda görmək olar. Ağıllı, savadlı gələcəyimizin olmasını istəyiriksə, uşaq ədəbiyyatının inkişafına diqqəti artırmalıyıq. Əgər bu sahənin inkişafı kölgədə qalsa, gələcəyimiz zərər görəcək. Vaxt və imkan olanda uşaq ədəbiyyatının inkişafına, tərcümə ədəbiyyatının yüksək keyfiyyətli nəşrinə daha çox çalışmaq lazımdır.

Məşhur filosof Seneka demişdir ki, kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır. Övladlarımızın bu məhrumiyyətlərə məruz qalmasına qarşı daim mübarizə aparmaq borcumuzdur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!