Çağdaş Ukrayna ədəbi mühitində kifayət qədər tanınan, şair, yazıçı, "Xoşbəxt" adlı üçüncü romanı (2015) ilə "Böyük romanlar" nominasiyasında "Sözün taclandırılması" mükafatına layiq görülən Viktoriya Qranetskanın Kiyevin "Nora-Druk" nəşriyyatı tərəfindən çap edilən bu romanı altı il sonra Azərbaycan dilində oxuculara təqdim edilən ilk kitabıdır. 2021-ci il "Nurlar" nəşriyyatında çap edilən əsəri Ukrayna dilindən Azərbaycan türkcəsinə gənc ədəbiyyatşünas və tərcüməçi Qumru Şəhriyar çevirmişdir. Kitabın redaktoru və "Sevgi - xoşbəxtliyin açarı" adlı ön sözün müəllifi yazıçı, ədəbiyyatşünas, tərcüməçi, tənqidçi, filologiya elmləri doktoru, professor Vaqif Sultanlı romanla bağlı düşüncələrini ifadə edərkən əsas məqama diqqət yönəltmişdir: "Yazıçı öz qəhrəmanlarını sadəcə təsvir etməklə kifayətlənmir, onları sosial və mənəvi-əxlaqi qarşıdurmaların kəsişməsində canlandırır, içəri dünyasının qaranlıqlarından keçirərək işığa, aydınlığa səsləyir. Öz qəhrəmanlarına belə bir baxış bucağından yanaşması əsərin gizli, görünməz laylarının aşkarlanmasını, ideya-estetik mahiyyətin yazıçı təhkiyəsindən deyil, hadisələrin dramatizmindən doğuşunu şərtləndirir".
Bəhs edilənlər oxucuya müəllifin təsadüf nəticəsində tanış olduğu insanın real həyat hekayəsi kimi təqdim edilir. Baş verənlərin həyat həqiqəti, real gerçəklik olduğunu yaxın keçmiş, hətta bu günümüz, əsərdən duyulan həyatilik sübut edir.
Romanda mübariz insanların ağır həyatına toxunulur, Ukrayna üçün narahat qəlbin çırpıntıları duyulur. Doğrudur, yazıçı sevgi hekayətini sonadək diqqətdə saxlayır, ukraynalı pravoslav qız Olesya ilə Qarabağın Füzuli şəhərindən olan Yusifin sevgisindən bəhs edərkən məsələyə insan qəlbinin fatehi, səadət çağırışçısı olan əsl məhəbbət aspektindən yanaşır, lakin oxucunu xalqının qarşılaşdığı dəhşətlərdən agah etməyi də özünə borc bilir. Bu, müəllifin insanların həyat hekayəsini nəql edərkən xalqının taleyindən, gələcəyindən nigaran olduğunu da paylaşmağı zəruri hesab etdiyinin göstərcisidir. Daha dəqiq desək, yalnız siyasi hadisələrə üsyanı deyil, bu əsər sərhədlərin, dinin ayırdığı, sevginin birləşdirdiyi bəşərə səslənişdir, müəllifin böyük arzusudur. O, arzu edir ki, müxtəlif ölkələrdə yaşayan, fərqli dinlərdən olan insanları bu faktorlar ayırmasın, onlar onun qəhrəmanları kimi bir-birinə sevgi və ehtiramla yanaşsın. Yazıçı bunu romanda "Olesyanın xatirələri"ndən birində belə ifadə edir: "Xəyalımda ən çox fərqli dinlərin tərəfdarlarının, həmfikir olub birləşməsələr belə, səmimi olaraq bir-birinə hörmət etdikləri və fərqli inancların insanlarının hüquqlarını başa düşdüyü ideal bir dünyada yaşamağı arzu edirəm. Tanrı təkdir və çətin ki, insanların Onun uğrunda bir-birini öldürməsinə razı olsun. 2012-ci ildə Qahirədəki iğtişaşlar zamanı dünya buna inandı. Müsəlmanlar namaz qılarkən xristianlar müqəddəs namaz əsnasında onları hücumdan qorunmaq üçün bir-birinin əllərini sıx tutur və onları üzük kimi halqa ilə əhatə edirdilər. Və islamın ardıcılları xristian qardaşlarının Pasxa bayramını qeyd etdikləri məbədi qorumaq üçün canlı qalxana çevrildilər. Belə şeyləri diqqətdən kənarda saxlamaq olar? İnsanlar sülh və əmin-amanlıq içərisində yaşaya bilirlər, bəsdir dini ayrı-seçkilik uğrunda mübarizə apardınız. Və Tanrı təkdir. O, mərhəmətli bir ata kimi bütün övladlarını bərabər sevir, heç kim məni bunun əksinə inandıra bilməyəcək".
Professor Vaqif Sultanlı "Ön söz"də müəllifin islama, Ukrayna müsəlmanlarına münasibətinə də diqqət yönəldir: "Xoşbəxt" romanı sevgi mövzusunda yazılsa da, eyni zamanda Tanrı, ümumən din və özəlliklə islam dışı toplumlarındakı islamı qavrayış, Ukrayna müsəlmanları haqqında yanlış stereotiplərin dağıdılması kimi qlobal, dartışılması asan olmayan məsələlərdən bəhs edir". Əsərdə də Olesya sevgi naminə Yusifin dinini qəbul edir, Yusif isə bir müddət sonra Azərbaycanda işləsə də, Olesyanın vətənində yaşayır. Doğrudur, həyatlarının müəyyən bir dönəmində çətinliklər olsa, tərəddüd problem yaratsa, nəticədə bir müddət ayrı yaşasalar da, yenə də zaman və ən əsası sevgi öz sözünü deyir, tərəddüdə qalib gəlməyi bacarır.
"Xoşbəxt"də köçkünlük səbəbindən Vinnitsaya sığınan türk-müsəlman oğlan Yusifin kilsə xorunda oxuyan ukraynalı Olesya ilə bərabər baş qəhrəman kimi seçilməsi də, əsərin məhz belə adlandırılması da təsadüfi deyil. Müəllif əsərdə yalnız Ukrayna deyil, Azərbaycanın yaşadığı böyük problemə də diqqət yönəldir. Bəli, məhz Dağlıq Qarabaq probleminə və bu iki xalqın qarşılaşdığı çətinliyə, oxşar taleyinə. Əsərin adına gəldikdə isə, ilk növdəbə, oxucuda belə təsəvvür yarana bilər ki, roman xoşbəxtlik haqqındadır və ya insanı xoşbəxtliyə səsləyir. Əsərlə tanışlıqdan isə məlum olur ki, Yusiflə Olesyanın evliliyindən dünyaya gələn üçüncü uşaq olan Səidin adı ukrayıncaya tərcümədə "xoşbəxt" deməkdir və roman bu səbəbdən belə adlandırılıb. Səidin ağır xəstə doğulması, onun həyatı uğrunda mübarizə, qəhrəmanların qarşılaşdığı çətinliklər onların səadətini kölgələməyə çalışsa da, həyatda yaxşı insanların da var olması, gözlənilmədən edilən kömək son ümidi itirməyə qoymur, çətinliklər dəf olunur və əsər xoşbəxt sonluqla bitib adını digər anlamda da təsdiqləmiş olur. Yazıçının oxuculara müraciəti olan "Müəllifdən" özündə onun əsərə, qəhrəmanlarına münasibətini, əsas qayəsini əks etdirir: "İnanıram ki, mümkünsüzlüyü mümkün edən sadə ailənin bu hekayəsi bizi fikirlərimiz və ideallarımız uğrunda mübarizə aparmağa, həyatın ən çətin anlarında təslim olmamağa, yorulmadan irəliyə doğru hərəkət etməyə və qalib gəlməyə daha çox ruhlandıracaq. Və bizim ən böyük qələbəmiz bütöv, dinc və güclü Ukraynadır. Bir kitab dünyada nəyisə dəyişə bilərmi? Bilmirəm. Əgər bu, heç olmasa, öz kəşfini başqasına söyləyən bir insanın dünyagörüşünü dəyişdirə biləcəksə, mən artıq bunu uğur hesab edəcəyəm".
Xəstə uşaqların taleyini düşünən yazıçı onların təsadüf nəticəsində dünyaya gəlmədiyini, hər kəsin yaşamaq hüququ, xoşbəxt olmağa haqqı olduğunu bildirir, oxucunu da bu barədə bir daha dərindən düşünməyə sövq edir. Zənnimcə, əsərin uğurlu alınmasının bir səbəbi də bu məqamla bağlıdır. Nəql edilən hadisələrin fonunda oxucuya səsləniş güclüdür və bu çağırış bəşərin səadəti naminədir.
Olesya və Yusifin etirafları, həyatının müxtəlif anlarına dair xatirələri ilə oxucunu bu gündən dünənə qaytarıb yaddaşı təzələyən, dinamikliyi təmin edən "Doğum haqqında şəhadətnamə", "Qanadsız mələklər", "Yadelli", "Yaşamaq hüququ" adlı 4 hissə və Epiloqdan ibarət spesifik formalı bu roman başqa məziyyətləri ilə də diqqət çəkir və bir məqalə çərçivəsinə sığmır. Tematikası sevgi ilə yanaşı, analıq duyğusu, valideynlik vəzifəsi, vətənin taleyindən nigarançılıq, azadlıq naminə mübarizə, dinləri və mövqeləri sevginin gücü, ağlın və qəlbin səsini dinləyərək birləşdirmək, yəni ən azından ehtiram göstərməyi bacarmaq üzərində qurulan, toxunulan digər məsələlər, müəllifin xüsusən, Qarabağ hadisələrinə də yer ayırması, qəhrəmanı Yusifin erməni işğalı nəticəsində Füzulini tərk etmək məcburiyyətində qalarkən doğma evlə vidalaşdığı anın ağırlığı, həmvətənlərimizin qaçqın və köçkün həyatı yaşamağa məhkum edilməsi, sonrakı yaşantılar yeni təhlillər üçün əhəmiyyətlidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!