Doğma Azərbaycanımızın şimal bölgəsi - Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən rayonları milli, etnik zənginliyi və rəngarəngliyi ilə seçilir. Region multikulturalizmin, tolerantlığın təcəssümüdür. Burada demək olar ki, respublikamızda yaşayan əksər xalqların nümayəndələri təmsil olunmuşlar. Əsrlərdən bəri müxtəlif xalq və etnoslar bu ərazidə mehriban bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Region Qafqaz türkləri ilə yanaşı, ləzgilər, tatlar, dağ yəhudiləri, xınalıqlılar, buduqlular, qırızlılar, əliklilər, hapıtlılar, cəklilər, yercüclülər və b. azsaylı xalqların da doğma vətənidir. Bura müxtəlif dil, din və mədəniyyətlərin sərbəst şəkildə inkişaf etdiyi məkanlardan biridir. Onları bir amal uğrunda - müstəqil Azərbaycan dövləti ətrafında sıx birləşdirən əsas dəyər azərbaycançılıq ideyasıdır, vətəndaşlıq və vətənpərvərlik hissidir. Bölgədə müxtəlif azsaylı xalq və etnik qrupların yaşaması bir tərəfdən xalqın tarixinin, mədəni zənginliyinin qorunmasının ifadəsidirsə, digər tərəfdən, dövlətin milli-mədəni müxtəlifliyə qayğısının nəticəsidir.
Hər iki Qarabağ müharibəsində, Şuşa döyüşlərində bu bölgə xalqlarının yetirmələri erməni qəsbkarlarına qarşı birgə mübarizə aparmışlar.
Dövlət başçısı İlham Əliyev Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ili "Şuşa İli" elan etməsi çox böyük əlamətdar hadisə kimi şimal zonası yazarlarını, bütün əhalisini ürəkdən sevindirmişdir. Axı bir sıra görkəmli şair və yazıçıların, Dövlət xadimlərinin vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı sayılan Şuşa, ümummilli lider H.Əliyevin təbirincə desək, təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir qaladır, əziz bir abidədir.
Şimal bölgəsi yazarlarının özündə Şuşa sevgisini ehtiva edən lirik-poetik, ədəbi-bədii yaradıcılığı oxucu ürəklərini isidir, qəlblərini oxşadır, ruhlarını pərvazlandırır və gücümüzü səfərbər edir.
Qubalı şair-publisist Cabir Albantürkün şeirləri 1983-cü ildən bəri dövri mətbuatda və ədəbi toplularda dərc olunur. O, "Qədim Alpan və albanlar", "Yaralı varlığımız", "Üçüncü nöqtə" kitablarının müəllifidir. Cabirin yaradıcılığı və kitabları haqqında görkəmli sənət adamları, tanınmış alim və ictimai xadimlər xoş sözlər, müsbət fikirlər söyləmişlər. Türkçülük, Qarabağ, Şuşa, şəhidlik, qazilik mövzuları Cabir poeziyasının ana xəttini təşkil edir.
Ay-ulduzlu bayraqları Şuşamıza taxdıq axır,
Qarabağın qalasından can Vətənə baxdıq axır!
***
Dövlət bayrağını sancıb Şuşaya,
Əhməd bəy ruhunu şad etdin, ordum!
Sultan bəy, Xosrov bəy, Nuru Paşaya,
Bu zəfər rahını ad etdin, ordum!
***
İndi demək olar ki,
Şuşa dərdə yar olmaqdan qurtulub,
Xarıbülbül xar olmaqdan qurtulub...
Xəyalımız Xocalıda ev qurur,
Zəfərimiz Zəngəzura hayqırır!
***
Şəhidlərin sücaəti sözdən uca!
Qazilərin rəşadəti bizdən uca!
Nə yazsaq da üzümüzün ağı deyil,
Yüz yol baş əy, o borcun qırağı deyil!
Ramiz Qusarçaylı Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini hər an səbirsizliklə gözləmiş, zəfərimizə qəlbən inanmış məhsuldar qələm sahiblərimizdəndir. Bunu onun azadlıq ruhlu şairlərindən hiss etmək, duymaq heç də çətin deyildir.
Çiçəksiz çəməni neynirəm axı,
Ürəksiz bədəni neynirəm axı,
Şuşasız Vətəni neynirəm axı,
Qaytarın Şuşanı, qaytarın mənə,
- deyən Ramiz hələ Qələbəmizdən əvvəl "Azərbaycan bayrağı" seirini yazmaqla onu "Sən qondurdun daşa pir deyəcəm" söyləyərək xəyalən Şuşa qalasında fəxrlə "dalğalandıra" bilmişdir. Şairin qusarlı Milli Qəhrəman Çingiz Qurbanova həsr etdiyi şeirinə diqqət yetirək:
Şığıyır Şuşadan qisas küləyi,
Hayqırır Murovdan Şah dağınacan.
Dolanır Çingizin cəsur ürəyi
Vətənin son qarış torpağınacan.
Atalar məsəlidir, "El gücü, sel gücü". Şimal bölgəsinin beş rayonu regiondakı "Beşbarmaq dağı"na, Azərbaycanın bütövlüyü keşiyində duran müsəlləh əsgərin əlindəki beşatılana bənzətsək, şabranlı həkim-şair Hacı Malik Xəlilov "Qarabağ dağı" şeirində birlik məsələsini belə nəzmə çəkir:
Deyirlər bir olsa ellər-obalar,
Dağları yerindən oynada bilər.
Xalqın nəfəsindən qızsa sobalar,
Nəhəng tiyanları qaynada bilər.
Şair haqlıdır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, əsgər-zabit birliyi, Vətən sevgisi, xalqlar dostluğu sayəsində, igid oğullarımızın gücüylə gözəl Şuşamızı çirkin erməni qəsbkarlarının işğalından azad edə bildik. Belə qəhrəman oğullarımızdan bir də 1979-cu uldə Qusarda ziyalı ailəsində anadan olmuş, 2001-ci ildə Ali Hərbi Məktəbi bitirmək haqqında Qırmızı diplomu ulu öndər Heydər Əliyevdən qəbul etmiş, hazırda Azərbaycan ordusunun polkovnik-leytenantı Rəşad Aslanovdur. O Rəşad ki, böyük qürur hissilə "Şuşada bayrağımızı ucaltmaq arzumu Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruğu" sayəsində gerçəkləşdirdim" - deyir. Xatırladaq ki, Qarabağın tacı sayılan Şuşaya ilk daxil olanlardan biri də "Şuşa aslanı" ləqəbli polkovnik-leytenant Rəşad Aslanovdur. Şuşa qalasının giriş qapısına Azərbaycan bayrağını sancmış Rəşad Aslanovun şəkil və videogörüntüləri internet şəbəkələrində, mətbuat səhifələrində geniş yayılmışdır. Azərbaycan zabitinin qəhrəmanlıq nümunəsi, igid komandir R.Aslanov bundan böyük xoşbəxtlik təsəvvür edə bilmir.
Xidmət müddətində çoxlu təltiflərə layiq görülmüş cəsur zabit üçün "Qarabağ" ordeni və "Şuşanın azad olunmasına görə" medalı xüsusilə əzizdir. Çünki bacarıqlı komandir Azərbaycanı Qarabağsız, Qarabağı Şuşasız təsəvvür edə bilmədiyindən qazandığı mükafatları çox ağır itki və dərin yaralar hesabına əldə etmişdir.
Polkovnik-leytenant R.Aslanovun qəhrəmalığından, şücaətindən çox danışılıb, çox yazılıb. Rəşad haqqında yazılmış "Şuşaya bayrağı asan cəngavər" poemasında oxuyuruq:
Şuşaya bayrağı asan cəngavər,
Tanrı qollarına güc verib sənin.
Torpağa, bayrağa olan sevginlə,
Qəhrəman oğlusan ana vətənin.
Mənim doğma yurdum Azərbaycanım,
İgidlər, ərənlər yuvası olub.
Rəşad Aslanovu xalqa tanıdan,
Xoş müjdə, Qələbə sədası olub.
Nəğməkar şairə Şərafət Dağıstanlının adı Azərbaycan şeirsevənlərinə yaxşı tanışdır. Atası Abdulcəlil Böyük Vətən müharibəsində həlak olmuşdur. Anası Tamamı isə gözləri önündə Samur çayının coşqun selləri ağusuna alıb aparmışdır. Ağır məşəqqətlər görmüş qız qəm-kədərini şeirlə azaltmağa çalışır və buna müvəffəq olur.
Ş.Dağıstanlının "Qarabağ" poeması var. Buranın gözəl təbiətinə və insanlarına heyranlığını bildirən çoxlu əsərlər müəllifidir Şərafət.
Azərbaycanın Xalq artistləri Arif Babayevin, Mənsum İbrahimovun, Könül Xasıyevanın və başqalarının böyük sövqlə oxuduqları, dillər əzbəri "Yaralama" mahnısının sözlərini Şərafət Şuşada olarkən qələmə almışdır:
Bir bülbüləm xoş nəfəsli,
Həmdəmimdir bahar fəsli.
Xoşlamıram dar qəfəsi,
Bağban məni yaralama,
Bu bağlardan aralama.
Bir bulağam, suyu sərin,
Dağ döşüdür yurdim-yerim.
Müjdəsiyəm nəğmələrin,
Sellər məni yaralama,
Bu dağlardan aralama.
Bu isə Cəlaləddin Budadoğlunun "Vətən" şeiridir:
Əzizinəm Qarabağ,
Qara bağrım Qarabağ.
Gedək düşmən üstünə,
Çəkək ona qara dağ...
Vətən...
Dərbəndli, Təbrizli,
Şuşalı vətən.
Can vətən!
Kələntər Kələntərlinin "Şuşam geri alınmasa", Zərifə Qasımovanın "Şuşa Fərhadları", Əli Eyvazovun "Quba-Qusar batalyonu" əsərlərində buranın görkəmli şəxsiyyətləri, elm, mədəniyyət adamları, hərbçiləri, Şuşa uğrunda səngər oğulların igidlikləri, şəhidləri haqqında xoş sözlər söylənilmişdir.
Bölgə yazarlarından Ay Bəniz Əliyarın, Aydın Tağıyevin, Nəcməddin Mürvətin, Məmməd Qədurun, Namiq Xınalıqlının, Rizvan Qiblədağlının, Habil Mustafayevin, Çingiz Babaoğlunun, Ceyhun Ağabəyin və başqalarının əsərlərinin əsas qayəsini Şuşa və şuşalılar, milli təəssübkeşlik, yüksək vətəndaşlıq mövqeyi təşkil edir.
Haşiyə. Mənim o mehriban, o əziz tələbəlik illərim ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçildiyi 1969-cu ildən başlayır. Əslində, sadə kəndçi balalarının institut tələbəsi adına layiq görülməsində H.Əliyevin ali məktəblərdə qəbul zamanı baş verən əyintilərin qarşısına qətiyyətlə sədd çəkilməsi sayəsində mümkün olmuşdur. Elə o vaxtdan fəal bir tələbə kimi yaxşı xatırlayıram ki, ulu öndər Şuşanı abadlaşdırmaq, eyni zamanda tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər görmüşdür. 1970-ci illərdə ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bu istəklərinin qarşısı cəsarətlə alınmışdı. Bu dövrdə H.Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət kəsb edən istiqamətlərindən biri də Dağlıq Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli lider bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə fəaliyyət göstərirdi. Hər şeydən əvvəl, Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən ulu öndər bu məsələyə çox həssaslıqla yanaşırdı. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini yaxşı bilən Heydər Əliyev şəhərə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Eyni zamanda o, Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı.
İndiki kimi yadımdadır, 1970-ci illərdə H.Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişafı ilə bağlı bir neçə xüsusi qərar qəbul edilmişdi. Qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış evləri, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati obyektlər inşa edilmişdi. Eyni zamanda, Şuşanın statusu qaldırılaraq Ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Şəhərdə azərbaycanlılar üçün əlavə iş yerləri açılmış, həyat səviyyəsi yaxşılaşmışdı. Həm də ölkənin müxtəlif şəhərlərindən Şuşaya istirahətə gələnlər Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular.
1972-ci ildə Gəncədəki "Şərəf nişanı" ordenli S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Dövlət Aqrar Universiteti) III kursunda oxuyurdum. Müəllim və tələbə heyəti ilə birlikdə Şuşa şəhərinə ekskursiyaya getmişdik. Məqsəd buranın flora və faunası, iqlimi, torpaq strukturu ilə tanış olmaq, istehsalat təcrübəsi biliklərini artırmaq idi. Şuşada üç gün ərzində şəhərin gəzməli-görməli və tarixi yerləri ilə də tanış olduq. Cıdır düzünə, İsa bulağına, Kirs dağına səfər etdik. Əslən şuşalı olan tələbə yoldaşım Balağanın ifasında "Qarabağ şikəstəsi"nin könüloxşayan xoş zəngulələri, "Şuşanın dağları" mahnısının ürəyəyatımlı sözləri, dinləyicilərin "Yaşa!", "Afərin!", "Əhsən!" alqışları indiki kimi yadımdadır.
Böyük təəssüratla Şuşadan Gəncəyə qayıtdıqdan sonra tələbə müxbiri olduğum institutun çoxtirajlı "Kadr uğrunda" qəzetində hamının maraqla oxuduğu "Şuşaya tənəzzöh" adlı geniş bir yazım dərc olundu.
O vaxtdan nə az, nə çox, düz 50 il, necə deyərlər, bir igidin ömrü qədər zaman ötür. İnstitutu bitirib, Qusardakı məsul işimlə, sonralar işğalla əlaqədar Qarabağın tacı, Azərbaycanın bənzərsiz dilbər guşəsi Şuşaya getmək arzum təəssüf ki, gerçəkləşmədi, ürəyimdə qaldı. Amma mənalı tələbəlik illərimi, Şuşalı günlərimi, "Danışan dil-dodağım, tar-kaman Qarabağı, Vaqifin şux gözəlinin gəzdiyi, Natəvanın qəzəlinin ruh aldığı o çəmənləri" heç vaxt unuda, yaddan çıxara bilmərəm.
2022-ci ildə vurğunu olduğum Şuşa şəhərinin 270 və şair-publisist kimi mənim 70 illik yubileyinin üst-üstə düşməsi, bəlkə də tale qisməti, alın yazısıdır. Və biləndə ki, cari ildə həm də Azərbaycan Yazıçılar Birliyinin yaranmasından 90 il ötür, respublika yazıçılarının növbəti XIII qurultayının Şuşa şəhərində keçirilməsi gözlənilir, sevincimin həddi-hüdudu olmadı, özümü şad, xoşbəxt və şanslı adam hesab etdim. Əgər yazıçı dostlarım mənə etimad göstərib, yenidən qurultaya (xatırladım ki, ötən XII qurultayın iştirakçısı olmuşam) nümayəndə seçsələr və çıxış üçün söz versələr, Qarabağ salnaməçilərinin qardaş ləzgi xalqının köməyi və şücaəti haqda "Qarabağnamələr"indəki tarixi məlumat və faktları dilə gətirər, ürəyimdə aşıb-daşan Şuşa xatirələrimdən, arzularımdan, Vətən müharibəsi mövzusunda üç poema və yüzdən çox şeirimdən bülbül kimi ötər, kitablarımı ərməğan eksponatlar kimi muzeylərə təqdim edər, Qarabağ atını Cıdır düzündə səyirdib, həmkarlarımla söz yarışına çıxardım.
Ya qismət...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!