Dünyanın hər üzünü görən, qalib çıxan dostum - Qəzənfər PAŞAYEV

 

Ədəbiyyatımıza, mədəniyyətimizə, mənəvi dəyərlərimizə vicdanla xidmət edən ziyalılarımızdan söz düşəndə yada ilk gələnlərdən biri də Ayaz Vəfalı olur.

Ayaz Vəfalı Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirən kimi  "Ədəbiyyat və incəsənət" qəzetində işə başlayıb və burada baş redaktor vəzifəsinə qədər yüksəlib. Altmış ildən çox hər sayını intizarla gözlədiyimiz "Ədəbiyyat qəzeti"ndə işləyib.

Şair-alim, Əməkdar incəsənət xadimi, mətbuatımızın klassiklərindən biri Ayaz Vəfalı səssiz-küysüz vəzifə borcunu yerinə yetirən, ömrünü "Ədəbiyyat qəzeti"nə həsr edən, qəzetin arzuolunan səviyyədə çıxmasında şəksiz xidmətləri olan, mənəviyyatca saf insan kimi yaddaşıma həkk olunub.

Mən Ayaz Vəfalı qədər dəyanətli, səbirli, dözümlü az adam tanıyıram.

İkinci Dünya müharibəsində atası almanlara əsir düşmüş və sonralar Türkiyəyə mühacirət etmişdir. Ayaz müəllim buna görə çox sıxıntı keçirirdi, üçqat ehtiyatlı davranırdı. Onun ədəbiyyatımıza vicdanla xidmət etməsi xeyirxah adamların diqqətindən yayınmamışdır. Ayaz müəllimin həyatında gözlənilməz hadisə baş verdi. Mərkəzi Komitənin şöbə müdiri Teymur Əliyevin (Teymur Elçin - Q.P.) məsləhəti və zəhməti ilə Ayaz Cəfərovu Partiyaya götürmüşdülər.

Göründüyü kimi, dünya heç vaxt yaxşı kişilərdən xali olmur.

Ayaz müəllim halal adamdır. Sevimli şairimiz Qabilin sözləri heç vaxt yadımdan çıxmır: "Ayaz Vəfalı qələmlə külüng çalır".

Bilənlər bilir ki, Ayaz müəllim sözünə düz, əqidəsinə sadiq, dostluqda vəfalıdır.

Gənclik illərindən Ayaz Cəfərovun "Vəfalı" təxəllüsünü götürməsi ötəri hissin deyil, çox mətləblərdən söz açan möhkəm əqidənin məhsulu olub. Ayaz Vəfalı çoxsahəli yaradıcılığı ilə - istər şair, istər ədəbiyyatşünas, istər tərcüməçi kimi "Vəfalı" təxəllüsünü 60 ildən çoxdur ki, saxlamış və doğrultmuşdur. İndi onun təxəllüs və ya soyadı olduğunu seçmək olmur.

Ayaz Vəfalı həyatı vicdanla, ləyaqətlə yaşayan adamlardandır. Ömrünü mətbuatda, ədəbiyyatşünaslıq elmimizə, folklora, poeziyaya həsr edib. O, folklorşünaslıq elmimizə yenilik gətirən tədqiqatçılardandır. Alimin "Füzuli və folklor" namizədlik dissertasiyası ona Azərbaycanda və İraqda şan-şöhrət gətirdi. Onun "Füzuli öyrədir" və "Füzuli xəlqiliyi" çoxlarının stolüstü kitabına çevrildi.

Ayaz Vəfalının tərcüməçi kimi fəaliyyəti orijinala sədaqəti, elmi-bədii çəkisi ilə seçilir. Əlişir Nəvaidən etdiyi tərcümələr, xüsusən də şairin "Leyli və Məcnun" poemasının tərcüməsi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Şair Taras Şevçenkonun "Kor qadın" poemasını, Aleksandr Çakovskinin "Qələbə" romanını (I kitab), Lesla Ukrainka, Konstantin Simonov və başqalarının əsərlərini dilimizə çevirmişdir.

Uzun illərin dostu Ayaz Vəfalı hazırda çoxdan arzuladığımız xatirələr kitabını yazır.

Aprelin 1-i dostum Ayaz Vəfalının 85 yaşı tamam oldu. Arzu edirəm, bundan sonra da büdrəmədən irəliləsin. Biz də ondan nümunə götürərək arxasınca gələk.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!