Günəşi gözləyən - Rza Bərahəni haqqında qeydlər - Məsiağa MƏHƏMMƏDİ

 

Rza Bərahəni dünyasını dəyişdi. Bir həftə əvvəl, 86 yaşında. 1935-ci ilin qışında günəşli Təbrizdə başlayan ömür yolu 2022-ci ilin baharında soyuq Torontoda qırıldı. Ağır itkidir. Əminliklə demək mümkündür ki, nə İranda, nə Güney Azərbaycanda Bərahəni miqyasında ədəbi şəxsiyyət daha yoxdur və uzun müddət də olmayacaq.

Kim idi Bərahəni? Bu suala bir sözlə cavab vermək çətindir, sadalamalı olursan: şair, nasir, tənqidçi, tərcüməçi, nəzəriyyəçi, pedaqoq... Və bütün bu sahələrdə öz mühitində yeniliklər etmiş, eyni zamanda onları dünya səviyyəsinə yüksəltmiş bir peşəkar, usta. Buna görə də onu İranda da, dünyada da qəbul edir, onunla hesablaşırdılar. Hətta şəxsini sevməyənlər belə! Sevməyənləri isə az deyildi: müasir İran ədəbiyyatında az-çox çəkisi olan heç bir yazar onun iti qələminin, ciddi elmi qənaətlərə söykənən aydın və kəskin tənqidinin hədəfindən kənarda qalmamışdı.

***

Amma daha önəmlisi, yəqin ki, Bərahəninin şəxsiyyətidir. O, bədii sözün, ədəbiyyatın ictimai funksiyasına xüsusi əhəmiyyət verən, onun cəmiyyətdəki hadisə və proseslərə fəal münasibət və müdaxiləsini pozulmaz prinsip kimi qəbul edən klassik ziyalı tipinə aid idi. O insanlardan idi ki, onlar haqqında "belələri indi azdır və ya yoxdur" deyirlər.

Cılız cüssəsində əsl təbrizli cəsarəti gəzdirən Bərahəni ədəbi fəaliyyətə başladığı ilk çağlardan fəal ictimai mövqeyi ilə də seçilmişdi, cəmiyyət həyatının ən köklü məsələlərinə dair müzakirələrin mərkəzində dayanmış, bu mövzularda da durmadan yazmış və danışmışdı. Odur ki, onun təqdimatına ictimai fəal, insan hüquq və azadlıqlarının, milli haqların müdafiəçisi təyinlərini də əlavə etmək lazımdır. Bərahəninin bu yöndəki fəaliyyəti yaşadığı cəmiyyətin tarixinə tənqidi baxış və çağdaş dünyanın təcrübəsi əsasında formalaşmış ciddi məfkurə təməlinə söykənirdi və bu mənada o, həm də bir mütəfəkkir idi, ədəbiyyatda olduğu kimi, ictimai fəaliyyətdə də bir nəzəriyyəçi kimi çıxış edirdi. Təsadüfi deyil ki, Amerikada olduğu illərdə məşhur Noam Xomski (və ya Çomski) ilə, necə deyərlər, söhbəti tutmuş, Bərahənini "görkəmli şəxsiyyət" adlandıran Xomski onunla tanışlıqdan qürur duyduğunu, ondan öyrəndiyini vurğulamışdı.

Bir sözlə, Bərahəni irfan və hikmət aləminə dalıb, yaxud sırf estetik axtarışlara uyub ictimai borcunu, vəzifəsini unudan qələm adamlarından deyildi. Təsadüfi deyil ki, Bərahəninin təsisçilərindən biri olduğu, 1968-ci ildə yaradılmış İran Yazıçılar Birliyi (Kanun-e Nevisəndeqan-e İran) onilliklər boyu İran hakimiyyətlərinin çəkindiyi, nəzarətdə saxlamağa və susdurmağa çalışdığı bir təşkilat oldu. Yazıçının özü həm şah rejimi, həm də islam hökuməti dövründə həbs edilmiş, bir sıra əsərlərinin nəşrinə qadağa qoyulmuşdur. Rəyasət sahibləri, Qəzzalinin təbirincə desək, Bərahəninin sözünə tab gətirə bilmirdilər. Amma o, ilk həbsdən sonra mühacirət etdiyi Amerikada da sözünü deyirdi. 1976-cı ildə onun "Zillüllah" ("Allahın kölgəsi") adlı həbsxana şeirləri İndiana Universitetinin nəşriyyatında çap olundu. Bir il sonra onun İranda repressiyalardan bəhs edən "Taclı adamyeyənlər" kitabı Nyu-Yorkda işıq üzü gördü. Kitaba məşhur Amerika yazıçısı Edqar Lorens Doktorou müqəddimə yazmışdı. Həmin dövrdə SAVAK tərəfindən okeanın o tayına göndərilmiş xüsusi qrupun aradan götürməli olduğu on nəfərin arasında Bərahəninin də adı vardı. 1990-cı illərin ikinci yarısında da yazıçı real terror təhlükəsi qarşısında İranı həmişəlik tərk etməli olmuşdu. Amma yenə də fəaliyyətinin bu istiqamətindən uzaqlaşmadı. Kanada PEN klubunun üzvü və bir müddət rəhbəri oldu. Eyni zamanda ömrünün sonuna qədər Sürgündə Güney Azərbaycan PEN təşkilatının fəxri sədri kimi fəaliyyət göstərdi.

 

***

Bərahəni şəxsiyyətinin daha bir cəhəti kimi onun hədsiz sadəliyi, özünəməxsus ədəb və təvazökarlığı qeyd olunmalıdır. Bunun canlı şahidiyəm. Ənənəvi ifadə ilə desəm, böyük yazıçı ilə görüşmək və söhbətləşmək xoşbəxtliyi mənə də nəsib olub. İllər öncə Bakıda olarkən Bərahəninin bir qrup yazarla görüşünə mən də getmişdim. Bir az işlərimdən danışandan, sözarası verdiyi sualları cavablandırandan sonra əlini sinəsinə qoyub: "Gərək biz sizin görüşünüzə gələydik" - dedi. "Əstəğfürullah, ustad!" - söylədim. Bunu deyərkən, o, əlbəttə, qeyri-səmimi deyildi, güneylilər demişkən, "təarof etmirdi", çünki daim öyrənmək, oxumaq onun həyat devizi idi. Özü bir məqaləsində yazır: "Bütün ömrünü şagirdlik etməyən, qırx il əvvəlki bilikləri ilə kifayətlənən müəllim sonda özünün ən zəif şagirdindən də az biləcək. Haydegerin sözüdür: Yaxşı müəllim o kəsdir ki, yaxşı öyrənir". Oğlu Arslan da atası haqqında belə deyir: "Heç vaxt hansısa ideologiyanı, fikri, hətta müəyyən bir işi övladlarına diktə etməyib. Atamız olmaq yerinə, dostumuz olub".

Bununla belə, Rza Bərahəninin şəxsiyyətində qəribə bir özgüvən aydın sezilirdi. Onu yaxından tanıyanların vurğuladığı kimi, fikrini, mövqeyini açıq-aydın və çəkinmədən bəyan edir, bunun mümkün nəticəsindən ehtiyatlanmırdı. Yoxsul və çoxuşaqlı ailədə böyüyən ədibin uşaqlıqda aldığı travma, güman ki, yalnız ana dili ilə bağlı olmuşdu. Bu barədə bir qədər sonra.

 

***

Bərahəni Təbriz Universitetini ingilis dili və ədəbiyyatı ixtisası üzrə bitirdikdən sonra təhsilini Türkiyədə davam etdirmiş, İstanbul Universitetindən eyni ixtisas üzrə doktorluq dərəcəsi almışdı. İngilis dili ilə yanaşı, fransızcanı da mükəmməl bilməsi o zamankı İran ədəbi mühitində ona böyük üstünlük qazandırırdı. Təbii ki, bu üstünlük sadəcə dil bilməklə deyil, dünya ədəbiyyatına və çağdaş elmi-nəzəri fikrə bələdliklə şərtlənirdi.

Bərahəninin ədəbiyyata gəldiyi 1960-cı illər (ilk şeirlər kitabı 1962-ci ildə çıxmışdı) İranda da ədəbi canlanma ilə əlamətdar idi. Həmin dövrdə poeziyada Əhməd Şamlu, Söhrab Sipehri, Füruğ Fərruxzad, Mehdi Əxəvane-Sales, Nadir Nadirpur..., nəsrdə Qulamhüseyn Saidi, Sadiq Çubək, Cəlal Ale-Əhməd, Huşəng Qolşiri, Bəhram Sadiqi... kimi sənətkarlardan ibarət bütöv bir modernist pleyada formalaşmışdı, ədəbi prosesdə intensiv yenilik axtarışı gedirdi. Ənənəvi meyarlarla bu prosesin nəzəri və tənqidi təhlili mümkünsüz idi, onun uyğun elmi-metodoloji prinsiplərlə dəyərləndirməyə, perspektivə yönəlik bədii-estetik mənalandırmaya ehtiyacı vardı və bu vəzifəni Rza Bərahəni öz üzərinə götürdü. Onun çoxsaylı məqalə və çıxışları, nəhayət, 1968-ci ildə işıq üzü görən irihəcmli "Misdə qızıl" kitabı İranda Avropa tipli ədəbi tənqidin əsasını qoydu, Bərahəniyə isə "İran ədəbi tənqidinin atası" titulunu qazandırdı. "Misdə qızıl" o qədər fundamental və ciddi nəzəri bazaya söykənən kitabdır ki, üstündən yarım əsrdən çox vaxt keçməsinə baxmayaraq, müasir İran ədəbiyyatını öyrənənlər bu əsərə müraciət etmədən keçinə bilmirlər.

Əlbəttə, Bərahəninin tənqid sahəsindəki fəaliyyəti yalnız yazmaqla bitmirdi, o, canlı ədəbi müzakirə və mübahisələrin daimi iştirakçısı kimi də prosesə yön verirdi. O vaxtlar Tehranda qələm adamlarının toplaşdığı "Nadiri" kafesinə gedənlərdən biri də Bərahəni idi. Bununla bağlı Mehdi Əxəvan Ləngərudi yazır: ""Nadiri" kafesinə doktor Rza Bərahəni də gələrdi. Onun iştirakı həmişə məclisi qızışdırırdı. Həmin dövrdə onun tənqidləri şairləri silkələyər, hərəkətə gətirərdi. Bəziləri buna görə kin saxlayar, bəziləri nisbətən insaflı olardı. Hər halda, düşməni çox idi. Çünki o vaxtlar İranda tənqid yox idi. Heç kəsin heç kəslə işi olmazdı. Kim istəyirdisə, şeir yazır, kitab çap etdirirdi. Kitablara ön söz yazanlar da müəllifi elə göyə qaldırardılar ki, oxucu şeiri və ya hekayəni mütaliə edəndə gözüyumulu hər şeyi qəbul edirdi. Bərahəni bu vəziyyəti dəyişdirdi".

 

***

Bərahəni təkcə ədəbi tənqiddə vəziyyəti dəyişdirmədi. Eyni işi nəsrdə, sonralar isə poeziyada gördü. Sanki Tanrı bəxş etdiyi nadir istedadla İran ədəbiyyatını tam şəkildə yeniləşdirmək, güncəlləmək və dünya standartlarına uyğunlaşdırmaq missiyasını onun üzərinə qoymuşdu. Onun "Ölülərin sədası", "Yurdumun sirləri", "Azadə xanım və yazıçısı", "İlyas Nyu-Yorkda", "Ayaz bəyin cəhənnəm günləri" və digər romanları İranda modernist və postmodernist nəsrin parlaq nümunələri kimi beynəlxalq səviyyədə diqqəti cəlb etmişdir.

Şeir yaradıcılığına da ara verməyən (15-dən çox şeir kitabı çıxıb) ədib sonralar İranda "yeni şeirin" banisi Nima Yuşicin yolundan imtina etmiş və faktiki olaraq, İranda postmodern poeziyanın bünövrəsini qoymuşdur. 1995-ci ildə nəşr olunan "Kəpənəklərə xitab" şeirlər kitabında eyni zamanda ədibin "Nə üçün mən daha Nimaçı şair deyiləm?" adlı dolğun traktatı yer alıb. Burada Bərahəni şeirə dair yeni nəzəriyyəsini irəli sürüb və dilə əsaslanan bu nəzəriyyəsini "Zəbaniyyət" (Languagealtiy) adlandırıb. İki il sonra həmin nəzəriyyənin şərhinə həsr olunan bir məqaləsində o, ədəbiyyat və zaman probleminə də toxunaraq yazırdı: "Ciddi ədəbiyyat öz dövrünə uyuşmur, ona tabe olmur. Yoxsa Hafizin Şah Şüca dövründə yazdığı atəşin qəzəllərdən yerdə soyuq küldən başqa bir şey qalmazdı, Mövlana bu gün Amerikada tiraj baxımından Şekspirin arxasını yerə vurmaq əvəzinə, Konyada itib-batardı, "Yeddi gözəl" Nizami Gəncəvinin uyuduğu yerdən kənara çıxa bilməzdi".

 

***

Rza Bərahəninin əsərləri nüfuzlu dərgi və toplularda dünya ədəbiyyatının Markes, Nabokov, Oktavio Paz, Borxes, Şimborska kimi ünlü simalarının əsərləri ilə birgə nəşr olunub, "Nyu-York tayms", "Vaşinqton post", "Mond", "Fiqaro", "Taym" kimi mətbuat orqanlarında haqqında yazılar dərc edilib. Ədəbi fəaliyyətinə və insan haqları sahəsində mübarizəsinə görə çoxlu beynəlxalq mükafatlara layiq görülüb, Nobel ödülünə namizədliyi irəli sürülüb.

Əsərləri ingilis, fransız, alman, rus, ərəb, türk, ispan, İsveç və başqa dillərə tərcümə edilib. Yaradıcılığından bəzi nümunələr Azərbaycan dilinə tərcümə olunsa da, şübhəsiz, onun irsinin daha əhatəli, sistemli və mükəmməl tərcüməsinə zərurət var. Bunu həm də böyük ədibin ana dilinə təəssübkeş münasibəti, onun hüququ uğrunda ardıcıl mübarizəsi tələb edir.

 

***

Bərahəninin uşaqlıq illəri İkinci Dünya müharibəsi dövrünə təsadüf edib, o, Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə Milli Hökumətin qurulması və fəaliyyətinin canlı şahidi olub. Və bir il ana dilində təhsilin şirinliyini dadıb. Milli Hökumət devrildikdən sonra yenidən farsca təhsilə məcbur edilib, lakin bununla barışa bilməyib, türkcə hazırladığı divar qəzetini məktəbin divarına yapışdırıb və bunun cəzasını çəkib. Özü müsahibələrindən birində deyir:

"Direktor gəlib bunu gördü. Mən özüm də pəncərədən ona baxırdım. Sonra gedib zəngi vurdu və bizim hamımızı məktəbin həyətindəki hovuzun ətrafında sıraya düzdü. Direktor soruşdu ki, bunu kim türkcə yazıb. Mən də yavaşca qorxa-qorxa dedim ki, ağa, mən yazmışam. Dedi, gəl qabağa. Mən qabağa getdim. O, divar qəzetini qopardıb əlində tutmuşdu. Qəzeti yerə atıb mənim boynumdan yapışdı və boynumu aşağı əyərək dedi ki, indi bu qəzeti yala. Axırı mən öz yazdıqlarımı yaladım.

Bu əhvalat heç vaxt yadımdan çıxmadı. Qarşılaşdığım bu təhqiri heç vaxt unutmadım. Eyni zamanda həmişə düşünmüşəm ki, ana dili gəlib mənim qanımın bir hissəsi, bədənimin bir parçası olub, çünki mən ana dilində yazmaq əvəzinə, bu dili yemişəm. Sonralar bu, başqa formalarda özünü göstərdi. Məsələn, romanlarımda. Mənim romanlarımdakı bütün surətlər azərbaycanlıdır, yaxud Tehranda yaşayan azərbaycanlılardır".

Çox sonralar, artıq fars dilinin böyük yazarı kimi tanındığı zaman (1973-cü ildə) Bərahəni elə həmin fars dilində "Hakim mədəniyyət və məhkum mədəniyyət" adlı bir məqalə yazdı, bunun üstündə həbsə düşdü və yazıda işlətdiyi türkcə bir sözə görə SAVAK-ın yüksək rütbəli məmuru onu Pişəvəri olmaq istəyində ittiham etdi.

Yenə müsahibələrinin birində deyir: "Mənim "günahlarımdan" biri həmişə bu olub ki, sən niyə Azərbaycan dilini müdafiə eləyirsən. Və belə mövqe tutanlara bəzən "irqçi" də deyirlər. Halbuki biz haqqı müdafiə edirik. Bu, bir təbii haqdır və bundan keçmək olmaz. Əgər mən bu haqdan keçsəydim, indi farslar məni başlarının üstündə gəzdirərdilər".

Rza Bərahəni əsərlərini farsca yazdı, hakim mədəniyyətin dilində məhkum mədəniyyətin dərdlərini, ağrılarını ifadə etdi, eyni zamanda həmin mədəniyyətin, türk təfəkkürü və ruhunun gücünü göstərdi. Bu, əslində hakim mədəniyyətə meydan oxumaqdır. Böyük sələfləri Xaqaninin, Nizaminin, Saibin və nəhayət, Şəhriyarın etdiyi kimi!

 

***

Bərahəninin ən gözəl, eyni zamanda ən kədərli şeirlərindən biri 1991-ci ildə yazdığı "Gəlmədi" (Nəyaməd) şeiridir. Müəllifin həyat yolunu nəzərə aldıqda şeir daha da kədərli təsir bağışlayır. Şeirin qəhrəmanı Günəşin gəlişini tezləşdirmək üçün çalışır, əlindən gələn hər şeyi edir, "qurd kimi ulayır", "zəmanə onu it kimi qapıdan qovsa da, bacadan içəri girir"..., amma Günəş gəlmir ki gəlmir. Yuxuda hıçqırsa da, ağlaya bilmir, nə dost yanında, nə yad hüzurunda, nə də öz xəlvətində ağlamır. Və Günəşi gözləyə-gözləyə qalır.

Amma daha əvvəl yazdığı "İsmayıl" poemasında əsərin ithaf olunduğu qələm dostu İsmayıl Şahrudiyə müraciətlə, Bərahəni yazmışdı:

 

And olsun qızarmış gözlərinə, əziz İsmayıl,

bir gün Günəş sənin öldüyün gündəkindən

                        daha yaxşı parlayacaq.

And olsun vaxtilə qırmızı olmuş ağ saçlarına,

bir gün Günəş, bir gün Günəş, bir gün Günəş

sənin öldüyün gündəkindən

                        daha yaxşı parlayacaq!

 

İndi bu sətirləri böyük ustadın öz ruhuna da müraciətlə söyləmək olar. Ruhu şad olsun!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!