Şöhlət Əfşarı itirdik. Daha doğrusu, heç kimin gözləmədiyi, ağlına belə gəlmədiyi bir yerdə, bir gündə itirdik - fevralın 6-da bizi qoyub getdi. Əvvəlcə getdi Türkiyəyə, ordan da üzü o yana... Getməmişdən kiməsə nəsə deyə bildimi, nəsə demək istədimi - bilmirəm. Bir az əvvəl yazdıqlarına baxıram, o deyə biləcəklərini güman edərək sətiraltı, sətirüstü nəsə axtarıram. İnanıram ki, mənim kimi düşünənlər, mənim kimi "axtarış"da olanlar az deyil.
Gecəyarı sükunət, hücrəmdə tək qalmışam,
Dərd əlində məhkumtək sükutdan asılmışam.
Bənzəyirəm səhrada susuz, yorğun dəvəyə,
Ayaq tutub yalanlar, nəyə inanım, nəyə?
Fasiqlər hökm eyləyir, atıb imanı, dini,
Hey çəkirəm dünyanın, insanlığın dərdini.
Günahsız qanlar axır, çatan yoxdur köməyə,
Adam özü utanır - mən insanam! - deməyə!
Çox şeyi görmüşdü, bilmişdi və o səbəbdən "Mən insanam" - deməyə utanırdı. Bu utanmaqlıq hissini itirməyək gərək... Yaradıcı adam, qələm əhli ən əvvəl özündən başlayır, məncə. Yəni özünü yazmağa başlayır. İnanmıram ki, dağıdıcı, yırtıcı adam - ona adam, insan demək mümkünsə - yarada, qura bilsin, Yaradanın yanında ola bilsin, ona yaraya bilsin. Bəlkə bu mənada ürəyi olan oxucu, fəhmi olan tamaşaçı səmimiyyəti saxtalıqdan çox yaxşı seçir və tez ayırd edə bilir. Bu mənada Şöhlət Əfşar yaxşı insan, gözəl dost və əvəzsiz səfər yoldaşı - yol yoldaşıydı. Onunla bu yolları, yolboyu söhbətləri və təəssüratları müəyyən qədər bölüşən biri kimi deyirəm. Bir eldənik, həm də bir qan qohumluğumuz var. Amma mən bunu bir qohum haqda yazmıram. Yaxşı insan, istedadlı qələm adamı, bir növ. Hamıyla qohumdur, yaxındır...
Həm də bu yaxınlıqdan çıxış edərək desəm ki, onun ömrü yollarda keçdi, inanın. Azından Ağcabədiylə Bakı arasında gedib-gəldiyi günlərin sayı-hesabı yoxdur. Doğulduğu, böyüdüyü, uzun illər çalışdığı o rayonda, eləcə də ətrafda elə bir toy, elə bir yas-hüzr yeri olmadı ki, Şöhləti orda görməyəsən. Bu gün Bakıya evinə çatırdısa, səhər həmin istiqamətdə yol getdiyini görsəniz, təəccüblənməyin. Yorulmazdı, bezməzdi, dayanmazdı...
Hüzründə qardaşı Qəhrəman kişi də elə ən çox bunları deyirdi: "Təzə gedib deyə, çox vaxt ondan sonrakı itkiləri gizlədib demək istəməsək də, kimdənsə xəbər tutub özünü yetirərdi...". Bu, məncə, "gəliblərsə, getməliyəm, gətiriblərsə, aparmalıyam" - deyə bir hadisə deyil. Oğulları Anarla Şəmsi, qızları, nəvələri, qardaş-bacıları bir daha bilsin deyə, mən də bunu deməyi özümə borc bilirəm: Şöhlət Əfşar həm təmiz, həm də təmənnasız insan idi. Elədiklərinin qarşılığını gözləyən, istəyən deyildi. Hüzrünə axışıb gələnləri gördükcə buna bir daha əmin oldum. Onun etdiyi yaxşılıqların qarşılığını, inanıram ki, eli-obası, övladları görür və hələ çox da görəcəklər...
Qeyri-adi bir xüsusiyyəti vardı - dediyi sözü unutmaz, getdiyi yerə gecikməzdi və belələrini də "bağışlamazdı". Özündən sonra halallıq üçün etirafımı edirəm: O gecikənlərdən, ləngiyənlərdən, unudanlardan da bir məndim...
Başqa fərqli bir xüsusiyyəti də bu idi ki, yaxşı adamları harda olsa, axtarıb tapardı. Özü səbrliydi və səbrlə, dözümlə dostluq etməyi, bir növ dost qazanmağı bacarardı. Onun dostlarını gördükcə hər dəfə özümü də az qınamadım: "dost" deyib dostluğunu görmədiklərimi yadıma saldım və çox əzildim: - Nəyi düz eləmədim və ya nəyi düz eləmədi dostlarım? - deyə...
Şükür ki, dostları Şöhlətin sağlığında da vardı, indi də var. Zatən bir atanın özündən sonra qalanlarına - doğmalarına, əzizlərinə, yaxınlarına verə biləcəyi, ötürə biləcəyi bundan çox da ola bilməz...
Sorursan, söyləyim - zarafat sanma,
Bəsirətin varsa, gəl haqqı danma.
İstər inan mənə, istər inanma,
Şairə şeiri bir yazdıran var.
Bilən yox düsturun, nə də bəhrini,
Nə sirrin bilən var, nə də sehrini.
Sarayın görən yox, nə də şəhrini,
Şairə şeiri bir yazdıran var.
Bəlkə də çoxu onun yerişinə-duruşuna, şuxluğuna, zarafatlarına baxıb deməzdi, amma mən azdan-çoxdan bilirəm ki, Şöhlət dərdli adamıydı. Ən böyük dərdi torpaq dərdiydi, Qarabağ dərdiydi. Bu onun həm yazılarında vardı, həm söhbətlərində. Qarabağı qarış-qarış tanıyırdı. Həm işimlə bağlı, həm də həyatımla bağlı uzun illər işğalda qalan yurd yerlərimizi mən də pis tanımrdım. Amma onun söhbətlərinə, söhbətlərindən canlanan xatirələrə, o xatirələrin içindəki qeyri-adi mənzərələrə heyran qalmamaq olmurdu. Elat, yaylaq, köç... Yaylaqla Aran arasındakı yollar, cığırlar, çaylar, bulaqlar... Yaylaq qəbiristanlıqları... Nə qədər ki, torpaqlarımız işğaldaydı, o yerlərin ətri-təravəti, gözəlliyi, təkrarsızlığı Şöhlətin söhbətlərində yaşadı. Təəssüf ki, torpaqlarımız azad olan kimi də Şöhlət həsrət-nisgil qarışıq o xatirələrini də götürüb getdi... Bəziləri yadımdadır, sanki görübmüş kimi gözlərimin qabağındadır: "İldırım adamı necə vurur - iki dəfə görmüşəm yaylaqda - deyərdi. - Bir dəfə axşamüstü qoyun sağılanda oldu bu hadisə. Möhkəm yağış başladı. Biz uşaqlar qaçıb çadıra doluşduq. Başlamışdılar qoyunları sağmağa. Uzun bir adamıydı qoyun sağanlardan biri. Göy şaqqıldadı, ildırım həmin adamı vurdu. Onun əlindəki vedrəylə göyə necə qalxdığını, yerə necə düşdüyünü, ardınca qopan ağlaşma, şivən səsləri hələ də yadımdadır... Bir dəfə də çadırda üç nəfər - ata, oğul və ana söhbət edərkən ildırım düşdü, atayla oğulu vurdu, ana sağ qaldı. Sanki ananı saxladı ki, bu gedənləri ağlasın... Həmin ildırım vuranları dəvələrin belinə qoyub oba-oba gəzdirdilər. Hər obaya yaxınlaşanda qadınlar, kişilər çıxıb ağladılar... Mən dəvələrin də ağladığını onda gördüm... Beləcə, bütün obaları gəzdirib, dolandırıb sonra yaylaq qəbiristanlığında basdırdılar...". İnanın o söhbətdən sonra hər yağış yağanda gözüm göyə zillənir - hardadır o ildırım?..
Bunları eşitdikdən, bildikdən sonra "gözü yolda qalan Şuşa"ya dönüb bir də baxırsan", insanın hələ bu dünyadaykən niyə başqa bir dünya "axtarışı"nda olduğunu anlamağa çalışırsan...
Mənə bir dünya verin,
Bu dünyadan uzaqda.
Bir başqa dünya verin,
Elə başqa dünya ki,
Orda bütün fəsillər,
Həmişə bahar olsun.
Bir bahar ki, al-əlvan,
Əbədiyyən yamyaşıl,
Çəmənləri laləzar,
Gülləri, çiçəkləri,
Nə qurusun, nə solsun.
Ömrü boyu müxtəlif vəzifələrdə çalışmışdı. Yəqin, bu səbəbdən əsl yaradıcılığa vaxtı qalmamışdı. Elə indi çoxunun can atdığı bir vəzifədən də bu yaradıcılığa görə, öz yazılarını yazsın deyə getdi. Qısa müddətdə neçə-neçə kitab nəşr olundu. Şeirlərinə mahnılar bəstələndi. Sözlərini o taylı-bu taylı aşıqlar sevə-sevə oxudular və oxumaqdadılar. Ədəbi aləmə yaxşı mənada böyük söz-söhbətlə gəldi. Hamının diqqətini cəlb etdi və elə gəldiyi kimi də getdi. Əminəm ki, bu dəfə özündən sonrakı söhbətləri, xatirələri heç vaxt bitməyəcək, bir də yazıb-yaratdıqları heç unudulmayacaq...
Bizi tərk edib getməmişdən qabaq bir şeiri vardı - məktəb yoldaşlarına, dostlarına yazmışdı, onu tez-tez oxumağı sevərdi: "Məni qoyub hara getdiniz heç vaxt ayrılmadığım, məktəb dostlarım?" - deyərdi. İndi oturub düşünürəm ki, yəqin, dostlara çox vəfalıydı deyə, onlarsız çox qalmadı, əlində bir ocaq köz özü də çıxıb getdi onların yanına...
Şöhlət Əfşar, gəlib keçər bu dövran,
Bitər bu ayrılıq, bitər bu hicran.
Sönməz məşəlimiz, qoy, bilsin cahan!
Ocaqdan ocağa köz gətirmişəm!
P.S. Şöhlət Əfşarın "Azərbaycan" nəşriyyatının 3-cü mərtəbəsində dostlarının böyük sevgiylə toplaşdığı bir otağı qaldı, bir də çoxlu yarımçıq şeiri, yazısı və bitib tükənməyən söhbətləri, bir də illərdir yurdumuzu o başdan-bu başa dəfələrlə dolaşan arabası - maşını... O gün qəbrinə baş çəkməyə gedəndə ən qabaqda gedən qara maşına baxdım - həmin maşınıydı - onun maşınıydı. Sanki vaxtilə dostların qabağınca düşüb getdiyi kimi yenə hamıya yol göstərir, hər kəsi ardınca çəkib aparırdı. Bu dəfə onun - Şöhlətin yanına, son mənzilinə aparırdı bizi... Səssiz-sədasız bir yağış yağırdı o gün və qəribə bir sakitlik də vardı "sükutundan asılmış adam"ın yanında...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!