Qüdrətli söz və fikir ustadı dahi Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə ötən ili "Nizami Gəncəvi İli" elan etmişdir. Tam əminliklə söyləmək olar ki, "Nizami Gəncəvi İli" Nizami Gəncəvi irsinin tədqiqi, təbliği, tədrisi sahəsində yeni-yeni uğurlarla əlamətdar olmuşdur. İnsan zəkasının, bədii fikrin nadir hadisəsi olan Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi-nəzəri fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə korifey sənətkarın yaradıcılığının tədqiqat tarixi 100 ilə yaxındır, bu müddət ərzində şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində mühüm işlər görülmüş, ciddi, sanballı tədqiqatlar ərsəyə gətirilmiş çox sayda kitablar, monoqrafiyalar, məqalələr yazılmış, incəsənətin müxtəlif sahələrinə dair dəyərli nümunələr yaradılmış, respublika və beynəlxalq miqyaslı konfras, simpozium və festivallar keçirilmiş, xatirəsi əbədiləşdirilmiş, bir sözlə, böyük şairin vətəni haqlı olaraq dünya nizamişünaslığının təbii mərkəzinə çevrilmişdir.
Çoxşaxəli yaradıcılıq diapozununa malik istedadlı şair, tədqiqatçı, səriştəli pedaqoq, filologiya üzrə fəlsəfə doktoru Elşad Səfərlinin "Türkanə söz"ün misilsiz ustadı" (Bakı, "Elm" nəşriyyatı, 2022, 160 səh.) adlı dərs vəsaiti, həm böyük sənətkarın yaradıcılığına xas xüsusiyyətləri müasir tələblər baxımından dəyərləndirmək, həm də bu irsin ən dəyərli cəhətlərini - ədalət və əxlaq haqqında görüşlərini, əməyə, xeyirxah əməllərə hörmət hissini yeni təhsil sisteminə uyğun tərzdə gənc nəsillərə ötürmək, aşılamaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Dərslik "Nizami Gəncəvi irsinin bəzi sənətkarlıq xüsusiyyətləri", "Türkanə sözün" misilsiz ustadı", "Nizami Gəncəvi irsinin qısa tədrisi xüsusiyyətləri və bəzi dərk problemləri" adlı 3 fəsildən ibarətdir. Təqdirəlayiqdir ki, Elşad Səfərli əsərin I fəslində nizamişünaslığın ən dəyərli, ciddi mənbələrinə, özündən əvvəl bu sahədə sanballı tədqiqatlara imza atan görkəmli ədəbiyyatşünasların əsərlərinə, eləcə də şairin ayrı-ayrı poemalarından məharətlə seçdiyi sitatlara istinad edərək Nizami Gəncəvi poeziyasının bədii xüsusiyyətlərinə dair maraqlı mülahizələr irəli sürür, fikirlərini əsaslandırır və müvafiq elmi qənaətlərə gəlir.
Cəsarətli müddəaları, maraqlı, yeni diskussiya, polemika predmeti ola biləcək mühakimələri, hətta bəzən sərt qınaqları ilə yadda qalan "Türkanə sözün" misilsiz ustadı" adlı fəsildə Elşad Səfərli Nizami Gəncəvinin və irsinin milli və ədəbi kimliyinə, ölkə və dünya nizamişünaslarının bu və digər problemlərə dair fərqli fikirlərinə münasibət bildirir və öz mövqeyini bəyan edir. Bir məqamı vurğulamaq istərdik ki, əsərdə sovet rejimi və kommunist ideologiyasının, senzuranın mövcud olduğu illərdə dünya, o cümlədən Azərbaycan nizamişünaslığının bənzərsiz nailiyyəti olan Məhəmməd Əmin Rəsulzadənin "Böyük Azərbaycan şairi Nizami" monoqrafiyasına nüfuzlu alimlərimizin məcburiyyət qarşısında bəzən kölgə salmaq təşəbbüsləri təkrarlanmır, təqdir olunmur, bəyənilmir.
Dərs vəsaitinin müsbət cəhətlərindən biri də onun zəngin pedaqoji təcrübəyə, metodik ustalığa, praktik bacarığa malik alim tərəfindən hazırlanmasıdır və bu fikrimizi Elşad Səfərlinin əsərinin III - "Nizami Gəncəvi irsinin qısa tədrisi xüsusiyyətləri və bəzi dərk problemləri" fəsli təsdiqləyir. Milli-mənəvi, həmçinin ümumbəşəri dəyərlərin zəngin və tükənməz xəzinəsi olan Nizaminin ədəbi irsindən həm orta, həm də ali məktəblərdə pedaqoji prosesdə istifadə işinin sistemli təşkilinin vacibliyinə, bu işin elmi-metodik və tərbiyəvi əhəmiyyətinə diqqəti yönəldən müəllif haqlı olaraq qeyd qeyd edir ki, Nizami irsinin tədrisi məsələsi Azərbaycan təhsil sisteminin, ilk növbədə ədəbiyyatşünaslığının qarşısında duran ən prioritet problemlərindən biridir. Bu işin yerinə yetirilməsində müəllim-şagird və müəllim-tələbə tandeminin fəaliyyəti, əməkdaşlığı böyük rola malikdir. Elşad Səfərli Nizami irsinin tədqiqi, tədrisi və bu irsin milli sərvət kimi xalqa çatdırılması sahəsində mühüm tədbirlərin həyata keçirildiyini, lakin hələ görüləsi vacib işlərin kifayət qədər olduğunu bildirir və qarşıda duran konkret vəzifələr barədə öz mülahizələrini söyləyir. Müəllif əminliklə bildirir ki, yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilən, sevilən dahi şairin əbədiyaşar poeziyasının yüksək səviyyədə tədqiqi və təbliği daim diqqət mərkəzində saxlanılacaqdır.
Deyilənləri yekunlaşdıraraq bu qənəatə gəlirik ki, aktual və mühüm bir mövzuya həsr olunan, praktik işin, müşahidələrin, elmi-nəzəri axtarışların nəticəsi kimi ərsəyə gələn "Türkanə söz"ün misilsiz ustadı" adlı dərs vəsaiti ali təhsil müəssisələrində Nizami Gəncəvi irsinin daha dərindən tədrisi üçün faydalı mənbələrdəndir.
28.02.2022
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!