"Körpü"dən Körpüyə: Həmrəylik mesajı - Sayman Aruzun Xudafərin səfəri təəssüratı - FOTOLAR

 

Qərara gəlmişdim ki, Novruz bayramı ərəfəsində Azərbaycan Televiziyasının Mədəniyyət kanalında yayımlanan "Körpü" verilişi olaraq dünya azərbaycanlılarının həmrəyliyinin rəmzi olan tarixi Xudafərin körpüsünə səfər edək. Xudafərin körpüsü öz vüqarlı və əyilməz duruşu ilə dünyada yaşayan hər bir azərbaycanlının qürur mənbəyidir. Ona görə də dünyada yaşayan 60 milyondan artıq soydaşımı bahar bayramı münasibətilə oradan təbrik etmək şəxsən mənim üçün izahedilməz duyğudur.

Verilişin formatına uyğun olaraq üç qonaq dəvət etməli idik. Mən təklif etdim ki, dördüncü qonağı da götürək. Xudafərin səfəri tarixi səfərdir. Mən də təbii olaraq istəyirdim ki, həm verilişimiz daha zəngin alınsın, həm də məhz tarixi Körpünün kənarında digər bir dəyərli ziyalımız da öz ürək sözlərini paylaşa bilsin. Ona görə də Azərbaycan Yazıçılar Birliyi sədrinin baş müşaviri Rauf Aslanovu dünya azərbaycanlılarının həmrəyliyi və Novruz bayramı təbriki ilə bağlı dəvət etdim. O da heç düşünmədən dəvətimizi qəbul etdi. Həm də elə adamlar dəvət edilməli idi ki, qəlbində, ruhunda, qanında və qələmində Bütöv Azərbaycan təfəkkürünü yaşatsın. Xeyli düşünəndən sonra dostum, tanınmış yazıçı Yunus Oğuza zəng etdim: "Salam, Yunus, Xudafərinə gedirik, gəlirsənmi?". Yunus özünəməxsus salam tərzi ilə "və-əleyküməssalam" - deyib davam elədi ki: "Gəlirəm, əfəndim". Dedim: "Sən heç, gəlirsən, bildik. başqa kimi dəvət edək ki, Xudafərinə getməyə mənəvi haqqı olsun? Amma ədəbiyyatçı olsun haa". Yunusla bəzi adları müzakirə etsək də, sonda yekdilliklə Azər Turanın adı üzərində dayandıq.

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana zəng elədim: "Azər, Xudafərinə gedəcəyik. Gəlirsənmi?" Azərin səsindəki həyəcanı və "gəlirəm, qardaş, böyük məmnuniyyətlə" sözündəki Xudafərini görmək ehtirasını vəsf etmək çox çətindir. "Günü və saatı necə olacaq, qardaş?" - dedi. "Martın 7-si səhər tezdən saat 6-da AzTV-nin yuxarı qapısında olun" - dedim. Azər Turan həmin gündən Xudafərinə səfər etdiyimiz günə qədər azı 6-7 dəfə mənə zəng elədi. Hər dəfə soruşurdu ki: "Qardaş, dəqiq gedirik?". Mən də hər dəfə onu arxayın edirdim: "Narahat olma, Azər, gedəcəyik". Əmin idim ki, Azər Turan heç vaxt görmədiyim eşq və şövq ilə həmin günü gözləyirdi. Ona görə də televiziyada baş verən bütün texniki problemləri cidd-cəhdlə aradan qaldırmağa çalışırdım. Tam səmimi deyirəm ki, Azərin Xudafərinə getmək şövqünü görməsəydim, bəlkə də, bəzi texniki məsələlərin həllinə o dərəcədə ciddi yanaşmazdım. Nə isə ki, Dövlət Televiziyasının milli, vətənpərvər və dəyərli rəhbəri, əziz dostum Rövşən Məmmədov hər zaman bizə və Azərbaycan mədəniyyətinə səmimi-qəlbdən xidmət edən bütün mövqeli insanlara öz dəstəyini göstərir. Təbii ki, biz də qəlbimizdə olan Vətən, dövlət, bayraq və xalq sevgisi ilə bu müqəddəs yola baş qoymuşuq...

Bizimlə Xudafərinə səfər edən üçüncü qonağımız Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Elçin Hüseynbəyli oldu. Elçin əslən Cəbrayıldan olduğuna və Azərbaycan tarixi şəxsiyyətləri, o cümlədən Şah Abbas və Nadir şah haqqında romanlar yazdığına görə təklif edildi. Elçinə də zəng elədim: "Elçin, Xudafərinə gedirik, gəlirsənmi?". Elçin "kimlər olacaq, qağa" - dedi. "Sən, Yunus Oğuz, Azər Turan" - dedim. Elçini illərdir tanıyıram. "Gəlirəm, qağa" - dedi.

Mart ayının 7-si, səhər saat 05:45 idi. Azər zəng elədi ki: "Mən burdayam, heç kəs yoxdur". Dedim "qardaş, sən çox tez gəlibsən. Maşallah olsun sənin ürəyindəki Vətən sevgisinə". Bir-bir digər qonaqlara da zəng elədim. Kimisi yolda idi, kimisi də gecikirdi deyə, yola verirdi.

Saat 06:30-da Xudafərinə doğru yola çıxdıq. Rauf Aslanov Azər Turan bir maşında. Mən Elçin Hüseynbəyli və Yunus Oğuz da bir maşında oturduq. Yolda xeyli söhbət etdik. Mən şəxsən yolu heç hiss etmədim. Bəlkə də, beynimi Xudafərinə kökləmişdim deyə elə oldu, bilmirəm. Ancaq məsələ burasındadır ki, uzun illər üzünü görmədiyim doğma şəhərim Sulduz və bütövlükdə təfəkkürümüzün paytaxtı olan Təbrizin havasını mədəniyyət paytaxtımız Şuşadan aldığım kimi, inanırdım ki, Xudafərin də mənim ruhumdakı həsrətin dərmanı olacaqdır.

Xudafərinə çatdıq. Verilişin formatına uyğun olaraq ilk öncə müğənniləri çəkirdilər. Biz də Arazın kənarında o taya baxıb söhbət edirdik. O taylı soydaşlarımız maşınlarını saxlayıb bizə əl sallayırdılar. Araz yenə öz iki yüz illik işini davam edirdi. Sakitcə axır, qəlbimizin ortasında o tayın yarasını təzələyirdi. Azər dedi: "Məhəmməd Biriyadan danışmaq istəyirəm...". "Azər, könlündən nə keçirsə de. Arazın və Xudafərinin yanında biz bütöv və vahid ruhla çıxış etməliyik", - dedim. Azər "elədir" - deyib siqaretinə sığındı. Azərin ürəyindəki təlatümü hiss edirdim. Körpüyə baxıb çəkdiyi ahları, Araza və o taya baxıb ürəyindən keçən qanları duyurdum. "Hər şey yaxşı olacaq, Azər!" - dedim. Azər həmişəki ədəbli təbəssümü ilə sözümü təsdiqlədi. Müğənnilər oxuyurdu, kameralar çəkirdi. Biz isə Arazın kənarında külək kimi əsirdik. Kölgəmiz özümüzdən qeyrətli, səsimiz özümüzdən uca... O taylı soydaşlarımızın biri hayqırdı ki: "Yaşasın Azərbaycan!". Biz isə əllərimizi qaldırıb səslərinə səs verdik: "Yaşasın Azərbaycan!" Körpünün yanındakı İİR-nın qüvvələri həmin soydaşlarımıza tərəf getdilər. Soydaşlarımız isə maşınlarına minib oradan uzaqlaşdılar. Mən, Azər və Yunus bir-birimizə baxdıq. "Hər şey yaxşı olacaq" - deyib çay içmək üçün maşına tərəf getdik.

Müğənnilərin ifaları bitmişdi. Rejissor bizi çağırırdı. Bizim isə əngimiz söhbətə qızışmışdı. Yunus və Elçin qabaqda getdilər. Mən Azərlə söhbət edə-edə Arazın sahilinə, çəkiliş meydançasına doğru gedirdik. Azərin əlindən siqaret əskik olmurdu. "Nə qədər siqaret çəkirsən" - dedim. "Eh, bu boyda dərdi olan çəkməzmi" - dedi. Zarafatyana dedim: - "Gör mən nə çəkmişəm, qardaş". Rejissor məni çağırdı. Üzümü rejissora çevirdim ki, "gəlirəm". Azər dedi: "Türkmənçay, Gülüstana toxuna...". Sözü yarımçıq qaldı. Başımı çevirdim ki, Azər yerə yıxılıb. Azər tərəfə qaçdıq. "Danışa bilərsən, Azər, danışa bilərsən!" - deyib Azəri yerdən qaldırdıq. Azərin vəziyyəti ağır idi. Burnundan şiddətli qan gedirdi. Azərin qanı mənim paltarıma da sıçramışdı. Köynəyim və pencəyim qan idi. Nə qədər çalışsaq da, qan dayanmırdı. "Hər şey yaxşı olacaq, Azər" - dedim. Azəri maşına tərəf apardılar. Bir xanım həkim Azərin burnundan axan qanı durdurmağa çalışırdı. Azər ağladı... günlərdir Xudafərinə gəlmək üçün həyəcan keçirirdi... Xalqına, o taylı soydaşlarına deməyə sözü çox idi... "Azər, narahat olma, səni gözləyərik. Özünə gəl, sonra çəkərik" - dedim. Həkim qulağıma pıçıldadı ki, "Təzyiqi yüksəkdir, alınmayacaq". Rejissor saata baxdı. Gün batmaq üzrə idi. Bir saat müddətində çəkməsəydik, heç ümumiyyətlə çəkə bilməyəcəydik. Azər ağrıyırdı. Onu ağrıdan isə nə ondan axan qan, nə də cismindəki ağrı idi... Bu, iki yüz ildir ki, Azərlərin alın yazısıdır. Ağrımaq, bölünmək, ağlamaq, dostlardan ayrı düşmək, sevdiyin torpaqdan, arzuladığın müqəddəs hisslərdən doymamaq... "Öz günahındı, Azər" - deyib acı-acı gülümsədim. Əlini burnuna sıxıb həkimlə birlikdə ayağa qalxdı. Sərhəd qoşunlarının maşını xəstəxanaya aparmaqdan ötrü onları gözləyirdi.

Azər getdi, biz isə çəkiliş meydançasına getdik. Mən ortada, Yunus sağda, Elçin solda. Rauf müəllim isə Xudafərinin kənarında müsahibə verirdi. Rejissor əli ilə işarə elədi ki, yəni başla. Boğazım qəhərdən düyünlənmişdi. Azərin başına gələn hadisə təsadüfi hadisə deyildi. O, bir mesaj idi. Mən o mesajı tam dəqiqliyi ilə almışdım. Yunusa baxdım ki, o da az qala ağlayır. Elçin amma əllərini arxasında düyünləmişdi. Dərindən nəfəs alıb başladım:

"Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Budur, Azərbaycan xalqının istedadının məhsulu olan Xudafərin körpüsündəyik. O istedad ki, ayrılığa deyil, birliyə, bütövlüyə xidmət edir, körpü yıxmır, körpü salır. Ayırmır, birləşdirir. Dünya azərbaycanlılarının Mədəniyyət Platforması olaraq özümüzə borc bildik ki, sizlərin Novruz bayramını tarixi torpağımız, tarixi körpümüz Xudafərində təbrik edək. Azərbaycanın şanlı bayrağının əbədi olaraq dalğalanacağı körpü. Qanımızın haqsızlıqla töküldüyü müqəddəs Qarabağdan, necə ki, şəhidlik və o şəhidliyin sayəsində isə qələbəmizin çiçəyi bitdi, bax, eləcə də, burada, Xudafərində bitəcək. Qələbələrimizin çiçəyini görmək arzusuyla, sizləri salamlayıram!".

Yunus üzünü əks tərəfə çevirib ağlayırdı. Özünü toparlayıb mənə baxdı. Rejissor, redaktor, operatorlar, ümumiyyətlə orada olan hər kəsin gözü dolmuşdu. O taydan "Yaşasın Azərbaycan!" səsi gəlirdi. Araz gurhagurla axırdı. Elçin də, Azər də danışırdılar. Kameralar çəkirdi. Heç nə eşitmirdim. Heç nə görmürdüm. Rejissorun "Sayman müəllim, hardasız" - sözü ilə çəkilişin ab-havasına qayıtdım. Dilimin altında zümzümə elədim: "Azər, bir az da döz, hər şey yaxşı olacaq"...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!