Dramaturgiyada tarix və zamanın gerçəklikləri - Fidan ABDURƏHMANOVA

 

Dünyanın aparıcı dramaturqları XX əsrin əvvəlləri II Dünya müharibəsindən sonra şəhərləşmə ilə yanaşı, dövrünün sosial şəraiti, ətraf mühitin insan həyatına təsirini və sənətin bütün sahələrində insanların dəyişmə və çevrilmə proseslərini əsərlərində əks etdirərək bədii gerçəkliyi önə çıxarırdı.

Ötən əsrin 20-ci illərindən başlayaraq dramaturgiya sosial və estetik mədəniyyəti təbliğ etməklə yanaşı, həm də yazıçılarda dramaturji metodların özünəməxsusluğunun davamlılıq xüsusiyyətlərini aşılayır. Polşa mənşəli yəhudi ailəsində anadan olan, Amerika Teatrının yaradıcılarından biri Artur Miller oxucuları ilə maraqlı faktı bölüşür: "...Mənim pyeslərim "havada gəzən" ideyaların əksidir. Mən bu pyeslərlə oxuculara onların özlərinin anlamadıqları və ya anlamaq istəmədikləri həqiqətləri göstərmək istəmişəm". Miller dramaturgiyasının bütün Qərb aləmini bürüyən nəhəng şöhrəti bir daha sübut etdi ki, müəllif öz pyeslərində, həqiqətən də, "havada gəzən" ideyalara ustalıqla toxunmağı bacarıb. Bu fikri müəllifin ilk səhnələşdirilən müharibəyə aid "Hamısı mənim oğlum idi" pyesi əsaslandıra bilər.

Azərbaycanda dramaturgiyanın əsası XIX əsrdə Axundovun əsərləri ilə qoyulsa da, XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, daha sonra sovet ədəbiyyatı adı ilə İlyas Əfənfiyevin, Sabit Rəhmanın, Mirzə İbrahimovun, Ənvər Məmmədxanlının, Mehdi Hüseynin, İmran Qasımovun, Bəxtiyar Vahabzadənin, Nəriman Həsənzadənin, Əfqanın əsərləri ilə formalaşdı. XX əsrin ikinci yarısında isə bu yük Anarın, Elçinin, Maqsud və Rüstəm İbrahibəyov qardaşlarının üzərinə düşdü.

XX əsrdə dramaturgiyanın inkişafına yönəlmiş fikir və tətbiqləri qiymətləndirə bilmək üçün teatrın tarixdə kütləvi hala gəldiyi dövrləri araşdırmaq xüsusilə vacib idi. Teatr öz mövzusunu həm gündəlik həyatdan, həm də tarix və mifologiyadan götürərək, işlənmə tərzinə görə faciə, komediya və drama bölünür.

Sənət əsəri subyektivdir. Lakin yenə də cəmiyyətə yönəlib. Sənətkar əsərindəki dili, personajları və hadisələri müəyyənləşdirir və fantastikanı özü edir. Bütün bu üstünlüklər cəmiyyət üçün bir düşüncə və düşüncə çatdırmaq üçündür. Sənət əsəri sənətkarın əlindən ayrıldıqdan sonra Kandinskinin dediyi kimi, "müstəqil bir həyatı var, şəxsiyyət olur, ağıl nəfəs alan bir mövzuya çevrilir".

Təəssüf hissi ilə qeyd etməliyik ki, Ağdamda doğulmuş Əli Əmirli, Cəbrayıldan olan Elçin Hüseynbəyli, əslən Füzulidən olan Elçinin 30 il işğal altında əsir qalan torpaqları və orada baş vermiş haqsızlıqları ifadə edəcək dram əsəri yazılmadı. Halbuki, oxucunun illərdən bəri üslubuna və bədii intellektinə güvənən bu dramaturqların süngüyə dönəcək qələmlərinin görüntülərinə çox ehtiyacı vardı. Fikrimizcə, işğaldan azad olan Füzuli şəhərində bayraq sancmağa tikili tapmayan əsgərin, yaxud Ağdam rayonunun vandalizmə məruz qalmış mədəniyyətlə tariximizin qovuşduğu abidələri və Cəbrayılda hec bir sursatın dağıda bilmədiyi sədaqətlə azərbaycanlıların yolunu gözləyən "Dostluq" bulağı daha yüzlərlə tarixi faktlar kifayət qədər material verirdi. Cəfər Cabbarlı "1905-ci ildə" əsərini yazdıqdan sonra etiraf etmişdi ki, o, həmin ildə baş verən hadisələri tam olaraq əks etdirə bilməmişdi. Onun sözlərinə görə: "Bu mövzu hələ də bədii həllini gözləyir". Düşünəndə ki, bir əsrdən cox zaman keçmiş, Azərbayan xalqı bu əsrdə müxtəlif illərdə erməni vandallarının törətdikləri faciələrlə üzləşmiş, lakin bütün bu hadisələri səhnələşdirmək üçün əsər yoxdur, əsl dramatizm elə budur. Dramaturgiya başlanğıc və son arasında baş verən proseslərdən ibarətdir. Torpağımıza göz dikənlərin nə əvvəli var, nə də sonu... Bu baxımdan bu janrda azadlıq hökm sürür. Azərbaycan səhnəsində bütün pyeslərinin qəhrəmanları həyatda özünü tapa bilməyən, taleyin istehzasına tuş gəlmiş insanlardır. Bəlkə də bu səbəbdən komediyaya meyil artmışdır.

2020-2021-ci illərdə Azərbaycan Mətbuatında Elçinin "Stalin" (Azərbaycan jurnalı 1, 2020), Qəşəm Nəcəfzadə "Ölüm o dünyada qaldı" (Azərbaycan jurnalı 1, 2020), Firuz Mustafanın Tarixi pyeslər silsiləsindən "Tarixin kölgəsi", "Savaş fəsli", "Üçüncü sahil", (Renessans Nəşriyyat evi, 2021, 514 səh.), Xalq yazıçısı Elçinin ziddiyyətli, mürəkkəb xarakterli, şəxsiyyətin otuz il nəhəng Sovet imperiyasına rəhbərlik etdiyi Stalinin həyata keçirdiyi repressiyaları zamanı milyonlarla insanın məhv olunması, sürgünə, işgəncələrə məruz qalması, əlbəttə, oxucu üçün maraqlıdır. Gerçəklər və illüziyalar, həqiqət və yalan, insanın bu dünyada yaşayışının nə məqsəd daşıdığı və bir də ən əsası - doğmalar arasında əlaqələrin itməsi... Kim idi "yoldaş Stalin"? XXI əsrin 21-ci ilində bu suala ehtiyac varmı görən? Firuz Mustafanın pyesləri isə yüz il öncəki tarixi gerçəkliklərdən bəhs edir. Sənədlərə, faktlara istinad olunan Məhəmməd Əmin Rəsulzadənin, Nəriman Nərimanovun, Stalinin və onların yaxın qohumlarının dialoqa girdiyi bu pyes Rəsulzadənin illər boyu Azərbaycanı müstəqil görmək arzusu və mücadiləsini əks etdirir. Görəsən, düşdüyümüz vəziyyət, yasadığımız indiki zamanın gerçəkliklərini qələmə almaq üçün "yüz il" lazımdırmı? Susqunluq teatr tənqidçilərinə də aiddir. Firuz Mustafanın bu pyesi tamaşaya qoyulmaq üçün yox, geniş auditoriya üçün nəzərdə tutulub.

Son iki ildə vaxtilə mətbuatda yüksək peşəkarlıqla rəy bildirən teatr tənqidçilərinin münasibətlərini də görmək olmur. Aydın Talıbzadənin Əli Əmirli haqqında məqaləsi, Vaqif Yusiflinin "Son illərin dramaturgiyası" məqaləsi, Aynurə Mustafayevanın Ədəbi proses məcmuəsindəki oçerkləri, vəssalam... Təəssüf hissi ilə qeyd etməliyik ki, son iki ildə İlham Rəhimlinin, Məryəm Əlizadənin müasir teatra, dramaturgiyaya münasibətləri əks olunmur. Açığı, etiraf etməliyik ki, dramaturgiya haqqında ətraflı müfəssəl münasibətə "Azərbaycan" jurnalının 2014-cü ilin mart sayında "Çağdaş Azərbaycan dramaturgiyası: problemlər, mülahizələr" adlı geniş müzakirəsi zamanı maraqlı əsaslı müqayisələr aparılmışdı.

Son iki ildə Azərbaycan tarixi bir dövr yaşayaraq 2020-ci ildən Azərbaycan xalqı həm xəstəliyə (COVİD-19), həm də düşmən təxribatlarına qarşı (iyul hadisələri və 44 günlük İkinci Vətən müharibəsi) mübarizə aparmışdı. Bu səbəbdən dövlətimiz insan sağlığını və torpaqlarımızı qorumaq məqsədilə həm tibbi nöqteyi- nəzərdən, həm də torpaqlarımızı qorumaq üçün səfərbərlik etmişdi. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev hər iki cəbhədə xalqımızı qorumaq üçün iqtisadi, hərbi və siyasi olmaqla mühüm addımlar atmışdır. 2020-ci ildə düşmən təxribatı nəticəsində Polad Həşimov kimi generalımız şəhid oldu. Generalın qisasını alan 18 yaşı yenicə tamam olan atasız bir gənc Cəbrayıl Dövlətzadə kimi minlərlə gənc ayağa qalxdı. Xalqımız sentyabr ayının 27-dən bayraq gününə kimi (9 noyabr) qələbə ilə bitən müharibə şəraiti yaşadı. Şuşanın işğaldan azad olunmasını bütün dünya heyranlıqla qəbul etdi. Elə isə hansı qüvvə müasir dramaturqları bu tarixi prosesləri qələmə almağa mane oldu. Son iki ildə xalqımızın yaşadığı taleyüklü proseslər niyə Azərbaycan səhnəsində təqdim olunmur. Məhz bu dövrdə tarix yazan Ali Baş Komandana və sıravi əsgərə aid kiçik bir səhnəyə rast gəlmək olmur.

Son iki ildə, hətta son beş-on ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanda ictimai-siyasi hadisələrlə, xüsusilə İkinci Qarabağ müharibəsi ilə bağlı heç bir əsər tamaşaya qoyulmadı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Samir Qulamovun "Bir nəfəs qədər" əsərindən başqa...

Müasir dramaturgiya teatr mədəniyyətində birmənalı deyil, həm tarixi-teatr, həm də öyrədici baxımından xüsusi bir elmi anlaşma lazım olduğunu sübut edir. Doğrudan, bu, "Yeni dram" realizmi özlüyündə, ən azı, mübahisəli reallıq və inandırıcı bərpa kimi dar başa düşülür.

XX əsrdə modernizm bütün sənət sahələrində çalışan sənətkarlara təsir edərək, ədəbi mühiti və teatr sənətini formalaşdırdı. Modernizm ədəbiyyatda yazıçıları yeni esselər, əsərlər yaratmağa təşviq edən bir cərəyan oldu. Dramaturgiya haqqında bunu demək olmaz...

Qəribədir, dramaturgiya gerçək dünyanın qanunlarından fərqlənən qanunlara arxalanır. Son illərin dramaturgiyası onu deməyə əsas verir ki, dünya nə qədər dəyişsə də, texnologiyalar inkişaf etsə də, "müasir" pyeslərimiz antik dövrün qaydalarına riayət etdiyi kimi mövzuları da köhnədir. Yeni olan isə dramaturgiya haqqında mülahizələr, məqalələr, fikirlərdi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!