Satira və zaman - Gülbəniz BABAYEVA

 

Satirik gülüşü yaradan həyatın sosial-mənəvi reallıqlarıdır. Tarixin bütün mərhələlərində sənətkarla mühit, ictimai formasiya arasında münasibətlər, baş verən hadisələrə şair, ədib baxışı özünü tənqidi şeirlərdə, satirik üslubda yazılan bədii nəsr nümunələrində daha qabarıq şəkildə göstərmişdir. Tənqidi-satirik əsərlər xalqın mövqeyindən çıxış etmiş, cəmiyyət həyatının qayğılarından, insanların şərə qarşı münasibətindən yaranmışdır. 2020-ci ilin ədəbi mənzərəsinə nəzər saldıqda bu tendensiyanı aydın şəkildə görmək mümkündür. Yazıçı Xeyrəddin Qocanın satirik hekayələrində, şair Vüqar Əhmədin, Məmməd Əvəzoğlunun, Xəyal Zeynalın, Ağarza Elçinoğlunun, Əlibəy Məmmədlinin, İlqar Boranoğlunun satirik şeirlərində həyat həqiqətləri, real gerçəkliklər satirik gülüş fonunda təqdim olunur. Həm nəsrdə,  həm də satirik poeziyada  cəmiyyətimizdə və bütün dünyada  gedən mühüm ictimai-siyasi, sosial, ədəbi-mədəni hadisələrə fəal münasibət geniş şəkildə öz əksini tapır.

Xeyrəddin Qocanın il ərzində "Xalq qəzeti" və "Ədəbiyyat qəzeti"ndə silsilə satirik hekayələri dərc edilmişdir. Yazıçının "Ədəbiyyat qəzeti"ndə "Ən yaxşısı ölməmək", "Koronavirus", "Yaltaqlardan vergi" (8 fevral 2020), "Qızdırmadan ölürdüm", "Cəsarət dərmanı", "Pis və yaxşı" (4 may 2020), "Abırlı maşın" (4 iyul 2020), "Yeni ilə gülə-gülə" başlığı altında "Yeni il falı", "Özün bilən yaxşıdır...", "Arvadı da söymək olmaz..." (30 dekabr 2020), "Xalq qəzeti"ndə "İlqovuşanın təbəssüm çələngi" sərlövhəsi ilə (31 dekabr 2020) "Ağıllı olmaqdansa...", "Xahiş", "Kişi olsaydı", "Təzə poema", "Vəzifə", "Müfəttişin payı..." adlı satirik hekayələri dərc olunmuşdur. Xeyrəddin Qoca cəmiyyətdəki neqativ halları, insan mənəviyyatındakı boşluqları, cılızlıqları kiçikhəcmli, lakonik hekayələr vasitəsilə oxucuya çatdırır. Yazıçı "Ən yaxşısı ölməmək" hekayəsində vəzifəlilərə yaltaqlananları, yas mərasimlərindən öz mənfəətləri üçün yararlananları, dövlət idarələrində hökm sürən məmur özbaşınalığını, süründürməçilik, biganəlik, laqeydlik kimi mənfi halları ifşa edir. O, Mirzə Cəlil üslubu üçün xarakterik  olan bir məsələ daxilində dolayısı ilə bir çox mətləblərə toxunmağa, haşiyə çıxmağa və cəmiyyətdəki problemlərin bir deyil, beş deyil, onlarca, yüzlərlə olduğunu nəzərə çarpdırmağa və bu qeyri-müəyyənlik içərisindən aydınlaşmaya, saflaşmaya doğru  istiqamətlənməyə üstünlük verir. Bununla da, bəşəri problemlərin həllinə yol açır. Xeyrəddin Qoca cəmiyyətimizdə və bütövlükdə dünyada gedən proseslərə daim fəal münasibət bildirir. Yazıçı 2019-cu ildən bütün bəşəriyyəti saran koronavirus pandemiyasını da satirik yaradıcılığının mövzusuna çevirə bilmiş və bu problemə iki - "Koronavirus" və "Qızdırmadan ölürdüm" adlı hekayə həsr etmişdir. Müəllif zaman-zaman süni şəkildə yaradılaraq xalqı kütləvi  qırğına sürükləyən, vaksinlərdən milyardlarla qazanc əldə edən, bəşəriyyətin məhvi hesabına varlanan harınlaşmış insan cəlladlarını özünəməxsus şəkildə ifşa edir. Xeyrəddin Qocanın "Ədəbiyyat qəzeti"ndə (30 dekabr 2020) "Yeni ilə gülə-gülə..." başlığı altında "Yeni il falı", "Özün bilən yaxşıdır...", "Arvadı da söymək olmaz..." adlı hekayələri çap olunmuşdur. Yazıçının "Təzə poema" hekayəsi ideyaca Cəlil Məmmədquluzadənin "Zırrama" hekayəsi ilə yaxından səsləşir. Hekayədə yazıçı şöhrət xəstəliyinə tutulanları, mənsəbpərəstləri, boş və mənasız təriflərdən zövq alan, özünü sənətkar adlandıran istedadsız şair və yazıçıları tənqid obyektinə çevirir. "Zırrama" hekayəsinin mənfi personajı Qurbanqulu öz nəsil-nəcabəti, onların kimliyi, keçmişi haqqında mənasız, gülünc və cəfəng söhbətləri ilə ədibi (Mirzə Cəlili - G.B.) cana doydurduğu kimi, "Təzə poema"nın "qəhrəman"ı da söz yığınından ibarət olan cızma-qaraları ilə yazıçını bezdirir. O çalışır ki, belə boşboğazlarla rastlaşmasın. Ədəbiyyatımız üçün baş bəlasına çevrilən belə mənsəb və şöhrət düşkünləri təəssüf ki, cəmiyyətimizdə az deyil. Əsərin gözlənilməz və maraqlı sonluğu onu novellaya bənzədir. Yazıçının "Müfəttişin payı..." hekayəsində dövlət idarələrinə yoxlamaya gedən müfəttişin "qazandığı", əslində isə rüşvət aldığı pulların ailə üzvləri arasında bölüşdürülməsi tənqid hədəfinə çevrilir.

Satirada sosial problemlər həmişə diqqət mərkəzində olmuş və müxtəlif janrlı, satirik səpkili əsərlərin mövzusuna çevrilmişdir. Bu baxımdan  şair Vüqar Əhmədin "Bircə maaş qalxmadı" satirik şeiri dövrün  nəbzini tutan əsər kimi diqqəti cəlb edir. Şair gündən-günə baş verən iqtisadi böhranı, bahalaşmanı, xalqın maddi rifah halının yaxşılaşdırılmasının əksinə olaraq, ağır yaşam tərzində həyat sürməyə məhkum olunmasını, sosial problemlərin daha da artdığını şeirdə ironik bir tərzdə, antitezalıq yaradan fikirlər və sözlər vasitəsilə ifadə edir. Vüqar Əhmədin dövrün, zamanın nəbzini tutan "Bircə maaş qalxmadı" satirası sosial problemləri qabarıq şəkildə gündəmə gətirən aktual əsər kimi əhəmiyyətlidir.

Şair Məmməd Əvəzoğlunun 2020-ci ildə çapdan çıxan "Hanı o əvvəlki kənd uşaqları" adlı şeirlər kitabına müəllifin satirik və yumoristik səpkidə qələmə aldığı 59 şeiri daxil edilmişdir. Bayatı, qoşma, qəzəl, bəhri-təvil, atmaca və başqa janrlarda yazılmış bu satirik əsərlərin əsas mövzusunu Qarabağ probleminin həllinə mane olan qüvvələrin ifşası, erməni şovinistlərinin məkrli siyasəti, ictimai, fəlsəfi, sosial, mənəvi-əxlaqi və başqa məsələlər təşkil edir. Azərbaycan satirik poeziyasının zirvəsində dayanan, "Molla Nəsrəddin" ədəbi məktəbinin görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirin zəngin yaradıcılığından bəhrələnən Məmməd Əvəzoğlu şairin satirik ədəbi irsinə xüsusi önəm vermiş və bir neçə əsərini, o cümlədən "Sabirə",  "Fəhlə" və başqa satiralarını nəzirə şəklində qələmə almışdır. "Sabirə"  satirasında müəllif şairin məşhur "Mən yazdıqlarımın mükafatını vicdanımdan alıram" aforizmini epiqraf seçmişdir. Sabir satiralarından qırmızı xətlə keçən vətən və millət təəssübkeşliyi, milli kimlik, elm, təhsil  və tərbiyə məsələləri, erməni-müsəlman qarşıdurması, sosial problemlər, ailə-məişət qayğıları və digər önəmli məsələlər Məmməd Əvəzoğlu satiralarında da xüsusi yer tutur. 

Şair Xəyal Zeynalın satirik şeirləri "Biz ki gün görmürük, bəs bu yazarlar hansı günümüzə şeir yazırlar?!" epiqrafı ilə dərc edilib. Xəyal Zeynalın şeirlərində ictimai satira ön plana keçir. Cəmiyyətdə  baş verən  özbaşınalıq, mənəm-mənəmlik, insanlara həqarətlə baxanların biganəliyi, vətəndaşların hüquqlarını pozan, onları mənəvi zərbələrə məruz qoyan, cansız bir əşyaya çevirərək istədiyi kimi rəftar edən harınlaşmış məmur özbaşınalığı, yüksək vəzifə sahiblərinin sadə insanlarla qeyri-səmimi münasibəti bu satiraların əsas mahiyyətini açıb göstərir. Satirada diqqət çəkən əsas məqamlardan biri də ictimai-siyasi məzmunlu bir əsərin təkcə ölkə daxilində deyil, həm də qlobal xarakter  alaraq dünyada  mövcud olan çatışmazlıqları, eyib və qüsurları əhatə etməsindədir. Xəyal Zeynalın satirik poeziyasında dərin müşahidə qabiliyyəti, sözü məqamında, yerində işlətmək bacarığı, yüksək məna effekti yaratmaq imkanları genişdir. Şair sözlə insanın portretini və ya hər hansısa bir hadisənin təsvirini yaradır və ona məcazi fon verir ki, bu da birbaşa oxucunun hiss və duyğularını tüğyana gətirir və düşünüb nəticə çıxarmağa sövq edir. Məsələn, "Görəndə əsəbdən gülürəm, Allah, Yönsüz yönümüzə şeir yazırlar" və yaxud "Sevinci kiflədib qursağımızda, Haqlı kinimizə şeir yazırlar" və s.

Gənc şair Ağarza Elçinoğlunun (Həsənquliyev) 2020-ci ildə çap edilən "Hər yanı xatirədir" adlı şeirlər kitabında lirik şeirləri ilə yanaşı, satirik şeirləri də yer alıb. Şair Sabirə nəzirə şəklində qələmə aldığı "Biz ki, varıq gör nə müsəlmanlarıq?!" satirasında dövrün ictimai-siyasi və sosial hadisələrinə satirik yöndən yanaşır, mövcud cəmiyyətdə haqqın, ədalətin boğulduğunu, insanların mənəvi azadlığına qarşı çıxan qüvvələrin despotizmini kəskin ifşa edərək tənqid hədəfinə çevirir.

2021-ci ilin satirik ədəbi mənzərəsində Xeyrəddin Qocanın dövrün sosial bəlalarını, cəmiyyətdə baş verən ictimai eyib və qüsurları əks etdirən lakonok, yığcam və dolğun məzmunlu felyetonları diqqəti cəlb edir. Yazıçının il ərzində "Ədəbiyyat qəzeti"ndə dərc etdirdiyi "Arayış", "Qayda-qanunu sevmişəm...", "Alın yazısı", "Hamı yazır...", "Oğru nə qanır?!", "Guya mənim işim var", "Tərcümə", "Fil", "Lenin diridir, yoxsa ölü?", "Cəhənnəm istəyən yoxdur" (10 iyul); "Hərənin öz yeri", "Kasıb pul tapdı", "Toy nə üçündür?" (30 oktyabr) felyetonları mövzu və ideya zənginliyi ilə seçilir. Xeyrəddin  Qoca qəzetin 25 sentyabr 2021-ci il tarixli sayında yer alan "Yuxu",  "Həqiqət",  "Gözlərim",  "Gərək xeyrini biləsən...", "Prokurorun söhbəti" felyetonlarına böyük mollanəsrəddinçi şair Mirzə Ələkbər Sabirin məşhur "Fisincan" şeirindən bir parçanı epiqraf seçmişdir. Yazıçının "Mizan-tərəzi vaxtı", "Yorğan-döşəkdə qaldı...", "Misralar kimindir?" və "Qorxuram" (25 dekabr) felyetonlarında Azərbaycan dilini, mədəniyyətini, musiqisini,  bütövlükdə milli-mənəvi dəyərlərimizi bərbad hala salan istedadsızlar, biganə və saxtakar insanlar tənqid hədəfinə çevrilir. Xeyrəddin Qocanın "Qorxuram" felyetonu mövzu və  ideya baxımından Sabirin eyni rədifli satirasını xatırladır.

2021-ci ilin satirik nəsrində olduğu kimi, satirik poeziyasında da dövrün nəbzi duyulur. Bu baxımdan "Azərbaycan" jurnalında dərc edilən satirik şeirlərdə insan və cəmiyyət, varlılarla kasıblar arasındakı ictimai-sosial tarazlıqların pozulması, haqq-ədalət prinsiplərinin pozulması, yalan, böhtan və şərin insan mənəviyyatına vurduğu mənəvi zərbələr kimi neqativ halların ifşası dövrün real gerçəkliklərinin bədii inikası təsiri bağışlayır. Şair Ağasəfanın "Kiçiklərin böyüklüyü", "Mən onlayn babayam...", "Əzrayılın gəlişi" (№4 ), Firuzə Məmmədlinin "Üzdə", "Minnət", "Xeyri yox", Kəmaləddin Qədimin "Əfəndim", "Nə var yalançının evi kimidi..." (№5) şeirləri dərin müşahidəyə, böyük həyat təcrübəsinə əsaslanan poeziya nümunələridir. Ağasəfanın "Kiçiklərin böyüklüyü" şeirində cəmiyyətin varlı təbəqəsi kasıblarla qarşılaşdırılır. Müqayisə və paralellər əsasında onların hər birinin özünəməxsus fərdi keyfiyyətləri üzə çıxır. Şair haram yolla pul qazananları, zəli kimi xalqın qanını soranları, rüşvətlə sərvət toplayanları "şeytanın dəyirmanına su tökən" bəd əməllər daşıyıcısı kimi xarakterizə edir.

Firuzə Məmmədlinin fəlsəfi ağırlıqlı, həyatın sərt üzünü reallıqla əks etdirən "Üzdə" şeiri Ağasəfanın "Kiçiklərin böyüklüyü" satirası ilə həmahənglik yaradır. Şeir dünyada  gedən mürəkkəb ictimai-siyasi proseslərə, ölümə, kütləvi qırğınlara yol açan silahlanmaya qarşı etiraz notası təsiri bağışlayır.

Kəmaləddin Qədimin şeirlərində cəmiyyətdə hökm sürən xaotik vəziyyət, nahaqqın haqqı üstələməsi, ədalətsizlik, qanunsuzluq, yalançılıq, riyakarlıq kimi mənfi halların ifşası mühüm yer tutur. Şair satirik əsərlərində insan xislətindəki naqislikləri ön plana çəkir, pis əməllərlə məşğul olan, cəmiyyət üçün bəlaya, dağıdıcı bir qüvvəyə çevrilən, şər işlərlə həyatın ritmini və ahəngini pozan mənfi personajları  sərt ittihamla  üz-üzə qoyur. Ümumiyyətlə, 2020-2021-ci illərin ədəbi mənzərəsində satirik poeziya yenə də üstünlüyünü saxlamaqdadır. Bunu il ərzində çap olunmuş şeir kitablarında və dövri mətbuatda dərc edilmiş əsərlərdə də müşahidə etmək olur. İkinci sırada hekayə, novella və felyeton janrında qələmə alınmış nəsr əsərləri qərarlaşıb. Dramaturgiyada isə durğunluq hiss olunur, demək olar ki, satirik əsərlərə təsadüf olunmur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!