Sizifi bəxtiyar saymamaq üçün əlimizdə heç bir əsas yoxdur.
Allahlar Sizifə zorba bir daşı dağın kəlləsinə qaldırmaq cəzasını kəsdilər; daşsa ora çatar-çatmaz təzədən üzüaşağı yuvarlanırdı. Onların fikrincə, faydasız və boşuna əməkdən ağır və dəhşətli cəza yoxdur.
Homerə inansaq, Sizif fani varlıqların ən müdriki və tədbirlisi idi. Doğrudur, başqa bir mənbədə deyilənlərə görə, Sizif həm də adi bir qarətçiymiş. Ancaq burada mən heç bir ziddiyyət görmürəm. Onun necə cəhənnəm fəhləsinə çevrilməsi ilə bağlı çoxlu fərziyyələr var. Onu hər şeydən öncə Allahlara yüngülməcaz münasibətdə məzəmmət edirdilər. Bir də: onların sirlərini açıb-ağardırmış. Yupiter Asonun qızı Egipanı oğurlamışdı. Atası təəccüblənir və dərdini Sizifə danışır. Sizif, bu faktı bilə-bilə Asopa bir şərtlə kömək əlini uzatmağa razılaşır ki, əvəzində Korinfa qalasına su çəksin.
Sizif göylərin qəzəbli ildırımlarındansa yer üzündəki suların xeyir-duasını üstün tutdu. Cəzası cəhənnəm əzabı oldu. Homer bunu da söyləyir ki, Sizif Ölümün əl-qolunu qandallayır. Pluton cəhənnəm sükutu çökən səltənətinə baxanda ürəyi parçalanıb tikə-tikə olurmuş. Belədə, müharibə Allahını göndərir ki, Ölümü onun cəngindən xilas eləsin.
Nəql edirlər ki, ölənə yaxın, Sizif arvadının sədaqətini sınağa çəkmək fikrinə düşür və ona əmr edir ki, öləndə cəsədini dəfn etməsin, birbaşa meydanın ortasına tullasınlar. Sizifin cəhənnəmə güzarı beləcə düşübmüş. İnsana yad olan bir belə itaət və nankorluqdan qəzəblənmiş Sizif arvadını cəzalandırmaq üçün Plutondan icazə aldı ki, bir də yer üzünə qayıtsın. Ancaq Yer üzünə qayıdıb sularından içdikcə, günəşin, dənizin, dağın-daşın nəfəsini hiss etdikcə, kölgələr dünyasına qayıtmaq fikrindən daşındı. Allahlar nə qədər xəbərdarlıq edirlərsə, nə qədər hədə-qorxu gəlirlərsə, ona təsiri olmur. Uzun illər ərzində dənizin kükrədiyi, torpağın üzə güldüyü körfəzin sahilində yaşayır. İşə Allahlar qarışmalı olur. Merkuri gəlib Sizifin peysərindən yapışır, darta-darta onu cəhənnəmə salır, – onun qismətinə düşən daş burdaca onu gözləyirdi.
Deyilənlər sübut eləyir ki, Sizif əslində absurd qəhrəmandır. Ehtiras və cəhdlərində, əzab və iztirablarında da elə belədir. Allahlara etinasızlığı, ölümə nifrəti və yaşamaq eşqi ona olmazın işgəncələrə başa gəldi, məcbur oldu ki, canındakı bütün gücünü boş yerə sərf etsin. Fani ehtirasların əvəzi bu imiş. Sizifin cəhənnəmdə çəkdiyi əzabları yerli-yataqlı bilmirik. Miflər bizim başımızı qatmaq üçündür. Biz yalnız zorba bir daşa güc vurub onu yamaca qaldırmaq istəyən, sonra onunla birgə enişə yumbalanan gərilmiş bədəni xatırlayırıq; yanağını daşın soyuq üzünə dirəmiş insanın ağrıdan qıc olmuş çöhrəsini, üstü gillə örtülü daşa dayaq verdiyi çiynini, büdrəyən ayağını və hər dəfə daşı yenidən, bir daha yerindən tərpətməyə cəhd edən, ovucları torpağa girmiş əlləri xəyalımızda canlandıra bilirik. Uzun və ölçülü-biçili cəhdlərin sonucunda səmasız bir məkanda əvvəli və sonu olmayan zaman içində məqsədə çatılır. Sizif baxıb görür ki, bir neçə an işində daş dağın ətəyində yumbalanıb dayanır, burdan bir daha güc verib onu dağın kəlləsinə qaldırmaq lazımdır. Yerə diyirlənir. Sizif məni daha çox məhz bu ani fasilələrlə maraqlandırır. Üzgün sifəti daşdan heç seçilmir. Mən ağır-ağır, ancaq ölçülü-biçili ahəngdarlıqla əzaba doğru daim irəliləyən bu insanı görürəm! Nəfəs alıb-verincə bədbəxtliyi kimi labüd olan ağlı başına gəlir. Və hər dəfə dağın kəlləsindən Allahların məskəninə endikdə taleyindən yüksəyə qalxır. Qaldırmaq istədiyi daşdan daha möhkəmdir.
Bu mif faciə misalıdır, çünki onun qəhrəmanı ağıl sahibidir və əgər hər addımında qəlbindəki ümid onu uğura səsləyirdisə, bu halda hansı cəzadan söhbət gedə bilərdi? Bu günün insanı da bu həyatı yaşayır, onun taleyi də elə bu qədər faciələrlə doludur. Ancaq o, məhz o zaman faciə qəhrəmanına çevrilir ki, ağlı başına gəlir. Allahların qara fəhləsi olan gücsüz və üsyankar Sizif qismətinə düşən dərdin sonsuzluğundan xəbərdardır; bu barədə o, düzəngaha endikcə düşünür. Çəkdiyi əzab qədərində bəsirəti qələbəsinə çevrilir. Nifrətin ram eləmədiyi tale yoxdu.
Eniş bəzən iztirab gətirir, ancaq bəzən bu, sevinc də doğura bilər. Bu söz necə də yerinə düşür. Bir az əvvəl dağın ətəyindəki daşına sarı addımlayan Sizifi yadıma salıram. Əvvəlcə əzab olub. Yaddaş büsbütün yer üstü obrazlarla limhəlim dolub, xoşbəxt olmaq istəyi insana bu qədər əlçatmaz göründükdə kədər insan qəlbində şırımlar açır: bu, artıq daşın qələbəsidir, bu artıq daşın özüdür: ürəyimdən daş asılıb! Bu qədər dərd yükünü çəkmək olmur. Hefisman bağındakı gecələrimiz də belə keçir. Ancaq bizi əsir-yesir eləyən həqiqət, dərk edilən anda qeybə çəkilir. Belə ki, Edip də öz taleyindən bixəbər halda qismətinə düşən payla razılaşmışdı. Faciə dərk anından başlanır. Ancaq eyni zamanda Edip çaşqın halda dərk eləyir ki, dünya ilə yeganə bağı zərif qız əlləri imiş. Bundan agah olduqda deyir: “bütün uğursuzluqlara baxmayaraq, ahıllığım və qəlbimin böyüklüyü deyir ki, hər şey yaxşı olacaq.” Dostoyevskinin Kirillovu necədirsə Sofoklun Edipi də elədir: hər ikisi bizə absurd qələbə düsturunu verir. Antik müdriklik müasir qəhrəmanlıqla qaynayıb-qovuşur.
İnsan faniliyi kəşf eləməzdən qabaq istər ki, xoşbəxtlik dərsliyi kimi bir kitab bağlasın. “Bəlkə, bu son dərəcə dar yolu tutub gedəsən?” Ancaq dünya bir dənədir, xoşbəxtlik və absurd elə bu yeganə dünyanın şəkildəyişmələridir. Bir almanın iki üzü kimi. Onlar canbir qəlbdədirlər. Xoşbəxtliyin guya daim absurdun kəşfindən sonra yarandığını düşünmək səhv olardı. Elə də ola bilər ki, absurd duyğusu xoşbəxtlikdən doğsun. “Məncə, hər şey yaxşıdır”, – Edip deyirdi, – bunlar müqəddəs sözlərdir. Onlar zalım və sonsuz dünyada, insanın qulağının dibində səslənir. Onlar demək istəyir ki, hələ heç nə başa çatmayıb, hər şey hələ qabaqdadır. Bu sözlər bu dünyaya bitib-tükənməyən iztirablar gətirən Allahları qovmaq niyyətindədirlər. Onlar taleyi insanın öz əllərinə tapşırır, onları taleyin sahibi edir.
Sizifin üzdən oxunmayan gizli sevincinin sirri məhz burdadır. Taleyi öz əlindədir. Daş qismətidir. Absurd insan çəkdiyi əzablara baxıban bütləri sındırmağa başlayır. Qəfildən sükuta bələnən dünyada yerin altından qalxan minlərcə valehedici səs eşidilir. Bu – fani dünyadakı bütün obrazların şüursuz və gizli çağırışıdır – hadisələrin özəyi və qələbənin dəyəri elə budur. Günəş kölgəsiz olmaz, gecəni də hesaba almaq gərək. Absurd insan “hə” deyir və bundan sonra sonsuza qədər cəhd edə bilər. Əgər şəxsi tale varsa da, bu heç də göylərdə yazılan bir şey deyildir, uzaqbaşı bu, insanın öz qisməti haqqında əvvəlcədən düşünüb gəldiyi bir qənaətdir: bu, alın yazısıdır və nifrətə layiqidir. Yerdə qalan şeylərdə o, özünü ötüb keçən günlərin ağası hesab eləyir. Bir anlığa yaşanmış ömür-gününə boylananda, artıq yamacdakı daşına çatan Sizif onun ömrünə çevrilən əməllərin ahəngsiz düzümümü seyr edir. Öz taleyini özü, öz əlləri ilə yaradıb, yaddaşa çevrilib və ölümlə möhürlənib. Bütün bəşərin mayasında bəni-insanı görən, zülmət gecələrin bitib-tükənməyəcəyini bilən kor yenə də yoluna davam eləyir. Və daş bir daha yumbalanır.
Sizifi dağın ətəyində qoyub gedirəm! Çəkməyə dərd də, yük də həmişə tapılar. Ancaq Sizif Allahları inkar edən və daşı yerindən oynadan daha ali inam aşılayır. Hər bir daş zərrəsi, gecə yarısı hər bir filiz parçası onun üçün bütöv bir dünyadır. Zirvə eşqinə bircə qələbə bəs edir ki, ürəyi sevinclə dolsun. Sizifi bəxtiyar saymamaq üçün əlimizdə heç bir əsas yoxdur.
Fransızcadan tərcümə: Cavanşir Yusifli
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!