Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor
Çoxları 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Bədii toxuculuq" fakültəsinin məzunu olaraq işlədiyi "Babək" adlı bədii keçə ilə bu unudulan texnikanı yenidən gündəliyə gətirən Fəxrəddin Əlinin bu sahənin davamçısı olacağını güman edirdi. Təhsilsonrası onun rəngkarlıq sahəsində çalışmasının da müvəqqəti olduğuna hamıda inam vardı. Hər şeyi cənublu soydaşımız, ədəbiyyatşünas-alim Qulamhüseyn Bəydilinin (1919-1998) Bakıya gəlişi dəyişdirdi və mənim rəssamlıq yaradıcılığımın "estetik xəritəsi"nin yeni məzmun almasını şərtləndirdi.
Rəssamın o vaxt alimin təklifi ilə Məhəmmədhüseyn Şəhriyar poeziyasına müraciəti nə qədər təsadüfi olsa da, bu ünsiyyətin onun yaradıcılığında çox dərin iz buraxması birmənalıdır. Gənc sənətkarın "Heydərbabaya salam" əsərinə çəkdiyi çoxsaylı qrafik lövhənin ictimailəşməsindən sonra onun incəsənət məkanında "Şəhriyarın Azərbaycanlı rəssamı" kimi tanınması isə hamının təsdiqləyə biləcəyi faktdır. Bu illüstrasiyaların və şairin portretinin Təbrizə çatdırılmasından və sovet dönəmində bu iki yaradıcı arasında telefon əlaqəsinin baş tutmasından sonra rəssamın Şəhriyar ünvanlı əsərlərinin sayı daha da artdı. Yeri gəlmişkən deyək ki, Q.Bəydili portreti KQB nəzarətindən "Bu, mənim atamın portretidir!" deyib yayındırmış və İrana apara bilmişdi. Əks halda, onun şairə yetişməyəcəyi birmənalı idi...
Bakı sovqatını alan şairin Bakılı rəssama yönəli söylədiyi "Fəxrəddin, əllərinə qurban olum, nə gözəl şəkillərdi. Məni indiyə qədər heç kəs saymayıb. Adımı belə tutmayıblar. O taylı qardaşımın göndərdiyi şəkil mənim üçün ən dəyərli hədiyyədir" - sözləri isə onun üçün ölçüyəgəlməz dəyərləndirmə oldu.
Sovet dönəmində tuş gəldiyi bu hadisə əslində onun kitaba-ədəbiyyata birdəfəlik gəlişini şərtləndirdi. Özünün M.Füzuli adına Əlyazmalar İnstitutunda çalışması və bütün günü çox qiymətli əlyazmaları ilə əhatələnməsi isə onun qədim Azərbaycan ədəbiyyatına marağını davamlı etdi. Bu prosesin hamını cəlb edən ən maraqlı məqamı isə rəssamın çəkdiyi əsərlərdə klassik Azərbaycan miniatürlərinin estetikasına özünəməxsus münasibət göstərməsi oldu. Belə ki, onun miniatürlərində məşhur üslubun təkrarını yox, ona ənənə ilə müasirliyin qovşağından baxış mövcud idi. Keçmişə "Fəxrəddin Əli baxışı" həm də bədii nəzirədən uzaq, ədəbi mətnə yaradıcı yanaşmanın nəticələri olduğundan, müasir tamaşaçı üçün yeni idi. Şair təxəyyülündən süzülüb gələn hadisələrin gerçəkçi baxışla ifadəsinə fəlsəfi tutumlu miniatür şərtiliyi qatan rəssam, son nəticədə, bu bədii vəhdəti oxucunu-tamaşaçını duyğulandıran görüntüyə çevirdiyindən hər bir əsər kifayət qədər cəlbedici və düşündürücü qəbul olunurdu. Beləcə, zamanın axarında onun Nizami Gəncəvi, Saib Təbrizi, Qətran Təbrizi, Nəsrəddin Tusi, Məhəmməd Füzuli, Aşıq Veysəl, Yunus İmrə, Molla Pənah Vaqif və Əlağa Vahid poeziyasına yaddaqalan "bədii güzgü" tutan qrafik əsərləri ərsəyə gətirilmişdir. Həmin illüstrasiyalarda ədəbi mətnin sətiraltı mənalarına özünəməxsus yozum mövcuddur. Bədii şərhin ümumi estetikasında rəng şuxluğunu və ifadə şərtiliyini uğurla qoşalaşdıra bildiyindən hadisələrin və ayrı-ayrı obrazların ruhsallığı düşündürücü qəbul olunmaqdadırlar. Rəssamın təkcə Nizami Gəncəvi "Xəmsə"sinə, daha dəqiq desək, "Sirlər xəzinəsi"nə həsr etdiyi lövhələrə diqqət yetirməklə, onun poetik mətnlə təsvir arasında yaratdığı inandırıcı mənəvi körpünü dəyərləndirmək mümkündür.
2016-cı ildə işıq üzü görmüş "Sirlər xəzinəsi"nin tərtibatında rəssamın müxtəlif illərdə Nizami Gəncəviyə həsr etdiyi iki xalça-portretindən və poemanı əhatə edən çoxsaylı süjetlərə əyanilik gətirən illüstrasiyalardan istifadə olunmuşdur. Başqa sözlə desək, rəssam həm də sirrə bələndiyi birmənalı olan poemanın məna-məzmun yükünü təşkil edən iyirmi hekayətə 20 miniatür-illüstrasiya işləmişdir. Hekayətlərin müxtəlif ovqat daşıyıcılığından çıxış edən rəssam, onların məna yükünə müvafiq olan bədii həll tapmaqla, illüstrasiyaların cəlbedici təsirliliyinə nail ola bilmişdir. Etiraf edək ki, rəssam bunu klassik miniatür üslubuna gerçəkçi ruh bəxş etməklə, onun daha da maraqlı tutum almasını şərtləndirmişdir. Əslində, bu bədii yanaşmada nə qədər yeni bədii çalarlar olsa da, bu illüstrasiyaların estetikasında qədim irsdən yaradıcılıqla faydalanmanın fərqli və uğurlu nəticələrini görmək mümkündür. Onun "Peyğəmbərin meracı", "Adəmin xilqəti", "Nuşirəvanla vəziri və bayquşların söhbəti", "Süleyman və qoca əkinçi", "Qarı və Sultan Səncər dastanı", "Kərpickəsən qocanın bir cavanla hekayəti", "Ovçu və tülkünün hekayəti", "Oğru və tülkü", "Firidunla ceyranın hekayəti", "Tövbəsini sındıran zahidin hekayəti", "Hacı və sufi hekayəti", "İsanın hekayəti", "İki rəqib alimin hekayəti", "Zalım şahla düz danışan qocanın hekayəti", "Şahzadə hekayəti", "Ağıllı uşağın hekayəti", "Mürşidlə müridin hekayəti", "Cəmşidin cavan yavərinin hekayəti", "Bülbül ilə qızılquşun hekayəti" və "Harun ər-Rəşidlə dəlləyin dastanı" adlanan lövhələrində vurğuladığımız məziyyətləri müşahidə etmək mümkündür.
Rəssamın "Kitabi-Dədə Qorqud" və "Azərbaycan muğamları" ünvanlı illüstrasiyalarına da düşündürücülük hakimdir. Başqa sözlə desək, görüntüyə gətirilən süjetlərin oxucu-tamaşaçı üçün dialoq obyektinə çevrilməsi, ilk növbədə müəllifin özünün boyların və muğamların mənəvi-fəlsəfi qatına nüfuz edə bilməsindən qaynaqlanır. Bu əsərlərin ümumi estetikasının zamanında Mikayıl Abdullayevlə yanaşı, Xudu Məmmədov və Faiq Əkbərovun həmin qaynaqlara münasibətindən fərqli olması ilə diqqət çəkir. Onun Dədə Qorqud boylarına həsr etdiyi çoxsaylı miniatür üslublu qrafik lövhələrdə obrazlarla yanaşı, hadisələrin baş verdiyi məkanlara rəssam təxəyyülünün nəticəsi olan səciyyəvi xüsusiyyətlər xasdır. Başqa sözlə desək, sənətkarın qədim mənəvi irsə göstərdiyi özünəməxsus yanaşmada kompozisiyaya daxil edilmiş əsas fiqurlar və çoxsaylı ayrıntılar düşündürücü məna-məzmun yükünə bələnmişlər. Heç şübhəsiz, həm məşhur dastana, həm də muğamlara həsr olunmuş əsərlərdə milli ruh daşıyıcılığının rənglərlə ifadəsinə xüsusi diqqət etdirilmişdir. Dastan obrazlarının həm də zəngin etnoqrafik qaynaq kimi təqdimatına üstünlük verən Fəxrəddin Əli, bu inandırıcılığın həm də təsirli alınması üçün kifayət qədər axtarışlar aparmalı olmuşdur. Odur ki, boyların daşıdıqları mənəvi-psixoloji yükün rənglərlə təqdimatında əldə olunan müəllif özünəməxsusluğunda rəmz və mənalandırma önəmli yer almışdır. Bu əslində müəllifin klassik miniatürdən yaradıcı qaynaqlanmasından xəbər verir. Həmin yanaşmada müəllifin məna-məzmun açımını jestlərə ifadə etməsinin də yer almasını dediklərimizə əlavə etsək, müəllifin milli irsə bu fərdi yanaşmasının bütünlükdə, təsviri sənət xəzinəmizə layiqli töhfə verdiyini söyləmək olar.
Fəxrəddin Əlinin qədim muğam sənətinə bədii münasibətində bu qeyri-adi mənəvi-estetik dəyərin "səs xəritəsi"ni təşkil edən məziyyətlərə duyğulandırıcı və düşündürücü əyanilik gətirdiyi etiraf olunandır. Muğam ünvanlı rəssamlıq əsərlərinin bədii məkanımızda bu qədər əhatəli ictimailəşdirilmədiyini dilə gətirməklə, demək lazımdır ki, sənətkarın müdriklik çağında ərsəyə gətirdiyi bu qrafik silsilədə həm də xalqımızın dünyada digər bir "tanınma nişanı"na çevrilmiş muğamlara ilk dəfə zəngin kompozisiyalar vasitəsilə bədii görkəm verilmişdir. Muğamların ovqatyaradıcı-ruhlandırıcı ruhunu insan yaşantıları və təbiət motivləri ilə vəhdətdə əyaniləşdirən rəssamın həyatda qazandıqlarına və itirdiklərinə bədii münasibəti musiqinin özü kmi çoxqatlıdır. Doğrudan hər kəsin tuş gələ biləcəyi yaşantılara muğamla verilən bu cavablarda - səsə tutulan "bədii güzgü"də ifadə olunanlar çox orijinaldır. İnsan kədərinə sirdaşlıq edən "Segah"la, dinləyicisini qələbəyə səsləyən "Çahargah"ın obrazlşmış görüntüsündə muğamlar bütünlükdə, ruha məlhəm tutumludurlar. Rəssamın digər muğamlara münasibətində də dinləyicisini haldan-hala sala biləcək rəng-yaxı improvizələrinə rast gəlmək mümkündür. Zamanında özünün də dediyi kimi, bu əsərlərdə onun hələ də unuda bilmədiyi ilk sevgisini xatırladacaq, "Şəhidlər" xalçasında ifadə etdiyi ana yanğısını və Nüvədi həsrətini azaldacaq bədii məqamlar da mövcuddur. Özümdən asılı olmayaraq bu motivlər həm iç dünyamın rənglərlə ifadə olunmuş harayıdır. Odur ki, musiqilərin mənə aşıladığını rənglərlə əyaniləşdirməyə çalışmışam...
Nə qədər kədərli olsa da deməliyik həyatını insanlara gözəllik qaynaqları bəxş etməyə həsr etmiş rəssam fevralın əvvəllərində dünyasını dəyişmişdir. Bununla belə əbədiyyətə qovuşmuş sənətkarın yuxarıda barəsində öz açdığımız əsərlərinin onu gələcəyə daşıyacağı birmənalıdır. Qənaətimizcə, "Azərbaycan Respublikanın Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülən Fəxrəddin Əlinin bu vaxta qədər yaratdıqlara bu mənəvi gücə malikdir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!