İlqar FƏHMİ
Xalq rəssamı Baba Əliyevi xatırlayan kimi, nədənsə, nar ağacı düşür yadıma... Abşeronun narı...
Ümumiyyətlə, nar son illərdə az qala müasir Azərbaycanın simvoluna çevrilib. Xalq rəssamı Toğrul Nərimanbəyovdan tutmuş, bugünkü gənc rəssamlara qədər, elə bir sənətkar yoxdur ki, onun yaradıcılığında nar rəsminə, nar simvoluna rast gəlinməsin. Sanki hər rəssamın özünün xəyalındakı bir nar obrazı olub, hər biri öz narını o birilərdən daha fərqli, daha maraqlı rənglərlə bəzəyib: kiminsə narı ağır dərin rənglərlə, kiminsə narı isə ekspressiv çalarlarla zəngin olub...
Hətta dənələnmiş narın görüntüsündə də qəribə milli fəlsəfə üzə çıxıb həmişə... Parçalanmış, dənələri ətrafa səpələnmiş nar sanki müasir insan düşüncəsindəki entropiyanı, xaosu simvolizə edib...
Əslində, bizim çoxminillik milli mədəniyyət tariximizə nəzər salanda görürük ki, nar sadəcə bir meyvə bir rəmz olmaqdan çıxaraq, daha çox təhtəlşüur arxetipinə çevrilib... Niyə? Hansı simvolları özündə birləşdirib nar obrazı ki, bizim sənətkarları, ələlxüsus rəssamları özünə cəlb edib? Və niyə rəssamlarımızın əksəriyyəti yaratdığı nar obrazını məhz öz dünyagörüşünə, öz xarakterinə uyğun yaradıb?
Ən əvvəl onu qeyd edək ki, nar arxetipi bizim xalqın təhtəlşüurunda vəhdətlə kəsrəti, təkliklə çoxluğu birlikdə təqdim edən ən vacib simvollardan biridi. Nar sanki dünyanın özüdü... Tamdı, bütövdü. Amma eyni zamanda çoxlu zərrələrdən ibarətdir... Nar dənələri ayrı-ayrılıqda xüsusi məfhumlardı, hər birinin özünün məxsusi keyfiyyətləri var. Həm də, bu dənələr birləşərək narı əmələ gətirir. Kəsrətdən, çoxluqdan vəhdətə yol gəlir... Lakin bu kəsrətin vəhdəti olan nar sadəcə dənələrin birliyi, cəmiyyəti deyil. Nar öz-özlüyündə tam bir varlıqdır...
Narın parçalanması, dənələrinin səpələnməsi də müəyyən təhtəlşüur analogiyaları yaradır.
Budur, nar tamdır, bütövdür. Eynən, vahid ideya ətrafında sıx birləşən insan cəmiyyəti kimi...
Lakin ideyanın parçalanması nəticəsində nar dənələri vəhdəti dağıdıb ətrafa səpələnir. Eynən ideyaları iflasa uğrayıb parçalanan insan cəmiyyəti kimi...
Nar gözəldi. Narın dənələri də hər biri ayrı-ayrılıqda gözəldi... Lakin nar dənələrinin gözəlliyi ilə narın öz gözəlliyi arasında yerlə göy qədər fərq var. Biri vəhdətin, biri kəsrətin gözəlliyidir...
Və sonda nar ağacı. Bütün bu vəhdət-kəsrət obrazlarının mənbəyi...
Nar həm də insandı. Estet insan.
Öz ağacından qopmayan bütöv nar öz əsli-kökünə sadiq qalan, öz daxili hiss və duyğularını açıb tökməyən həyalı bir insandı...
Ağacından qopan, paralanmış, dənələri ətrafa səpələnmiş nar isə öz daxili aləmini, hiss və duyğularını, içindəki gözəllikləri hamıya bəyan edən insandır...
Bir də rənglər... Nar bəzən açıq-narıncıya çalan həyalı sakit rəngdə olur, bəzən qırmızıyla çəhrayının qarışığında olan qışqıran rəngdə...
Nədənsə, Azərbaycan rəssamlarının məhz hansı narı, hansı rənglərlə və hansı rakursdan çəkdiyini analiz edəndə, elə bil həmin rəssamların daxili aləmi də insançün açılır...
Misalçün, Xalq rəssamı Toğrul Nərimanbəyovun tablolarındakı narlar... Rənglər çılpaqcasına qışqırır, paralanmış narın içindəki dənələr ətrafa səpələnir, narlar sanki öz gözəlliklərini bütün dünyaya bəyan eləmək istəyir, hamıya deyir ki, baxın, həzz alın mənim gözəlliyimdən, mənim rənglərimdən, mənim dadımdan, çünki bütün dünyada mənə bənzər gözəllik yoxdur... Bu narlara baxanda adamın gözünün qabağına xoş əhval-ruhiyyəli nazlı gözəllər gəlir... Və bu gözəllər təbiətin pay verdiyi gözəlliklərini hamıya göstərməyə, diqqət cəlb etməyə, baxanları heyrətdə qoymağa çalışır... Utanmır, çəkinmir, çünki gözəllik təbiətin bəxşişidir. Onu gizlətmək qəbahətdi...
Ancaq etiraf edim ki, Şərqi bütün varlığı ilə sevən insan olaraq, mənim daha çox xoşuma gələn başqa narlardı... O narlar ki, öz gözəlliyindən də xəcalət çəkir; o narlar ki, öz orijinal rənglərini göstərməyi də ayıb bilir; o narlar ki, nəinki öz içindəki gözəl nar dənələrini açıb tökmür, hətta özləri də həyalı qadınlar kimi ağacın yarpaqları arasında gizlənir, yad gözlərdən yaşmaqlanır...
Bu narları Xalq rəssamı Baba Əliyevin "Nar ağacı" tablosunda görmüşəm. Və elə ilk baxışdan sevmişəm...
Lakin yox, düz demədim. İlk baxışdan mən heç nə görməmişəm. Hətta içimdə ani təəccüb də keçdi. Çünki narlar adət etdiyim kimi tablonun ortasında, tamaşaçının diqqətini çəkən yerdə deyildi, sanki yad gözlərdən gizlənirmiş kimi tablonun kənarlarında gizlənmişdilər...
Gözəldi bu nar ağacı. Həm də fərqli bir gözəllik daşıyıcısıdır. Əsl Abşeron gözəli. Abırlı, həyalı...
Əslində bu tabloda sanki rəssam öz ruhunun, öz zövqünün, öz estetik aləminin avtoportretini çəkib. Həqiqətən də mən bu əsərdə biixtiyar Baba Əliyevin özünü gördüm. Onun daxili dünyasını...
Rəssam çox fərqli, spesifik rənglər tapıb, onun yaratdığı nar ağacı rəsmində həm ağacın yarpaqları, həm narların öz rəngləri adət etdiyimiz nar rəsmlərindən çox fərqlidir... Lakin rəssam tapdığı bu gözəlliklərə diqqətə çəkməyə, iri planda göstərməyə, hamıya qışqıraraq bəyan etməyə utanır sanki... Və sanki pıçıltıyla, sakit-sakit danışır öz tapdığı gözəlliklər barəsində...
Bu nar ağacı insanda ilk olaraq, həya, abır, təvazökarlıq, ağayanalıq təsiri bağışlayır... Əsl qədim Şərq zadəganlarına xas ağayanalıq. Öz əlindəki qiymətli gözəllikləri qışqıraraq hamıya bəyan eləməyi ar bilən, bunları göstərməkdən daha çox gizlətməyə üstünlük verən ağayanalıq...
Kasıbın əlinə nə düşərsə, o saat hamıya göstərməyə çalışar. Amma bəy-xan psixologiyasında buna ehtiyac yoxdur...
Budur, Baba Əliyevin nar ağacındakı hədsiz gözəllikləri görürəm. Ancaq onu da hiss edirəm ki, rəssam özü də bu gözəllikləri qışqıraraq bəyan eləmək istəməyib, spesifik rəng duyumu vasitəsilə tapdığı maraqlı rənglərə bürüdüyü narları sanki ağacın yarpaqları arasında gizlətməyə çalışır... Narların biri o birinin arxasında gizlənir, biri axağ yarpaqlarıyla yaşmaqlanır...
Niyə? Axı nə ehtiyac var buna, soruşa bilərik? Əgər sənətkar fərqli və maraqlı rənglər tapdığını bilirsə və bu rənglərin, bu çalarların həqiqətən də sənət baxımından dəyərli olduğunu anlayırsa, niyə gizlətməlidi bunu? Niyə açıb tökmür hər şeyi?
Eyni sualı istənilən Şərq təfəkkürlü insana vermək olar. Niyə milli mədəniyyət daşıyıcısı olan Şərq sənətkarları öz daxilindəki hiss və duyğuları açıq şəkildə göstərməyə çalışmayıblar, niyə ən dərin qatlarda olan gizli intim duyğularını bəyan eləməyiblər? Axı XX əsrin incəsənəti, mədəniyyəti, ədəbiyyatı məhz bunun üzərində qurulub - ən dərin qatlarda olan gizli hiss və emosiyaların, arzu və istəklərin açılıb tökülməsi...
Amma yox, həqiqətən şərqli təfəkkürün, şərqli psixologiyasının daşıyıcısı olan sənətkar heç vaxt bu addımı ata bilməz. Onun sənətə münasibəti məhz Baba Əliyevin nar ağacına bənzəyəcək...
Bəli, şəxsən mənimçün bu "Nar ağacı" tablosu sadəcə bir rəsm əsəri deyil. Yox, bu ümumiləşdirilmiş bir portretdir, obrazdır. Şərq təfəkkürünün, Şərq mentalitetinin bir təhtəlşüur portretidir... Və həm də bizim xalqın incəsənətə minillik münasibətinin ruh sxemidir...
Bəli, Xaqaninin qəsidələri, Məhsətinin rübailəri, Nizaminin poemaları, Füzulinin qəzəlləri - hamısı sanki bu nar ağacından baxır adama. Çünki o poeziya nümunələrində də mən eyni həyanı, eyni təvazökarlığı və nəhayət, gözəlliyə, estetikaya eyni münasibəti görürəm. Ağacın budaqları arasından boylanan sanki adi zirə narları deyil, Füzulinin Nizaminin şah beytləridir. Axı o şah beytlər də eyni utancaqlıqla, eyni həya hissi ilə poemaların, qəsidələrin, qəzəllərin içində gizlədilmişdi...
Gözəlliyi çılpaq şəkildə bəyan eləmək ayıbdı, həm kişi üçün, həm qadın üçün - budur, Şərq müsəlman təfəkkürünün estetik hissiyyatı... Ona görə də Şərq həmişə rəmzlərə, simvoliyaya üstünlük verib. Həya hissi və yüksək ali əxlaq duyğusu imkan verməyib ki, göz gözəlliklərini çılpaq şəkildə bəyan eləsin...
Budur, hələ də "Nar ağacı" tablosuna baxıram; hələ də Baba Əliyevlə üzbəüz durmuşam sanki. Ağır təbiətli, bir qədər qaraqabaq, şit zarafatları sevməyən, qışqır-bağırı bəyənməyən, müdrik və gözəl Şərq ağsaqqalı... Və qəribə də olsa, bu şəxsiyyətin ağır, ağayana aurası mənə sanki fikirlərimi də tam yazmağa imkan vermir. Elə bil özü də istəmir ki, onun gözəllik simvolu olan bu tablonun bütün gizli sirləri açılıb tökülsün. Ona görə mən də bu əsərlə bağlı hiss və duyğularıma, fikir və düşüncələrimə pauza verirəm...
Abırlı, həyalı, utancaq gözəli çox vəsf eləməzlər. Ayıbdı...
P.S. Xalq rəssamı Baba Əliyevin 100 illik yubileyi ilə bağlı təşkil olunan sərgidə "Nar ağacı" tablosunu görmədim... Bu əsər hələ də onun emalatxanasında ən qiymətli bir relikviya kimi yad gözlərdən qorunur...
Bəlkə bu da taleyin bir rəmzi işarəsidir. Rəssamın ən gözəl əsəri, ən simvolik tablosu yenə də gizlində qaldı. Ən ali gözəlliklərin gizlində saxlanıldığı kimi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!