Əyri güzgülər - FOTOLAR - İlqar FƏHMİ

İlqar FƏHMİ

 

Hər şey yaxşıdı, bircə güzgülərimiz əyridi.

Yəqin ki, nə vaxtsa düzələr, ancaq indi yox. Hələ ki bəziləri hər şeyə əyri güzgüdən baxmağa meyillidi, hətta deyərdim, bunsuz yaşaya bilmir. Və bu bəziləri ətrafda da eyni rəyi yaratmağa çalışır.

44 günlük müzəffər müharibədən sonra millətimizin təfəkküründə çox şey dəyişdi. Onillklər boyu psixikamızı sıxan bir çox komplekslərdən qurtulduq. Ən əsası da məğlubiyyət sindromunu dəf elədik. Əlbəttə, bu qələbə bir çox başqa sahələrə - təhsilə, incəsənətə, ədəbiyyata da təsirsiz ötüşmədi.

İllərlə mübarizə apardığımız "bizdə yoxdu, olmayacaq" sindromu da xeyli zəiflədi. Lakin hələ ki tam aradan getməyib. Hələ ki ictimaiyyət içində "bizdə ədəbiyyat yoxdu", "bizdə teatr yoxdu" "bizdə kino yoxdu" kəlmələrini gizli bir ləzzətlə, daxili bir həzlə deyənlər qalmaqdadı. Bəli, məni həmişə qıcıqlandıran məhz bu daxili həzzi hiss eləmək olub. Görəsən, bizdə nəyinsə olmamağını bəyan edib bundan həzz almaq insan beynində hansı proseslərin nəticəsidi? Hansı şərait bu "psixoloji mozoxizm"in yaranmasına gətirib çıxarır? Yoxdu, onda sən elə. Sən də heç olmasa əlini tərpət ki, nəsə olsun... Yox, lazım deyil, birdən həqiqətən "nəsə" olar, onda millətin yanında hörmətdən düşərik axı, yalançı çıxarıq axı...

Son iki ildə Əməkdar incəsənət xadimi, tanınmış rejisor Mehriban Ələkbərzadə ilə iki layihə həyata keçirdik. Biri "Nəsimi İii"nin sonunda təqdim olunan "Mənəm mən" tamaşası, biri də ötən ay premyerası olan "İskəndərə yeni Namə" əsəridir.

Hər iki layihə dövlət dəstəyi ilə həyata keçirildi, tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı, çoxlu yazılar yazıldı.

Şəxsən mən əsərlərin müəllifi olaraq yox, məhz tamaşaların izləyicisi kimi, hər iki quruluşu yüksək qiymətləndirirəm. Ən əvvəl ona görə ki, hər iki əsərə hədsiz dərəcədə böyük rejissor əməyi sərf olunmuşdu. Bunun səbəbləri çoxdu. Ən birinci səbəb odu ki, son onilliklərdə bizim teatr səhnəsində sırf klassik ədəbiyyatımızın motivləri üzərində qurulan tamaşalar barmaqla sayılacaq qədərdir. (Əlbəttə, klassik şairlərimizin yaradıcılığı üzərində qurulan kompozisiya tipli "növbətçi" tamaşaları nəzərdə tutmuram). Buna görə də bizim sənət mühiti içində klassik ədəbiyyatımızın bütün daxili energetikasını, fəlsəfəsini dərindən bilən sənətkarlar o qədər də çox deyil.

Deməli, rejissor tamaşa üzərində işə başlamamışdan əvvəl hələ ilk mərhələdə yaradıcı heyətə həmin klassik şairin daxili aləmini, fəlsəfəsini açmalı, aydınlaşdırmalıdır. Əgər yaradıcı qrup, tutalım Nəsiminin şair olaraq mahiyyətini bilməsə, bu mövzuda yazılan heç bir yeni variasiyanın, fərqli yanaşmanın da mahiyyətini dərk edə bilməz.

İkinci çətinlik, mövzuların klassik poeziyamızla bağlı olduğuna görə, söz çoxluğunun olmasıdır. Əgər məqsəd mövzuya yeni yanaşma ortaya qoymaqla bərabər, həm də elə klassik mövzunun özünü bir daha xatırlatmaqdısa, söz çoxluğu qaçılmazdır. Bu isə növbəti dəfə rejissorun işini artırmış olur. Qaçılmaz olan söz çoxluğunu tamaşaçı üçün yorucu etməmək üçün hər elementin, hər detalın bədii həllini tapmaq, simvollaşdırmaq, deklomasiyaçılığı dəf eləmək - bütün bunlar titanik əziyyət, beyin enerjisi sərf edən məsələlərdir.

Mehriban Ələkbərzadənin uzun illər ərzində Azərbaycan səhnəsində "Topal Teymur"dan tutmuş, "Nuri didə Ceyhun"a qədər, "Qatil"dən tutmuş, "Qatarın altına atılan qadın"a qədər təqdim elədiyi çoxsaylı uğurlu tamaşalara diqqət edən kimi aydın olur ki, o bir çoxlarından fərqli olaraq zəhmətdən, əziyyətdən qorxub, "asan" dalıyca qaçan rejissorlardan deyil. (Eyni sözü, onun istər filmləri, istərsə də televiziya layihələri haqqında demək olar).

Əksinə, hərdən mənə elə gəlirdi ki, iş nə qədər çətin olurdusa, Mehriban xanımın yaradıcı energetikası daha çox aktivləşirdi, daha da qaynayırdı.

Haqqında danışdığım hər iki son əsərə diqqət edən zövqlü tamaşaçılar rejissorun sərf etdiyi bu beyin enerjisini açıq-aydın görə bilir. Klassik Şərq ədəbiyyatının ortaya qoyduğu suallar, tapmacalar, simvollar, ən əsas da İnsan-Tanrı münasibətlərinin məhz teatral səhnə həllinə xidmət edən çoxsaylı tapıntılar onu göstərirdi ki, rejissor qurduğu tamaşanın bir dəqiqəsini belə boş saxlamayıb. Hər şey, hər hərəkət, hər tapıntı yalnız ideyaya xidmət edir - eynən Nəsiminin kimi, Nizaminin yaradıcılıq manerası kimi... (Lakin mən sənətşünas deyiləm, ona görə də Mehriban xanımın yaradıcılığını peşəkarlıq baxımından analiz etməyə haqqım çatmır).

Hər iki tamaşanın hazırlıq prosesində Mehriban xanım çoxsaylı gözlənilən və gözlənilməyən problemlərlə üzləşdi ki, onun yerinə başqa bir sənətkar olsaydı, bəlkə də işi yarımçıq buraxardı. Qısa zaman kəsiyində hazırlanan hər iki tamaşanın yaradıcılıq prosesində yaranan bütün çətinlikləri Mehriban xanım elə yerindəcə, operativ şəkildə həll edə bilirdi. Hərçənd ki, bütün bunlar onun enerjisini, gücünü nə qədər alırdı, əsəblərini nə qədər korlayırdı - bunu yalnız işin içində olanlar bilir.

Bütün bunları Mehriban xanımın rejissorluq səviyyətini vəsf etmək üçün yazmıram. O, Azərbaycan səhnəsində çoxdan öz sözünü demiş rejissorlardandı, belə təriflərə də ehtiyacı yoxdu. Sadəcə, iş prosesindəki çətinlikləri göstərmək istəyirəm. Niyə? Çünki yaradıcı qrupun, ələlxüsus da rejissorun bu cür ağır bir zəhməti hesabına başa gələn, milli klassik ədəbiyyatımızın həqiqətən də köhnəlmədiyini, həmişə aktual olduğunu sübut edən, neçə gənc aktyorun öz daxili potensialını açıb göstərdiyi bu gözəl tamaşalar əfsuslar olsun ki, bəzi dırnaqarası "əsl sənət keşikçi"lərinin mızıldanmağına səbəb oldu. Əlbəttə ki, açıq şəkildə qara yaxmağa cəsarətləri çatmır, çünki tamaşaların uğuru ilk növbədə tamaşaçılar arasında və ictimaiyyət içində yaratdığı əks-səda ilə bəlli olur. Elə bircə "Mənəm mən" tamaşası haqqında il ərzində qırxdan çox yazı yazıldı, "İskəndərə yeni Namə" tamaşası barədə də yazılır. Lakin pərdə arxasında bu mızıldanmalar əslində bir çox dostlarımızın həqiqi simasını göstərmiş oldu...

Qoymayın, teatr əldən getdi, niyə səhnədə hamı bu qədər hərəkət edir, niyə Nəsiminin qəzəlləri tam deyilmir, niyə İskəndər suyun içindədi, niyə səhnədə işıqlar kino üslubunda qurulub, niyə hər yerə torpaq səpələnib, niyə aktyorlar palçıqlı ayaqlarla suya girirlər, niyə səhnəyə kənardan yox, aşağıdan çıxırlar, niyə qaça-qaça danışırlar və sair və ilaxır.

Düzünü deyim, hər iki əsər klassik ədəbiyyatımıza müəyyən qədər yeni yanaşma üzərində qurulduğuna görə mən daha çox pyeslərə iradlar gözləyirdim. Çünki klassik ədəbiyyatımıza qatı konservativ yanaşan bəzi adamlar təbii olaraq alternativ yanaşmanı qəbul etməyə bilərdilər. Lakin buna rəğmən bütün mızıltılar, loru dillə desək, dəxli olmayan şeylərə yönəlib.

Səhnədə niyə bu qədər suyun olduğunu irad tutan kəs görəsən həqiqətən heç nə anlamır? Əgər mövzu İskəndərin dirilik suyu içərək, əbədi həyat əldə eləməsi üzərində qurulubsa, səhnədə su fəvvarəsi olmalıdı da, erməni tankları olmalı deyil ki?

Və ya İskəndər öləndən sonra sərkərdələr onun torpaqlarını öz aralarında bölüşdürməyə hazırlaşırlarsa, təbii ki, səhnədə real olaraq kisə-kisə bölüşdürülən torpağı görməliyik, pambıq tayalarını yox...

Və ya o qədər dramatik konfliktlərin içində İskəndər və ya elə Nəsimi fiziki olaraq hərəkət eləməli deyildi? Taxta kimi dayanıb klassik poeziyanı deklomasiya eləməliydi?

Əgər mən klassik şairlərimizin deklomasiyasını istəsəydim, bununçün o boyda camaatı əziyyətə salmağa nə ehtiyac vardı? Elə on ildi AZTV-də "Məclisi-üns"də həmin şeirləri deyirəm də...

Amma yox, olmamalıydı, kimlərsə bunu istəyir. Bu tamaşalar olmamalıydı. Biz elə həmişə "klassik ədəbiyyatımız heç nəyə lazım deyil" deməliydik, biz elə həmişə "bizdə sənətdə ənənəvi mövzulara alternativ yanaşma yoxdur" deməliydim, biz elə həmişə "bizdə ümumiyyətlə teatr, kino, ədəbiyyat yoxdu" deməliydik... Çünki yaxşı nə varsa ordadı, xaricdə, Avropada, Qərbdə, Şimalda... bizsə elə belə, başımızı fırladırıq...

Belə daha yaxşıdı, belə daha rahatdı. Yoxdu. Vəssalam. Nə rejissor var, nə aktyor var, nə yazan var, nə bəstəkar var, nə rəssam var... çünki belə olanda heç kim heç nə ummur.

Yazardan heç nə istəmirlər, çünki bizdə rejissor yoxdu. Rejissordan heç nə istəmirlər, çünki bizdə aktyor yoxdu. Aktyordan heç nə istəmirlər, çünki bizdə yazan da yoxdu, rejissor da yoxdu...

Bir sözlə, bizim mədəniyyət, incəsənət ölməlidi, məhv olmalıdı.

(Hərçənd ki totalitar cəmiyyətlərdəki daimi düşmən axtarışını heç vaxt sevməmişəm, lakin hərdən mənə elə gəlir ki, bütün bu "bizdə yoxdu"lar hansısa konkret nöqtələrdən idarə olunur).

Amma nə yaxşı ki, həqiqi tamaşaçı, həqiqi sənət xiridarı olan insanlar bütün bu mızıldanmalardan kənardı.

Onlarca, yüzlərlə həqiqi sənətsevərlərin dilindən, "Nəsimini yenidən kəşf elədim", "Nizamini yenidən tanıdım" kimi ifadələri eşitmək bütün bu mızıldanmaların üstündən təkrar-təkrar xətt çəkir.

Başqa xalqlar öz klassik ədəbiyyatları, mədəniyyətləri üzərində onlarca, hətta yüzlərlə yeni variasiyalar, müasir sənət formalarına adaptasiyalar həyata keçirir, milli klassikasını daim aktual saxlamaq, maarifləndirmək üçün böyük vəsaitlər sərf edir. Zənnimcə, bütün maneələrə rəğmən bizdə də bu istiqamət daha da inkişaf edəcək, daha da aktivləşəcəkdir. Həm də təkcə teatrda yox, bütün incəsənət, mədəniyyət sahələrində.

Əyri güzgülərimizi düzəltmək vaxtıdır. Çünki bugünkü qloballaşma şəraitində dünya xalqlarının milli mental identifikasiyasını yalnız spesifik özünəməxsus mədəniyyəti təşkil edir. Bunu bacarmasaq, müəyyən vaxtdan sonra, bir mədəni xalq olaraq əriyib getmə təhlükəsiylə üzləşə bilərik.

P.S. Belə yazıları, adətən başqalarına yazdırırlar, amma mən öz sözümü özüm deyən adamam. Bu yazıda da təvazökarlıqdan uzaq nələrsə varsa, oxuculardan üzr istəyirəm.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!