Teatral adam - Əsəd Cahangirin "Dionisin şərəfinə" kitabı haqqında düşüncələrim - Bəhram OSMANOV

 

Əsəd Cahangirin bu günlərdə incəsənət məsələləri ilə bağlı, kifayət qədər həcmli, nəfis dizaynlı "Dionisin şərəfinə" kitabı işıq üzü görüb. "Teatr və dramaturgiya", "Kino", "Musiqi", "Televiziya" və "Kulturologiya" bölümlərindən ibarət kitabda müəllifin dramaturgiyamıza həsr olunmuş eyniadlı məruzəsi, müxtəlif vaxtlarda yazdığı məqalə, esse, resenziyaları, fərqli nəsillərdən olan sənət adamarı ilə müsahibələri toplanıb. Amma indi mən bu kitab haqqında ənənəvi qaydada resenziya yazmaq fikrində deyiləm. Bəlkə, heç istəsəm də, bu məndə alınmaz. Bunun üçün tənqidçilər, jurnalistlər var. Amma mən kitabdakı yazıların mühüm bir qisminin necə, nə vaxt yazılmasının şahidiyəm və hesab edirəm ki, kitabın yaranması prosesindn danışmaq oxucular üçün daha maraqlı olduğu kimi, mənim üçün də daha rahat olar. 

1996-cı il idi. Milli Teatrda işləyirdim. Uzun çək-çevir, beş illik məşqlərdən sonra "Kral Lir" tamaşasını axır ki, hazırlayıb başa çatdırmışdım. Tamaşanın bəxti Lirin taleyinə bənzəyirdi, yəni nəyi vardısa, vermiş, qarşılığında payına düşən etinasızlıq olmuşdu. Düzdür, o, Moskvada keçirilən festivalda oynanılmış və Rusiya paytaxtı tamaşaçılarının alqışlarını qazanmışdı. Amma bizimkilər arasında tamaşaya dodaq büzmək istəyənlər vardı. Onsuz da qabaqcadan bəxti gətirməyən, bir neçə heyətlə illər boyu hazırlanan tamaşa Milli Teatrın səhnəsində vur-tut beş dəfə göstərildi. Bəlli bir dəstə, qrup mənafeyinə çalışan teatr tənqidçiləri həmişə olduğu kimi susurdular. Jurnalistlər yazırdı, amma onların yazıları tamaşa barədə dumanlı təəssüratlarını bölüşməkdən o yana keçmirdi. Hamı sözləşibmiş kimi, neçə illik işimi sanki görmür, Şekspir yaradıcılığına ilk müraciətimi lazımınca qiymətləndirmək istəmirdilər.

Bu vaxt qəzetlərdən birindən gənc bir müxbir zəng edib, tamaşa barədə söhbətləşmək istədiyini bildirdi. Əgər yaddaşım məni aldatmırsa, görüşümüz Milli Teatrda oldu. Gənc müxbir tamaşaya baxmış və onu çox bəyənmiş, Kordeliya və Lirin göz yaşları içində barışdığı səhnəyə isə valeh olmuşdu. Adətən, tanımadığı adamların təmənnasız qiyməti insan üçün daha maraqlı olur. İndi də belə oldu - tanımadığım gəncin göydən düşübmüş kimi qəfil peyda olub, tamaşamı tərifləməsi, diqqəti onun ayrı-ayrı səhnələrinə çəkməsi, bu barədə özünəməxsus fikirlər yürütməsindən məmnun idim. Sonra məlum oldu ki, o məni çoxdan tanıyır, bir rejissor kimi fəaliyyətimi artıq neçə illərdir ki, izləyirmiş.

O gənc müxbir indi hamının görkəmli söz adamı kmi tanıdığı Əsəd Cahangir idi. Əsəd bütün heyranlığı ilə bərabər, "Kral Lir" barədə resenziya yazmadı və bunu tamaşadan lazımi "intellektual informasiya" ala bilməməsi ilə bağladı. O vaxt bu hərəkət mənə ifrat detalçılıq, xırdaçılıq, hətta pedantlıq kimi görünsə də, xarakterinə, xasiyyətinə bələd olduqca gördüm ki, bu onun öz sənətinə və ümumiyyətlə sənətə böyük məsuliyyətlə yanaşması və sevgisindən irəli gəlir. O yazdığı hər sözə əmin olmaq istəyən adamlar kateqoriyasına daxildir. Buna görə bəzi detalları dəqiqləşdirmək üçün tamaşaya heç olmasa bir dəfə də baxmaq istəyirdi. İşin tərsliyindən isə "Kral Lir" repertuardan çıxarılmışdı.

"Kral Lir" barədə fikirlərini Əsəd üstündən illər keçəndən sonra, mənə həsr etdiyi yazıda ümumiləşdirdi. Lakin tamaşa haqqında ayrıca yazı yazsa da, yazmasa da, tanımadığım gəncin tamaşaya, bütövlükdə teatra, dramaturgiyaya, xüsusən də, Şekspir yaradıcılığına sevgisinin özü artıq kifayət edirdi. Bu sevgi, sadəcə, tamaşaçı heyranlığından, yaxud öz vəzifə borcunu yerinə yetirən diletant jurnalist marağından doğmurdu. Bu sevgi istənilən yazısında sənətdən daha çox öz bilgilərini sərgiləyən sənətşünas iddiasından da uzaq idi. Bu, yüksək estetik zövqə, gözəllik duyğusuna, teatr və ədəbiyyatşünaslıq bilgilərinə malik bir gəncin sənətlə, xüsusən də, teatrla fitri bağlılığından irəli gələn nəsə sirli şey, tale məsələsi idi. Hiss edirdim ki, o, əsl teatraldır və müasirlərimiz arasında beləsinə rast gəlmək getdikcə daha nadir hadisəyə çevrilir. Teatrı on illər qabaq belə sevmək olardı, o vaxtlar ki, Abbas Mirzə Şərifzadə Hamleti, Mərziyə Davudova Sevili, Fatma Qədri Katerinanı, Barat Şəkinskaya Cülyettanı, İsmayıl Dağıstanlı Neznamovu, Ələsgər Ələkbərov Vaqifi, Hökümə Qurbanova Kleopatranı oynayırdı... Mənə elə gəlirdi ki, Əsəd teatr haqqında teatrşünaslardan daha maraqlı yazan Məmmədcəfər Cəfərov, Əziz Şərif, Bəkir Nəbiyev, İsmayıl Şıxlı, Yaşar Qarayev kimi ədəbiyyatşünasların sonuncusudu. Görürdüm ki, o nəsə qədimi, mistik bir teatral ruhun daşıyıcısıdır, ümumən sənət onun alın yazısıdır, o, ədəbiyyatşünas olmaqla bu yazını pozub və indi teatr haqqındakı yazılarıyla günahını sözlə də olsa, yumaq istəyir. Bəlkə də, bu mülahizələrimdə çox irəli gedir, yanılır, subyektivliyə yol verirəm, amma ilk tanışlığımızın məndə oyatdığı təəssürat belə idi və bu təəssürat indi də dəyişməyib.

Beləcə, dostlaşdıq...

Antik yunan dramaturgiyasından Sofoklun "Çar Edip, yaxud alın yazısı" tamaşasını səhnələşdirmişdim. Yalnız indi bildim ki, Əsəd təkcə intibah dövrü deyil, antik ədəbiyyat və fəlsəfənin, yəni Homer, Esxil, Sofokl, Evripid, Sokrat, Platon, Aristotelin də vurğunudur. Onun ruhunda, düşüncəsində antik və renessans dövrləri mədəniyyəti birləşir, doğmalaşır.

O, adəti üzrə tamaşaya bir neçə dəfə baxandan sonra "Üç nöqtə" qəzetində "Çar Edip, yaxud nicatımız birlikdədir" adlı maraqlı bir məqalə ilə çıxış etdi. Hiss edirdim ki, bütün tamaşa heyəti - Kamal Xudaverdiyev, Şükufə Yusupova, Sənubər İsgəndərli, Mehriban Xanlarova, Münəvvər Əliyeva yazıdan çox razı qalıblar. Aktyorları qınamalı deyildi, tamaşa haqqında, axır ki, hər cür qərəzdən uzaq, obyektiv, səmimi, ciddi bir söz eşitmişdilər. Aktyorlara xoş gələn, sadəcə, tamaşa haqqında təqdiredici rəy deyildi, ümumən teatr haqqında yüksək ədəbi üslubda yazılmış yazı onların zövqünü oxşayırdı. Bundan başqa, onun yazılarının vizuallıq və əyanilik adlandırıla biləcək bir xüsusiyyəti də var. Tamaşanı elə təsvir edir ki, oxucu tamaşaçıya çevrilir, oxuduqlarını sanki zalda oturub seyr edir və bu "gördüklərinə" teatra gedib canlı surətdə baxmaq istəyir...

Dostluğumuz möhkəmlənirdi...

Əli Əmirlinin "Mesenat" tamaşasını hazırlamışdım. Tamaşa müvəffəqiyyətlə gedirdi. Əsəd Cahangirin "525-ci qəzet"də tamaşa haqqında böyük məqaləsi çıxmış, qəzetin bir neçə sayında dərc olunan məqalə oxucuların marağına səbəb olmuşdu... Bu artıq gənc bir oğlanın teatr vurğunluğundan doğan, sevgi və həyəcan qarışıq mülahizələri yox, durub-toxtamış bir sənətşünasın qələmindən çıxan yazı idi. Əvvəlcə dramın, sonra tamaşanın təhlili, sakit, təmkinli, yerli-yataqlı fikirlər, detalların simvolikasına getmək, səhnə obrazının mərhələlərlə analizi. Əsəd təxminən on il ərzində gözümüzün önündəcə ilk addımlarını atan bir gəncdən yetkin qələm sahibinə çevrilmişdi.

O, müxtəlif tamaşalarım haqqında fikirlərini mənə həsr etdiyi "Bəhramnamə" adlı böyük bir portret məqalədə ümumiləşdirdi. Yazı mənim teatra gəlişim, "Ağqoyunlular və Qaraqoyunlular", "Kral Lir", "Çar Edip, yaxud alın yazısı", "Köhnə ev", "Varlı qadın", "Mesenat" və sair kimi ayrı-ayrı tamaşalarım, Kamal Xudaverdiyev, Şükufə Yusupova, Sadıq İbrahimov, Nurəddin Mehdixanlı, Ramiz Novruzov, Firəngiz Mütəllimova, Bəsti Cəfərova, Məleykə Əsədova, Abbas Qəhrəmanov, Mehriban Xanlarova, Münəvvər Əliyeva və digər aktyorlarla iş üsulum, rejissor kimi başqalarından fərqim və sair kimi məsələlərə həsr olunmuşdu. Lakin məqalənin müəllifi sadəcə mənim yaradıcılığımla kifayətlənməmiş, ümumən ötən əsrin 80-ci illərinin sonundan tutmuş, yeni yüzilin başlanğıcı da daxil olmaqla 20 illik bir dövrdə teatra geniş baxış eləmiş, ən ümumi teatral mənzərəni yaratmağa çalışmış və buna uğurla nail olmuşdu. Bu mənim haqqımda, demək olar ki, yeganə həcmli və ciddi araşdırmadır.

Əsəd Cahangirin başqa teatr yazarlarından əsas fərqi onun təvazökarlığıdır. O, teatrı sevir və sevdirməyi bacarır, çünki fərdi eqosunu rejissor və aktyorlara qarşı qoymur. O, tamaşaya parterdən də, lojadan da, amfiteatrdan da baxa bilər, amma hardan baxır-baxsın, məqsədi özünü yox, tamaşanı, rejissoru, aktyoru göstərməkdir. Onun üçün nəinki baş rolların ifaçıları, ikinci dərəcəli aktyorlar da, nəinki öz müasirləri, 20-50-ci illərin aktyorları da maraqlıdır. Dəfələrlə mənə "Filan aktyora niyə rol vermirsən?" deyə soruşmasından hiss etmişəm ki, aktyorların sənət taleyi onu ciddi düşündürür və narahat edir. Bilirəm ki, bu xüsusda aktyorlarla onun arasında heç bir söhbət-filan olmayıb, o özü öz yanından verir bu sualları. Əsədin yazılarında, xüsusən də, ilk yazılarında özünü büruzə verən romantik idealizənin səbəbi də onun aktyorlara sayqısının, ümumən teatra böyük sevgisinin nəticəsidir.

Əsəd Cahangirin hələ iyirmi il əvvəl çalışdığı "Ekspress" qəzetində teatra xüsusi səhifə ayırması da, on il qabaq Arif Mədətoğlunun dəstəyi ilə Azərbaycanda ilk teatr dərgisi olan "Teatral"ı dərc etməsi də bu sevginin təzahürü idi. "Ekspress"in mədəniyyətlə bağlı səhifələrində Əsədin özünün də, başqalarının da yazıları dərc olunurdu. Eşitmişdim ki, Mədəniyyət naziri Polad Bülbüloğlu hər səhər çoxlu sayda qəzetlər arasında ilk növbədə məhz "Ekspress"i soruşur, teatr, kino, musiqi ilə bağlı məqalə, müsahibə və informasiyalara göz gəzdirir, bəzilərini oxuyurdu. Aktyorlar hər səhər "Ekspress"i almaq üçün qəzet köşklərinə tələsirdilər. Azərbaycan mətbuatı tarixində hər hansı bir ictimai-siyasi qəzetdə mədəniyyətə bu qədər geniş yer ayrılması baxımından bu görünməmiş hadisə idi. Bu, əlbəttə ki, ilk növbədə qəzetin Mədəniyyət şöbəsinin başçısı kimi Əsəd Cahangirin əməyinin nəticəsi idi.

Əsədin Baş redaktorluğu ilə dərc olunan "Teatral" dərgisi isə onun öz teatrşünaslıq fəaliyyətində daha oturuşmuş, daha ciddi mərhələyə keçməsindən xəbər verdi. Təəssüf ki, maliyyə imkansızlığı üzündən dərginin nəşri sonradan dayandırıldı. Lakin buna baxmayaraq, dərgi Əsədin Baş redaktor kimi potensialını özünün bütün konturları ilə üzə çıxara bildi. Nələr yox idi bu dərgidə? Tamaşalar haqqında resenziyalar, teatr tarixi ilə bağlı araşdırmalar, portretlər, müsahibələr, tərcümələr, dünya dramaturgiya və teatrının ən son nailiyyətləri ilə bağlı məlumatlar... Təkcə teatrşünas Şevçenkonun alman rejissoru Kristofer Şlinhenzifin dramaturji mətnlərsiz tamaşalarına əsaslanıb yazdığı "Postdramtizm" məqaləsini yada samaq yetərlidir. İlk dəfə idi ki, Azərbaycan mətbuatında "postdramtizm" termini işlənirdi.

Təntənəli təqdimatı keçirildi. Onlarca sənət adamının qatıldığı bu təqdimat hamıda ilk teatr dərgimizin dərc olunması ilə bağlı xoş ovqat doğurmuşdu. Bir daha təkrar etməyə ehtiyac duyuram ki, dərginin ömrü uzun olmadı. Lakin dərginin oyatdığı xoş təəssürat hələ də unudulmayıb. Məncə, mədəniyyət, incəsənət sahəsinin əlaqədar və səlahiyyətli şəxslərinin dərginin bərpası xüsusunda düşünməsinə ehtiyac var.

Əsəd Cahangirin təkcə teatrla bağlı deyil, ümumən sənətlə bağlı istənilən yazısının fərqləndirici xüsusiyyəti onun problemin mahiyyətinə nüfuz etmək cəhdi və bu cəhdin əksərən baş tutmasıdır. Məsələn, o, Əli Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular", "Köhnə ev" və "Varlı qadın" əsərləri əsasında hazırladığım tamaşalara sadəcə bu və ya digər əsərin səhnələşdirilməsi kimi deyil, 90-cı illərdə gedən kapitalistləşmə prosesinn yaratdığı mənəvi aşınmanın teatral əksi kimi baxır, bu pyeslərin üçünü bir yerdə "Məhəbbət və pul" trilogiyası adlandırırdı. Ə.Cahangirə görə, "Ağqoyunlular və Qaraqoyunlular"da məhəbbət mənən qalib gəlsə də, cismən məğlub olurdu və bu tamaşanın faciəvi ruhunu müəyyənləşdirirdi. "Köhnə ev"də məsələ heç-heçə qurtarır, "Varlı qadın"da isə pulun qələbəsi ilə bitir, sovet dövrünün romantik ideallarından praktik, praqmatik marketinq dönəminə keçid başa çatırdı. Əsəd Cahangir bu pyeslərdə də, onların teatral versiyasında da zamanın surətini, dövrün məğzini, mahiyyətini görür və göstərirdi.

2009-cu ildə Gəncədə keçirilən, teatr kollektivlərinin, dramaturq, sənətşünas və jurnalistlərin qatıldığı Ümumrespublika Teatr Festivalının iştirakçıları arasında Əsəd Cahangir də var idi. Bir həftə çəkən, on dörd tamaşanın nümayiş etdirildiyi festival barədə "Bir çarə var ancaq - yeniləşmək" adlı yeganə analitik yazını yenə də Əsəd yazdı, tamaşaların janrını təyin etməkdən tutmuş, rejissor işi, səhnə tərtibatı, musiqi həlli, aktyor oyununa qədər on dörd tamaşanın on dördünü də səbrlə, bir-bir təhlilə çəkdi. Mümkün qədər obyektivliklə, düzünü düz, əyrisini əyri deməklə. Milli Teatrın "Mesenat", Musiqili Komediya Teatrının "Arşın mal alan", Bakı Bələdiyyə Teatrının "Bəylik dərsi", Gənc Tamaşaçılar Teatrının "Qazın yeddi balası", Gəncə Teatrının "Varlı qadın", Lənkəran Teatrının "Ezop", Mingəçevir Teatrının "Pul düşkünü Hacı Fərəc", Şəki Teatrının "Xəsis", Qazax Teatrının "Duel", Bakı Kukla Teatrının "Cik-cik xanım", Gəncə Kukla Teatrının "Çətin məsələ"... tamaşaları və digər səhnə işləri.

Mənə elə gəlir ki, o vaxta qədər bu qədər tamaşanın təhlilə çəkildiyi belə geniş icmal bizdə olmamışdı. Deyəsən, ondan sonra da olmayıb. Lakin əsas məsələ həcmdə deyil, icmalın sərlövhəsinə çxarılan və bütün yazı boyu dönə-dönə vurğulanan yeniləşmək tələbi, zamanla ayaqlaşmaq çağırışında idi. Əsəd Cahangir antik və renessans dövrləri mədəniyyətinə nə qədər vurğun olsa da, zamanın ruhuna uyğun modernləşmə tələbini də gözəl duyur və bunu teatrın gələcək mövcudluğunun əsas şərti sayırdı.

Texnogen erada, robotlaşma ərəfəsində teatr yaşayacaqmı? İndi bu sual sənət kluarlarında çox tez-tez səslənir. Teatrın gələcək mövcudluğunun bir əsas şərti var ki, o da daimi yeniləşmədir! Əsədin teatr ictimaiyyəti tərəfindən maraqla qarşılanan icmalından doğan yekun qənaət belə idi.

Əsəd Cahangirin postmodern tamaşaya münasibətinin bariz ifadəsi Xalq Yazıçısı Elçinin "Şekspir" pyesi əsasında mənim quruluş verdiyim eyniadlı tamaşaya həsr etdiyi "Şekspirin adı" məqaləsidir. Məqalənin birinci hissəsi ümumən postmodernizm və bu əsasda Elçinin pyesi, ikinci hissəsi isə konkret olaraq tamaşa haqqında idi. Postmodernizm anlayışını Azərbaycan ədəbi və ictimai fikrinə gətirən, bu barədə ilk dəfə yazan və ona ümumxalq statusu qazandıran Əsəd Cahangirin yazıları olub. Amma indi məni məsələnin ədəbiyyatşünaslıq tərəflərindən daha çox, sənətşünaslıq tərəfi maraqlandırır. O, tamaşanın tərtibatından tutmuş, aktyorların oyunu, rejissor traktovkasına qədər bütün məsələlərə elə bir məntiq və faktlarla aydınlıq gətirmiş, izahlar vermişdi ki, tamaşanın müəllifi kimi buna ancaq məmnun olmağım qalırdı.

Əsəd Cahangirin xarakterinə məxsus ardıcıllıq, stabillik onun yaradıcılığına da təsir edir. O özünün seçdiyi imzalar üzərində ardıcıl dayanmağa, zaman-zaman onların yaradıcılığına qayıtmağa üstünlük verir. Hərçənd ki, Əsədin qələminə düşmək istəyənlərin sayı həddindən artıq çoxdur və belə durumda öz seçiminə sədaqəti qoruyub saxlamaq o qədər də asan deyil. Amma Əsəd bu münasibətlər ardıcıllığını qoruyub saxlaya bilir. Mən belə ardıcıllığı onun Barat Şəkinskayanın, Elçinin, Kamal Xudaverdiyevin yaradıcılığına, eləcə də özümə münasibətdə aydın görürəm.

Əsəd Cahangirin sənətlə bağlı yazıları təkcə teatra dair məqalələri ilə məhdudlaşmır. Onun kino, musiqi, televiziya kimi sənət və yaradıcılıq sahələri ilə bağlı bir-birindən maraqlı yazıları var. Məsələn, üstündən neçə il keçməsinə baxmayaraq, "Əsli və Kərəm" operası ilə bağlı "Açılmaz Əslidən düymə", yaxud İran kinosu ilə bağlı "Əsgər və Oskar" məqalələrindən aldığım təəssüratlar hələ də xatirimdədir. Mən əminəm ki, İran kinosu barədə, hətta İranın özündə də belə bir məqalə yazılmayıb. Barat Şəkinskayadan tutmuş, gənc xanəndə Murad Laçınlıya qədər sənət adamlarından götürdüyü müsahibələr də Ə.Cahangirin mədəniyyətimizə sevgisi, istedada qayğısının təzahürü kimi meydana gəlib. Amma nədən, kimdən və hansı janrda yazmasından asılı olmayaraq, Əsədin bütün yazılarını özündə birləşdirən bir neçə cəhət var ki, bunlar da sənətkara hörmət, orijinal baxış bucağı, özünəməxsus fikirlər, aydın və ifadəli dildir.

Görkəmli söz adamı Əsəd Cahangirin incəsənətlə bağlı ilk yazılarını dərc etdirməsindən artıq 25 ildən artıq vaxt keçir. İnanıram ki, müəllifin bu 25 ildə yazdıqlarını bir toplu şəklində özündə ehtiva edən, müstəqillik dövrü incəsənətimizin geniş mənzərəsinə güzgü tutan bu kitab oxucular tərəfindən maraqla qarşılanacaq və ədəbi-mədəni həyatımızın maraqlı hadisələrindən birinə çevriləcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!