Hər qaranlıqda çırpınır bir nur,
Hər xəyalda bir həqiqət uyur.
Hüseyn Cavid
Bu yazıma başlayarkən Azərbaycan ədəbiyyatında ruhaniyyətin son təmsilçisi hesab olunan H.Caviddən misal çəkməyim əbəs deyil. Yaradıcı taleyinin bir qismi Gürcüstanla bağlı olan müəllif oranın bağrından çıxan İ.Stalin repressiyasının hədəfinə gəlmişdir. 1937-ci ildən etibarən ədəbiyyat sənətdə azadlığın, ruhaniyyətin tamamən qarşısını alınmışdır.
Gürcü rejissor Tengiz Abuladzenin 1984-cü ildə ekranlaşdırdığı "Tövbə" filmi İ.Stalin, L.Beriya və digərlərinin törətdiyi repressiv əməllərinə görə bir üzr aktıdır. Rus dilində adı "Pokayaniye" olan filmdə sözün mənası Allah qarşısında edilmiş günahın dərk edilməsidir. Uzun müddət hər cür ruhaniyyətdən məhrum buraxılan keçmiş sovet kinosunda çəkilən bu film mənəvi dəyərlərə qayıdışı da xarakterizə edir.
Şəhər bələdiyyə sədri olan Varlam Aravidzenin (Avtandil Maxadze) ölümü onun qonşusu Apollonu bərk məyus edir. Onun nəzərində Varlam dünyada ən yaxşı adamlardan biri olmuşdur. Varlamın dəfnindən sonra gözlənilməz hadisələr baş verir. Onu məzarından çıxarıb evinin bağçasına qoyurlar. Bundan əndişəyə düşən Aravidze ailəsi onun qəbri qarşısında keşik çəkir. Varlamın cənazəsinin həbsi isə tragikomik bir vəziyyət yaradır. Zamanında insanların həyatını qaraldan bələdiyyə sədrinə qarşı törədilən bu akt məntiqli görünməyə başlayır.
Zamanın rəssamı olan Sandro Baratellinin qızı Katevan bu əməli törətdiyini etiraf edir. O, atasının qisasını bu yolla almış olduğunu, Varlamın məzarında rahat yatmayacağını bəyan edir. Proses üzrə məhkəmə qurulur. Bu divan stalinizm üzərində qurulmuş məhkəmələri xatırladır. Katevan keçmişə, səkkiz yaşında olan dəhşətli dövrə qayıdır baş verənləri nəql edir.
Varlam özünün təntənəli nitqini edərkən həmin məkandakı kanalizasiya xətləri xarab olur. Oradan püskürən su çirkabı ətrafa yayır. Repressiya mühitinin mənzərəsi ilk epizodlardaca əksini tapır. Bu zaman Varlamın səsini eşitmək istəməyən Sandro pəncərəni bağlayır. Bunu görən Varlam artıq rəssamı özünün ilk hədəfi kimi seçir.
Varlamla Sandro arasındakı konflikt qədim kilsənin taleyi kontekstində daha da dərinləşir. Bu münaqişə hələ gizli xətlərlə davam edir. Özünün ifrat ateist təbliğatıyla Doksopula Varlamın özünü də bezdirir. Varlam burada ikili bir durumda olur. O, qədim kilsəni məhv edəcək sənədi cırıb atır. Bununla özünü Sandroya yaxınlaşdırmaq istəyir. Həmçinin o, cəmiyyətin psixologiyasına bələd olmasını əks etdirir. Xalq üçün kilsə öz əzəmət, müqəddəsliyini hələ də qorumaqdadır.
Varlam Sandronun evinə əynində çoban yapıncısı olaraq daxil olur. Yuhanna İncilisində bir məqam var: "Həqiqət budur ki, qoyun tövləsinə qapıdan deyil, başqa yerdən girən yağmaçı oğrudur. Fəqət qapıdan daxil olan qoyunlara çobandır". Varlam bu cür davranışı Sandronu və ailəsini öz rəiyyəti kimi görməyinin əlamətidir. O, Sandronu hakim rejimin yanına çəkmək üçün rəssamlıq sənətini təbliğat işlərinə həsr etməyi tövsiyə edir. İnsanların maariflənməsini rəsmlərlə həyata keçirməyi vadar edən Varlama Sandronun cavabı çox yerində olur. Rəssam deyir: ""Pələng dərisi geymiş pəhləvan" əsərini yazan xalqı aydınlatmağa gərək yoxdur, ruhani bir liderliyə ehtiyac var". Bu cavab artıq Varlam üçün sonuncu bir xəbərdarlıq kimi görünür. Həmçinin bu fikirdə o dövrdə baş verənlərin kökündə mənəviyyatsızlığın dayandığı ifadə olunur. O, artıq evi tərk edərkən yenə də çoban geyimində pəncərədən tullanır. Daha sonra oğluna Keti tərəfindən verilən xaçı vermək üçün evə qapıdan qayıdır. Bununla Varlam ailə üzərində mütləq hakim olduğunu bir daha sübut edir.
Filmdə hadisələr reallıq, yuxu, xəyal arasında cərəyan edir. Sandronun həyat yoldaşı Nino yuxusunda Varlamın təqibini görür. Onları hər yerdə tapa bilirlər. Yuxu reallığa çevrilir Sandro həbs olunur. Zamanın NKVD işçiləri filmdə orta əsr əsgərlərinin geyim formasında əks olunur. Biz burada zaman anlayışının şərtliliyini görürük.
Sandronun dostu və müəllimi Mixail (Kavi Kavzadze) onun həbsi ilə bağlı sual verərkən Varlam ona bir məktub verir. Sandroya ünvanlanan böhtan dolu məktubda onun anarxist, gizli bir sənətçi çevrəsi formalaşdırdığı qeyd olunur. Bu absurd iddiaları qəbul etməyən Mixail Varlama "düşmən kimdir" sualını verərək sillə vurur. Varlamın bütün iyrənc fəaliyyətinə qarşı bu ən tutarlı cavab kimi görünür. Lakin Mixailin özünü də həbs edirlər. O, Gürcüstandan Londona qədər gizli tunel qazmaq kimi cəfəng iddiaları da qəbul edərək taktika işlətdiyinə inanır. Sandroyla üzləşmə zamanı yuxarıdakıların bu qədər absurda inanmayacaqlarını deyərək özünün və dostunun həyatını qurtaracağına ümid edir. 1937-38-ci illərin faciələri bu epizodda əksini tapır. Sandroyla Mixailin üzləşməsi günəşli havada yaşıl ağac və otların əhatəsində keçməsi hadisələrə sənətin baxışını əks etdirir.
Sandronun məhkəmə tərəfindən ittiham olunması onu bir ruhaniyyətli şəxs kimi bir daha ortaya çıxarır. Hökm verilən zaman onun vəftiz edilən kimi suda olması Sandronun mənəvi ucalığını göstərir.
Darbaisseler soyunun sürgünə yola salınması fonunda Varlamın vicdanında bir oyanma cəhdi baş verir. O, Dokospolodan onlardan üzr istəmələrini və azad etmələrini tələb edir. Özünün vaxtı ilə verdiyi qərara görə peşman olan bələdiyyə rəisinin mənəvi qalxınması mümkün olmur. Buna səbəb adı və vəzifəsi bəlli olmayan iblisanə fəaliyyəti ilə seçilən şlyapalı qadın olur. Onun Varlamın qulağına pıçıldaması köhnə qərarı yenidən qüvvədə saxlayır. Repressiya mühitinin onu icra edənlərin necə mənəvi buxova salması bu epizodda daha aydın görünür.
Katevan anasının da həbsini nəql edərək keçmiş hekayəsini tamamlayır. Bundan sonra Tornikenin gözünə babasının xəyali məzarı gəlir. Onun günəş işıqları fonunda əllərindən qan axmasını söyləməsi aydınlığın cinayətlər üzərində əksini göstərir. Varlamın hər bir insan günahla doğular fikrini deməsi özünə bəraət cəhdindən başqa bir şey deyil. Ömrü boyu ateist rejimə qulluq edən bələdiyyə sədri bu dəfə özünü xristianlığın ehkamlarından birindən istifadə eləməklə xilas etməyə çalışır.
Təbii ki, bu hal Tornikenin psixologiyasına mənfi təsir edir. Gənc dəliqanlı Tornike heç cürə atası Avelin hərəkətlərini bağışlaya bilmir. Məhkəmədən sonra atasının Varlamın etdiyi cinayətlərə görə ona bəraət vermə cəhdini nifrətlə qarşılayır. O, artıq Katevanı da anlamağın vacibliyindən bəhs edir. Lakin Aveldə yüksək boş qürur olduğundan oğlunu heç cürə başa düşmür. Avel xəyali bir tövbə ayininə qatılır. Özünün ən böyük cinayətləri belə bağışlamasını anlamayan Avel vicdanını itirdiyinin fərqinə varır. Bu epizod filmin mahiyyətinin açılmasında çox yüksək rol oynayır. 1937-ci ilin hadisələrinin mənəvi fəsadlarının insanlarda buraxdığı boşluqlar burada əksini tapır. Avel öz vicdanıyla baş-başa qalıb tövbə eləmək istəyən zaman atasını görür. Onun "sən şeytanın yanına gəlmisən" deməsi Aveldəki dərin mənəvi böhranı əks etdirir.
Avel evindəki ziyafət zamanı oğlu Tornike ilə son dəfə toqquşur. Evdəki saxta rahatlıqdan bezən Tornike etirazını bildirir. Yaşadığı evin məzar olduğunu deyən gənc dəliqanlı artıq yalanlarla yaşamağın mümkünsüzlüyünü dilə gətirir. Katevanın dəli kimi xəstəxanaya yatırılmasını heç cür qəbul etmir. Tornikenin intiharı illər uzunu davam edən iyrəncliklərə bir üsyandır. Varlamın, Avelin timsalında Aravidze ailəsinin mənəviyyatı tapdalamaları Tornikenin faciəsi ilə yekunlaşır. Yalnız bundan sonra Avel katarsis keçirir. O, atasının məzarına gələrək onu lənətləyir. Katevanın etmək istədiyi işi o edir. Avelin atası Varlamı məzardan çıxarıb atmasını tarixə düşmüş ləkələrin silinməsi cəhdi kimi də anlamaq olar.
Film 1984-cü ildə ekranlaşdırılsa da 1987-ci ilin yanvarında nümayiş olunmuşdur. Çəkilişlər Tiflisdə və Batumidə həyata keçirilmişdir. Ekran əsəri o dövrdə baş verən antistalin hərəkatının manifest əsərinə çevrilmişdir. Filmin çəkilişlərinə Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze yardım etmişdir. Film 1987-ci ildə Kann festivalının Qran-Prisini qazanmışdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!