Sevinc ELSEVƏR
1892-ci ildə Çarlz Emil Reyno Qrevin muzeyi ilə gündəlik nümayiş üçün və illik proqram tərtib etmək üçün müqavilə bağladı və Reyno filminin ilk nümayişini 28 oktyabrda həyata keçirə bildi. Onun nümayişi ilk animasiya kinosunun nümayişi kimi tarixə düşdü.
2002-ci ildən 28 oktyabr günü Beynəlxalq Animasiya Kinosu Assosiasiyası (ASİFA) tərəfindən Beynəlxalq Animasiya Günü hesab edilir.
Ölkəmizdə də sənət cameəsində bu günü xatırlayanlar və xüsusi gün kimi vurğulayanlar var.
Beynəlxalq Animasiya Gününün qeyd olunduğu həftədə Azərbaycan animasiya kinosunun qadın obrazlarını oxucularımıza xatırlatmaq istədim.
Əvvəla, onu vurğulayım ki, uşaqlar üçün çəkilən animasiya filmlərimizin əksəriyyətinin qəhrəmanları oğlanlardır. Bunun səbəbi barədə çox düşünmüşəm. Bəlkə bu ona görə belədir ki, nağıl qəhrəmanlarımızın da böyük əksəriyyətinin baş qəhrəmanı oğlanlardır? Hər halda yeddibaşlı əjdahalarla, mağaralardakı divlərlə vuruşmağa oğlanlar gedirdi, yəqin, bu ona görə belə idi. "Cırtdan" (1969), "İlham" (1972), "Cırtdanın yeni sərgüzəşti" (1973), "Sehrlənmiş küpə" (1979), "Yayın bir günündə" (1979), "Cırtdan pəhləvan" (1981), "Uşaq və külək" (1982), "Akvarium" (1983), "Cırtdan və div" (1983), "Sehrli ləçək" (1983), "Qəribə əjdaha" (1984), "Sehrli naxışlar" (1984), "Balaca çoban" (1985), "Xeyirxah nağıl" (1986), "Qara leylək" (1986), "Sehrli çıraq" (1987), "Nar ağacının nağılı" (1989), "Cavanşir" (2002) və s. kimi uşaq animasiya filmlərinin baş qəhrəmanları oğlanlardır. Animasiya ustalarımız qız obrazlarına yaman xəsisliklə yanaşıblar. Bəlkə filmlərin çoxu dəcəl oğlanlar haqqındadır deyə, bu belədir. Dəcəl oğlanlar dəcəl qızlardan çoxdur. Filmlərin əksəriyyətinin oğlan qəhrəmanları başlanğıcda dəcəl olurlar, onlar xeyli səhvlər edirlər, ağacları, heyvanları incidirlər, tənbəlliklə məşğul olurlar. Ancaq filmin sonunda ağıllanırlar, öz səhvlərini başa düşürlər. ("Sehrli ləçək", "Sehrlənmiş küpə", "Nar ağacının nağılı" kimi filmlərdə).
Ancaq çox ağıllı, xeyirxah obrazlar da var içlərində axı. Məsələn, "Qara leylək" filmində qanadı qırıldığı üçün köçdən ayrılıb yerə düşən leyləyə balaca oğlan kömək edir, onu bütün qış evində saxlayır, qanadının sağalması üçün əlindən gələni edir, quşu yemləyir, sulayır. Yaz gələndə də sağalan quşu səmaya buraxır. Quş minnətdarlıqla qanad çalır, yoldaşlarına qoşulur. "Akvarium" filminin qəhrəmanı məktəbli oğlan təbiəti, heyvanları, balıqları çox sevir, düşərgədən qayıdıb valideynlərinin baxımsız qoyduğu akvariumu əvvəlki vəziyyətinə qaytarmaq üçün çırpınır. "Cavanşir" filmindəki məktəbli Cavanşir müharibə meydanında qəhrəmanlıq göstərir və s.
Uşaqlar üçün çəkilən animasiya filmlərindəki qız obrazlarından danışmaq istəsəm, ilk növbədə 1985-ci ildə "Azərbaycanfilm" studiyasında çəkilmiş "Humayın yuxusu" cizgi filmindən danışa bilərəm. Film yazıçı Elçinin ssenarisi əsasında rejissor Nazim Məmmədov tərəfindən çəkilib.
Ancaq bizim Humay da dəcəl oğlanlardan geri qalmır. Humay oyuncaqlarına pis münasibət göstərir. Siçanın quyruğundan tutub hara gəldi tolazlayır, pişiyinin bığlarını kəsib atır. Qələmlərinin ucunu gəmirir. Bir dəfə Humay qəribə bir yuxu görür. Yuxusunda pişiyi canlanıb, çıxıb getmək istəyir. Qələm də, siçan da pişiklə birgə yola düzəlir. Oyuncaqlar evdən çıxandan sonra yağış yağır, siçan balaca gölməçəyə düşür. Qələm də ona kömək etmək üçün özünü suya atır. Pişik quyruğunu sallamasaydı, siçan boğulub öləcəkdi. Qələm divara çətir şəkli çəkir. Sonra divara çəkdiyi çətiri əlinə götürür. Hamısı çətirin altına toplaşırlar. Qələm bir qayıq da çəkir, minirlər içinə. Qayıq bir axına düşür, oyuncaqlar qayıqla birgə az qala batırdı ki, Humay həyəcanla yuxudan ayılır. Qız peşmanlıqla oyuncaqlarından üzr istəyir, onları əzizləyə-əzizləyə tolazladığı yerdən toplayır, otağını səliqəyə salır. Söz verir ki, onları bir də incitməyəcək.
Böyüklər və yeniyetmə tamaşaçılar üçün çəkilən animasiya filmlərimizdə yer alan unudulmaz qadın obrazlarının sayı daha çoxdur. Bunlardan biri də böyük Nizaminin əsərləri əsasında çəkilmiş "Fitnə" filminin qəhrəmanı Fitnədir. Xalq arasından çıxmış gözəl Fitnə öz ağlı-zəkasıyla şahı heyran qoyur, ona qalib gəlir. Həm özünü şahın qəzəbindən xilas edir, həm də öz fikrinə axıra qədər sadiq qalır.
Nizaminin əsərlərinin motivləri əsasında çəkilən daha bir filmdə - "Xeyir və Şər"də Xeyiri səhrada yaralı vəziyyətdə tapıb xilas edən, ona inanan, həm dost, həm sevgili olan gənc qadının obrazı da Azərbaycan animasiya kinosunda yaddaqalan obrazlardandır. Biz bilirik ki, Nizami Gəncəvinin əsərlərində yaratdığı qadın obrazlarının böyük əksəriyyəti dürüst, fədakar, zəhmətkeş, əqidəsindən, sevgisindən dönməyən qadınlardır.
Göyçək Fatma ("Göyçək Fatma" xalq nağılı əsasında milli animasiya kinomuzda iki film çəkilib. 1973-cü ildə Vaqif Behbudov məşhur nağılı kukla üsuluyla, 1988-ci ildə Nazim Məmmədov cizgi üsuluyla çəkmişdi) həm nağıl qəhrəmanı, həm animasiya filminin qəhrəmanı kimi səmimi, mehriban, çalışqan xarakterdir. O öz dürüstlüyü, mehribanlığı, xeyirxahlığı sayəsində ögey anasıyla ögey bacısının şərinin öhdəsindən gələ bilir, layiq olduğu xoşbəxtliyi qazanır.
"Şahzadə qara qızıl" (1974) filmindəki şahzadə qız obrazı simvolik obraz olsa da, ondan da qadın obrazlardan biri kimi bəhs edəcəyik.
"Şahzadə qara qızıl" filminin yaradıcıları filmdə qara qızıl adlandırdığımız neftin və dənizin dibindən neft çıxaran neftçilərin obrazını yaratmağa çalışıblar. Bu film-nağılda dənizin dibində zalım atası tərəfindən zəncirlənib dənizin üzünə çıxa bilməyən şahzadə - qara qızıldan və dənizin dibinə enib qızı zalım atasının əlindən qurtarıb işıqlı dünyaya çıxaran qəhrmandan - neftçidən və onların qarşılıqlı məhəbbətindən obrazlı şəkildə söz açılır.
Dənizin kənarında mahnı oxuyan igidin biləkləri çox güclüdü. Dənizin dibindəki şahzadəyə - qara qızıla aşiqdi. Qəddar atası şahzadəni yer üzündəki sevgilisinə qovuşmağa qoymur. Qoca nənəsi də daim şahzadənin keşiyindədi ki, suyun üzünə çıxıb sevgilisi ilə görüşməsin. Öz gücünə inanan igid dənizin dibinə enib şahzadəni zalım atasının əlindən xilas edir. Bu yolda qarşısına çıxan əjdahanı da, daş robota bənzəyən məxluqu da məhv edir. O, əlindəki alətlə daşın bağrını dəlir. Qorxulu xəyaləti məğlubiyyətə uğradır. Səhəngin içindən çıxan cin də sevgililərin tərəfinə keçir.
Qəddar qız atasının dilindən bu sözləri eşidirik: "Bu zamanda qız böyütmək nə çətin iş imiş!".
Orta əsr feodal-patriarxal dünyagörüşlü qız atasının düşüncələri reallığımızda olduğu kimi filmdə öz əksini tapıb. O, qızının sevdiyi adama qovuşmağına mane olur, onu əsir eləyir. Üstəlik də qız böyütməyin çətinliyindən şikayət edir.
Filmin rejissoru və quruluşçu rəssamı Nazim Məmmədov və Bəhmən Əliyevdir.
"Qız qalası əfsanəsi" (1978) filmində el-obanın ən gözəl qızı seçilib Göylər qızının xatirəsinə adına Sevit deyildi və göylər qızının şərəfinə tikilmiş qalaya köçürüldü. Bundan sonra Sevit adlanacaq Günel toxunulmaz sayılırdı. Günel sevgilisi Elçindən ayrı düşməli idi. Elçin ulu başçıdan xahiş edir ki, sevdiyi qızı qorumağı ona tapşırsın. Elçin qalada Günelə-Sevitə keşik çəkir. Ancaq Elçinə əğyar olan şərürəkli bir adam var. Eşqinə rədd cavabı alan adam qisas almaq istəyir. Elçinə yuxu gətirən içki verirlər, o, qalanın qapısında yatıb qalır. Sevit də ələ keçməsin deyə, özünü qaladan atır. Əbülfəz Hüseyni və Ədhəm Qulubəyovun ssenarisi əsasında çəkilən filmin rejissoru Məsud Pənahidir.
Qız qalası haqqında başqa bir əfsanə əsasında çəkilmiş "Qız qalası" animasiya filmi 1984-cü ildə rejissor Vaqif Behbudov tərəfindən çəkildi. Kukla filmi Rəsul Rzanın eyniadlı poeması əsasında çəkilmişdi. Birinci filmdəki Günel el-obaya sadiqliyi ilə diqqəti çəkirdisə, ikinci filmin qəhrəmanı Leylaxan öz sevgisinə, eşqinə sadiqdir. Anası Yaşılbəyim xanım vəfat edəndən sonra dərdə qərq olan Leylaxanın fikrini dağıtmaq üçün atası bir qala tikdirir. Qalanın tikintisində iştirak edən daşyonanlardan biri Uğurla Leylaxan arasında saf məhəbbət yaranır. Uğur Leylaxanın sevgisinin gücü ilə hətta dalğaların üstü ilə batmadan yeriyə bilir. Ancaq bir gün görüşə gələn Uğur Leylanı qalanın üstündə görmür. Leylaxan gecə çox ağladığından yatıb qalmışdı. Uğur həmin an Leylaxanın sevgisindən şübhə edir, o saat da ayaqları altındakı dalğalar onu özünə sarı çəkir, Uğur sularda qərq olur.
Qız qalasıyla bağlı digər əfsanə və rəvayətlər kimi bu nağılın da sonu Leylaxanın intiharıyla bitir.
Qadın qəhrəmanı intihar edən növbəti animasiya filmi Qobustan qayalarıyla bağlıdır. 1979-cu ildə Rüstəm Babacanovun eyniadlı əsəri əsasında çəkilən "Toral və Zəri" animasiya filmi Qobustan qayalıqları arasında yaşayan qədim əcdadlarımızın həyatından, onların həyat tərzindən, qədim sənət dünyasından, ibtidai rəssamın qəmli və böyük məhəbbətindən danışır.
Rəssam qəbiləsinin ovçularının ovladıqları heyvanın şəkillərini qayalar üzərində çəkir. Sevdiyi qəbilə başçısının gözəl qızı da onun rəsmlərinə heyrandı. Rəssamın rəqibi var, hansı ki, gözəl qıza gözü düşüb. Bir gün qızı tək-tənha yaxalayır və onun biləyindən yapışır. Zəri yad adamın biləyini dişləyib Toralın yanına qaçır. Həmin adam ovçudur və Toraldan acığını çıxmaq üçün qəbilə başçısına şikayət edir ki, guya o, hansı heyvanın şəklini daşlara çəkirsə, həmin heyvan yoxa çıxır, qəhətə çəkilir. Toralı qonşu qəbiləyə qaval daşını gətirməyə yollayırlar. "Biz ov edib şənlənə bilmirik. Çünki qaval daşımız yoxdur" - qəbilə başçısı deyir. Zəri də başçı atasına mane ola bilmir.
Toral gedəndən sonra Zəri yuxusunu qarışdırır. Mağarada hamı şirin yuxuda olanda, o, yuxusunda Toralı görür. Görür ki, onu qayadan atırlar, ayılıb göylərə baxır...
Toralın gəlib çıxmadığını görən ovçu qəbilənin ən gözəl qızının qəbilənin ən mahir ovçusuna verilməsini istəyir. Başçı isə Toralı gözləməyi əmr edir.
Toral qaval daşını yox, onun sirrini gətirir. Toral deyir ki, əgər daşı gətirsəydim, iki qəbilə arasında qan tökülərdi. Mən daşı yox, daşın sirrini gətirdim. Sirri nümayiş elətdirsə də, qəbilə başçısı "Toral şərtinə əməl elədi, budu qaval daşı" desə də, kinli ovçu onu qayadan aşağı atır. Bunu görən Zəri özünü onun dalınca ataraq intihar edir. Sonda əl-ələ vermiş iki ruh göylərə qalxır.
Filmin müəllifləri açıq səma altında muzey adlandırılan qədim sənət abidəmiz Qobustandan obrazlı söhbət açmaqla yanaşı, qədim və ibtidai rəssamın timsalında hələ qədimdən sənətin humanizmə, insanlığa, xeyirə xidmət elədiyini göstərməyə çalışmışlar. Toral bilir ki, qaval daşını gətirməsə, ona inanmaya, onu öldürə bilərlər, iki qəbilə arasında qan tökülməsin deyə, daşı yox, daşın sirrini gətirir. Əsl sənət həmişə qan tökülməsinə, müharibəyə, şərə qarşıdır. İstər qədim, ibtidai dövrlərdə olsun, istər müasir dövrümüzdə.
Filmin ssenari müəllifi Həsən Seyidbəyli, rejissoru Əsgər Məmmədov, rəssamı Elçin Axundovdur.
Animasiya ustalarının arasında öz xüsusi dəst-xətti və üslubuyla seçilən qadın animatorumuz Firəngiz Qurbanovanın filmlərində yaratdığı qadın obrazları fərqlidir.
"Ana ağaca çıxıb" (1986) filminin qəhrəmanı gənc anadır. Balaca qızına yemək yedirə bilmək üçün o, dəridən-qabıqdan çıxır. Firəngiz Qurbanova hadisələri bizə qrotesk şəkildə, qeyri-adi formada təqdim edir.
"Şahzadə qız" (1991) filmində Firəngiz Qurbanovanın yaratdığı gənc qadın obrazı Yaramazla Xeyirxahın arasında peyda olur və onunla hərə öz tərbiyəsinə, mədəniyyətinə uyğun rəftar edir. Şahzadə qız Mimoya Xeyirxah da, Yaramaz da ağızları açıq halda, heyranlıqla baxırlar. Mimo paltarlarını soyunub suya çimməyə girəndə sudakı balıqlardan qorxaraq özünü itirir, az qalır ki, batsın. Xeyirxah Mimonun həyatını xilas edir. Şahzadə də əvəzində Xeyirxahın paltarlarını yuyub asır, söküyünü tikir. Hətta üzündən öpür. Bu vaxt Yaramaz onları uzaqdan görür,əlbəttə ki, həsəd yenə onun içini bürüyür. Yaramaz şahzadə Mimonu zorlamağa belə cəhd göstərir. Şahzadə qız onun əlindən zorla qurtulub ona şillə vuraraq uzaqlaşır.
Xeyirxah Kürən Klounla Yaramaz Ağ Klounun timsalında Firəngiz Qurbanova iki tip kişinin - yaramaz kişiylə xeyirxah kişinin qadına olan münasibətini müqayisəli şəkildə açıb göstərir.
Firəngiz Qurbanovanın ssenarist Dinarə Seyidova ilə birgə işləri olduqca maraqlıdır. Birgə çalışdıqları filmlərdə qadın, ana və uşaq mövzularını xüsusilə ustalıqla işləyirlər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!