Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunur
Xatirə HƏSƏNZADƏ
sənətşünaslıq üzrə fəlsəfə doktoru
"Bu gün Azərbaycanda musiqi təhsilinin inkişafında şəxsən daşıdığım məsuliyyəti dərk edərək mən, eyni zamanda Üzeyir Hacıbəylinin bu sahədə başladığı böyük işi davam etdirdiyimi yaxşı başa düşür və bunu özümçün ən şərəfli, ən məsuliyyətli bir iş sayıram. Bu il onun yaratdığı təhsil
ocağı - müsəlman Şərqinin ilk Konservatoriyası - 100 illik yubileyini qeyd edəcəyimiz Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası dahi sənətkarın xatirəsini yaşadır".
Fərhad Bədəlbəyli
Fərhad Bədəlbəyli - Bədəlbəylilər nəslinin ləyaqətli davamçısı, dünyanın bir çox ölkəsində tanınan böyük pianoçu və bəstəkar, bir neçə nəsil istedadlı ifaçılar yetişdirən görkəmli pedaqoq, bəstəkar, dirijor, 1991-ci ildən məhz onun təşəbbüsü ilə Ü.Hacıbəylinin adını daşıyan Bakı Musiqi Akademiyasına çevrilmiş ali tədris ocağının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət mükafatı və Beynəlxalq müsabiqələr laureatı, "Şöhrət" və "İstiqlal" ordenlərinə, Fransanın "Şevalye" mükafatına layiq görülən milli musiqi sənətinin inkişafında öz sözünü deyərək izini qoyan sənətkar.
İctimai xadim kimi müxtəlif illərdə - Azərbaycan Musiqi Cəmiyyəti idarə heyəti sədrinin birinci müavini (1986-1989), Azərbaycan Musiqi Xadimləri Cəmiyyətinin sədri (1989-cu ildən), öz təşəbbüsü ilə yaradılan Bakı İncəsənət Mərkəzinin rəhbəri (1987-1996), Azərbaycan Mədəniyyətinin Dostları Fondunun üzvü (1995-ci ildən), Qəbələ Musiqi Festivalının yaradıcısı və bədii rəhbəri (2019), Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi idarə heyətinin üzvü kimi böyük maarifçilik işini aparır, gənc istedadların həyata vəsiqə almasında, onların geniş auditoriyalara çıxmasında maddi və mənəvi dayaq durur və hər zaman öz vətəndaşlıq mövqeyini bildirərək daima öz səsini uca tribunalardan söyləyən azərbaycanlı kimi Üzeyir bəyin və babası Bədəl bəyin qoyduğu yolu davam etdirir...
Damcı-damcı yığılaraq toplanan biliklər, təcrübələr zamanı yetişəndə mədəni dəyərlərə dönür, qazanılan nailiyyətlər özünü təsdiq üçün sonu görünməyən enişli-yoxuşlu yolda zirvələri fəth edərək bəşəri dəyərlər sırasına qatılır. Bu bəşərilik də öz növbəsində milli köklərdən, ənənələrdən ən əsası qan və gen yaddaşından qaynaqlanır... Bu qan yaddaşında məşhur maarif xadimləri, incəsənətlə bağlı olan yaradıcı insanlar vardı... Bu qan yaddaşının şəcərəsində Üzeyir bəy Hacıbəyliyə, Qacarlara "gedən" şaxələr uzanır...
Keçmişlə bağlı hisslərim
bəzən mənə o dövrün
şıdırğı yağışı,
bəzən də küləyin ətri ilə
birlikdə qayıdır...
X.Murakami
"Şuşada dünyaya göz açan ata babam, görkəmli pedaqoq və dövrünün ictimai xadimi Bədəlbəy Üzeyir bəyin xalası oğlu idi. Nənəm Rəhimə xanım fars və ərəb dillərini gözəl bilirdi. Onun qardaşı Abbas Mirzə dayım gözəl rəssam idi. Ailədə beş uşaq böyüyürdü. Babam məşhur Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra bir müddət Şuşada müəllim işləyir, sonra da Bakıya gələrək burada 35 ildən çox rus-türk məktəbinin müdiri olur. "Bədəlbəyin məktəbi" kimi tanınan bu məktəbə sonralar da belə deyərdilər. Maarifçi və xeyriyyəçi kimi də "Nicat" cəmiyyətinin fəal üzvlərindən idi. Qardaşı Əhməd Ağdamski dövrünün məşhur aktyoru, Leyli rolunun ilk ifaçısı idi. Babam da bu sənəti sevdiyindən səhnədə Məcnun, İbn Səlamı ifa etmişdi. Musiqiyə, səhnəyə olan böyük sevgi Üzeyir bəydən, o ab-havadan gəlirdi. Atam Şəmsi Bədəlbəyli babamın bu sevgisini yaşatmış və mənə "ötürmüşdü". O, məşhur rejissor, aktyor, dövrünün fəal ictimai xadimlərindən olmuşdur. Gözəl də tar çalırdı (Konservatoriyada tar sinfini bitirmişdi). Əslində, səhnə, aktyorlar, musiqi mühitinə olan məhəbbət məndə uşaqlıq yaşlarımdan oyanmışdı. Atam özünün quruluş verdiyi tamaşalara və ümumiyyətlə, yeni səhnə əsərlərinə, konsertlərə həmişə məni də özüylə aparardı. Sənət adamlarıyla tanışlıq həm teatrda, həm də evimizdə, süfrə arxası söhbətlər zamanı davam edərdi. O dövrün bir çox ziyalıları evimizdə olardı... Nazim Hikmət, Maestro Niyazi, Süleyman Rüstəm, Mstislav Rostropoviç və daha kimlər... Musiqi, ədəbiyyat, səhnəyə olan böyük sevgi, maarifçilik Əfrasiyab əmimə də "keçmişdi". O, bəstəkar, ilk milli baletimizin müəllifi, dirijor, musiqişünas, publisist, musiqi lüğətinin müəllifi, böyük maarifçi idi... Bu sevgi dolu xatirə yaddaşı mənim gedəcəyim yolu müəyyənləşdirmişdi...".
Bu sevgi payı onu daim
müşayiət edərək təbiətin ona
bəxş etdiyi neməti idi...
Fortepiano ixtisasını seçərək o, əvvəl orta ixtisas musiqi məktəbini (indiki Bülbül adına Musiqi Məktəbi, A.Kələntərin sinfi), sonra Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki BMA, professor M.Brennerin sinfi), sonra da P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında dosent B.Davidoviç və prof. Y.Zakdan aldığı biliklər getdiyi həyat yolunun uğurlu başlanğıcı kimi sonrakı mərhələlərə "açılan qapılar" idi.
XX əsrin ikinci yarısı Azərbaycan incəsənətinin bir çox sahələri kimi fortepiano ifaçılığının inkişafında ən parlaq səhifələrdən biri olur. Gənc istedad Fərhad Bədəlbəyli ilk olaraq ölkəmizi onun sərhədlərindən uzaqlarda, beynəlxalq müsabiqələrdə qələbələri ilə təmsil edir. Çexoslovakiyada (indiki Çexiya, 1967), B.Smetana adına Beynəlxalq Müsabiqənin laureatı və bəstəkarın əsərlərinin ən yaxşı ifaçısı mükafatına layiq görülür. İlk böyük uğuru haqda deyilən yüksək təbriklər arasında Fikrət Əmirov gənc istedadın nailiyyətini beynəlxalq səviyyədə tanınmasının birinci addımı kimi qiymətləndirir, onu Nizaminin Fərhadına bənzədir... Bir il sonra Lissabonda Viana da Mota adına Beynəlxalq Müsabiqədə birinci yeri qazanarkən Qara Qarayev bu qələbəni bütün Azərbaycan mədəniyyəti üçün bayram sayaraq Bakının artıq fortepiano əyaləti olmamasını vurğulamışdır. Bu qələbə ilə bağlı yazılan rəylər arasında "Primeyro Janeyro" qəzetindən olan portuqaliyalı tənqidçinin yazısından: "IV Beynəlxalq Müsabiqədə laureatın konserti zamanı zal dolu idi. O, güclü təvsirçidir, burada zərif musiqi duyumu, cilalanmış texnika, isti temperament, ritm duyumunda həssaslıq var". P.Çaykovski adına Moskva Konservatoriyasının professoru, SSRİ Xalq artisti, münsiflər heyətinin üzvü Yakov Zakın fikirləri: "Müsabiqənin qalibi möhtəşəm ifası, düz, dəqiq, qeyri-adi səs keyfiyyəti ilə dinləyiciləri heyran etdi. Gəncliyə xas təravət, çılğın ehtiras onun ifa etdiyi əsərlərə verdiyi təvsirlərilə seçilirdi. Proqramda müxtəlif dövrləri əhatə edən klassik əsərlər səsləndi. Azərbaycan pianoçusunun istedadı hələ yenicə açılır və cox böyük ümidlər bəsləyir".
Sonra yeni qastrol səfərləri, yeni konsertlər, yeni dirijorlar, kollektivlərlə, tanışlıq, yaşanan həyəcan, təkrar-təkrar...
Azərbaycanın hüdudlarından cox-cox uzaqlarda, ABŞ, Kuba, İsrail, Norveç, Fransa, İtaliya, Danimarka, Finlandiya, İsveçrə, Yaponiya, Yunanıstan, Bolqarıstan, Almaniya, Rumıniya, Yuqoslaviya, Tunis, Türkiyə və keçmiş sovetlər birliyinin bir çox böyük şəhərlərində... Moskva, Hyuston, Zaqreb, Ankara, İzmir, İstanbul simfonik orkestrlərilə birgə verdiyi konsertlərdə, iri miqyaslı beynəlxalq tədbirlərdə dünya şöhrətli dirijorlarla yaranan ünsiyyətin özü F.Bədəlbəyli üçün hər dəfə yeni bir "dünyanın" kəşfi idi. Niyazi, R.Abdullayev, N.Rzayev, R.Məlikaslanov, V.Dudarova, V.Fedoseyev, A.Heller, H.Şimşək, G.Aykal və b... Bu, hələ böyük dirijorlarla birgə işin, səfərlərin tam olmayan siyahısıdır...
Və bu səfərlərdə
böyük güc verərək onunla
yol yoldaşı olan sevimli
müəllimlərinin tövsiyələri,
məsləhətləri, bəzən də
xoş bir təbəssümü...
Maestro Niyazi və onun ömür-gün yoldaşı Həcər xanım... Bu ev onun üçün uşaqlıqdan cox doğma bir məkan idi. Övladları olmadığından ona doğma oğlu kimi yanaşırdılar. "Maestro ifamı izləyər, öz tövsiyələrini verərdi. Filarmoniyada verdiyim ilk konsertdən əvvəl özünəməxsus şirin danışıq tərzilə dediyi sözləri indi də qulağımdadır: - Sən igid Fərhadın adını daşıyırsan, qorxu-hürkü sənə yad olsun... Onunla birgə olan konsertlər, səfərlər yaddaşımda həyatımın ən xoşbəxt anları kimi yaşayır...".
Bu ünsiyyət, ayrıca məktəb idi. Deyilən sözlər, sevgi dolu baxışlar onun səfərlərinin uğurlu keçməsi üçün bəlkə də bir dua idi...
Sevimli müəllimi, Mayor Rafailoviç Brenner, onun dərsləri, ifa olunan əsərlərlə bağlı dediklərini F.Bədəlbəyli artıq bir pedaqoq kimi tələbələrinə danışaraq onları o dövrün ab-havasıyla tanış edir, keçmişə gedərək gələcəyə doğru aparan yolu göstərirdi: "Mayor Rafailoviç yüksək mənlik hissinə malik şəxsiyyət kimi peşəkarlğının və zəhmətinin dəyərini bilirdi. Olduqca böyük musiqili-ensiklopedik biliyə sahib idi. Bu biliklərin mənşəyi L.N.Nikolayevin Peterburq fortepiano məktəbindən gəlirdi. Onun metodikası not mətninin özünü dərk etməyə əsaslanırdı. Alətə olan münasibətindən danışarkən belə bir müqayisəsi də vardı: -"royal elə bir qara "yırtıcıdır" ki, onu hər gün əhliləşdirmək gərəkdir. İfada səsin dərinliyi, konkretliyi, əks-sədası olmalıdır, piano səslənməlidir... Ümumiyyətlə, o, cox seçilirdi, az danışar, demək istədikləri ifa zamanı aydın görünərdü... Bu insanlar olduqca böyük şəxsiyyətlər idi. Xoşbəxtəm ki, həyat yolumda onlar qarşıma çıxıblar...".
Bütün dünya dalğalardan
və ən əsası, onu əmələ gətirən
titrəyişlərdən ibarətdir.
N.Tesla
Səslərin dalğasına köklənərək müxtəlif "zamanlara gedib" (repertuarı olduqca geniş olub XVIII əsrdən müasir dövrü əhatə edən qərb, rus və Azərbaycan bəstəkarlarının müxtəlif üslublu əsərlərinin mahir ifaçısı kimi) müəllifin dediklərini dinləyicilərə "ötürmək", yaddaşında iz qoyan insanlarla "ünsiyyətə girmək"... Bunun başında böyük əmək, poetik ruh, həssaslıq, gözəllik vurğunu olmaq və ən əsası istək durur. Fərhad müəllimin ifaçılıqla bağlı bəzi fikirləri yada düşür: "Əsərin müəllifini onunla bağlı bir çox mənbələrlə tanış olub, ona yaxınlaşıb, nəhayət, onu sevməlisən. Ancaq o zaman onun yazdığını başa düşüb mənimsəyə bilərsən və əsər səninki olar. Musiqi bir tək estetik zövq vasitəsi deyil, poeziya, ədəbiyyat kimi həyatın özünün dərk olunmasıdır. İfaçının poeziyayla əlaqəsi dedikdə - burada musiqinin poetikliyini duymaq gərəkdir... Səsin dolğunluğu, palitrasının zaman keçdikcə dəyişilməsini rəngkarlığın qrafikayla əvəzlənməsinə bənzətmək olar. Alətin dillərinə toxunaraq səsin alınmasına gəldikdə onun öz fəlsəfəsi var...". Bu fikirlər həddən ziyadədir..
Səslərin dalğasına köklənərək virtuoz və poetik ruhlu pianoçunun səfərlərinin hər biri yaşanan həyat yolunun, bəlkə bir ömürə bərabər yolun səhifəsidir...
Musiqi bizi seçir, biz onu yox.
İfaçılıqla bağlı elmi yazılarında, tələbələrilə iş prosesində o, hər zaman olduqca önəmli məsələləri, xüsusilə müasir dövrün fərqli düşüncə tərzlərilə bağlı məqamları da nəzərə alıb əsəri duyaraq "ötürmək" kimi bir çox mühüm məsələlərlə bağlı maarifçilik işinin olduqca önəmli olmasını vurğulayır. "Mənim yaxşı tələbələrim var və hesab edirəm ki, bu məktəb davam edəcək. Onların hər biri fərdiyyat kimi öz yolu ilə gedir. Xoşbəxtəm ki, məzunlarım arasında M.Həmzəyeva, K.Şaxtaxtinskaya, X.Abdullayeva, G.Şəkinskaya, Ə.Mustafazadə, M.Adıgözəlzadə, Y.Sayutkin, C.Kəbirlinskaya, M.Hüseynov, İ.Sarabski kimi istedadlı ifaçılar var".
Bu siyahıda hələ çox gənc istedadlarımız yetişir... Tələbələrlə keçilən dərslər yaradıcı bir prosesdir. Burada onlarla birlikdə özün yenidən məşq edirsən və nəisə kəşf edirsən. Həmin həyəcanı, həmin ehtirası yenidən yaşayaraq ifa olunan əsərin yazıldığı dövrə köklənirsən...
Sənin evin düşüncələrinin
rahat olduğu yerdi.
Konfutsi
1991-ci il. SSRİ və Azərbaycanın Xalq artisti F.Bədəlbəylinin Azərbaycan Dövlət Konservatoriyasının rəhbərliyə gəldiyi il. Üzeyir bəyin qoyduğu ənənələrin geniş miqyasda davamı bu tarixdən başlayır...
Belə bir deyim var: "Dəqiqəsinin hər anı bölüşdürülüb"... Bu ciddi saat qrafikində, rektoru olduğu doğma ocağındakı işləri, solist kimi hər zaman formada olması, qastrol səfərləri, pedaqoji fəaliyyəti, müxtəlif ansambllarla birgə konsertləri və müxtəlif qurumlardakı ictimai fəaliyyəti... Bütün bunlarla yanaşı, Fərhad müəllim sevdiyi "qara qutusunu" dilləndirərək bir an saat əqrəblərini başqa bir zamana kökləyir... burada o, bəzən şair, bəzən rəssam, bəzən bəstəkardı. Bəzən mübariz döyüşçü, bəzən qayğıkeş ata, bəzən də uşaqlıq illərində həyətlərində yoldaşlarıyla oynadığı sevdiyi futbol oyunçusu... Bu həmin "sevgi payı"nı yaşadan "hissəciklərdi... onun "qidalandığı çeşməsi".
O, bir rəssam, həm də şairdi,
Sevir həyatı da, gözəlliyi də,
Həyatda olan gözəlliyi də.
***
Həyat beləcə qurulub,
Şər də xeyirlə qonşu.
Kimi qorxaq, kimi qorxmaz qəhrəman.
F.Bədəlbəylinin şeirlərindən (tərcümədə)
Keçən əsrin 70-80-ci illərinə qayıtsaq...
Keçmişə nəzər salsaq, bu illərdə o, bir ansambl ifaçısı kimi də fəaliyyətinə davam edərək, onların müşayiətçisi yox, həmmüəllifi olur. İntibah dövründən başlayaraq qərb, rus və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət geniş repertuarla vokal ifaçılar arasında ünlü sənətçilər, SSRİ və Azərbaycanın Xalq artistlərilə, Bella Rudenko, Rauf Atakişiyev, Fidan və Xuraman Qasımova bacıları, Eldar İsgəndərov (violonçel), Arif Manaflı (violin) və b. ilə duetdə ABŞ, Avropa, Asiya, Rusiyanın bir çox şəhərləri, Bakıda konsertlərlə çıxış edərək o, həssaslıqla tərəf-müqabilini yaxşı hiss edir. Əslində bu, ifaçılıq sənətinin yeni rəng çalarları ilə zənginləşməsidir. İfa olunan əsərlərin təvsirində yeni axtarışlardı. Burada alətin dilinə toxunarkən səsin çəkisini, işıq və kölgəsini, yaxın, ya uzaq olmasını, isti, ya soyuq olmasını duymalısan...
Hər bir əsərin ətri var,
onu duymalısan...
Hələ 70-ci illərdə bəstəkarın razılığıyla o, Q.Qarayevin silsilə prelüdlərinin IV dəftərinin ifasında yanaşma bucağını dəyişərək müəyyən təvsirlər edir. Bir qisim prelüdləri fasiləsiz çalır, son səsi saxlayaraq yeni əsərə keçid alır - bununla dinləyicini gərginlikdə saxlayır. O dalğadan uzaqlaşmamaq - burada hər zaman hisslərin çulğalanması və cilovlanması prosesinin tarazlığı gedir.
Bir başqa əsərdə... V.Mustafazadənin konsertinin ifası zamanı bura solo imrovizə yeri salır, bununla klassik konsertin ifa ənənəsini yaşadır.
F.Əmirov və E.Nəzirovanın ərəb mövzularında konserti. Buradakı ekspressivliyi, dünyanın romantik duyumunu, lirik obrazlılığı qarşı-qarşıya qoyaraq dinamik gərginlik, təntənə, möhtəşəmlik, iradəlilik, qəhrəmani obrazlılığı muğam improvizəsilə qovuşdurur. "O, bədii ifa üçün çox vacib olan yüksək xəyala dalma hissinə malikdir. Burada zəriflik monumentallıqla qovuşur. O, şairdi, daha çox romantikdi, nəinki klassik". Bu, təvsir olunan əsərlərin bir qismidir...
Ümumiyyətlə, əsərin "səninki olmasına qədər" gedən uzun iş prosesi çox da qısqanc olur, ananın körpəsilə olan münasibəti kimi, bəlkə də ilk sevgiyə bənzəyir...
Səfərlər unudulmur...
Tələbəlik illərindən başlayaraq keçən çoxlu sayda qastrol səfərlərinin ab-havası onun həyat hekayəsinin səhifələrində yaşayır... Dinləyicilərin fərqli temperamenti, fərqli ənənələrinə baxmayaraq, vacib olan məqam qapalı qəlblərin açarını sındırıb onların ruhuna yol tapmaqdır.
F.Bədəlbəylinin ifaçılıq fəaliyyətində tarixi qastrol səfərlərindən biri 2016-cı ildə məşhur amerikalı dirijor D.Yablonskinin dəvətilə ABŞ-da Qüds simfonik orkestrinin rəhbərliyi ilə iştirakı olur. Florida ştatında 3000 nəfərlik tamaşaçısı olan zalda on yeddi konsertin verilməsi qürurverici idi. Proqramda S.Prokofyevin 1 saylı fortepiano ilə orkestr üçün konserti ilə yanaşı, vurğulanan əsər - A.Çaykovskinin "Xocalı matəm musiqisi"nin səslənməsi idi. Ulu öndərin Xocalı faciəsi haqda dediklərini əsərin əvvəlində tarın müşayiətilə dirijorun söyləməsi zaldakıları törədilən faciəyə kökləmişdi. Xocalı naləsinə acıyan müəllif musiqisilə millətindən asılı olmayaraq insanları ayıq olmağa, səfərbərliyə çağırırdı... Bu, bəşəriyyətə bir çağırış idi...
Bu əsərin ilk dəfə IV Qəbələ Beynəlxalq Musiqi Festivalında Y.Başmetin rəhbərliyi ilə "Moskva solistləri" kamera orkestrinin ifasında səslənməsi də çox əlamətdar hadisə idi.
Arzum Şuşada Üzeyir bəyin
adına bir məktəb tikməkdi...
2017-ci ilin dekabrında görkəmli pianoçu, bəstəkar, ictimai xadim Xalq artisti, professor Fərhad Bədəlbəyli 70 illiyi münasibətilə ölkə başçısı, möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən "İstiqlal" ordeni ali mükafatı ilə təltif olunarkən Prezidentin dəstəyi və əməyinə göstərilən böyük diqqətinə görə təşəkkürünü bildirərək: "Biz bilirik ki, gec-tez hamımız Sizinlə birlikdə Şuşaya qayıdacağıq" - arzusunu yubileyilə bağlı Moskva Dövlət Akademik Filarmoniyasının konsert zalında keçirilən tədbirdə də vurğulayaraq Şuşada konsert vermək istəyini bildirmişdi: "1982-ci ildə sonuncu dəfə atamla Şuşaya getmişdik... M.P.Vaqifin məqbərəsinin açılışıydı, qar yağdığından Şuşa sanki nağıllar aləminə qərq olmuşdu... Ən xoşbəxt günüm Şuşaya getdiyim gün olacaq. Arzum uzun illər düşmən tapdağı altında qalan Şuşa qalasına gedib onun önündə diz çöküb üzr istəyim... Və orada Üzeyir bəyin adına bir məktəb tikməkdir...".
Allahım, qəlbimi səndən gələn
bir sevinclə doldur...
C.Rumi
Dörd il sonra 44 günün Zəfər bayramını hər bir azərbaycanlının yaşadığı hissləri Fərhad müəllim də yaşayırdı... "Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla müzəffər ordumuzla birlikdə qələbə çaldıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, əsgərlərimizə cansağlığı versin.. Qarabağ Azərbaycandır! Ürəyimiz Şuşa azaddır... Atamla gələndə də, indi də Azərbaycanın Rusiyadakı səfiri P.Bülbüloğlu ilə birgə gələndə Şuşa bizi yenə qarla qarşıladı. Üzeyir bəyin, Natəvanın, Bülbülün "yaralanmış" büstlərini ziyarət etdik... Onlar artıq öz doğma torpağına qayıtmışdı.
Hər il sentyabrın 18-də Ü.Hacıbəyli adına BMA-da çıxış edərkən bu gözəl günü Şuşamızda keçirəcəyini deyərkən inanırdıq, o gün gələcək... Sonra da muzeyə gedərək Üzeyir bəyin heykəlini öpür, darıxma, gün gələcək, torpağına qayıdacaqsan, - deyirdim...
Xoşbəxtəm ki, 73 yaşımda azad Şuşama gəldim. Tezliklə tikiləcək Üzeyir bəyin adını daşıyan musiqi məktəbində istedadlı uşaqlara dərs deyəcəm. Şuşamız yenidən tikiləcək, Bülbül əminin evi bərpa olunacaq. Xarıbülbül Musiqi Festivalı keçiriləcək". Bu, arzuların ilkidir...
Azərbaycan artıq dünya xəritəsində
öz layiqli yerini tutur.
Cənab Prezident İlham Əliyev və birinci xanım, vitse-prezident, H.Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva ilk addımlarını ataraq Xarıbülbül Musiqi Festivalının təməlini qoydular - Xarıbülbülün "ətri" bütün dünyaya yayıldı...
Möhtəşəm dağların əhatəsində, açıq səma altında, əsrarəngiz, azad nəfəs alan təbiətin qoynunda öncə səslənən "Bayatı-Şiraz" muğamı sanki yerin göyə çağırışı idi, bir dua idi, şəhidlərimizin ruhuna, Üzeyir bəyin, Natəvanın, Bülbülün, bu məkanda uyuyanların ruhlarına bir salam idi... Əslində, səslənən hər bir əsər əlvan səslərdən ibarət Azərbaycan adlanan məmləkətin ətirli çələnginə bənzəyirdi, çoxmillətli və çox konfessiyalı Azərbaycana...
F.Bədəlbəylinin M.Adıgözəlzadə ilə birgə ifa etdikləri müəllifi olduğu Fortepiano ilə orkestr konserti (dirijor Əməkdar artist F.İbrahimov) olan "Dəniz" əsərinin ifası da bir rəmzi məna daşıyırdı... Bu dağların əhatəsində ümmanları yararaq yelkənli gəmisilə çıxdığı səfərində o, həyat yolunda qarşısına çıxan böyük insanları minnətdarlıq hissilə xatırlayırdı... Onların "verdiyi" Sevgi payı ilə bölüşür, insanları sülhə, bir-birinı anlamağa çağırır, dahi Nizaminin dediyi - "Varlıq eşq üzərində qərar tutur" məkanına kökləyirdi...
Doğma məkanda...
Gözəl Şuşamızda H.Əliyev Fondunun təşkilatçılığı ilə 39 ildən sonra Vaqif Poeziya Günlərinin bərpa edilərək keçirilməsi möhtəşəm tarixi hadisə idi.
Cənab Prezident İlham Əliyev və birinci xanım, vitse-prezident Mehriban xanım Əliyeva, sənət adamları, ziylılarla birgə Fərhad müəllim də bu tədbirdə iştirak edərək bir vaxtlar atası ilə qarlı qış günündə bu tədbirə gəlişini xatırlayırdı... İndi isə yayın səfalı günlərində günəşli təbiət qucağını geniş açaraq "Xoş gəlmisiniz doğma diyara!" - sözlərilə qarşılayırdı...
"Qısa zamanda böyük işlər görülərək bərpa edilən Vaqifin məqbərəsi, Üzeyir bəyin heykəli, Bülbülün ev-muzeyini ziyarət edərkən Şuşanın dünya şəhərinə, mədəniyyət mərkəzinə çevrilməsində iştirak etdiyimdən qürur hissi yaşayırdım. Bu yolda görülən və görüləcəyimiz işlər kino lenti kimi gözümün önündən keçirdi... Maarifçilik xarakteri daşıyan Qəbələ Beynəlxalq Musiqi Festivalı bu il on ikinci ildir ki, keçirilir, ikiqat əlamətdardı, çünki torpaqlarımız düşmən tapdağı altından azad oldu, çünki Üzeyir bəyin adını daşıyan BMA-nın yubileyi ilə bir vaxta təsadüf edir. Sonra da Şuşada keçirilən Xarıbülbül Musiqi Festivalı.
İrəlidə Bakı Musiqi Akademiyamızın 100 illiyi ilə bağlı möhtəşəm tədbirlərin Azərbaycanda, Qarabağda, onun incisi olan Şuşada və ölkəmizin hüdudlarından çox-çox uzaqlarda keçirilməsi gözlənilir. Görülən işlərin başlanğıcını yaşayırıq. Üzeyir bəyin ruhu şad olsun...
Uğurlar Sizə, Fərhad müəllim!!!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!