Azər TURAN
Miflər, simvollar, fərqli sənət estetikaları, miniatür üslubu, qrafik üslub, rəngkarlıq.
"Qarabağnamə"ni simvolizm cərəyanına da aid etmək olar. Burda impressionist çalarlar da var. Tablo həm də postmodernist tablodur. Hətta bəlkə impressionizmin çərçivəsini genişləndirən yeni estetik cərəyan - opalizm. İmpressionist rəssam nə karədir ki, yeni rəng qamması icad etsin. Ən böyük rəssam olan Allah rəng qammasını elə dünya yarananda opal daşların üzərində xəlq etmişdi. Bu həqiqəti ilk dəfə Azərbaycan rəssamı Sakit Məmmədov kəşf etdi və özü də bu gün dünyada qəbul olunan opalizm cərəyanının əsasını qoydu...
"Qarabağnamə" tablosunda miflər və simvollar eyni vüsətlə iştirak edir. Yəni "Qarabağnamə"də 3000 ildir ki, Qarabağı özlərinə Vətən qılmış prototürklərin izlərini yaşadan balballar da, iskit pazırıq elementləri də var. Balbaldan, pazırıq ilmələrindən yola çıxsaq, bizi bütün oğuz boyları, o sıradan hunlar, göytürklər, səlcuqlular, qızılbaşlar müşayiət edəcək. Onları isə saysız elementlər - Boz Qurd, Qızılbaş miniatür üslubu, bədii tikmə üzərindən tabloya köçmüş süvari, səlcuqlu memarlığının zərifliyi və harmoniyası, Üzeyir bəy, Mirmöhsün Nəvvab, türk gücünü simvolizə edən Şahbulaq qalası, yaxud Əsgəran qalasından ucalan Dəmir Yumruq izləyəcək.
Estetik həzzin qaynağı, qəribədir ki, Qarabağın bir rəssam fırçası ilə abidələşmiş, sənətləşmiş versiyası oldu... Sakit lap Anri Matissdə olduğu kimi duyğusal və real tablo rəsm etdi. Amma bu tabloda duyğusallıqla reallığın sınırları bir-birinə qarışmış haldadır... Tarixin dan sökülənindən gerçək tarixə qədər Qarabağ burdadır və bizimdir... Rəssam Qarabağı bu tabloya necə sığışdıra bilib? Görünən o ki, burda cərəyan edən enerji otuz ildir ki, qələbə və zəfər havasıyla gərilməkdəymiş. Nəhayət, Azərbaycan rəssamlığı Qarabağa bu şəkildə dönüş etdi... Otuz ilin rəng və fikir enerjisi bir kətanın üzərində partladı və otuz ilin deyil, min illərin metafizikasını şəkilləndirdi... Bu görünən Qarabağdır... O, yeddi at Qarabağın yeddi rayonudur... Biz bu dəyər uğrunda savaşmışıq... Savaşmağa dəyərmiş...
Notr-Damın çatısında və Eyfelin civarında yalan üfüləyən İblis irrealdır, amma 44 günlük savaş dönəmimizdə bunlar real oldu. Fransa İblisin tərəfində oldu. İblis 44 gün ərzində fransız dilində danışdı. Tabloda erməni obrazını - şər metaforasını ilan, iblis, çəyirtkə və donuz təmsil edir...
Bizim Alp Ər Tonqanın atının nalı Eyfelin qürurunu əzəndə Qarabağ atının hərəkət trayektoriyasını pusan slavyan kultudur - Ayıdır. Amma tarixin dansökülənində - mifolojidə bir Boz Qurd inancı da var... Onunla həmahəng olan Qoç isə təkcə gücün deyil, Azərbaycan tarixindən gəlib keçmiş Ağ Qoçun, Qara Qoçun simvoludur.
Sakit Məmmədov təməldə prototürklərdən sonrakı Dədə Qorqudu da unutmayıb. Qədim əcdadların idolları üzərində və Xarıbülbüllərin işıq və ətir saçdığı göytürk aurasında özü də çiçəklənibmiş kimi görünən qızın libasındakı elementləri Sakit Məmmədov Xurşid Banu Natəvanın zövqüncə bəzədilmiş bədii parçaların naxışları ilə süsləyib. Bu tablo bura qədər Qarabağdır, yəni.... Şuşanın sirli açarı da bizdədir... Bir əlində qılınc, o birində Qarabağın açarını tutan döyüşçünü və Qarabağı fondakı Qarabağ naxışlı qədim qalxan - Qarabağ xanlığına aid qalxan qoruyur... Döyüşçünün mindiyi at yarı heykəl, yarı canlıdır. Yəni biz burda təməlliyik, biz qayıtmışıq. Lazım gələrsə heykəlləşmiş tarix olarıq, lazım gələrsə gündoğandan günbatana qoşub gedərik... Atın bir ayağı Eyfeldə, bir ayağı burdakı ilanın başındadır...
Mifoloji obrazlar özlüyündə "Qarabağnamə"nin enerjisini bütün tabloya səpələyir. Başqa sözlə, tabloda mifoloji obrazlar sayrışır...
Tablonun gündoğanı da, günbatanı da Qarabağdır. Günbatanda - "Qarabağnamə"nin sonunda Xudafərin körpüsü tamamlanmamış təsvir olunub. Xudafərinin qalan hissəsi "Qarabağnamə"nin pərdəarxasındadır. Çünki "Qarabağnamə"də Qarabağ bitsə də, Azərbaycan davam edir...
Tablonun mərkəzi və yuxarı hissəsində ümummilli liderin və Ali Baş Komandanın qrafik üslubda yaradılmış portretləri var. Sakit Məmmədov bunu qrafik üslubda həll etməyi lazım bilib. "Qarabağnamə"nin zirvə məqamı da bu hissədədir. Halənin içində şəhidlərin haqqa yürüyüşü və bir az aralıda üzü niqablı atlı... Bu mənada "Qarabağnamə" bir sənət məbədidir. Ona bir də məbəd gözü ilə baxın. Ümummilli liderin, Ali Baş Komandanın və üzü niqablı müqəddəsin, behişt yolunda sıralanmış şəhidlərin təsviri qübbənin mərkəzindədir. Azərbaycan Müdafiə Nazirliyinin simvolu da. Bədr olmamış hilalımız - ayparamız da... Könül istərdi ki, Sakit Məmmədovun bu əsərinin əsasında Şuşada əzəmətli bir məbəd də inşa olunsun...
"Qarabağnamə"də vahid işığın emanasiyası, onun daha çox işığa çevrilməsi prosesini Sakit Məmmədov üç min illik bir tarixin içində seyr edir... Üç min ildir ki, bura Qarabağdır, yəni Tanrının evidir... Və Türk Qarabağdır. Üç min il idi ki, vətən idi. 44 günlük savaş isə ona müqəddəslik əyarı verdi. İndi də ilk dəfədir ki, o, Azərbaycan incəsənətində ilahiləşir.
Vaqifdən, Vaqif məqbərəsindən, hətta Ağa Məhəmməd Şah Qacarın, Pənahəli xanın başı üzərindən pərvazlanıb gedən durnalar tablonun başqa bir səmtindən geri qayıdır. Simvollaşma davam edir. "Vaqifin də könlü çox edər pərvaz, hərdən sizin ilə gəzə durnalar". Yenidən Qarabağ səmasına dönüş edən durnalar bu qayıdışla Azərbaycan, Türkiyə, Pakistan və İsrail övladlarını rəmzləndirir... "Qarabağnamə"də yəhudi simvollarını möhürləyən rəssam Sakit Məmmədovun bu təfəkkür jesti yadıma Əli bəy Hüseynzadənin Səid Səlmasiyə istinadən yazdıqlarını saldı: yəhudilər "yəhudi mənafeini türk mənafei ilə həmahəng bilirlər. Yəhudilər daima türk mühibbi (dostu) ola gəlmişlər və bu halda qalacaqlarına şübhə etməməlidir". Qarabağ ərəfəsində olduğu kimi, "Qarabağnamə"də də bu fikir aktuallığını saxlayır.
Təkcə durnalar qayıtmır ki... "Qarabağnamə"nin, necə deyərlər, öz "məntiqüt teyr"i, yəni quş dili var. Qaranquşla yanaşı, Şanapipik, Sağsağan, yuvasında təsvir edilmiş Turac da əbədi baharın, əbədi Qarabağın müjdəsini gətirməklə tablonu metafizik bir auraya bürüyür...
"Qarabağnamə"də saat 44-dür. Yox, bu, absurd deyil. Bu simvolun şərhi bizi təkcə 44 gün davam edən müharibə təqviminə deyil, bayrağımızdakı səkkizguşəli ulduza, ulduzdan cənnətin səkkiz guşəsinə qədər aparacaq. Axı qarabağlı Əhməd Ağaoğluna görə Vətən səkkizguşəli ana kainatdır... Və qarabağlı Seyid Nigariyə görə, Qarabağ Cənnətdə axan Kövsər bulağıdır..
Sakit Məmmədov, Vereşagin kimi "Müharibə apofeozu" yaratmadı. Qarabağ apofeozunu yaratdı... Qarabağ zəfərinə işıqla dolu "Qarabağnamə"ni ithaf etdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!