"Dördüncü divar" layihəsinin bu günkü qonağı Rus Dram Teatrının aktrisası, əməkdar artist Mələk Abaszadədir.
- Mələk xanım, sizinlə görüşmək üçün bir neçə dəfə vədələşirdik, amma hər dəfə də təxirə salmalı olurduq. Hiss olunur ki, gərgin templə işləyən aktrisasınız. Bu cür həyat tərzi yorucu deyil?
- Sözün düzü, müsahibə üçün bir az da mənim özümün əhval-ruhiyyəm, söhbət üçün ovqatım olmalıdır. Amma ümumilikdə haqlısınız. Həyat çox sürətlə ötüb keçir. Bəzən baxıram ki, ortada o qədər böyük masştablı iş yoxdur, amma vaxt baxımından heç nəyi çatdırmaq olmur. Həftə başlanır, bir də görürəm ki, artıq sona çatıb. Və yaxud da teatr mövsümü o qədər sürətlə ötüb keçir ki, bunu bəzən hiss etmirəm. Belə bir deyim var ki, qiyamət gününün əlamətinin nişanələrindən biri də vaxtın tez ötüb keçməsidir. Hərdən düşünürəm ki, bəlkə vaxt məhz bu səbəbdən sürətlə ötüb keçir. Ancaq digər tərəfdən də ola bilsin ki, insan həyatının ikinci mərhələsi hamı üçün belə tez bir zamanda başa çatır. Ancaq doğrudan etmək istədiyim gündəlik işlərimi həftənin günlərinə sığdıra bilmirəm. Daim ora-bura qaçıram. Həyatım demək olar ki, qaça-qaçla keçir. Amma işlərim çox olsa da, yorğun olsam da, nikbin olmağa çalışıram. Çünki nikbin olmağa məcburam. Pessimist olanda bu mənim bütün daxili dünyama təsir edir.
- Pozitiv insan təsiri bağışlayırsınız...
- Elədir. Bunu mənə tez-tez deyirlər. Amma buna mən qərar vermirəm. Mənə belə gəlir ki, bu dünyaya gəldiyim andan Allahın mənə bəxş etdiyi xüsusiyyətlərimdən biridir. Mənə həmişə məktəbdə, elə universitet illərində də deyirdilər ki, sən sanki xəyallarda yaşayırsan. Bu, həqiqətən də belədir. Həmişə xəyalpərəst olmuşam. Və sizə deyim ki, bu xüsusiyyətim məni çox vaxt xilas edir. Çünki həyatda nələrsə pis olanda mən öz xəyal aləmimə qapılıb həmin pisliklərdən uzaq olmağa çalışıram. Bu, bəlkə də bir yandan yaxşı deyil. Çünki xəyallar da insana reallığı görməyə mane olur. Amma yenə də qarşılaşdığım hansısa pis vəziyyətlərdə çəhrayı eynəyimi taxıb həmin məqamın yaxşı rakursunu taparaq özümü sıxıntıdan qorumağa çalışıram.
- Mələk xanım, planla hərəkət edirsiniz, ya arzularla?
- Arzularla təbii ki... Çünki plan qurmağı, təşkil etməyi bacarsam da, əhval-ruhiyyəyə bağlı insanam və proqramla yaşayan insanların ilk sırasında deyiləm. Bəzən həyatda çox spontan hərəkət edirəm. Hər şey qəfildən baş verir. O zaman kəsiyində həqiqətən də çox gözəl işlər görə bilirəm. Və həmin coşqulu əhvalı tutmağı bacaranda ətrafımdakı bir çox insanı da ruhlandıra bilirəm. Ümumiyyətlə, daha çox hisslərlə yaşayan insanam. Allaha çox şükür ki, bu hisslər nəşəli və xoş hisslərdir.
- Aleksey Batalovun tələbəsi olmusunuz. Tələbəlik illərinizi, müəllimlərinizi, xüsusən də Batalovu necə xatırlayırsınız?
- Bilirsiniz, Batalov böyük şəxsiyyət idi. O, çox istedadlı, alicənab, müdrik olmaqla yanaşı, həm də həddindən artıq sadə insan idi.
Bəzən həddindən artıq istedadlı hesab olunan sənətkarların xasiyyəti çox mürəkkəb olur və sən məcbur olursan ki, onu məhz istedadına görə qəbul edəsən. Batalov isə belə deyildi. O, o qədər gözəl insan idi ki, hərdən fikirləşirdim ki, Allah-təala bir insanı necə olub ki, bu qədər gözəl və hərtərəfli yaradıb. O qədər sadə, mənəvi cəhətdən zəngin insan idi ki, onunla söhbət etmək böyük zövq idi. O, hər kəsin iç dünyasına qarşı böyük hörmətlə yanaşmağı bacarırdı. Aleksey Batalov mənim üçün yaşadığı dövrün həqiqi qəhrəmanı və əvəzolunmz şəxsiyyəti idi.
- Moskvadan qayıdandan bir müddət sonra isə təxminən altı il modellik fəaliyyəti ilə məşğul olmusunuz. Həmin illəri səhnə baxımından itirilmiş dövr hesab etmirsiniz?
- Məsələ burasındadır ki, həmin itkini duyan anda mən artıq modelliklə vidalaşdım. 1991-ci ildən 98-ci ilə qədər Türkiyədə peşəkar modellik və fotomodelliklə məşğul olmuşam. Ümumiyyətlə, dünya praktikasında əvvəl modellik, sonra serial, ən axırda isə filmlərə çəkilmək gəlir. Məndə isə tərsinə oldu. Aktyorluq təhsilindən sonra bir il teatrda işlədim. Həmin vaxtı mən ard-arda türkiyədə və Kıbrısda gözəllik yarışmalarında iştirak etdim. Bundan sonra mənə modellik işi təklif olundu. O zaman da ölkədə vəziyyət ürəkaçıcı deyildi. Həm də özümün gözəllik anlayışım hər zaman yüksək olub. Bu, bir az təbiətimdən, bir da ailədən gəlir. Anam rəssamdır. Otuz ildən çox "Azərbaycan qadını" jurnalının bədii rəhbəri olub. Bakı Xoreoqrafiya məktəbində isə bir neçə il təhsil aldığım üçün modellik peşəsi mənə asan gəldi. Həm xoreoqrafik təhsilim də olduğundan bu təklif mənə cəlbedici və asan gəldi. Altı il işlədiyim müddətdə də həqiqətən işimdən zövq aldım. Bəlkə də zövq almasaydım, davam etməzdim. Amma sonra birdən-birə yorulduğumu, teatr üçün darıxdığımı, özümü artıq daha geniş şəkildə ifadə etmək ehtiyacının yarandığını hiss etdim və Bakıya qayıtdım.
- Rusiya və Türkiyə mədəniyyəti ilə yaxından tanış olmağınız sizə nə qazandırdı?
- Bunun müsbət və mənfi tərəfləri var. Yəqin indi siz özünüz də hiss edirsiniz ki, mən türk dilində olan sözlərdən istifadə edirəm. Bu da onunla bağlıdır ki, mən uşaqlıqdan rus dilndə təhsil almışam, ailəmizdə, ətrafımda olan insanlar da rusdilli olublar. Azərbaycan dilini mən nənəmin sayəsində öryənmişəm. Azərbaycan dilinin ədəbi qatlarına tam olaraq bələd olmasam da, onu çox gözəl hiss edirəm. Bəlkə də körpəlikdən Azərbaycan dilində danışsaydım, türk dili məndə bu qədər qalıcı olmazdı. Çünki türk dili rusdilli insanın şüuraltında dərin iz buraxır.
Müsbət tərəfləri odur ki, biz istəsək də, istəməsək də, rus mədəniyyəti, ədəbiyyatı sovet dövründə oxuyan, təhsil alan insanların daxilində böyük bir iz qoyub. Həqiqətən, Rusiya çox böyük mədəniyyətə malikdir. Onların təkcə ədəbiyyatlarına nəzər salsaq, görərik ki, nə qədər nəhəng dühalar vardır. Ona görə də mən rus mədəniyyətinə böyük hörmətlə yanaşıram. Ola bilər rus insanı bir az sərt olsun. Amma bu sərtliklə yanaşı, onlarda həm də böyük insanpərvərlik var. Və bu insanpərvərlik əsasən rus ədəbiyyatından qaynaqlanır. Fikir verin, Tolstoy, Dostoyevski, Çexov kimi yazıçılar insan psixologiyasını, onun daxili qatlarını necə incə formada izah ediblər. Təbii ki, həmin yazıçıları öz ana dilində oxuyan xalq mütləq şəkildə yazılanları dərk edərək özünü, daxili dünyasını tərbiyə edir.
Türkiyəyə gəlincə isə mən bu ölkəni həqiqətən də çox sevirəm. Hər bir azərbaycanlı kimi, mən də Türkiyəyə gedəndə özümü çox rahat hiss edirəm. Mənə elə gəlir ki, tanrı bu torpaqları çox böyük sevgi və səxavətlə yaradıb. İnsan orada olanda o torpaqların qədimliyini, tarixini və yüksək enerjisini hiss edir. İstanbul sevgi şəhəridir. Çünki insanları sevgi ilə doludurlar. Ümumiyyətlə, dünyada insanlar sanki bir az soyuqlaşıb, qəddarlaşıblar. Maddiyyat mənəviyyatı üstələyib. Onlarda isə bir-birlərinə olan sevgi və insani hisslər itməyib. Onların heyvanlara belə, nə qədər qayğı və şəvqətlə yanaşmaları məni heyrətə gətirir.
- Biz sizi adətən həmişə kübar, zərif qadın rollarının ifaçısı kimi tanıyırıq. Amma "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşasında sanki ampluadan çıxış hiss oldu. Xanpəri rolu üzərində iş prosesi maraqlıdır...
- Yaxın ətrafımdan və tamaşaçılardan da konkret amplua çərçivəsində olmamağımla bağlı fikirləri tez-tez eşidirəm. Yəqin ki, tamaşaçılar bu barədə daha yaxşı qərar verə bilirlər. Özüm haqqımda onu deyə bilərəm ki, mən həqiqətən də hər iki janrda - həm komediya, həm dramtik ampluada rahat oluram. Hələ lap universitet illərində rol bölgüsü olanda komediya janrında özümü çox sərbəst hiss edirdim. Çirkin görünmək kimi bir kompleksim də yoxdur. Qeyd etdiyiniz tamaşada isə mən yaşlı və kök görsənmək üçün müxtəlif vasitələrdən istifadə etmişdim. Qrim də xeyli fərqli idi. Və tamaşanı izləyən məni tanıyan insanlar tamaşa zamanı məni heç tanımamışdılar. Bir müddət sonra səsimdən bilmişdilər ki, həmin rolu mən ifa edirəm. Hətta anam mənə demişdi ki, rolu o dərəcədə ifa etmə. Şirin, amma bir az eybəcər görsənirsən (gülür).
Bir qədər çirkin, bir qədər gülməli olsa da, mən həmin obrazdan zövq alıram. Əsasən gözəl qəhrəmanların obrazını canlandırmaq mənə həmişə sıxıcı gəlib. Çünki baş qəhrəmanın obrazına aid olan gözəl qamət, görünüşdən əlavə nələrsə qatmaq mümkün olmur. Bəzən də ehtiyac qalmır. Buna görə də bu obraz mənim üçün iş prosesi baxımından çox maraqlı idi. Çünki insanların tanıdığı Mələk üzərindən bambaşqa obraz yaratmağa nail oluramsa, aktrisa kimi bundan böyük zövq alıram.
- Aktyorluq texnikası ilə bağlı müxtəlif kitablar dərc olunur. Onlardan yararlanırsınızmı?
- Mənə belə gəlir ki, Stanislavski texnikasından istifadə etməyən teatr yoxdur. Ümumiyyətlə, dünyada müxtəlif aktyorluq texnikaları var. Aralarında bir-birlərinə bənzəyənlər də var. Misal üçün, Rusiya və Amerika teatr sistemi bir-birlərinə daha yaxındır. Amma məncə, bütün dünyada tanınan aktyorluq texnikalarının təməlində Stanislavski sistemi nəzərə çarpır. Mən son dəfə Türkiyəyə gedəndə İvana Çabbakın tələbəsi onun təlimini təqdim edən seminar təşkil etmişdi. Orada iştirak etdim. Bir neçə aydan sonra isə İvana Çabbakın Moskvaya gəldiyini eşitdim. O zaman onun özünün üçgünlük seminarına qatılmaq üçün Moskvaya getdim. Çabbakın təlimi Stanislavski sistemi üzərində qurulan, həm də peşəkarlar üçün nəzərdə tutulan çox gözəl və daha dəqiq sistemdir. Çünki dünya yenilənir, insanlar da, teatr da dəyişir. Onun təlimi şəxsi duyğulara dəqiq giriş üzərində qurulub. Əslində bu cür seminarlarda iştirak etmək mənə maraqlıdır. Çünki biz özümüzdə olanı, neçə illər üzərində işlədiyimiz texnikanı artıq əzbər bilirik. Amma bu cür təlimlərlə tanış olanda yeniləşirsən. Bəzən bildiklərini unudub yenidən ağ vərəq kimi yeni təklif olunanları qəbul edəndə anlayırsan ki, yaradıcılığın, öyrənmənin sonu yoxdur.
Bəzən metr hesab olunan aktyorların özlərinə qarşı mühafizəkar davranışlarını görəndə fikirləşirəm ki, bu aktyor özünü zirvədə hesab etsə də, həm də bitdiyini qəbul edir. Bu isə doğru deyil. Çünki yaradıcılıq axtarışları, insan psixologiyasının hüdudları heç zaman bitmir. Dünya dəyişdikcə biz də dəyişirik və bir aktyor kimi öz aktyorluq texnikamız üzərində işləyəndə anlayırıq ki, misal üçün daxilimizdəki acı nöqtələrə vərdiş etdiyimiz yerdən yox, müxtəlif tərəflərdən toxunanda maraqlı reaksiyalar da meydana çıxır.
Həkimin aləti onun həkimlik əşyaları olduğu kimi, aktyorun aləti də onun qəlbi və vücududur. Və o, davamlı olaraq öz üzərində işləməlidir. Hərdən hər şeyi unudub yeni, saf insan kimi ortalığa çıxmağı da bacarmalısan.
- Mütaliəyə vaxtınız qalır?
- Son illər vaxt baxımından o qədər mütaliə edə bilmirəm. Amma imkan tapdıqda sənətlə bağlı kitablar oxuyuram. Bayaq dediyim kimi, teatr texnikaları ilə bağlı kitablara, yazılara üstünlük verirəm. Bu mənə yenilənməyə köməklik edir. Bilirsiniz, bəzən elə bir məqam gəlib çatır ki, adam psixoloji olaraq dərin böhran yaşayır. Özündə şəxsiyyət kimi nəyisə dəyişmək və ya kəşf etmək istəyirsən. Bu da istər-istəməz sənətə öz təsirini göstərir.
Son vaxtlar hiss edirəm ki, həyatımda da çox şeydən sıxılmışam. Bəzi şeyləri yüzdə-yüz dəyişdirmək, çantamı yığıb hər şeyi unudaraq uzun bir səfərə çıxmaq istərdim. Ünvanın necə olması da maraqlı deyil. Yol özü hara apararsa, ora gedərdim. Çünki vərdiş olunmuş bir həyat tərzi gec, tez adamı sıxmağa başlayır. Hiss edirsən ki, artıq sonuna qədər nə sevinə, nə də kədərlənə bilirsən. Öyrəşdiyimiz həyat tərzinin həyəcanı azalır. Bütün bunlar da bayaq dediyim kimi sənətə təsirsiz ötüşmür.
Oxumaq isə bir lüksdur. İnsan gənc olduğu zaman kitaba vaxt ayırmağa xəsislik edir. Amma sonra anlayırsan ki, gənc yaşında oxumağa ayıra biləcəyin vaxtı sonralar rahat şəkildə əldə edə bilmirsən. İndi nə qədər istəsəm də, imkan tapıb ürəyim istəyən qədər təkrar oxumağa vaxt tapa bilmirəm. Həmçinin təkrar oxumaq arzusunda olduğum kitablara da yenidən qayıda bilmirəm. Amma bunu çox istərdim. Çünki klassikanı həyatın ikinci yarısında artıq daha fərqli dərk edirsən.
Atamın böyük kitabxanası vardı. Həmişə ona deyirdim ki, sən məsləhət ver, hansı kitabları oxumaq lazımdır. Mən çox vaxt itirmədən onları oxuyum. Atam isə mənə deyirdi ki, o, kitabları özün tapıb oxumalısan. Çünki sənin keçəcəyin yolu səndən başqa heç kim gedə bilməyəcək.
- Özünüzü sənətdə realizə edə bilmisinizmi?
- Bu barədə mən özümə tez-tez sual verirəm... Təəssüflər olsun ki, bəzən bizim karyeramızla bağlı qərarlar biz aktyorlardan asılı olmur. Ötən mövsümü çıxsaq, ondan əvvəl beş il teatrda yeni heç bir rol ifa etməmişəm. Həmin illər əlbəttə ki, mənim üçün sənət baxımından itirilmiş illərdir. Bu il isə iki yeni rolum olub.
Ətrafımdakı peşəkar insanlar bəzən deyirlər ki, səndən hələ tam istifadə etməyiblər. Mən özüm də içimdəki potensialın miqyasını bilirəm. Aktyor həyatı o qədər də uzun olmadığı üçün ordan beş ilin itməsi yaxşı hal deyil. Çünki beş il əvvəl ifa edəcəyim obrazı indi yaş baxımından ifa edə bilmərəm. Amma içimdə belə bir inam var ki, həyatımın ikinci mərhələsi daha məhsuldar olacaq.
- Son yaradıcılıq işləriniz barədə nə deyə bilərsiniz?
- Dekabrda premyerası gözlənilən "Koroğlunun qılıncı və ya Məmənin ən xoşbəxt günü" tamaşasında tamamilə fərqli rolda olacam. Qadınlığını itirən şəxs kimi bir qadın və eyni zamanda kriminal aləmdə avtoritet obraz yaradacam. O obraz üçün mən təbiətimə xas olan bir çox şeyi dəyişməliyəm. Natiq Rəsulzadənin əsəri əsasında Emil Mirabdullayevin rejissorluğu ilə hazırlanan tamaşadır. Ola bilsin ki, əsərin adı dəyişdirilsin.
Ekran işinə gəldikdə isə indi bilirsiniz ki, müəyyən səbəblərə görə seriallara çəkilmək olmur. Bəzən rejissor çəkilməyi təklif edən rejissor lazımi qədər peşəkar olmur, bəzən ssenari, bəzən təklif olunan məbləğ qane etmir. Amma biz artıq məbləğin azlığı ilə barışmışıq. Sadəcə, maraqlı, keyfiyyətli iş prosesi, yaradıcı mühit olsun. Bu belə bizə həvəslə işləməyə bəs edir. Lakin bunlar da olmayanda seriala çəkilmək üçün yetərincə səbəb olmur. Və təəssüf ki, təklif olunan işlərdən son vaxtlar imtina etməyə məcbur qalıram. Çünki ekranda sadəcə simam görünsün deyə seriala çəkilmək istəmirəm.
Ancaq hal-hazırda bir "Şirin xəyallar" adlı serial proyektimiz var. İnşallah, onu planlaşdırdığımız səviyyədə həyata keçirə bilsək, gələn ilin yanvar ayında tamaşaçılara təqdim edəcəyik. Bizim niyyətimiz serialın keyfiyyətini hər baxımdan yüksək tutmaqdır. Bu da təbii ki, maddi imkanlara bağlıdır. Kinoya gəlincə, Allah qoysa, sevindirici xəbərlərim olmalıdır.
Söhbətləşdi: Samirə Əşrəf
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!