Bir azdan sənə zəng edəcəyəm. Və səsin bütün qaranlıqları dağıdacaq...
Cemil Meriçin Lamia xanıma məktubları öz həzinliyi, möhtəşəmliyi ilə dövrün ən şahanə əsərləri sırasına daxil olmaq gücündədir. Ədibin qızı Ümit Meriç atasının Lamia xanımla olan yazışmalarının tarixini bu cür nəql edir: "Jurnal 2-də haqqında məqalələr yazılan Lamia xanım atamın həyatına bu cür daxil oldu. Atam 1957-ci ildə gözlərini itirdikdən sonra həmişə görmək ümidilə yaşayırdı. 1965-ci ildə tələbəsi Fuad Andıç "hoca, pulum olsa, gözlərim açılacaq deyirsiz, gəlin həkimə gedək, əgər görməyiniz mümkündürsə xərci mən ödəyəcəyəm". dedi. Taksimdə bir göz həkiminə apardıq. Həkim baxdıqdan sonra - Cemil bəy, gözlərinizin açılması tibbin hazırkı imkanları xaricindədir. Siz kor olmağa məhkumsuz - dedi. Bu cür vəziyyətdə evə qayıtdığımız zaman anam "Cemil, həyat yoldaşın olaraq izn verirəm, hara gedirsən-get, nə edirsən-et, yetər ki yaşa" dedi. Bu əhvalatdan sonra bibimgilə qonaq getmək üçün qatarla Hataya getdik. Antakyaya endik, "Ata oteli"ndə qaldıq və otelin yeməkxanasında Lamia xanımla tanış olduq. Lamia xanım o gündən sonra atamın həyatından çıxmadı".
Təkcə səndə yaşamaq, təkcə sənin üçün yaşamaq… Bütün dostlardan, bütün düşmənlərdən, bütün yadlardan uzaq bir dünyada sənin üçün danışmaq, sənin üçün yazmaq, sənin üçün yaratmaq. Sən - toxunduğu hər şeyi yox edən sehrbaz. Krezin ( Kiçik Asiyadakı Lidiya dövlətinin sonuncu hökmdarı (e.ə. 560 - 546) - X.N.) lal oğlu müharibədə atasını xilas etmək üçün çalışarkən birdən dilə gəlir. Sən dilsizləri danışdıracaq dilbərsən. İllər çəkmələrinə toxunaraq keçib, yaşamamısan deyə kirlənməmisən. Göz yaşının suyundan belə təmiz sevgilim… Sən ana südü qədər təmizsən, dua qədər təmiz. Ancaq səni oxumaq istəyirəm, ancaq səni dinləmək istəyirəm. Lamiam mənim. Qollarımda yeni doğulmuş körpə kimi uyuduğunu xatırlayıram və yeni doğlumuş körpə kimi oyanırdın.
Baş-başa qaldığımız bu əsrlər qədər uzun, əsrlər qədər dolu və bir yuxu qədər qısa günlərdə, gecələrdə dodaqlarından bircə bayağı heca belə qopmadı. Yuxuda ikən, oyaq ikən, sərxoş ikən - heç zaman. Yalan danışan güzgüləri sındırdım. Sən indi ürəkdən gülümsəyən, ürəkdən ağlayan tərtəmiz Lamiamsan. Saat 6:30-du. Bir azdan sənə zəng edəcəyəm. Və səsin bütün qaranlıqları dağıdacaq. Hansı qaranlıqları? Könlüm bir işıq seli içindədi. Məktubların göy qübbəm, sözlərin ulduz yağışı. Mənə elə gəlir ki, təkcə sənin məktubunu oxuyarkən, səni düşünərkən, sənə yazarkən yaşayıram. Eşqimiz kitablardakı sevgilərə bənzəmir.
Qanunların, qaydaların xaricindəyik. Hisslərini gizləmək səbəbin nədir? Eyni hissləri yaşamırıqmı? Köksümdəki boşluqda sənin ürəyin döyünür. Sən ağladıqda mən də ağlayıram. O ki, qaldı pəhrizə səndən başqa heç bir qadını düşünməyəcək qədər səninlə doluyam.
Cemil Meriç
23 noyabr 1966
Hicran - olmaqla olmamaq arasındadı. Olmaq - yəni indi və gələcəkdə yaşamaq, xatırlamaq və ummaq. Olmamaq - yəni iki zaman arasında gərilən incə bir teldə sonsuz bir ürpərişlə uçurumu seyr etmək. Məktublarının bir cümləsi şüuruma bıçaq kimi saplandı: bu ayrılıq digərlərinə bənzəmir deyirsən. Niyə? Zaman sevgimizi hər gün bir az da artırır. Getdikcə yanğın kimi böyüyən hissdir bu. Bütün həyatımızın mənasıdır. Sevən narahat olar. Amma bu qara düşüncələri başından at və düşünmə. Romanımızı etina ilə, eşqlə, səbirlə yazaq. Bayramda görüşməyimizə - ancaq çox böyük bir fəlakət baş verərsə, maneə yarana bilər. Sonra... Sonrası yenidən hicran - deyəcəksən. Bəli. Vüsala aparan yeni bir hicran.
Tərcüməçi hələ gəlməyib. Anatole France həsəd apardığım şəxslərdəndir. Dühasına deyil, həyatına həsəd apardığım. 45 yaşında tanış olduğu sevgilisini əminliklə sevə bildi. Hər zaman birlikdə idilər. Bir bütün idilər. Sənə ehtiyacım var. Suyun, həyatın, işığın belə bu qədər həsrətini çəkməmişəm. Çox əsəbiyəm. Səni dəli kimi sevirəm. Ölsən, birlikdə ölək. Mənə elə gəlir ki, hər zaman kabus yaşayıram. Sənə doğru qaça bilmirəm. "Gəl" deyə bağıra da bilmirəm. Qaça bilmirəm, məsuliyyətimlə, şəfqətimlə, vicdanımla, əqidəmlə bu coğrafiyaya bağlıyam. "Gəl" deyə bağıra bilmirəm. Necə də olsa gələcəksən, deyilmi? Mart bitir. Yəni mart ayını birlikdə bitirəcəyik. Üç ay var, hələ üç zalım, üç qorxunc ay var. Amma daha sonra daim birlikdə olmayacağıqmı? Hər dəfə ruhdan düşdüyüm zaman sənə tərəf qaça biləcəyəmmi? Hər dəfə ruhdan düşdüyüm zaman dizlərinin önündə olacağammı?
Güclü olmalısan, canım mənim. Mənim üçün də güclü olmalısan. Səadətimizi addım-addım fəth etmək məcburiyyətindəyik. Necə qəribədi. Səni sakit görmək məni hiddətləndirir, sükutunu xəyanət hesab edirəm. Səni üzüntü içərisində görmək məni dəli edir. Sev məni, ölənə qədər səninəm, dəli olana qədər səninəm, öldükdən sonra da səninəm. Bütün ruhum, bütün həyəcanım, bütün varlığımla qucaqlayaraq.
Cemil Meriç
1967. Difer
8 aprel 1967
Türkiyə türkcəsindən uyğunlaşdırdı: Xatirə NURGÜL
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!