Mark Tven və M.F.Axundovun tənqidi realizmi - Səkinə Paşayeva

"Aldanmış kəvakib" və "Kral Arturun sarayında Konnektikutlu Yanki" əsərlərinin müqayisəli təhlili əsasında

Səkinə Paşayeva

Naxçıvan Dövlət Universitetinin dissertantı

 

Amerika yazıçısı Mark Tven yaradıcılığının ən məhsuldar dövrü 1880-ci illərə təsadüf edir; bu dövrdə Amerikada ictimai-siyasi vəziyyət də çox gərgin idi. Fəhlə hərəkatları başlamışdı, nümayiş və tətillər, sosial haqsızlıqlara qarşı etirazlar qalxmışdı və təbii ki, Mark da sosial etirazlardan kənarda dura bilməzdi. 1886-cı ildə o, Hartford klubunda nitq söylədi və "Əmək qəhrəmanları - yeni dinastiya" adlanan nitqində özünün siyasi fəlsəfəsini ortaya qoydu. Bu nitqin mətni yazıçının arxivində təxminən 70 il qalıb, yalnız 1957-ci ildə çap olunub. Mark Tven demokratik prinsiplərə sadiqliyini təsdiq edirdi, ümumxalq səsverməsi qaydalarını təqdir edir, sosialistlərin zorakılıq hərəkətlərini pisləyirdi; kommunistləri və anarxistləri qəbul etmirdi. Daha sonralar isə 1990-cı illərdə ABŞ-da sosialist hərəkatı başlayanda (bu hərəkat üzvləri sırasında Cek London, E.Sinkler kimi məşhurlar da vardı) Mark Tven bu hərəkatdan uzaq qalmağa üstünlük verdi. Lakin bu, sosial gərginliyə səbəb olan qanun və qaydalara, dövləti idarəetmədə tətbiq olunan eybəcər üsullara qarşı kəskin mövqe nümayiş etdirməyə mane olmadı.

Təbii ki, dövrün gərgin ictimai-siyasi vəziyyəti "Kral Arturun sarayında Konnektikutlu Yanki" (1889) romanında öz əksini tapdı, amma fərqli və orijinal üslubda...

Əsərdə qəhrəmanlıq romanlarından bizə tanış olan bir çox personajlar var: kral Artur, kraliça Hinevera, fen Morqan, cəngavərlər Lanselot, Qalahad, sehrbaz-cadugər və münəccim Merlin və başqaları. Yazıçı bütün bu obrazlara  şarj, bəzilərinə isə parodiya yaradıb. Burada cəngavər əxlaq və dəyərləri, adətləri, möcüzələrə inam, uydurma və magiyalara aldanmaq - demək olar ki, hər şey kinayəli gülüş doğurur, gülməli və absurddur. Yanki praqmatik və saf qəlbli adamdır, XIX əsrin sağlam düşüncəli insanıdır, düşüb bu feodal təfəkkürlü insanların arasına, görür ki, burada hər şey insanın istismarına yönəlib, soyğunçuluq və qanunsuzluq baş alıb gedir.

Romanda daha bir maraqlı cəhət var: yazıçı orta əsr dəyərlərinə, qədim ehkamlara gülməklə yanaşı, o zamanların krallara tərif dolu cəngavərlik romanlarına, zövqsüz və şit əsərlər yazan qələm əhlinə də istehza edir, onların mifləşdirdiyi kral və cəngavərlərin həyatına, əsərlərin üslubuna, dilinə və süjetlərinə də qəhqəhə ilə gülür. Kral Arturun əsrinə düşmüş Yanki çox enerjilidir; işgüzarlıq göstərir, öz texniki biliklərini və islahatlarını həyata keçirmək istəyir. Yankinin sayəsində orta əsrlər dövrünün adamları maşın və digər texniki vasitələrdən istifadə edirlər. O, kral Arturun sarayında ilk nazir olur. Vəzifə başına keçən kimi bəzi kobud və mənasız qanunları ləğv edir, adətlərin üstündən xətt çəkir. O qanun və qaydalar yuxarılara, saray əyanlarına xidmət edirdi; o adət və ənənələr insanların istismarına, köləliyə xidmət edirdi. Sosial ədalətsizlik və hüquqsuzluq ölkəni başdan-başa bürümüşdü, eybəcər qaydalar hökm sürürdü və Yanki bütün bunları ləğv edir.

Azərbaycan ədəbiyyatında dramaturgiyanın və realist ədəbi tənqidin banisi, materialist filosof və "müsəlman Molyeri" kimi tanınmış M.F.Axundov (1812-1878) Mark Tvenin yaradıcılığının ən fəal vaxtı dünyadan köçmüşdü, lakin onun çoxşaxəli yaradıcılığı, maarifçilik ideyaları, avamlığa, dini xurafata, mədəni geriliyə, despotizmə və feodalizm qalıqlarına qarşı mübarizəsi, humanist fəlsəfi və dini baxışları müəyyən mənada Mark Tvenlə və onun ədəbi-estetik və fəlsəfi baxışlarıyla üst-üstə düşür. M.F.Axundovun idealları və ideyaları hələ XIX əsrin ortalarında, ədibin yaradıcılığının məhsuldar dövründə meydana gəlmişdi, Mark Tven hələ yeniyetməlik çağlarını yaşayırdı. Nəzərə alsaq ki, M.F.Axundov Şərqdə, Mark Tven isə okeanın o biri üzündə yaşayırdı və hələ ədəbiyyata gəlməmişdi, Azərbaycan ədibinin daha orijinal olduğu və novatorluğu aşkara çıxar. Lakin biz Axundovun "Aldanmış kəvakib"ə qədərki dövrünün xarakteristikasını da nəzərdən keçirməyi məqsədəuyğun hesab edirik. Çünki M.F.Axundov "Aldanmış kəvakib" əsərini Mark Tvendən əvvəl, 1857-ci ildə yazmışdı və bu əsərin meydana çıxması da müəyyən tarixi, ictimai-siyasi və sosial səbəblərlə bağlıydı.

Axundovun dövründə ictimai-siyasi mühitin (bu mühit bütün ziddiyyət və eybəcərlikləri ilə bərabər çar Rusiyasının müstəmləkəçilik siyasətinin nəticəsi kimi şərtlənməlidir) və Şərq xalqlarının ağır və məşəqqətli həyat tərzi, onların köləlik əsarəti altında olması şübhəsiz Axundovu narahat etməyə bilməzdi və o bu narahatlığını öz əsərləri ilə, tənqidi realizmi ilə ifadə edirdi. Beləliklə, Azərbaycan yazıçısı "Aldanmış kəvakib" əsərini yazmaqla ədəbiyyatımızda yeni tipli realist nəsrin, povest janrının əsasını qoydu.

Mirzə Fətəli Mark Tvendən fərqli olaraq povestinin mövzusunu tarixçi İsgəndər bəy Munişinin I Şah Abbasın hakimiyyətindən bəhs edən "Tarixi-aləmarayi-Abbasi" ("Dünyanı bəzəyən Abbasın tarixi") adlı kitabından götürmüşdür... Lakin Mirzə Fətəli tarixi hadisəni yeni ruhda təqdim elədi, onu öz dövrü ilə əlaqələndirdi, yəni tarixdə baş vermiş məlum hadisə maarifpərvər yazıçıya öz mütərəqqi dünyagörüşünü, humanist ideyalarını, siyasi-fəlsəfi baxışlarını ifadə etmək üçün bir platforma rolunu oynadı.

Forma və məzmun baxımından "Aldanmış kəvakib"lə "Kral Arturun sarayında Konnektikutlu Yanki" bir-birindən fərqlənsə də, bu əsərləri birləşdirən bir sıra cəhətlər də mövcuddur: "Aldanmış kəvakib"də Axundovun əsas tənqid hədəfi olan Şah Abbasdır, onun üsul-idarəsidir. Bu səbəbdən ölkə acınacaqlı vəziyyətə düşüb: kəndlər, şəhərlər viran qalıb, insanlar aclıq və səfalət içində yaşayırlar. Məhz buna görə də Yusif Sərrac taxta çıxandan sonra "baxıcıları hüzura istəyib dedi: vilayətlərin hakimlərinə mənim tərəfimdən elan edərsiniz ki, Allahdan qorxsunlar, nahaq iş tutmasınlar, xalqı talayıb-dağıtmasınlar, rüşvət almasınlar. Yəqin bilsinlər ki, bu növ hərəkətlər axırda onların özlərinin bədbəxtliyinə və ölümünə səbəb olar..." ("Aldanmış Kəvakib").

Mark Tvenin "Kral Arturu"nda da Yanki eyni hədəflərlə köhnə əsrdəki kral sarayına düşür və onun da eyni hədəfi var: kral Arturun üsul-idarəsi, köhnə qaydalar! Kral Arturun idarə etdiyi əyalətdə də tərəqqi yoxdur, insanlar işsizdir, məmurlar tənbəldir, soyğuncudur, Yanki onları yenidən qurmaq istəyir.

Şah Abbas ölkəni idarə etməkdə aciz olduğu qədər də zalım və qəddardır. Onun hakimiyyətinin gücü despotizmdə və istibdaddadır. Kral Artur da ölkəni idarə etməyin yolunu gücdə və despotda görür. Cadugərlərlə, magiya ilə məşğul olan adamlarla oturub-durur, Yankiyə və onun azsaylı tərəfdarlarına həqarətlə baxır, yeniliklər, islahatlar aparmaq istəmir.

Şah Abbas taxt-tacını qorumaq üçün əhalini qorxu içində yaşamağa məcbur edir. İnsanlar günahsız yerə qətlə yetirilirlər. Qəddar şah, hətta övladlarına da rəhm etmir. O, oğlanlarından birini öldürür, ikisinin isə gözlərini çıxarır.

Feodal üsul-idarəsinin tipik hakimi kimi, Şah Abbasın xarakterini tamamlayan digər bir mənfi cəhət isə onun nadanlığıdır. Münəccimlər, baxıcılar, mollalarla oturub-durur. Şahın dövlət idarəçiliyini yaltaq, ikiüzlü, bacarıqsız məmurlara və mollalara həvalə etməsi ilk növbədə onun nadanlığından irəli gəlir. Kral Artur da eyni dərəcədə neqativdir, onun idarə etdiyi ölkədə də eyni vəziyyətdir.

Azərbaycan yazıçısı saray əyanlarının daxili aləmini onların öz nitqləri vasitəsilə açıb rüsvay edir. Şah Abbasın ətrafında xalqı düşünən müsbət fikirli bir dənə də məmur yoxdur ki, bu da ölkədəki üsul-idarənin mahiyyəti barədə konkret təsəvvür yaradır. Maliyyə işlərinə baxan vəzir Mirzə Möhsün rüşvəti idarəçilikdə əsas amilə çevirib. O, məmurları şaha peşkəş verməyə məcbur edir, yüksək dövlət vəzifələrini pulla satır. Xəzinədar Mirzə Yəhya xəzinəni məmurların və hərbiçilərin maaşları hesabına doldurmağa çalışır. Sərdar Zaman xan qoşun başçısı olsa da, ordu işlərindən əsla başı çıxmır. Onun nadanlığı o səviyyədədir ki, düşmənin hücumunun qarşısını almaq üçün yolları, körpüləri dağıtdırır, əkinləri, mal-qaranı tələf etdirir. O hətta belə axmaqlığı ilə fəxr edərək məmnunluqla söyləyir ki, "düşmən Təbrizə topxana gətirə bilmədi, şəhərə yalnız atlı və piyadalarla daxil oldu". Şah Abbasın üsul-idarəsində mənsəb sahibi olanlardan biri də mollabaşı Axund Səməddir. O, paxıl və yaltaqdır, daim qisas almaq, başqalarına pislik etmək hissi ilə yaşayır, Qorxaqlıq, yaltaqlıq, vəzifəpərəstlik əsərdə təsvir olunan münəccimbaşı Mirzə Sədrəddini və onun ustadı Mövlana Cəmaləddini səciyyələndirən əsas cəhətlərdir. Onlar şaha yarınmaq üçün etdikləri hərəkətləri və danışıqları ilə gülüş doğurur, özlərinə qarşı ikrah hissi yaradırlar.

Göründüyü kimi, Amerika yazıçısı ilə Azərbaycan yazıçısını birləşdirən həm də hər iki əsərdəki obrazlardır, onların əməlləridir. Yusif Sərracla Yankidə oxşar cəhətlər çoxdur. Mark Tvenin "orta əsrlərə atılmış" islahatçı Yankisi kimi, Yusif Sərrac da Mirzə Fətəlinin arzuladığı, həyatda görmək istədiyi, xalqa yaxın olan ağıllı və ədalətli hakim obrazıdır. Yusif ruhani təhsili alsa da, din xadimlərinin ikiüzlülüyü onu bu sahədən üz döndərməyə məcbur edir. O, sərraclıq (at yəhəri düzəltmək) sənətini özünə peşə seçir. Yanki də bir çox sənətləri mənimsəyir, dəmirçilik edir, əlindən hər iş gəlir. Yusif Sərrac həm də cəsarəti ilə fərqlənir. O, şahın zülmü, məmurların özbaşınalıqları, ruhanilərin ikiüzlülüyü barədə hər yerdə söhbət salır. Elə buna görə də ulduzların toqquşması təhlükəsi yarananda saray əyanları Yusif Sərracı şahlıq taxtına əyləşdirirlər ki, xətər ona dəysin. Paralel olaraq kral Arturun ölkəsində Yankini nazir vəzifəsində oturdurlar. Nazir olandan sonra Yanki də öz ətrafına tərəfdarlar toplayır, onların əksəriyyəti islahat görmək istəyən gənclərdir.

Hər iki əsərdəki hadisələrin inkişafı və süjetdə baş verən dəyişikliklər təxminən eyni sonluqla bitir. Mark Tvenin təsvir etdiyi Yanki də əsl cəngavərdir, böyük ürək sahibidir, xeyirxahdır, inadcıldır, dekorativ personajlara, sentimental-romantik ədəbiyyatın təbliğ etdiyi obrazlara bənzəmir. Romanda satirik başlanğıc aydın nəzərə çarpır. Yanki cəngavərləri işə qoşur, onları məcbur edir ki, ticarətlə məşğul olsunlar, məhsulları satsınlar. Kral və saray məmurları barədə deyir ki, onlar müftə yeyənlərdir, tənbəl və yararsız adamlardır. Mark Tven şəxsiyyətə pərəstişi də kəskin tənqid edir. Yanki ateist deyil, lakin o, dəqiq anlayır ki, kilsə xadimləri arasında da şöhrətpərəst, lovğa, çirkaba bulaşmış və pis adamlar var.

Mark Tvenin romanı, əlbəttə, satirik xarakter daşıyır. Müəllif burada ekstralinqvistik və linqvistik üsullardan istifadə etmişdir. Bu da satirik effekti şərtləndirir.

Şah Abbas da Səfəvilər dövlətinin beşinci hökmdarı olmuşdu. Şah İsmayıl Xətaidən sonra hakimiyyətə gəlmişdi və Avropada onu "Böyük Abbas" adlandırırdılar. O da tarixi şəxsiyyətdir, 1587-ci ilin oktyabrında Qəzvinin Cehelsütun sarayında 16 yaşında Səfəvi taxt-tacına gətirilmişdi. Onun haqqında tarixdə çoxlu ziddiyyətli fikirlər, bir-birini təkzib edən rəvayətlər də mövcuddur. Mirzə Fətəli Axundovun da istinad elədiyi mənbə qeyd etdiyimiz kimi, İsgəndər bəy Münşinin Şah I Abbas haqqında yazdıqlarıydı: "... O, son dərəcə hiddətli təbiət, odlu-alovlu xasiyyət, qüvvət, əzəmət, şövkət, cahcalal və padşahlıqla yanaşı, özündə olduqca mülayimliyi, yumşaqlığı, dərviş xarakterini və sadəliyi cəmləşdirmişdir. O, mülayim və həlim olduğu vaxtlarda saray adamlarına, nədimlərə, mülazimlərə və başqalarına o qədər təvazökar və məxsusanə tərzdə yaxınlıq göstərər və qaynayıb-qarışar ki, sanki onlarla dost və qardaşdır. Lakin digər əhvalda olanda... onun mübarək alnında elə qəzəb əlamətləri parlayır ki, onunla həmsöhbət, yoldaş və həmdəm olmuş və ondan dostcasına, qardaşcasına və təvazökarcasına rəftar görmüş həmin adamların həddi və ixtiyarı olmur ki, azacıq cəsarət, cürət və ədəbsizlik kimi anlaşıla bilən bir nisbətsiz söz dilə gətirə bilsinlər".

Göründüyü kimi, iki tarixi şəxsiyyət - biri Avropada, biri də müsəlman Şərqində ədəbiyyata gətirilir və onların obrazlarına parodiya yazılır, hər ikisi satira atəşinə tutulur. Bu məqamda da hər iki sənətkar birləşir və həm romanda, həm də povestdə bu tarixi şəxsiyyətlərin obrazlarına qarşı satirik və parodiya çalarlarının olması da bunu sübut edir. Lakin bir məqama diqqət yetirmək lazım gəlir: Zaman və Məkan fərqlərinə: Kral Artur V-VI əsrlərdə yaşayıb, Şah Abbas isə XV-XVI əsrlərdə. Hər iki hökmdarın həyatı və fəaliyyəti ziddiyyətlər və təzadlarla doludur. Axundov əslində yaşadığı dövrün İran üsul-idarəsini sətiraltı mətnlə ifşa edirdi. Parodiyanın hədəfi də İran dövləti idi. Mark Tven də həmçinin XIX əsrin Amerikasını nəzərdə tuturdu, onu ifşa edirdi.

Obrazların dilində fərqli cəhətlərdən biri budur ki, Axundov obrazları öz dilində, yəni XV-XVI əsrdəki insanların dili ilə danışdırır. Lakin Mark Tven Yankini VI əsrə gətirsə də, burada o, müasir leksikadan istifadə edir; burada parodiya məqsədli leksika var. Bundan başqa, Mark Tvenin yaratdığı satira çoxplanlıdır. Misal üçün, romanda demokratik Amerika mətbuatı satirayla təsvir edilir, digər tərəfdən, orta əsr cəngavərlik romanlarına da lağ edilir. Mark Tven Amerika qəzetlərinə rişxəndlə gülür, mətbuatın savadsızlığına, iddialarına və kortəbii üslubuna qarşı çıxır, onun puldan asılı olduğunu qeyd edir. Çoxplanlı satira deyəndə biz bunu nəzərdə tuturuq, əsərdə ironiya Markın skeptisizmi kimi görünmür; sarkazm və ironiya heç vaxt yazıçının ictimai ideallarına qarşı ola bilməzdi. İroniya sadəcə bir vasitəydi, onun köməkliyi ilə yazıçı əsərdə daim fantastik süjetin şərtiliyini vurğulayır, romanın eyham və kinayəli xarakterini qeyd edir; kinayə süjetin çərçivələrini daha da genişləndirir, oxucunu ümumiləşdirmələr aparmağa vadar edir.

Bu məqamda Azərbaycan yazıçısı ilə Amerika yazıçısı ayrılırlar: "Aldanmış kəvakib"də satira çoxplanlı deyil, orada müasir İran cəmiyyəti, ümumiyyətlə, çar Rusiyası ilə bağlı gəzişmələr yoxdur. Povestin daimi və sabit süjeti var, obrazlar və situasiyalar bir məkana və zamana aiddir. 

Şəxsiyyətə pərəstişə gəlincə, Axundov da eyni dərəcədə Şah Abbasın şəxsiyyətə pərəstişini ifşa edir. Mark Tven kral Aruturu adi adam kimi, zəif və nöqsan cəhətləri çox olan bir insan kimi təsvir edir. Mirzə Fətəli də Şah Abbası öz hakimiyyətini itirməkdən qorxan, sadəlövh, yuxulara inanan və ölkəni məmur özbaşınalığının qurbanına çevirən nöqsanlı insan kimi təsvir edir.

Şah Abbasın yuxuya qulaqasma səhnəsi daha acı və kinayəli gülüş doğurur...

Epizodun özü həm gülüş, həm də kinayə doğurur və ifşaedici xarakter daşıyır. Maraqlıdır ki, həm romanda, həm də povestdə satirik tiplərin xarakterinin müəyyən edilməsi sarayın müəyyən siyasi-sosial və ictimai qüvvələri tərəfindən baş verir. Mark Tvendəki yenilik bundan ibarətdir ki, romanda ənənəvi obrazların təzədən qiymətləndirilməsi prosesi baş verir. Mirzə Fətəlidə də ənənəvi obrazlar var (Şah Abbas, vəzir, ordu başçısı və s.), onlar da təzədən, yəni tarixdəki kimi yox, əsərdəki obrazlar kimi başa düşülür. Fərq yalnız Zaman və Məkandadır.

Mark Tvendə rəsmi katolik kilsəsinin sosial əhəmiyyəti satirayla açılır, bu zaman cadugər və sehrbaz, fırıldaqçı Merlin obrazından istifadə edilir. Merlin daim yalan danışır, inanclı və sadəlövh adamları daim aldadır. Mirzə Fətəlidə də sehrbaz və ya cadugərə bənzəyən tiplər var: münəccimbaşı və molla. Onlar da yalançıdırlar, öz məqsədlərini həyata keçirmək üçün Şaha yalan danışırlar. Camaatı aldadırlar. Burada müəllifləri birləşdirən ümumi tənqid hədəfi fanatizm, mövhumat və cəhalətdir.

Beləliklə, hər iki əsəri satirik adlandırmaq olar; lakin Amerikalı yazıçının  romanında elə əlamətlər var ki, onlar başqa satirik əsərlərdən kəskin fərqlənirlər. Əsər elə bir dövrdə yazılıb ki, o dövr Amerikada fəaliyyət göstərən hər iki siyasi partiya - həm demokratlar, həm də respublikaçılar onun ümidlərini doğrultmamışdılar. Belə bir siyasi iflas yazıçını dərindən məyus etmişdi. Elə romanda siyasi sistemin kəskin tənqid edilməsi də bununla izah olunmalıdır.

Bizim qənaətimizə görə, Axundov da, Mark Tven də müxtəlif kontinentlərdə yaşamalarına, müxtəlif inanclara və mənəvi-əxlaqi dəyərlərə tapınmalarına baxmayaraq, yaratdıqları əsərlər həm dini-fəlsəfi nöqteyi-nəzərdən, həm də tarixilik baxımından ədəbiyyatda hadisə idi. Adıçəkilən əsərlərin ədəbiyyatşünaslıqda hələ bundan sonra da müxtəlif aspektlərdən araşdırılmasına ehtiyac olacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!