Əlisəfdər HÜSEYNOV
sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar
mədəniyyət işçisi, I Qarabağ müharibəsi veteranı
Təxminən 3 ay əvvəl "Ovqat" verilişinin qonağı olarkən orada səsləndirdiyim bir fikri təkrar etmək istəyirəm: "Hollivudun istehsalı olan "Rembo", "Rokki", "Komandos" və bu tipli filmləri ekranlarımızdan birdəfəlik yığışdırmaq, onların nümayişinə veto qoymaq lazımdır. Təkcə ona görə yox ki, bu filmlərdə real həyat yox, psevdohəyat təsvir olunur. İlk növbədə, ona görə ki, Mübariz İbrahimovların, Fərid Quliyevlərin və 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü naminə canından keçmiş neçə-neçə igidlərimizin şəxsində bizim öz real superqəhrəmanlarımız var və biz onların mükəmməl ekran obrazlarını yaradıb dünyaya nümayiş etdirməli, gənc nəsli süni psevdoqəhrəmanlardan yox, babalarımızın şanlı ənənələrini davam etdirən öz qəhrəmanlarımızdan nümünə götürməyə çağırmalıyıq".
Məncə, tanınmış rejissor (və aktyor!) Elçin Məmiyevin "Azərbaycantelefilm"də istehsal etdiyi ikihissəli "Beşatılan" filmini bu yolda atılmış ilk uğurlu addımlardan hesab etmək olar.
"Beşatılan" macəra elementlərindən xali olmayan, lakin Vətənə, Torpağa, Bayrağa sonsuz məhəbbətlə çəkilmiş təsirli bir filmdir. Əlavə edim ki, bu filmin Böyük Qələbəmizin ildönümünə qədər çəkilib tamaşaçılara təqdim olunmasının özü də əlamətdar bir faktdır, üstəlik, Elçinin peşəkarlığının, çevik rejissor təfəkkürünün göstəricisidir.
Filmi, təbii ki, mövzu-problematika, rejissor və aktyor işi, ekran dilinin özünəməxsus xüsusiyyətləri və s. aspektlərdən təhlilə cəlb etmək, araşdırmaq olar. Lakin bunu bir yazı formatında reallaşdırmaq mümkün deyil. Ona görə də mən filmi poetik təhlilin bütün parametrlərində yox, daha çox bədii-publisistik salnamə faktı kimi audiovizual düşüncə müstəvisində dəyərləndirməyə çalışacam.
Filmin süjet xətti sadədir: 44 günlük müharibə başlayanda Birinci Qarabağ savaşının 4 iştirakçısı - Aqşin, Əli, Osman və Aslan adlı 4 cəngavər gənc snayper Ümidlə birlikdə xüsusi tapşırıqla düşmən arxasına göndərilir və filmə müəyyən qədər macəra elementləri gətirən də hadisələrin bundan sonrakı davamıdır. Ümumiyyətlə, müharibə, savaş mövzusunda çəkilən filmlərdə macəra elementlərindən tam yan keçmək mümkün də deyil. Elçinin uştalığı ondadır ki, o bu forma elementlərini məqsədə çevirmir, qeyri-adi tryuklardan, vizual və optik effektlərdən lazımi dozada istifadə edir, təsvir orbitinə daxil etdiyi predmetləri fikir-məna qatları ilə yükləyir, doydurur, diqqəti, təhkiyənin ağırlıq mərkəzini daha çox qəhrəmanların ruhi-psixoloji aləminə, daxili dünyasına yönəldir, oz bədii məramını da məhz bu kontekstdə açır. Bu mənada həm də filmin adı statusunda çıxış edən "beşatılan" sözü, bu sözün bildirdiyi köhnə silah, qəhrəmanların sayı (4+1), xaraba evdən tapılan kamança eşitdiyimiz dialoqlardan, replikalardan heç də az informasiya daşımır. Beşatılan əslində xalqımızın dünənindən, mərdanə döyüş mədəniyyətindən, bütövlükdə yaddaşından soraq verən informativ işarədir və təsadüfi deyil ki, filmin sonunda erməni bayrağını təpədə ucaldıb Aqşinə göz dağı çəkmək istəyən quldur Xoren məhz həmin silahdan atılan güllə ilə cəhənnəmə vasil edilir. Bu, əslində, Azərbaycan Silahının murdar erməni xisləti üzərində qələbəsi kimi obrazlaşdırılır. 4 dost, fikrimcə, Azərbaycanın həm üfüqi (Şərq - Qərb), həm də şaquli (Şimal - Cənub) bütövlüyünün ifadəsidir. Kamança isə Mirzə Cəlilin "Kamança" pyesini yada salır, Azərbaycan xalqının humanizmini, ruhumuzun ucalığını sərgiləyir. Amma bu dəfə hiyləgər erməninin çaldığı "Rast" və "Segah" ilə yox, Ümidin xüsusi bir yanğı ilə ifa etdiyi "Laçın" mahnısının melodiyaları ilə.
Ümumiyyətlə, bu epizod, oradakı mizanlar, məncə, Elçinin tapıntılarından biridir. Mirzə Cəlilin əsərində Qəhrəman yüşbaşı kamançanın səsinə təslim olub ermənini buraxır və tarix göstərir ki, səhv edir. Çünki həmin erməninin nankor və xəyanətkar varisləri bu mərhəmətə, humanizmə yeni xəyanətlərlə cavab verdilər. Elə bu filmdə də Əlini aldadıb bıçağı kürəyinə saplayan erməni əslində Qəhrəman yüzbaşının öldürmədiyi erməninin varisidir. Elçinin filmindəki situasiya isə bir qədər fərqlidir - "Laçın"ın melodiyaları Aqşini və Ümidi ona görə trans vəziyyətinə salmır ki, bu dəfə də yersiz mərhəmət bə humanizm nümayiş etdirsinlər. Əksinə, "Laçın" Aqşinin və Ümidin timsalında bütün Azərbaycanı erməni vandalizminin qurbanı olan uşaqların, qocaların, qız-gəlinlərin intiqamını almağa, Ali Baş Komandanımızın dediyi kimi, erməni faşizmini məhv etməyə səsləyir.
Əslində, Aqşinin xarakterində də Qəhrəman yüzbaşıdan gələn cizgilər yox deyil. O da 1992-ci ildə əsir götürdüyü Xoreni öldürmür. Amma onun bu quldurla şəxsi zəmində də problemi var - Xoren 1992-ci ildə məhz həmin beşatılanla 40-a qədər ermənini cəhənnmə vasil edən cəngavər Azərbaycan qadınını - Aqşinin anasını elə bu silahla öldürüb. Amma Aqşin üçün Xoren təkcə anasının yox, bütün Azərbaycan xalqının düşmənidir və deməli, Aqşini intiqama səsləyən şəxsi ədavət hissi deyil, ləyaqət, şərəf, Vətənə sonsuz məhəbbət hissləridir.
Fillmin mənim üçün maraqlı olan digər bir məziyyəti hadisələrin bir deyil, iki (bəlkə daha çox) rakursdan göstərilməsidir: yəni biz hadisələri yalnız bu beşliyin yanındakı "kinogözün" - müşahidəçinin baxış bucağından yox, həm də Azərbaycan ordusunun hücumundan vəlvələyə düşüb siçan deşiyi axtaran qorxaq, xain erməni quldurlarının yanındakı kameranın gözü ilə də görür, qorxaq Sureni, onun arvadı Qretanı, məkrli Xoreni məhz bu rakurslardan izləyirik. Və bir daha inanırıq ki, qorxaq da, hiyləgər də olsa, biz dünyanın ən məkrli, ən vəhşi düşmənini yenmişik.
Filmin janrına gəldikdə isə o, publisistika ilə bədiiliyin, sənədli kino və oyun filmləri janrının sintezində, onların bir-birinə qovuşub yeni keyfiyyətə çevrildiyi bədii-publisistik janrda çəkilib. Hiss olunur ki, ssenarinin qurulmasında möhtərəm Prezidentimiz İlham Əliyevin erməni faşizminin mahiyyətini açan çıxışlarının tezisləri həlledici rol oynayıb və filmin dilinə publisistik vüsət verən də elə məsələnin bu tərəfidir. Filmin bəzi epizodlarında "gerşəkliyə sədaqət" effekti o qədər güclüdür ki, filmə baxdığını unudub özünü oradakı məkanda, qəhrəmanların yanında hiss edirsən. Lakin onun bədiilik - sənədlilik balansını tarazlıqda saxlayan rejissor tapıntılarını - ustalıqla qurulmuş kadrları, dəqiq, ifadəli mizanları, təsirli musiqi həllini də nəzərdən qaçırmaq olmaz. Ağ göyərçin obrazı ilə improvizasiyalar, Azərbaycanın xəritəsinin və Dövlət bayrağımızın təsirli obrazlar səviyyəsinə qaldırılması, Aqşinin ruhunun nitqi filmin bədiilik əmsalını artıran tapıntılardır.
Bir neçə kəlmə də rejissor Elçin Məmiyevin filmdəki aktyor oyunu barədə. Biz indiyədək Elçini bir çox televizya verilişlərinin, televiziya tamaşalarının, teleserialların müəllifi kimi tanımışıq. Elçin bu filmlərin çoxunda özünü bir aktyor kimi də sınayıb və sözün düzü, onun aktyorluq məharəti mənim üçün bir sürpriz olub. Amma bu filmə tamaşa edəndən sonra qətiyyətlə deyə bilərəm ki, o, Azərbaycan aktyorluq məktəbinin ən yaxşı ənənələrini, ən başlıcası isə təbiilik, səmimilik və inandırıcılıq keyfiyyətlərinin sintezində formalaşan oyun tərzini uğurla davam etdirən mahir aktyor kimi də yetişib və bu statusda kino sənətimizə dəyərli töhfələr verə bilər. Elçin yaratdığı Aqşin obrazının daxili aləmini, ürəyindən keçənləri ifadəli üz cizgiləri, xəsis jestlərin dili ilə üzə çıxarıb onu fərdiləşdirməyi və bizə sevdirməyi bacarıb. Kinorejissorlarımızın onun bu imkanlarına laqeydliyinə həm təəccüblənir, həm də təəsüflənirəm.
Sonda filmin bütün yaradıcı heyətinə təşəkkür etmək qalır. Çünki "Beşatılan" canlarını Vətən yolunda fəda etmiş 4 igid Azərbaycan oğlunun şəxsində Böyük qələbənin qazanılmasına misilsiz töhfələr vermiş bütün şəhidlərin müqəddəs ruhlarına rekviyev, eyni zamanda filmin son kadrlarında dəniz ləpələri kimi dalğalanan Bayrağımızın şərəfinə ucaldılan bir heykəl, ekran obrazlarının dili ilə oxunan Zəfər marşıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!