Linkoln - Ceyhun MİRZƏLİ

"Amistat" filmi ilə özünün kino yaradıcılığında zənci quldarlığı problemini işıqlandıran rejissor Stiven Spilberq ABŞ tarixinə köləliyi ləğv etməklə damğa vurmuş prezident Avram Linkoln haqqında 2012-ci ildə eyniadlı filmi çəkmişdir. Qaradərili insanların azadlığına canı bahasına nail olan A.Linkoln 1865-ci ildə altı yüz mindən artıq insanın itkisiylə nəticələnən vətəndaş müharibəsinə son qoymuşdur. Cənublu quldarlıq tərəfdarı tərəfindən teatrda qətlə yetirilən A.Linkolnun həyat hekayəsinin ekran yozumu özünü müxtəlif şəkildə göstərmişdir. Avram Linkoln haqqında bundan öncə filmi 1930-cu ildə məşhur Amerika rejissoru David Qrifit ekranlaşdırmışdır.

Ağ evdə vətəndaş müharibəsi şəraitində fəaliyyət göstərən Avram Linkoln qorxunc bir gücün tənha olduğu bir gəminin onu sahilə çıxardığını hiss edən bir yuxu görür. Yuxunu danışan zaman onu realistcəsinə yozan xanımı onun mindiyi gəminin on üçüncü qanun dəyişikliyi olduğunu söyləyir. Qərb mədəniyyəti kodundan gələn on üç nəhs rəqəminin funksiyası burada görünməyə başlayır. Köləliyi ləğv etmək üçün cəmi on üç səs gərək olur. Linkoln bir dövlət xadimi kimi prinsipial şəkildə problemi dərhal bir neçə günə həll etmək istəyir. Bir neçə günlük mücadilə filmin dramaturji xəttini müəyyənləşdirir. Həyat yoldaşı Meri bu zaman başının ağrıdığını deyir, bu onun gerçək tərcümeyi-halıyla üst-üstə düşür. Meri Linkoln, doğrudan da, başağrılarından əziyyət çəkmiş, depressiv əhvala düşmüşdür.

Dörd illik savaşdan bezən Missuridən gələn şəxslər müharibə dayansın deyə, köləliyi aradan qaldırma layihəsini dəstəkləyirlər. Keçmiş prezident Con Quini Adamsın məktubunu Linkolna xatırlatmaqla S.Spilberq əvvəlki "Amistat" filmindəki arxetipi-xətti qabardır. Həmçinin köləliyə qarşı mübarizədə ABŞ prezidentlərinin davamlı mübarizə aparması ideyası da öz əksini tapmış olur.

Film əsasən kameranın asta hərəkətilə köləliyin ləğvi üçün mübarizənin getdiyi səhnələrlə zəngindir. Bu cəhət ekran işini bir qədər yorucu etsə də, ABŞ-ın daxilindəki tarixi mübarizəni görmək baxımından köməkçi rol oynayır. Filmdə vətəndaş müharibəsinin son dövründən bəhs olunduğundan döyüş səhnələri daha az göstərilmişdir. Mücadilə daha çox məclis kontekstində əks edilmişdir. S.Spilberq filmi əsasən qara rəngin effektlərilə çəkmişdir. Rejissor bununla vətəndaş müharibəsi zamanı davam edən gərginliyin əksini göstərmişdir. Bu cür effekt, həmçinin filmin özünəməxsus sənət xüsusiyyətlərini də əks etdirir. Linkoln tarixi film olsa da bu cəhətlərilə bərabər, müəyyən mənada sənət kinosuna da aid xüsusiyyət daşıyır.

Filmin üstün cəhətlərindən biri bəhs etdiyi dövrü dəqiq təsvir edə bilməsindədir. Köləliyin ləğvinin əksinə olan məclis üzvünün onu müdafiə edərkən Tanrının məhz bu cür yaradılışı məqbul gördüyünü qeyd edərkən Meri Linkolnla qaradərili Elizabet Keklinin (Qloria Ruben) yanaşı göstərilməsi bu düşüncənin yanlış olmasını göstərir.

Məclis çəkişmələri zamanı bir çıxışçının Linkolnu Avram afrikalı deyərək üzərinə getməsi köləlik tərəfdarlarının istehzasını göstərməklə yanaşı, məclisin demokratikliyini də təcəssüm etdirir.

Bundan öncə ekranlaşdırdığı "Amistat" filmi ilə Spilberq zənci kölələrin sırf həyat hekayəsinə toxunsa da "Linkoln" filmində o bu məqamı epizodlarla təqdim edə bilir. Linkolnun kiçik oğlu Tedin kölələrin şəkillərinə baxması əvvəlki filmdəki xətti qabardır. Ailəsində övlad itkisi faciəsi yaşayan Linkoln xanımıyla mübahisə edir. Onların bir övladları artıq dünyasını dəyişmişdi. Merinin bir ana kimi öz böyük oğlu Roberti müharibəyə göndərmək istəməməsi bu baxımdan anlaşılandır. Lakin Linkoln bir bir dövlət xadimi kimi bu məsləyə yanaşır, övladından yaşca kiçiklərin də savaşda iştirak etdiyini qeyd edir. O öz həyat yoldaşının qarşısında özünü dövlətin mənafeyini qoruyan şəxs kimi göstərir. Teatr tamaşası zamanı da Meri həyat yoldaşı A.Linkolna köləlik əleyhinə olan konstitusiya layihəsini həyata keçirə bilməyəcəyi təqdirdə, şəxs olaraq onun üçün pis olacağı xəbərdarlığını edir. Burada biz prezident A.Linkolnun təkcə cəmiyyət qarşısında yox, həmçinin ailəsi önündə də məsuliyyət daşıdığını görürük. Robertin cənazələri görən zaman müharibəyə qoşulmaq fikri daha da artır. Ancaq bu zaman Linkolnun da ürəyindəki həssaslıq duyulur. O da övladının müharibəyə getməsinə elə də razı olmur. Həyat yoldaşında olduğu kimi, onda da oğlunu itirmək qorxusu özünü göstərir.

Radikal respublikaçılardan olan Taddeus Stevens (Tomi Li Cons) quldarlığın ləğvi üçün çıxış etməli olur. 1861-ci ildə vətəndaş müharibəsi başlayan kimi cənublu köləlik tərəfdarı olan qüvvələrə qarşı sərt münasibəti ilə seçilən T.Stevens 1865-ci ildə quldarlığın konqresdə sıradan çıxarılmasında mühüm rol oynamışdır. O, hətta prezident Linkolnun bu barədə siyasətini yavaş aparmasına etiraz etmişdir. Qızğın məclis mübahisələri fonunda T.Stevens yalnız qanunlar qarşısında bərabərlik ilkəsi üzərindən köləliyin ləğvi fikrini dəstəkləyir. Məclisdə bu fikrə etiraz edənləri isə əxlaqın çürümüş olmasını ifadə etməsi onun mübariz insan kimi obrazını ortaya qoyur.

Elizabet Kekli (Qloriya Ruben) A.Linkolnun andiçmə mərasimi zamanı onun xanımı Meri ilə tanış olmuşdur. Məclislərdəki müzakirələrdən əsəbləşən övladını savaş zamanı itirən E.Keklinin A.Linkolnla söhbəti zamanı "heç bir kölənin azadlığı onlara nə gətirəcək" sualı verməməsini söyləməsi insan haqları uğrunda mübarizənin idealist tərəfini ortaya qoyur.

Özünün komandası ilə birgə iclas keçirən zaman iştirakçıların mübahisəsi zamanı A.Linkolnun əsəbləri dözmür. On üçüncü qanun dəyişikliyinin Amerikanı dünya səhnəsinə gətirəcəyini anlayan prezidentin önündə iki səs mane kimi dayanır. Filmdəki bu epizod, həmçinin A.Linkolnun tarixdə meloxoniyadan əziyyət çəkməsini də göstərir. Gəncliyində travma alan ABŞ prezidenti kliniki depressiya keçirmişdir.

Konqresdə 1 fevral 1865-ci ildə köləlik ləğv olunandan sonra A.Linkoln Cənub təmsilçilərilə görüşür. Onlar hələ də müqavimət göstərməyə çalışır, A.Linkolna qarşı da öz arqumetlərini söyləyirlər. Müzakirələrin sonunda onun "qan tökməyə son verəkmi?" sualı məntiqin qələbəsini əks etdirir.

A.Linkoln öz xalqını müharibədən, köləlikdən quratara bilir. O, müharibənin bitdiyi Virciniyaya gəlir. S.Spilberq film boyu savaşı yox, onun acı nəticələrini ekranda əks etdirə bilir. Həlak olan gənclərin fonunda A.Linkolnun da on yaş qocalması savaşın ağır nəticələrinin hər kəsə təsir etməsini göstərir. Həyat yoldaşı Meri ilə karetada gəzən zaman A.Linkolnun Qüdsü görmək arzusu da anlaşılandır. Qüdsdən bəhs edərkən A.Linkolnun Davudu və Süleymanı xatırlaması onun dövlət xadimi kimi bir daha portretini cızır. Ailədəki və dövlətdəki problemlərlə üz-üzə qalan prezidentin hüzuru bu şəhərdə görməsi idealların qələbə çalmasını əks etdirir.

Baş rol ifaçısı - A.Linkolnun obrazını uğurla ifa etdiyinə görə Daniel Den Levis Britaniya Film Akademiyası və "Qızıl qlobus" mükafatlarının ən yaxşı aktyor nominasiyasını əldə etmişdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!